Məhkəmə qərarları › İş №2-2(103)-189/2024

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2-2(103)-189/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-189/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: öhdəliyin icra edilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzə borcun, əldən çıxmış faydanın tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 485/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2020-ci il tarixli “Anlaşma” adlandırılan tərəflər arasında sadə yazılı formada bağlanmış müqavilədən görünür ki, bu anlaşma Əliyev Mamedin iştirakı və şahidliyi ilə İddiaçı (Şahin) və Cavabdeh arasında olan iş birliyindən, Güzdək Metal zavodundan və başqa bizneslərdən araşdırılaraq aşağıdakı razılıq və anlaşmaya gəlir: 1) Şahinlə İlqar arasında olan biznes ortaqlığından, iş birliyindən İlqar Şahinə 400.000 ABŞ dolları verməyi öz öhdəsinə götürür; 2) Həmin məbləği, yəni 400.000 ABŞ dolları İlqar hər ay iyul 2020-ci il tarixdən başlayaraq 10.000 ABŞ dolları Şahinə qaytarır; 3) Zavodda (Kürzəkdə) malda olan İlqarın hissə faizi 35-40% olduqda, hər ay 10.000 ABŞ dolları, lakin İlqarın hissə faizi mal qalığında artıb 45-50% olarsa (qazancı), onda 15.000 və ya 20.000 ABŞ dolları hər ay Şahinə ödəyəcəkdir; 4) Əgər qazanc olmayan təqdirdə hər ay 10.000 ABŞ dolları İlqarın mal qalığından, yəni yerdə olan mal qalığı hissəsindən (ana puldan) çıxılaraq Şahinə ödəyəcəkdir; 5) 400.000 ABŞ dolları 3 və 4 il müddətindən gec olmayaraq Şahinə ödənməlidir.

2. İddia ərizəsində qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən müqavilə qismən icra edilərək ödənişlər edilmiş, 270.000 ABŞ dolları borc qalmışdır. İddiaçının öz imzası ilə təsdiq edilmiş ödəniş cədvəlindəki qeydlərə əsasən, cavabdeh tərəfindən sonuncu dəfə 10.000 ABŞ dolları ödəniş xx.xx.2021-ci il tarixdə edilmiş, cəmi 130.000 ABŞ dolları ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı cavabdehdən 270.000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən edilmiş, Cavabdeh 270000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci, ümumilikdə 27488,2 ABŞ dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1149 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-485/2023 saylı qətnaməsinin nəticə hissəsində “ümumilikdə 27488.2 ABŞ dolları” rəqəmlərinin “ümumilikdə 274882 ABŞ dolları” rəqəmləri kimi oxunması qərara alınmışdır.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-189/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-485/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

8. Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə xərclərinə dair məsələlərin həlli barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. 108.1.7-ci maddəsinə əsasən mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

11. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırda məhkəmə xərcləri ilə əlaqədar əlavə qətnamə çıxarılması məsələsinə baxılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdir.

13. Mülki Prosessual Məcəllənin 229.1 və 229.1.3-cü maddələrində isə təsbit olunmuşdur ki, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.

14. Qeyd olunanları, iddianın qismən təmin edildiyini və cavabdehin apellyasiya şikayətinin təmin edilmədiyini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 379 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 229.3 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 379 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar