Məhkəmə qərarları › İş №2-2(103)-189/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-189/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-189/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Səməd Fəxrəddin oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Saydır Yılmaza qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-471/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X4 Azərbaycan” QSC 2023-cü il 13 noyabr tarixində "xxxx" MMC, Cavabdeh1 və Saydır Yılmaza qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 42.224 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 21.628.07 manat və mediasiya xərci əvəzi 210 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli e-2-2(113)-471/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, ödənilmiş 210 manat mediasiya xərci iddiaçının özünə aid edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-680/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 607/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı “X4 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-680/2024 nömrəli qətnaməsi ləğv edilmişdir. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası proses iştirakçısı ilə iddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Saydır Yılmaza qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə işin icraatına Saydır Yılmaza aid hissədə xitam verilməsi məsələsini müzakirə etmişdir. Cavabdeh1 izahatında Saydır Yılmazın vəfat etdiyini bildirmişdir. Digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak etməməsinin səbəbi kimi iş yükünün çox olmasını göstərmişdir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəblərini bidirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin icraatına Saydır Yılmaza aid hissədə xitam verilməlidir. Belə ki, Cavabdeh1 tərəfindən təqdim edilmiş Türkiyə Respublikasının ölüm kağızına əsasən cavabdeh Saydır Yılmaz xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə görəiddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); göstərilməlidir. 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Məcəllənin: 25.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi fiziki şəxsin hüquq qabiliyyəti, yəni hüquqlara, o cümlədən mülki prosessual hüquqlara malik olmaq və vəzifələri, o cümlədən mülki hüquq vəzifələri daşımaq qabiliyyətinə həmin şəxsin ölümü ilə xitam verilir. Hazırkı halda cavabdeh Saydır Yılmaz iddia verilərkən artıq vəfat etmiş, yəni mülki prosessual hüququn subyekti olmamışdır. Göstərilən hal isə ona qarşı olan hissədə iddia ərizəsinə məhkəmə qaydasında baxılmasını istisna edir. MPM-in 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir. 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi iddiaçı Saydır Yılmaza qarşı olan hissədə ləğv edilməli, Saydır Yılmaza aid hissədə işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı “X4 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-471/2024 nömrəli qətnaməsi qismən –cavabdeh Saydır Yılmaza qarşı olan hissədə ləğv edilsin. İddiaçı “X4 Azərbaycan” QSC-nin iddiasının Cavabdeh Saydır Yılmaza qarşı olan hissəsində iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Cəmilə Musayeva Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar