Məhkəmə qərarları › İş №2-2(103)-189/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-189/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-189/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ümumilikdə 19542,12 manat məbləğində pulun tutulması barədə iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-896/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Əfqan Ələkbərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 14654,49 manat əsas borc, 1245,63 manat faiz borcu, 1612 manat əldən çıxmış fayda, hüquqi xidmətlərə görə 2000 manat, 30 manat dövlət rüsumu və ümumilikdə 19542,12 manat məbləğində borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx xxxx 2017-ci il tarixli 017/2 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya inşaat sektorunda istifadə edilən boya, lak və s. bu kimi məhsulların istehsalı üçün kimyəvi malları satır, alıcı isə həmin malları qəbul etmək və dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya 30 təqvim günü müddətində ödəməyi öhdəsinə götürmüşdür. Mövcud müqavilə üzrə satıcı İddiaçı MMC müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirmiş, malları alıcı Cavabdeh MMC-yə təqdim etmişdir. Lakin Cavabdeh hesabfakura üzrə malların dəyərini tam şəkildə ödəməmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixli, 000101 saylı hesab faktura üzrə və xx xxxxxxxx 2018-ci il tarixli, 000104 saylı hesab faktura üzrə cəmi 14654,49 manat dəyərində ödəniş hələ də icra olunmamışdır. Dəfələrlə şifahi qaydada ödənişin icrası tələb olunsa da Cavabdeh MMC öhdəliyini icra etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-896/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-896/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, malların alıcıya təqdim edilməsini təsdiq edən sübut mövcud deyil. Halbuki elektron qaimə fakturanın mövcudluğu bütün sübutların bu sənəddə cəmlənməsinin təsdiqidir. Elektron qaimə tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli hesab fakturalar üzrə ödəniş qismən icra edilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-896/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) inşaat sektorlarında istifadə edilən boya, lak və s. bu kimi məhsulların istehsalı üçün kimyəvi malları satmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 638090 nömrəli və xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 351638 nömrəli elektron qaimələr üzrə cavabdehə ümumilikdə 22011,01 manat dəyərində malların verildiyi əks olunur. İddiaçı hazırda həmin elektron qaimələrlə əlaqədar cavabdehə göndərilmiş xx xxxxxx 2018-ci il tarixli, 000101 saylı hesab faktura üzrə və xx xxxxxxxx 2018-ci il tarixli, 000104 saylı hesab faktura üzrə cəmi 14654,49 manat dəyərində ödənişin icra edilmədiyini iddia edir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd edilən normaların tələblərinə əsasən alqı-satqı münasibətləri zamanı satıcı alıcının özünə və ya onun səlahiyyət verdiyi şəxsə satılan malların həqiqətən təhvil verildiyini sübut etməlidir. Yəni alıcı, satıcının adından malı təhvil alan şəxsdən buna səlahiyyəti olması barədə sənəd tələb etməli, eyni zamanda həmin səlahiyyətli şəxsdən həqiqətən satılan malı (miqdarı, çeşidi və s qeyd edilməklə) qəbul etdiyini imzası ilə təsdiq etməsini tələb etməlidir. Bu cür tələb irəli sürülmədiyi halda malın təhvil verildiyinin sübut edilməməsi ilə bağlı risk alıcının üzərinə düşür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.6-cı bəndində nəzərdə tutulmuşdur ki, qaimə-fakturaya müvafiq olaraq malın satıcının anbarından təhvil verilməsi tarixi, malin təqdim edilməsi tarixi sayılır. Malların qəbulunun nəticələri müvafiq mal müşayətedici sənədlərlə (qaimə-faktura) rəsmiləşdirilir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin şərtlərinə görə malların satıcı tərəfindən alıcıya təhvil verilməsinin rəsmiləşdirilməli, malın satıcının anbarından təhvil verilməsi tarixi müvafiq mal müşayətedici sənədlərdə qeyd edilməli idi. Elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyildir. Əgər tərəflər malın təhvil təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar müqavilənin 3.6cı bəndinin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Qaydaların 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 3.3-cü maddəsinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs (inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs) vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Qaydaların xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Qaydaların 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına xx.xx.2019-cu il tarixdən əlavə edilmiş 3.15-ci və 3.16-cı bəndlərə əsasən vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaiməfaktura” bu Qaydaya uyğun olaraq göndərilir. İstinad edilən normaların tələblərindən göründüyü kimi, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergiödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Qaydalara əsasən mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. İş materiallarında iddiaçı tərəfindən cavabdeh tərəfə təqdim edilmiş elektron qaimələrdəki malların həqiqətən alıcıya təhvil verilməsi barədə sübut mövcud deyil. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 185-ci və 376.2-ci maddələrinə əsasən tərəflərin məhkəmə iclaslarında iştirak etməsi onların vəzifəsi yox, hüququ olduğundan cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi iddia tələbinin hər bir halda əsaslı olmasını təsdiq etmir. Apellyasiya şikayətində iddiaçı alıcıya göndərilmiş elektron qaimələr üzrə borcun qismən ödənildiyini bildirsə də bu barədə nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 385.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, işə baxmış məhkəmə maddi və prosessual hüquq pozuntularına yol vermədən mübahisəni düzgün həll etdiyindən apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-896/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-896/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar