Məhkəmə qərarları › İş №2-2(103)-19/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-19/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-19/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-344/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 aprel 2015-ci il tarixli 170/00/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789,06 ABŞ dolları məbləğində faiz borcu, 208913,75 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1195219,06 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 13600000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 MMC-dən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 MMC-nin qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2020-ci il tarixli 2-2(113)-344/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 aprel 2015-ci il tarixli 170/00/3607/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 873000 ABŞ dolları məbləğində əsas borc, 12789,06 ABŞ dolları məbləğində faiz borcu, 43650 ABŞ dolları məbləğində cərimə borcu, 100395 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1029834,06 ABŞ dolları məbləğində pul ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 19200000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1ndən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” qeyri-yaşayış binasına və 0.36125 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılsın və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 MMCnin qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25,85 manat məbləği cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan QSC "xxxx" KBya ödənilməsi, qalan 4,15 manat məbləği isə ləğv prosesində olan QSC "xxxx" KB-na aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 124,93 manat məbləği cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada, qalan 20,07 manat məbləği isə ləğv prosesində olan QSC "xxxx" KB-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə cəlb olunmuş mütəxəssis tədqiqatlarının dəyəri 500 manat məbləğində mütəxəssis xərclərinin 430,8 manat məbləği cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 MMC-dən müştərək qaydada, qalan 69,2 manat məbləği isə ləğv prosesində olan QSC "xxxx" KB-dan tutularaq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB və Cavabdeh2 MMC ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini daha yüksək məbləğdə müəyyən etmiş və bununla bağlı ekspert rəylərini düzgün qiymətləndirməmiş, cərimə məbləğlərini tənasübsüz azaltmış və ekspert tərəfindən əsas məbləğə hesablanmış faiz məbləğini nəzərə almamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilmiş, qeyri-yaşayış sahəsinin ölçüləri düzgün göstərilməmiş və qiyməti çox aşağı göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə3, Nümayəndə1 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız kredit müqaviləsi üzrə faiz borcu və dəbbə pulunun məbləği, habelə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 MMC arasında 27 aprel 2015-ci il tarixli 170/00/3607/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana illik 16 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 873000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 MMC ilə QSC "xxxx" Kommersiya Bankı arasında 28 aprel 2015ci il tarixli 170/00/3300/14/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti 71 C ünvanında yerləşən qeyri-yaşayış binası və 0.36125 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 873000 ABŞ dolları, faiz borcu 12789,06 ABŞ dolları, cərimə 208913,75 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 100395 ABŞ dolları, cəmi borc isə 1195219,06 ABŞ dolları təşkil edir. Cavabdeh2 MMC birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və bildirmişdir ki, Cavabdeh1 MMC heç bir məbləğ əldə etməmişdir. Belə ki, 2014-cü ildə 700.000 manat məbləğində kreditin verilməsi ilə bağlı müqavilə bağlanmış, sonra müflis və ağır vəziyyətə düşmüş, buna görə əvvəlcə manatla, sonra məcbur olub ABŞ dolları ilə kredit almışdır. Apellyasiya şikayətində isə həmin cavabdeh yalnız ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 noyabr 2019-cu il tarixli 16448 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 27 aprel 2015-ci il tarixli 170/00/3607/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilənin müddətinin bitdiyi 27.04.2016-cı il tarixə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına olan borcu 897.049,6 ABŞ dolları, o cümlədən əsas kredit borcu 873000,0 ABŞ dolları, faiz borcu 24049,6 ABŞ dolları, kredit müqaviləsinin müddətinin bitdiyi 27.04.2016-cı il tarixdən 13.06.2017-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu və aparılmış ödənişlər nəzərə alınmaqla 13.06.2017-ci il tarixə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına olan borcu 934.580,1 ABŞ dolları, o cümlədən əsas kredit borcu 873000,0 ABŞ dolları, faiz borcu 61580,1 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının 13 noyabr 2019cu il tarixli 16448 saylı rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcunun və dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 28 aprel 2017-ci il tarixli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 13.600.000 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli 255M saylı qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 71 C ünvanında mülkiyyətdə olan 0.36125 ha (faktiki 0,41766 ha) torpaq sahəsində yerləşən, ümumi sahəsi 5773,0 kv.metr (faktiki 12000 kv.metr) olan 2 mərtəbəli (4,6 səviyyəli) qeyri-yaşayış binasının bazar dəyəri 19.200.000 manat təşkil edir. Hazırki apelyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 29 mart 2021-ci il tarixli Ç-89 saylı rəy verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 71C ünvanında yerləşən, Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətində olan, 0.36125 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5773,0 m1 2 ümumi, 4532,2 m2 əsas və 1240,8 m2 yardımçı sahədən ibarət qeyri-yaşayış binasının likvid qiyməti: 7.600.000 (yeddi milyon altı yüz min) manat təşkil edir. Qeyri-yaşayış binasına baxış keçirilən zaman müəyyən olundu ki, obyektin sxematik quruluşunda dəyişikliklər edilmiş, hüquq müəyyənedici sənədində əksini tapmayan əlavə artırmaları və əlavə torpaq sahəsi mövcuddur. Qiymətləndirmə prosesi qeyri-yaşayış sahəsinin hüquq müəyyənedici sənədi olan Çıxarış və Texniki Pasport əsasında aparılmış, sənəddə tapmayan, artırılan sahələr və əlavə torpaq sahəsi qiymətləndirmədə nəzərə alınmamışdır. Göründüyü kimi ekspert rəyləri arasında əhəmiyyətli fərqlər vardır. Eyni zamanda həm rəylərdən, həm də cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, ipoteka predmetində əlavə tikililər inşa edilmişdir. Rəylərdən isə görünür ki, ekspertlər yuxarıda qeyd olunan nəticəyə gələrkən yalnız ipoteka predmeti olan qeyri-yaşayış binasının çıxarış və texniki pasportda göstərilən sahə üzrə qiymətləndirmə aparmış və əlavə tikililəri nəzərə almamışlar. Qeyd olunanlar nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı əsasında iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması müstəqil X5a həvalə edilmişdir. Həmin ekspert tərəfindən ekspertizanın aparılması üçün zəruri olan əlavə sənədlərin təqdim edilməsi barədə vəsatət verilmiş və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti 71 c ünvanda yerləşən "xxxx" MMCyə məxsus mövcud 4 mərtəbəli qeyri-yaşayış binasında mansardanın qurulması üçün Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikintiplanlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış 02/50 saylı 10.01.2020-ci il tarixli «Şəhərsalma Əsaslandırılması» layihəsi və mövcud 4 mərtəbəli qeyri-yaşayış binasında mansardanın layihələndirilməsi üçün Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış 02/204 saylı 13.03.2020-ci il tarixli İşçi layihəsi; həmin ünvanda yerləşən "xxxx" MMC-yə məxsus, Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış 18/04-48 saylı 15.02.13 tarixli «Mövcud avtosalonun yenidənqurma eskiz layihəsi» və Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış 18/04-278 saylı 20.08.13 tarixli «Mövcud avtosalonun yenidənqurma İş layihəsi-memarlıq hissəsi» və həmin ünvanda yerləşən qeyri-yaşayış obyektinin (Avtosalon) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azərinşaatlayihə» Dövlət Baş layihə-konstruktor və Texnoloji institutu tərəfindən tərtib olunmuş «TEXNİKİ RƏY» ekspertə təqdim edilmişdir. X5 tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli 02-01/21 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Bakı şəhər Ərazi idarəsi tərəfindən Cavabdeh2 MMC-yə məxsus olmasına dair Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №-li ünvanda yerləşən əmlak kompleksinə 05 dekabr 2012-ci il tarixdə tərtib edilmiş texniki pasportun 2. Əsas, köməkçi tikili və qurğuların təyinatı və texniki göstəriciləri qrafasında göstərilmişdir ki, İnzibati və avtotəmir binasının ümumi sahəsi - 4654.8 m2, İnzibati və avtosalon binasının ümumi sahəsi - 719.2 m2, avtosalon binasının ümumi sahəsi - 399.0 m2 təşkil edir. Yəni əsas və köməkçi tikililərin ümumi sahəsi - 5773.0 m2 (4645.8 m2+ 719.2 m2 + 399.0 m2) müəyyən olunur. Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Bakı şəhər Ərazi idarəsi tərəfindən Cavabdeh2 MMC-yə məxsus olmasına dair Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №li ünvanda yerləşən əmlak kompleksinə mülkiyyət hüququ tanınmasına dair tərtib edilmiş RX Serialı ******* №li 08 dekabr 2012-ci il tarixli Çıxarışda qeyri-yaşayış binasinın ümumi sahəsinin 5773.0 m2 təşkil etdiyi nəzərə alınmaqla, hər 2 sənəddə göstərilən ümumi sahələrin bir-birinə uyğun gəldiyi müəyyən olunur. Bununla yanaşı qeyd olunur ki, ekspertiza tədqiqatı üçün təqdim olunmuş Cavabdeh2 MMC tərəfindən ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №-li ünvanda yerləşən əmlak kompleksində (qeyri-yaşayış) müəyyən dəyişiklər aparılmasına dair icazələrin alınmasına və eləcə də aparılmalı dəyişikliklər göstərilməklə, layihələrin işlənib hazırlanmasına dair 20 avqust 2013-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq Baş idarəsinə müraciət etmişlər. Həmin müraciətə əsasən Memarlıq Baş idarəsi layihənin işlənib hazırlanmasını memarlara həvalə etmiş və Memarlar tərəfindən nəzərdə tutulmuş layihə işlənib hazırlanmışdır. Layihə işlənib qurtardıqdan sonra İcra Hakimiyyətinin Memarlıq Baş idarəsi tərəfində razılaşdırılmışdır. Tərtib olunmuş layihəyə əsasən tikinti işləri aparılarkən əlavə işlərin görülməsi, yəni Cavabdeh2 MMC-yə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №-li ünvanda yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasında mansarda mərtəbəsinin qurulması üçün icazənin verilməsinə və layihənin işlənib hazırlanmasına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsinə 28.01.2020-ci il tarixdə müraciət etmişlər. Həmin müraciətə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən layihənin işlənib hazırlanması "Azərmemarlayihə” təşkilatına həvalə edilmişdir. Həmin layihə işlənib başa çatdıqdan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazinin Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmışdır. Həmin layihə ilə birlikdə obyektə dair digər müvafiq sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş İdarəsi tərəfindən müvafiq rəy bildirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinə təqdim edilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №-li ünvanda yerləşən əmlak kompleksinə Cavabdeh2 MMC-nin nümayəndəsi və ekspertin iştirakı ilə baxış keçirilməsi təşkil olunmuşdur. Baxış keçirilərkən müəyyən olundu ki, əmlak kompleksinin ilkin vəziyyətində, yəni texniki pasportda öz əksini tapmış tikililərin bir hissəsi 2 və bir hissəsi 3 mərtəbəli olan “A” tikintisinin, 2 mərtəbəli olan “B” tikintisinin və 1 mərtəbəli “C” tikintisinin bir hissəsi saxlanılmış və bir hissəsi isə sökülərək, onların yerində bir zirzəmidən, 4 yerüstü mərtəbədən və tikintisi başa çatdırılmayan mansarda mərtəbəsindən ibarət tikinti inşa edilmişdir. Əmlak kompleksinə daxil olan əsas və digər tikililərin ümumi (yekun) sahəsi 16493.1 m2 müəyyən olunur. O, cümlədən Zirzəmi mərtəbədə yerləşən tikililərin faktiki ümumi sahəsi 1005,1 m2, 1-ci mərtəbədə yerləşən tikililərin faktiki ümumi sahəsi 4084,8 m2 (1360.0 +1777.0+400.7+547.1), 2-ci mərtəbədə yerləşən tikililərin faktiki ümumi sahəsi 3634,5 m2(1353.4 +1390.0 +891.1), 3-cü mərtəbədə yerləşən tikililərin faktiki ümumi sahəsi 2018,2 m2 (1266.9 +751.3), 4-cü mərtəbədə yerləşən tikililərin faktiki ümumi sahəsi 1737,2m2 (985.9+751.3), pandusun altındakı tikililərin faktiki ümumi sahəsi 67,2 m2, mansarda mərtəbədə yerləşən tikililərin damla birlikdə faktiki ümumi sahəsi 3946,1 m2 müəyyən olunur. Əmlak kompleksinə daxil olan ümumi (yekun) sahəsi 16493.1 m2 əsas və digər tikililərin ayrı-ayrı hissələri, yəni serviz tikililərinin sahəsi 3531,1 m2 (1777.0 +400.7+1353.4), yeni tikililərin sahəsi 5010,9 m2 (1360.0 +1390.0+1266.9 +985.9), anbar tikililərin sahəsi 2940,8m2 (547.1 +891.1+751.3 +751.3), Zirzəmi -1005.1m2, pandus altındakı tikililəri sahəsi 67,3m2, mansarda mərtəbəsində yerləşən tikililərin sahəsi damla birlikdə 3946,1 m2 müəyyən olunur. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №li ünvanda yerləşən ümumi sahəsi 5773 kv.m olan qeyri yaşayış binası və 0.36125 ha torpaq sahəsinin hazırki dövrdə bazar qiymətləri nəzərə alınmaqla, ümumi dəyəri təqribən daşınmaz əmlakın qiymətinin satış analoqlarının müqayisə metodu ilə hesablanma nəticəsində 20.620.000 manat məbləğində təşkil etdiyi müəyyən olunur. Eləcə də tədqiq olunan torpaq sahəsinin və tikililərin təqribi likvid dəyəri 17.939.000 manat təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 71C №li ünvanda yerləşən olan qeyri-yaşayış binasının ümumi sahəsi 16493,2 m2 və 51,9 ha olan torpaq sahəsinin hazırki dövrdə bazar qiymətləri nəzərə alınmaqla, ümumi dəyəri təqribən daşınmaz əmlakın qiymətinin satış analoqlarının müqayisə metodu ilə hesablanma nəticəsində 31.664.000 manat məbləğində təşkil etdiyi müəyyən olunur. Eləcə də tədqiq olunan torpaq sahəsinin və tikililərin təqribi likvid dəyəri 27.360.000 manat təşkil etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası ipoteka predmeti olan qeyri-yaşayış sahəsində lazımi icazələr alınmaqla əlavə tikililərin inşa edildiyini və bütün tikililərin vahid əmlak təşkil etdiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qeyri-yaşayış binasının ümumi sahəsi 16493,2 m2 əsas götürülməklə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 27.360.000 (iyirmi yeddi milyon üç yüz altmış min) manat məbləğində müəyyən edilməlidir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddia ərizəsində kredit müqaviləsi faiz borcu kimi cəmi 12789,06 ABŞ dollarının tutulması tələbi irəli sürülmüş və məhkəmə də həmin hissədə iddianı tam təmin etmişdir. Ona görə də, məhkəmə-mühasibatlıq ekspertizası rəyində həmin faiz borcunun 24049,6 ABŞ dolları məbləğində müəyyən edilməsi əhəmiyyət daşımır. Çünki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə görə məhkəmənin iddia tələblərindən kənara çıxmaq səlahiyyəti yoxdur. İddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldılması isə həmin maddənin tələblərinə və bu növ iddialar üzrə məhkəmə təcrübəsinə uyğun olmuşdur (ABŞ dolları olan əsas borc məbləğinin 5% həddində). İpoteka predmetinin ilkin satış qiymətinin aşağı məbləğdə müəyyən edilməsi ilə bağlı dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməli və qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-344/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, 71 “C” ünvanında yerləşən qeyri-yaşayış binası və torpaq sahəsinin ilkin satış qiyməti 27.360.000 manat məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar