Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-185/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı icarə müqaviləsi üzrə borcun tutulması, zərərin, əldən çıxmış faydanın tutulması, əmlakların cavabdehin hesabına anbardan çıxarılması, anbarın açarlarının cavabdehdən alınması və anbar sahəsinin boşaldılaraq təhvil verilməsi barədə ilkin iddiası, Cavabdeh İddiaçına qarşı icarə müqaviləsinin və cərimə borcunun ləğv edilməsi, əmlakların geri qaytarılması, dəymiş ziyanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-14/2020 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək (4-cü cild 109-110 vərəqlər) tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcunun, icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən cavabdehə məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pulun, cavabdehə məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq xx xxx 2017- ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış cavabdehə məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlakların cavabdehin hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçına qarşı qarşılıqlı iddia qaldıraraq xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsinin və cavabdeh tərəfindən 5781,33 manat icarə borcu üzrə hesablanmış cərimə borcunun ləğv edilməsi, cavabdeh tərəfindən anbar sahəsinə yerləşdirilmiş iddiaçıya məxsus əmlakların geri qaytarılması, xx.xx.2017-ci il tarixli malların xarab olunması aktına əsasən dəymiş 5241,06 manat ziyanın, iddiaçı tərəfindən “Yellow Egg” kafesinin təmir və tikintisinə xərclənən 127993,10 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-14/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə yaranmış 16.573,18 manat məbləğində icarə borcunun və icarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən Cavabdehna məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçına ödənilməsi, xx xxx 2017-ci il tarixdə 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılmış və başqa anbara yığılmış Cavabdehna məxsus xx.xx.2017-ci il tarixli aktda qeyd edilən əmlakların Cavabdeh hesabına həmin anbardan çıxarılması və bu anbar sahəsinin boşaldılaraq İddiaçına təhvil verilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən anbar sahəsinə yerləşdirilmiş Cavabdehna məxsus əmlakların geri qaytarılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ilkin iddianın rədd edildiyi hissədə ləğv edilməsini, ilkin iddia üzrə İddiaçı iddia tələbinin qalan - “cavabdehə məxsus əmlakların 41 saylı qeyri-yaşayış sahəsindən çıxarılaraq xx xxx 2017- ci il tarixdən başqa anbarda saxlanılmasına görə, həmin anbarın aylıq 200 manat icarə haqqı olmaqla 39 aylıq dövr üçün 7800 manat olmaqla əldən çıxmış fayda şəklində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının cavabdehdən alınması və bu anbar sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissələrində təmin edilməsini, qətnamənin qarşılıqlı iddiasının rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halıdır ki, ilkin iddia üzrə cavabdeh Anar Sadıqova məxsus əmlaklar xx.xx.2017-ci il tarixdən sonuncunun əvvəllər icarəsində olmuş qeyri-yaşayış sahəsindən daşınaraq anbara yığılmışdır. xx.xx.2017-ci il tarixdən hal-hazıradək cavabdeh Anar Sadıqova məxsus əmlaklar qeyd edilən anbar sahəsində saxlanılır. Qeyd edilən dövr üçün cavabdeh Anar Sadıqov tərəfindən hər hansı məbləğdə haqq-ödəniş aparılmamış, ona məxsus əmlaklar əvəzsiz qaydada saxlanılmışdır. Dəfələrlə cavabdeh Anar Sadıqova əmlaklarının götürülməsi barədə müraciət olunsa da, sonuncu əmlaklarını anbar sahəsindən götürməmişdir. Bütün bu müddət ərzində həmin anbar sahəsi icarəyə verilsəydi, xeyli miqdarda gəlir əldə etmək olardı. Müqayisəli tədqiqat üçün məhkəməyə sazişlər təqdim edilmişdir. Qeyd edilən sazişlər cavabdeh Anar Sadıqova məxsus əmlakların daşındığı anbara oxşar anbar sahəsinin icarəyə verilməsi barədədir. Sazişlərdən də müəyyən edilir ki, oxşar anbar sahələrinin icarə qiyməti hər kv.m. görə təqribən 50 manat təşkil edir. Bu səbəbdən də cavabdeh Anar Sadıqova məxsus əmlakların daşındığı anbar sahəsinin icarə qiyməti aylıq 200 manat hesablanmışdır. Cavabdeh Anar Sadıqov işə baxılması gedişində bildirmişdir ki, əmlakların yığıldığı anbarın açarları onda deyil, açarlar obyektdə qalmışdır. Cavabdeh Anar Sadıqov işçilərə məxsus geyim əşyalarının yığıldığı anbar açarlarının obyektdə olduğunu təsdiqləməklə, dolayısı ilə açarların onda qalmasını qəbul etmişdir. Çünki cavabdeh A.Sadıqovun icarəsində olan qeyri-yaşayış sahəsi boşaldılıb digər anbar sahəsinə yığılarkən orada hər hansı açar aşkar edilməmişdir. Əgər hər hansı açar aşkar edilsəydi, bu zaman tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda bu barədə qeydiyyat aparılmalı idi. Bundan başqa, cavabdehlə çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbar onun icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsindən ayrılmış vəziyyətdədir və bir-biri ilə əlaqəsi olmamışdır. Buna görə də işçilərin geyim və digər əşyalarının yığıldığı anbarın açarlarının obyektdə (41 saylı qeyri-yaşayış sahəsində) olması qeyri-mümkündür. 41 saylı qeyri-yaşayış sahəsində olan əşyaları anbar sahəsinə daşımazdan əvvəl əmlaklarının götürülməsi tələbi və götürülmədiyi təqdirdə əmlaklarda baş verə biləcək deformasiyaya-dəyişikliklərə görə icarəyəverənin məsuliyyət daşımayacağı barədə dəfələrlə cavabdeh Anar Sadıqova məlumat vermişik, lakin sonuncu özünə məxsus əmlakların götürülməsindən imtina etmişdir. Hal-hazırda isə cavabdeh Anar Sadıqov həmin əmlaklara dəyən “zərər”in əvəzini iddiaçıdan tələb edir, hansı ki, məhkəmə araşdırması zamanı zərər dəyməsi sübuta yetirilməmişdir. Bunları qeyd etməkdə məqsəd ondan ibarətdir ki, cavabdehin işçilərinə məxsus geyim və digər əşyaların yığıldığı anbar qanunsuz olaraq-məhkəmə qərarı olmadan açıldığı və həmin əmlaklar oradan götürüldüyü-daşındığı təqdirdə, analoji olaraq cavabdeh Anar Sadıqov yenə də iddiaçı Babək Babayevə qarşı iddia tələbi irəli sürərək, həmin anbarda özünə və işçilərə məxsus “dəyərli” əşyaların olduğunu bildirərək, həmin əşyalara da dəymiş zərərin əvəzini iddiaçıdan tələb edəcəkdir. Ona görə də cavabdeh Anar Sadıqovun icarəsində olmuş 41 saylı qeyri-yaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarları cavabdeh A.Sadıqovdan alınmalı və bu anbar sahəsi də cavabdeh A.Sadıqovun hesabına boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilkin iddianın tam rədd edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehna iddiaçı tərəfindən 5781,33 manat cərimə qanunvericiliyin tələblərinə zidd hesablanmışdır. İcarəyə verilmiş obyektin elektrik enerjisi xx.xx.2017-ci il tarixdə saat 01-20-də heç bir xəbərdarlıq edilmədən kəsilmiş, A.Sadıqov obyektdə fəaliyyət göstərib gəlir əldə edə bilməmişdir. Obyektdən istifadə etmədiyi dövr üçün ona əsassız olaraq cərimə hesablanmışdır. Elektrik enerjisinin kəsilməsi nəticəsində kafenin mətbəxində olan 5241,06 manat dəyərində məhsullar yararsız hala düşmüşdür. A.Sadıqov icarəyəverənin razılığı ilə obyektdə təmir və tikinti işləri aparmış, bu işlərə 127993,10 manat vəsait sərf etmişdir. Hazırda həmin təmir və tikinti işləri sökülmüş vəziyyətdədir. O cümlədən sahədə restoran kimi, fəaliyyət göstərmək üçün quraşdırılmış mebel və digər avadanlıqlar sökülmüşdür. A.Sadıqov “İcarə haqqında” Qanunun 9-cu maddəsinə əsasən həmin avadanlıqların qaytarılmasını və sərf etdiyi pul vəsaitinin ona ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsassızdır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli 2 saylı sazişə əsasən aylıq icarə haqqının məbləği vergi daxil 741,20 manat olmuşdur. İcarə haqları vaxtlı vaxtında ödənilmişdir. İcarə müqaviləsinin şərtinə əsasən icarəyəverənə 2125,02 manat təminat ödənişi ödənilmişdir. İcarə haqqı ödənişləri hər hansı ay üçün gecikdirilsəydi təminat xərcliyindən tutula bilərdi. 2017-ci ilin mart və aprel aylarında icarəçinin obyektdən istifadə hüququ icarəyə verən tərəfindən məhdudlaşdırılmışdır. İcarəyəverən tərəfindən müqavilənin xx.xx.2017-ci il tarixdən birtərəfli qaydada ləğv edilməsi qanunsuz olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh, onun vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-14/2020 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, ilkin iddia Cavabdeh İddiaçı xeyrinə 16573,8 manat icarə haqqı borcunun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə Cavabdehna məxsus icarəyə verilmiş obyektdə olan əmlakların Cavabdehna qaytarılması ilə bağlı ilkin və qarşılıqlı iddia tələblərin təmin edildiyi hissədə mübahisələndirilmədiyindən qeyd edilən hissə istisna olmaqla qətnamənin qalan hissələri apelyasiya baxışının predmetini təşkil edir. Mübahisə icarə müqaviləsi ilə bağlı hüquq münasibətindən irəli gəlir. xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.5 kv.m olan 41 saylı qeyri-yaşayış sahəsini 31 ay müddətinə (xx.xx.2018-ci il tarixədək) icarə haqqı 1274,86 manat olmaqla Cavabdehna icarəyə verməyi, Cavabdeh isə icarə haqqını İddiaçına ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 5.2-cü bəndində xx.xx.2015-ci il tarixədək icarə haqqı məbləğinin 50% güzəştlə hesablanacağı nəzərdə tutulmuşdur. Müqavilənin 6.2.2-ci bəndində 1482,40 manat təminat ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1.2-ci bəndində icarə haqqı ödənilmədiyi və öhdəliyin pozulmasının aradan qaldırılmadığı təqdirdə icarəyəverənin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ nəzərdə tutulmuşdur. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə imzalanmış 02 saylı sazişdən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək icarə haqqının məbləğinin 50 % güzəştlə 741,20 manat saxlanılması barədə razılıq əldə edilmişdir. İşdəki icarəyəverən tərəfindən A.Sadıqova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubların surətindən görünür ki, 2017-ci ilin mart-aprel ayları üzrə 10 manat xidmət haqqı borcunun və 2017-ci ilin fevral, mart, aprel ayları üzrə borcun ödənilməsi tələb olunmuşdur. İşdəki icarəyəverən tərəfindən A.Sadıqova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, icarə müqaviləsinə xx.xx.2017-ci il tarixdən birtərəfli qaydada xitam veriləcəyi bildirilərək icarə haqqı borcunun ödənilməsi tələb edilmişdir. Qeyd edilən məktubun A.Sadıqova xx.xx.2017-ci il tarixdə təqdim edilməsi barədə poçt qaiməsi iş materiallarına əlavə edilmişdir. Cavabdeh A.Sadıqova ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, A.Sadıqovun 1913,32 manat icarə haqqı üzrə borcunun, 5910,21 manat cərimə borcunun mövcud olduğu qeyd edilərək təminat məbləğindən qalmış 128,88 manatın cərimənin bir hissəsi ilə əvəzləşdirildiyi göstərilmiş, qalan borcun ödənilməsi tələb edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli RS-006 saylı xidmət müqaviləsi üzrə Cavabdeh borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2020-ci il tarixli 13145 saylı rəyində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi üzrə Cavabdeh 16.573,18 manat icarə haqqı borcu olduğu müəyyən olunur. Borcun hansı aylar üzrə hesablandığı, təminat məbləğinin hansı ayın borcu ilə əvəzləşdirildiyi rəydə göstərilməmişdir. Ekspert tərəfindən Cavabdeh tərəfindən aylar üzrə ödənilmiş icarə haqqının ümumi məbləği hesablanarkən aylıq icarə haqqı üzrə dövlət büdcəsinə ödənilməli olan 103,77 manat məbləğində 14 % dərəcəsi ilə ödəmə mənbəyindən vergi işdə bu barədə sənədlər olmadığından nəzərə alınmamış, yalnız icarəyə verənin özünə ödənilmiş icarə haqqı məbləğləri hesablanaraq xx.xx.2015-xx.xx.2017-ci il üzrə A.Qasımov tərəfindən 15 ay üçün cəmi 9564,02 manat ödəniş həyata keçirildiyi qeyd edilmişdir. Tərəflər arasında 2015-ci il və 2016-cı illərdə icarə haqqı borcunun ödənilməməsi ilə bağlı mübahisə olmadığı halda məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suala əsasən həmin illər üçün icarə haqqı borcu hesablamış, rəy məhkəməyə daxil olduqdan sonra İddiaçı iddianın məbləğini artıraraq A.Sadıqovdan ekspert rəyində qeyd edilmiş məbləğdə borcun tutulmasını tələb etmiş, lakin iddia tələbinin həcminin artırılması barədə ərizədə iddianın əsası kimi istinad etdiyi halları dəyişməmiş, 16.573,18 manat borcun hansı dövr üçün tələb edildiyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında 2015-ci və 2016-cı illər üzrə icarə haqqı borcu ilə bağlı mübahisə olmadığına, həmin dövr üzrə borcun mövcudluğunun tərəflər arasındakı yazışmalarda, o cümlədən icarəyəverən tərəfindən qarşı tərəfə iddia ilə məhkəməyə müraciət edilənədək göndərilmiş məktublarda öz əksini tapmadığına, ekspertiza təyin edilənədək məhkəmə araşdırması zamanı müzakirə predmeti olmadığına əhəmiyyət verməyərək yalnız ekspert rəyini əsas tutaraq cavabdehdən iddiaçının xeyrinə 16.573,18 manat icarə haqqı borcunun tutulması barədə nəticəyə gəlmişdir. Halbuki MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ilkin iddia ərizəsinin əsası kimi istinad edilmiş hallara əsasən tərəflər arasında mübahisə 2017-ci ilin fevral, mart və aprel ayları üzrə ödənildiyi iddia edilən icarə haqqı borcu ilə əlaqədar yaranmışdır. İddiaçı pretenziya məktublarında cavabdehdən yalnız 2017-ci ilin fevral, mart, aprel ayları üzrə ödənilməmiş icarə haqqı borcu və 2017-ci ilin yanvar ayından icarə haqqı üzrə ödənişlərin gecikdirilməsinə görə cərimələrin ödənilməsini tələb etmiş, ödəniş tam həyata keçirilmədiyindən xx.xx.2015-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə icarəyəverən tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Ekspert rəyindən görünür ki, Cavabdeh ilkin iddia üzrə iddiaçıya 2017-ci ilin fevral və mart ayları üzrə cəmi 1482,40 manat icarə haqqı borcu yaranmışdır (2017-ci ilin aprel ayı üçün icarə haqqının ödənildiyi müəyyən edilmişdir). Cavabdeh A.Qasımov işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmin aylar üçün ödəniş edilmədiyini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin fevral və mart aylarında ona hesab faktura təqdim edilmədiyi üçün həmin aylar üzrə ödənişi həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icarəyəverən müqavilənin 6.4.4-cü bəndinə əsasən 2017-ci ilin 2 ayı üçün ödənilməmiş icarə haqqı borcunu A.Qasımov tərəfindən müqavilə bağlanarkən ödənilmiş 1482,40 manat təminat məbləği ilə əvəzləşdirmək hüququna malik olduğundan qeyd edilən müqavilə üzrə A.Qasımovun B.Babayevə icarə haqqı üzrə hər hansı borcunun qalmadığı müəyyən olunur. 1482,40 manat təminat məbləğinin əvvəllər icarəçinin hər hansı borcu üzrə silindiyi iş materialları ilə təsdiq olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini 16.573,18 manat icarə haqqı borcunun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Buna görə də, mübahisələndirilən qətnamə qeyd edilən hissədə ləğv edilərək, 16.573,18 manat icarə haqqı borcunun tutulması hissəsində ilkin iddia rədd edilməlidir. İcarəyə verilmiş 41 saylı qeyri-yaşayış sahəsindən Cavabdehna məxsus olan əmlakların demontaj edilməsi və başqa anbar sahəsinə yerləşdirilməsi xidməti ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 2360 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçına ödənilməsinə dair ilkin iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir. İş materiallarına əlavə edilmiş xx xxx 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqavilədən görünür ki, “xxxx” MMC Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 41 saylı qeyri-yaşayış sahəsindəki əşyaların siyahıya alınması, demontaj edilməsi, İddiaçı bildirdiyi yerlərə daşınması və orada yerləşdirilməsi üzrə işləri yerinə yetirməyi, İddiaçı isə “xxxx” MMC-nin yerinə yetirdiyi işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxx 2017-ci il tarixli 002 saylı və xx xxx 2017-ci il tarixli 003 saylı ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən xx xxx 2017-ci il tarixli HM-C02-170515-016 saylı müqaviləyə əsasən “xxxx” MMC-nin hesabına 2360 manat ödəniş edilmişdir. xx xxx 2017-ci il tarixli aktdan görünür ki, Cavabdehna məxsus siyahısı 1 saylı Əlavədə göstərilən qurğu və digər daşınar əmlakı siyahıya alınmış, demontaj edilmiş, binada yerləşən anbar sahəsinə daşınmış və həmin əşyalar anbar sahəsində təhlükəsiz şəkildə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların tələblərinə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh 2017-ci ilin fevral və mart ayları üçün icarə haqqını vaxtında ödəmədiyi işin mübahisəsiz halı olduğundan icarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarəyəverən müqaviləni birtərəfli qaydada ləğv etmək (ödənilməli borcu təminat məbləği ilə əvəzləşdirmək hüququ olsa belə) və öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş zərəri qarşı tərəfdən tələb etmək hüququ vardır. Hazırkı halda icarəçi müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə bildirişi xx.xx.2017-ci il tarixdə aldığı (iş mat. 1-ci cild 42-ci vərəqinə əlavə edilmiş poçt qaiməsi ilə təsdiq edilir) halda icarəyə verilmiş obyektdən ona məxsus avadanlıqların obyektdn çıxarılması üçün hər hansı tədbir görmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, avadanlıqların demontaj edilməsi və daşınmasına görə İddiaçı tərəfindən “xxxx” MMC-nə faktiki ödənilmiş 2360 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, həmin əmlaklar Cavabdeh hesabına İddiaçına məxsus anbardan çıxarılmalı və bu anbar sahəsi boşaldılaraq İddiaçına təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh icarəsində olmuş 41 saylı qeyriyaşayış sahəsində çalışan işçilərə məxsus geyim və digər əşyaların yığıldığı anbarın açarlarının qarşı tərəfdə olması və icarəçinin əmlaklarının yığıldığı anbarın əvvəllər B.Babayev tərəfindən icarə verilərək gəlir əldə edilməsi barədə işdə sübutlar olmadığından əldən çıxmış faydanın tutulması və anbarın açarlarının Cavabdeh alınması hissəsində ilkin iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli R-007 saylı icarə müqaviləsi xx.xx.2018-ci il tarixədək qüvvədə olduğundan və iş üzrə məhkəmə akt qəbul edilənədək hüquqi qüvvəsini itirdiyindən qarşılıqlı iddia düzgün olaraq icarə müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı A.Qasımovun 5781,33 manat cərimə borcu olduğu təsdiq edilmədiyindən və icarəyə verən tərəfindən cərimə borcu ilə bağlı ilkin iddia ərizəsində qeyd edilmiş tələb iddia tələbinin dəyişdirilməsi barədə sonrakı ərizələrdə irəli sürülmədiyindən qarşılıqlı iddianın 5781,33 manat cərimə borcunun ləğv edilməsinə dair hissədə rədd edilməsi qanuni və əsaslıdır. Cavabdeh İddiaçı vurulmuş zərərə görə 5241,06 manat məbləğində pulun tutulmasını xahiş etmiş, bu iddia tələbi ilə bağlı məhkəməyə sübut olaraq xx xxx 2017-ci il tarixli malların xarab olunması haqqında akt təqdim edilmişdir. Aktda qeyd edilmişdir ki, İddiaçı işçiləri tərəfindən xx.xx.2017-ci il tarixində saat 01:20 radələrində Cavabdehna məxsus “Yellow Egg” kafesinin işıqları söndürüldüyü üçün “Yellow Egg” kafesinin mətbəxində olan 5241,06 manat dəyərində olan məhsullar istifadəsiz vəziyyətə düşmüşdür. Tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Qeyd edilən normaya əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Normanın məzmunundan göründüyü kimi, 1096.1-ci maddəyə əsasən məsuliyyətin yaranması üçün delikt olduğu iddia edilən əməl hüquqa zidd olmalı, bu əməl nəticəsində hüququ pozulmuş şəxsə real ziyan dəyməli, ziyanın vurulmasında şəxsin təqsirli olduğu sübut edilməlidir. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin xx.xx.2017-ci il tarixdə vaxtından əvvəl ləğv ediləcəyi barədə icarəçi Cavabdeh əvvəlcədən xəbərdar edildiyindən qeyd edilən tarixədək obyektdən ona məxsus ərzaq məhsullarını və digər əmlakların çıxarılmasını təmin etməli idi. Müqavilə ləğv edildiyi xx.xx.2017-ci il tarixdən sonra mülkiyyətində olan obyektin elektrik enerjisinin dayandırılması ilə bağlı icarəyəverənin hərəkətləri mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Hazırkı halda iş materiallarında icarəyə verilmiş sahənin elektrik enerjisinin icarəyəverən tərəfindən kəsildiyi, o cümlədən bunun nəticəsində obyektdə yararsız vəziyyətə düşən ərzaq məhsullarının dəyərinin məhz 5241,06 manat olması barədə Cavabdeh özü və Q.Quliyev adlı şəxs tərəfindən tərtib edilmiş xx xxx 2017-ci il tarixli aktdan başqa işdə mötəbər sübutlar yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qətnamə “Yellow Egg” kafesinin təmir və tikintisinə xərclənən 127993,10 manat məbləğində vəsaitin icarəyə verəndən tutulmasına dair qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində qanuni və əsaslıdır. Tələb olunan təmir və tikinti xərclərinin 127993,10 manat təşkil etməsi A.Qasımovun özünün tərtib etdiyi cədvəldən başqa heç bir mötəbər sübutla təsdiq edilmir. Bu tələblə bağlı sübut qismində məhkəməyə təqdim edilmiş, iş materiallarının 4-cü cildinin 23-35-ci vərəqlərinə əlavə edilmiş “xxxx” MMC-nin 1910.208-ci il tarixli qiymətləndirmə hesabatında icarəyə verilmiş obyektin təmir xərcinin həmin tarixə 19148 manat, obyektdə mövcud olmuş mebel və digər avadanlıqların bazar dəyərinin 126157 manat olduğu qeyd edilmişdir. Hesabatın məzmunundan aydın olur ki, qiymətləndirmə yalnız sənədlər və təqdim edilmiş fotoşəkillər əsasında həyata keçirilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işdəki xx xxxxxxx 2020-ci il tarixli M209/20 saylı qiymətləndirmə hesabatından görünür ki, B.Babayevə məxsus anbarda saxlanılan icarəyə verilmiş obyektdən çıxarılmış avadanlıqların əksəriyyəti yararlı vəziyyətdə olmaqla ümumi dəyəri 48300 manat təşkil edir. Məhkəmə hesab edir ki, A.Sadıqovun icarəyə götürülmüş obyektdə onun tərəfindən quraşdırılmış avadanlıqların və əmlakların ona qaytarılması barədə qarşılıqlı iddia tələbi təmin edildiyindən qarşı tərəfdən həmin əmlakların dəyərinin ödənilməsini tələb etmək hüququ yoxdur. İşə apelyasiya qaydasında baxılarkən A.Sadıqov qarşı tərəfdən ödənilməsi tələb edilən 127993,10 manat pulun bir hissəsinin icarəyə verilmiş obyektdə quraşdırılmış avadanlıqların demontajı zamanı vurulmuş zərərlə bağlı tələb edildiyini göstərsə də, qarşılıqlı iddia ərizəsində avadanlıqların demontajı zamanı icarəyəverən tərəfindən vurulmuş ziyanla bağlı tələb irəli sürülməmiş, ziyan tələbi yalnız xx.xx.2017-ci il tarixdə elektrik enerjisinin kəsilməsi ilə əlaqədar mətbəxdə olan məhsulların yararsız vəziyyət düşməsi ilə əlaqədar olmuşdur. Qarşılıqlı iddia ərizəsinin məzmunundan aydın olur ki, obyektdə təmir və quraşdırma işləri obyekt icarəyə götürülərkən, yəni 2012-ci ildə icarəyə verənin razılığı ilə həyata keçirilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Göründüyü kimi, qeyd edilən normaya əsasən icarəçinin icarəyə götürülmüş əmlakda icarəyəverənin razılığı ilə həyata keçirilmiş təmir işlərinə görə xərcləri tələb etmək hüququ o halda yaranır ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmamış olsun. Tərəflər arasında ilk dəfə xx.xx.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinin (iş mat.2-ci cild 91-98-ci vərəqlərinə əlavə edilmiş), o cümlədən xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin 3.4.23-cü bəndində qeyd edilmişdir ki, icarəçinin icarə obyektində aparmış olduğu artırmalara görə xərclənmiş xərci və artırılmanın ifadə olunmuş (icarə obyektinə zərər vurmadan ondan ayrılması mümkün olmayan) əşyaları icarəyə verəndən geri tələb etmək və ya əvəzini tələb etməyə hüququ yoxdur. Bundan başqa tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli sazişdən (iş mat. 2-ci cild 90-cı vərəq) görünür ki, Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 41 saylı qeyri-yaşayış sahəsi ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi üzrə tərəflər bütün hüquq və vəzifələrə qarşılıqlı razılıq əsasında xitam verilmiş, həmin müqavilə ilə əlaqədar tərəflərin bir-birlərinə qarşı heç bir tələbi qalmamışdır. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə alaraq qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə düzgün qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 14/2020 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, ilkin iddia Cavabdeh İddiaçı xeyrinə 16573,8 manat icarə haqqı borcunun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-14/2020 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə qismən ləğv edilsin. İlkin iddia Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə 16573,8 manat icarə haqqı borcunun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən,elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə göndərilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-185/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-185/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver