Məhkəmə qərarları › İş №2-2(103)-186/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-186/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-186/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X13 və X6 ibarət tərkibdə, X3, iddiaçının nümayəndəsi (oğlu) X8, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, X1 cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)- 1372/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i : İ. X2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X7 qaydalarının pozulması haqqında 006539 saylı aktına əsasən xx xxxxxxx 2019-cu il tarixdə qanunsuz hesablanmış 76.084,20 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərir (VÖEN **********). Onunla xxxxxxxx ASC arasında xx.xx.2019-cu il tarixdə 087001 saylı etektrik enerjisindən istifadə ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış və **********0 abunə kodu verilmişdir. Hər ay onun adına hesablanmış elektrik enerjisinin haqqını ödəyir. xx xxxxxxx 2019-cu ildə “xxxxxxxx” ASC-nin X12 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən ona məxsus obyektə elektrik enerjisi uçotu və «X7 qaydaları»na riayət olunması yoxlanılmış, bu barədə 006539 saylı akt tərtib edilmişdir. İddiaçı hesab edir ki, həmin akt qanunsuz tərtib edilmişdir. Belə ki, həmin akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisinin istifadə qaydaları»nın («EEİQ») 8.33-cü maddəsində müəyyən edilmişdir ki, «məişət abonenti tərəfindən elektrik enerjisi»ndən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və bu aktın bir nüsxəsini məişət abonentinə verir. Bundan başqa, yoxlama zamanı həqiqi istehsal olmadığı halda, istehsal sahəsinin natur fiziki göstəriciləri, avadanlıqlarının iş gücünə görə və əvvəlki aylarda elektrik enerjisinin sərfiyyatı nəzərə alınmamaqla hesablama işləri aparılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-1372/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əlavə sərfiyyat akta əsasən «Qaydalar»ın 8.15-ci bəndinə əsasən aparılmışdır. Məhkəmə isə mübahisəyə tətbiq edilməli olan həmin normanı tətbiq etməmiş, «Qaydalar»ın 8.2-ci bəndini tətbiq etmişdir. Lakin hazırkı işdə istehlak edilən elektrik enerjisinin dəyərinin düzgün hesablanmamasına səbəb olan halın, yəni, obyektin cərəyan transformatorlarının əmsalı faktiki olaraq 100/5 (K=20) olduğu halda, kompüter məlumat bazasında 50/5 (K=10), kimi yəni ümumi əmsal K=1000 qeydə alınmasının məhz enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvin nəticəsi olması sübut edilməmişdir. Məhkəmə mübahisəyə əsassız olaraq «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun müddəalarını tətbiq etmişdir. Belə ki, iddiaçı sahibkar olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh ona məxsus obyektdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-ə riayət olunması vəziyyətini yoxlamışdır (MPM-in 88, 2017 və 385-ci maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Məmmədov cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmiş və sonuncunun səhvi üzündən hesablanmış 76084 manat məbləğində borcu iddiaçının ödəmək üçün maliyyə imkanlarının olmadığını və həmin borcun ondan tələb olunmasının əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh “xxxxxxxx” ASC-nin X15 ilə X5 arasında 087001№-li 13.032019-cu il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında istehak etdiyi enerjinin dəyərini cavabdehin təqdim etdiyi hesablara müvafiq olaraq ödəmişdir ki, bütün bunlar işin mübahisələndirilməyən halını təşkil edir. İş materiallarına əsasən müəyyən edilən işin mübahisəlndirilən halları isə aşağıdakılardan ibarətdir. xx xxxxxxx 2019-cu il tarixdə cavabdeh «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılan elektrik sayğacına baxış keçirilmiş və bu zaman 10 kv tərəfdə quraşdırılmış c/t-larının əmsalının faktiki olaraq 100/5 (k=20) olduğu, lakin kompüter məlumat bazasında c/t-u əmsalı 50/5 (k=10) kimi qeydə alındığı müəyyən edilmiş, aşkar olunan həmin faktlar barədə NDQ-006539 saylı aktla rəsmiləşdirilmişdir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı şahid qismində dindirilmiş cavabdehin satışa nəzarət idarəsinin mühəndisi X16 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə iddiaçıya məxsus obyektə iddiaçının nümayəndəsinin (Qabil) iştirakı ilə baxış keçirmiş, sayğaca baxış zamanı, göstəricilərdə kəskin fərq olmuşdur. Bir neçə transformator var, cərəyan transformator düzgün işləmir. Fərqi müəyyən etdikdən sonra transformator məntəqəsinə getmişlər. Transformatorun qapısında möhür yox idi. Bir sıra müvafiq hərəkətləri etdikdən sonra müəəyn olundu ki, əslində cəryan transformatorunda əmsal 2000-dir, baxış nəticəsində komputer bazasında cərəyan transformatorunun əmsalının K=2000 kimi qeydə alınması nəticəsinə gəlinmişdir. İşdə olan, cavabdehin həmin akt əsasında tərtib etdiyi xx xxxxxxx 2019-cu il tarixli icra sənədindən və abunə haqqında məlumat vərəqindən görünür ki, həmin akt əsasında, iddiaçıya yoxlamaya qədər cərəyan transformatorunda ümumi əmsal K=20 qeydə alınmalı olduğu halda, K=10 (yəni 1000 əmsal) qeydə alındığı nəzərə alınmaqla, həmin əmsalla da ödənişlər həyata keçirildiyinə görə, cavabdeh tərəfindən keçən həmin dövr üçün iddiaçıya bir o qədər də əlavə sərfiyyat (845380 kvts (1173 göst- 327,62 göst) x 1000 əmsal=845380 kvts) hesablanmışdır. İddiaçının abunə haqqında vərəqinin göstəricilərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus obyektdə sayğac və transformator məntəqəsində EEİQ-ə riayət olunması vəziyyəti yoxlanılana qədər olan müddət ərzində, sonuncu 1000 (K-10) əmsalı ilə ona təqdim olunmuş elektrik enerjisi sərfiyatına dair hesab ödəniş vərəqələri əsasında ödənişlər həyata keçirildiyi işin mübahisələndirilməyən halıdır (İddiaçı tərəfindən istehlak olunan enerji səviyyəsindən asılı olaraq təxminən 1000-5000 manat civarında aylıq ödənişlər həyata keçirilmişdir). «X7 Qaydaları»ın 8.2-ci bəndi ilə müəyyən olunan qaydadan isə görünür ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, istelakçı yalnız elektrik sayğacının göstərilərinə əsasən ona hesab təqdim edildikdə, istehlak etdiyi həmin elektrik enerjisinin dəyərini borcunu ödəmək öhdəliyi yaranır. Əgər ona verilmiş həmin hesablar üzrə istehlakçı tərəfindən artıq ödənişlər həyata keçirilmişdirsə, enerji təchizatı müəssisəsi tərəfindən bir daha özünün yol verdiyi səhv nəticəsində düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsinin istehlakçıdan tələb olunması yol verilməzdir. Belə olan halda, cavabdehin əməkdaşlırı tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus obyektdə elektrik enerjisinin uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılması nəticəsində ona hesablanmış və ödənilməsi tələb olunan 76.084,20 manat borcun əsassız olduğu sübuta yetirilir. Digər trəfdən onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan elektrik enerjisinin uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılması heç mövcud qanunvericiliyin tələbləri qaydasında belə həyata keçirilməmişdir. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «X7 Qaydaları»nın 8.34-cü bəndinin tələbində də nəzərdə tutulur ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh «xxxxxxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirmək hüququ mövcud ola bilərdi. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin bu tələblərinə riayət etməmiş, sahibkarlıq subyektində aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə alınmamışdır. və bu işin mübahisələndirilməyən halıdır. Başqa sözlə, hüquqa zidd yoxlama aparılmışdır Belə olan halda, həmin yoxlamanın nəticələri, o cümlədən, xx.xx.2019-cu il tarixli akt əsasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli icra vərəqinə əsasən iddiaçının 76084,20 manat məbləğində əlavə ödənişə cəlb olunması əhəmiyyətsizdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi hüquq normalarının pozulması ilə çıxarıldığına və MPM-in 385.1-ci maddəsinə istinadən qətnamənin ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-1372/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəməkollegiyası q ə t e t d i: Cavabdeh «xxxxxxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-1372/2019 saylı xx.xx.2019-cuil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar