Məhkəmə qərarları › İş №2-2(103)-189/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-189/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-189/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2-2(113)-3467/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 cəmi 2800,00 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1nə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 09.04.2018-ci il tarixli S-132 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına verilmişdir Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 2.800 manat məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 direktoru Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 03.07.2001-ci il tarixli 141 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin borc İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. 26.11.2019-cu il tarixə Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 2.800 manat məbləğində təşkil etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, onlar tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil.” Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-2(113)-3467/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli 2-2(113)-3467/2021saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddiаnın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “məhkəmə verilmiş iddianı təmin etməyərək qətnaməsini yalnız onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi 12 ay müddətinə, yəni 03.07.2001-ci ildən 03.07.2002-ci il tarixinədək olan müddətə bağlanmışdır. İddia ərizəsi isə məhkəməyə iddia müddəti keçdikdən sonra, yəni 13.01.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Cavabdeh2 vəkili Vəkil ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırki iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. "xxxx" ASC-nin Cavabdeh1nə qarşı problemli borcu üzrə tələb hüququ S-132 saylı təhvil-təslim aktı əsasında 09 aprel 2018-ci il tarixdə İddiaçı QSC-yə keçdiyindən iddia müddəti həmin tarixdən hesablanmalıdır və bu baxımdan iddia müddəti ötürülməmişdir. Cavabdeh2 vəkili Nəsimi rayon Məhkəməsinə təqdim etdiyi 18.01.2021-ci il tarixli etiraz və mülahizəsində bildirmişdir ki, iddia ərizəsində istinad edilən 03.07.2001-ci l tarixli 141 nömrəli kredit müqaviləsi "xxxx" ASC-nin “Abşeron” filialı ilə Cavabdeh1 arasında bağlanmışdır. Həmin kredit müqaviləsini borcalan Cavabdeh1 adından Nizamnaməyə əsasən hərəkət edən direktoru Cavabdeh2 bağlamışdır. Həmin etiraz və mülahizənin digər abzasda isə Cavabdeh2 vəkili qeyd edir ki, istinad edilən kredit müqaviləsinin Cavabdeh2 heç bir aidiyyəti olmamışdır. Borcalan Cavabdeh1 olmuşdur. Digər bir tərəfdən vəkil müdafiə etdiyi Cavabdeh2 "xxxx" şirkətinin direktoru olub – olmaması barədə məhkəməyə heç bir sübut təqdim etmədən Cavabdeh2 istinad edilən kredit müqaviləsi ilə heç bir əlaqəsi olmadığını etiraz və mülahizəsində bildirərək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edir. Belə olduğu halda Cavabdeh2 vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə təqdim etdiyi etiraz və mülahizə arasında təzad yaranır. Əgər kredit müqaviləsinin Cavabdeh2 ilə heç bir əlaqəsi yoxdursa və ya "xxxx" Şirkətinin direktoru deyilsə iddia müddətinin tətbiqi barədə ərizəni necə təqdim edir? Məhkəmə ilk öncə Cavabdeh2 hazırda "xxxx" şirkətinin direktoru olub – olmaması məsələsini araşdırmalı, bu hal sübut olunduğu təqdirdə vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul etməli idi. Bundan başqa, vəkilin etiraz və mülahizəsindən, Cavabdeh2 əvvəlki məhkəmə iclaslarındakı çıxışından görünür ki, müdafiə etdiyi Cavabdeh2 ilə 03.07.2001-ci il tarixli 141 nömrəli kredit müqaviləsinə imza atan Cavabdeh1 direktoru Cavabdeh2 eyni şəxslər deyil. Bu hal iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilənədək Nəsimi rayon Məhkəməsində keçirilən bütün məhkəmə iclaslarında Cavabdeh2 və onun vəkili tərəfindən məhkəməyə bildirilmişdir. Göründüyü kimi məhkəmə yuxarıda şərh olunan məlumatlardan xəbərdar olmuşdur, deməli o, mübahisəli hüquq münasibətləri üzrə bütün lazımi subyektləri işə baxılmasına cəlb etməli, yəni əsl olmayan tərəfi əsl tərəflə əvəz etməli idi. Əsl olmayan tərəfin əvəz edilməsi qaydası MPM-nin 54-cü maddəsində müəyyən olunmuşdur və işə baxan məhkəmə üçün məcburidir. Bununla belə, əsl olmayan cavabdeh məhkəmə tərəfindən əsl cavabdehlə əvəz edilməmişdir. İşin hallarından belə nəticəyə gəlmək olar ki, məhkəmə işi düzgün araşdırmamış, işin hallarına düzgün qiymət vermədən və əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması barədə tərəflərin münasibətin soruşmadan qanunvericiliyin tələblərini pozaraq qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması 09.02.2022-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə5 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2-2(113)-3467/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh1 direktoru Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 03.07.2001-ci il tarixli, 141 nömrəli kredit müqaviləsindən görünür ki, 2.800,00 manat məbləğində kredit götürülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017- ci il tarixli 101s saylı sərəncamına əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı QSC BOKT-a keçmişdir. İş materiallarında olan 09.04.2018-ci il tarixli, S-132 saylı təhvil-təslim aktından görünür ki, həmin fərmanın və sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1nə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ əsasında İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Cavabdehin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, 03.07.2001-ci il tarixli, 141 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 olduğundan və hüquqi şəxsin qanuni təmsilçisi hüquqi şəxsin öhdəliyinə görə mülki hüquqi məsuliyyət daşımadığından Cavabdeh2 qarşı hissədə iddianın qanuni əsası yoxdur. Hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcının "xxxx" ASC-nin Cavabdeh1nə qarşı problemli borc üzrə tələb hüququnun İddiaçı QSC-yə keçdiyi 09 aprel 2018-ci il tarixdən hesablanmasına dair apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 12 ay müddətinə, yəni 03.07.2001-ci ildən 03.07.2002-ci il tarixinədək olan müddətə bağlandığından və öhdəliyin icra müddəti həmin tarixdə bitdiyindən, iddia müddətinin axımının kəsilməsinə əsas olan hər hansı hal olmadığından 13.01.2020-ci il tarixdə iddia qaldırılmaqla iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin digər bir dəlili bundan ibarətdir ki, Cavabdeh2 hazırda "xxxx" şirkətinin direktoru olub – olmaması araşdırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 77.1-ci maddəsinin tələbinə əsasən iddiaçı apellyasiya şikayətində istinad etdiyi halla bağlı sübutu özü təqdim etməli olduğundan, bu barədə işdə sübut olmadığından, iddiaçının özü kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair pretenziya məktubunu Cavabdeh2 göndərdiyindən iddiaçının bu mülahizəsi əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2- 2(113)-3467/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC BOKT-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli e-2-2(113)-3467/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar