Məhkəmə qərarları › İş №2-2(103)-19/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-19/2023

04.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-19/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə6, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə7 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-128/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. 22.02.2020-ci il tarixli, 036972 saylı sərf ölçən cihazın yoxlanılması aktına əsasən cihaza texniki baxış keçirildiyi, termosensorunda nasazlıq olduğu aşkar olunduğu, yerinə düzəldilməsinin mümkün olmadığı və yenisi ilə əvəz olunmalı olduğu qeyd olunmuşdur.

3. 03.03.2020-ci il tarixli, 037583 saylı sərf ölçən cihazın yoxlanması aktına əsasən cihaza texniki baxış keçirilmiş və termosensorunda yaranmış nasazlığın aradan qaldırılmasının mümkün olmadığı qeyd olunmuşdur.

4. xx.xx.2020-ci il tarixli, 037039 saylı sərf ölçən cihazın yoxlanılması aktına əsasən cihazın termodatçikində nasazlıq olduğundan, yenisi ilə əvəz olunmuşdur.

5. 17.11.2020-ci il tarixli abonent saldosuna görə, İddiaçı MMC-nin son borcu 531.995,58 manat qeyd olunmuşdur.

6. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli, İD seriyalı 227766 saylı elektron vergi hesab fakturasına əsasən 4.448.038 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı, 259919 saylı elektron qaiməyə əsasən 73.139,61 manat, xx.xx.2019-cu il tarixli İİ seriyalı, 673184 saylı elektron qaiməyə əsasən 561.209,2152 manat, xx.xx.2020-ci il tarixli, EBAE seriyalı, 937965 saylı elektron qaiməyə əsasən 548.485,21 manat, xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 488733 saylı elektron qaiməyə əsasən 1.046.580,02 manat, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 494037 saylı elektron qaiməyə əsasən 929.296,21 manat, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 625050 saylı elekron qaiməyə əsasən 832.129,62 manat, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 678575 saylı elektron qaiməyə əsasən 483.916,81 manat, xx.xx.2020-ci il tarixli EBAK seriyalı, 917785 saylı elektron qaiməyə əsasən 36.894,80 manat və xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 118493 saylı elektron qaiməyə əsasən 744,60 manat dəyərində qazın dəyərinin ödənilməsi tələb olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə əsassız hesablanmış mübahisəli 531.998,58 manat borcun onun **********00020 nömrəli abonent kodundan silinməsi və 70.729,82 manat məbləğin onun **********00020 nömrəli abonent koduna artıq ödəmə kimi bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10/76 ünvanında yerləşən 840000 kv.m istixana kompleksində kənd təsərrüfatı məhsullarının yetişdirilməsini həyata keçirir. Müəssisənin qazla təmin edilməsi cavabdeh tərəfindən müqavilə əsasında aparılır. İstixana komplekslərinin 698000 kv.m sahəsinin qaz təminatı əvvəllər xx.xx.2019-cu il tarixədək Buzovna QPS üzərindən həyata keçirilmişdir. Cari ilin yanvar ayının 17-də daha 142000 kv.m sahədə yeni istixananın tikintisi başa çatdırılıb istifadəyə verildikdən sonra həmin QPS-də qazın həcmi yetərincə olmadığından, əlavə qaz təminatı “Albalılıq” QPS üzərindən həyata keçirilmişdir. “Buzovna” QPS-də “Elster G-1600 TRZ EK-220” tipli, “Albalılıq” QPS-də isə “Rok-107” tipli sərf ölçən cihaz mövcuddur. Cavabdeh tərəfindən cari ilin yanvar, fevral və mart aylarında 840000 kv.m sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanmasına dair müəssisəyə elektron qaimə təqdim edilmişdir: Yanvar – 1.046.580,02 manat, fevral – 929.296,21 manat, mart – 832.129,62 manat. 2019-cu ilin noyabr və dekabr ayları üzrə 698000 kv.m sahədə qazdan istifadəyə görə müvafiq olaraq 561.209,21 manat və 548.485,21 manat hesablanmışdır. Qaz istifadəsi 1 kv.m sahə üçün ortalama 0,8 manat olmuşdur. Yeni tikilmiş 142000 kv.m sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarı məntiqlə 698000 x 0,8 + 142000 x 0,8 = 672.000 manat hesablanmalı olduğu halda, bu məbləğin xeyli artıq hesablanması cari ilin yanvar, fevral və mart ayları üzrə sayğac göstəricilərinin düzgün olmamasına əsas yaradır, nəticədə bu aylar üzrə hesablanmış - ümumilikdə 2.808.005,85 manat vəsait həqiqəti əks etdirmir. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı üzrə ölkənin qabaqcıl şirkətlərindən biri olan bu müəssisə tərəfindən, əkilmiş məhsulların tələf olması riskinə görə, mübahisəli aylar üzrə əsassız hesablanmış qaz sərfiyyatına dair müəyyən edilmiş məbləğlər təqdim edilmiş elektron qaimələrə əsasən ödənilməkdədir. “Albalılıq” QPS-in göstəricilərinin düzgün olmaması səbəbindən, mövcud vəziyyətin araşdırılması məqsədilə bir neçə dəfə Cavabdeh İByə müraciət edilmiş və ayrı-ayrı vaxtlarda (xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və s. tarixlərdə) “Rok-107” tipli sayğaca mütəxəssislərin iştirakı ilə texniki baxış keçirilmiş və hər baxışa dair tərtib edilmiş aktlardan da göründüyü kimi sayğacda nasazlığın olması göstərilmiş və sonda müəyyən günlərin qaz sərfiyyatına dair müəssisənin xeyrinə müəyyən cüzi düzəlişlər edilmişdir. Nəticədə, bu güzəştin məbləği yalnız sayğaca texniki baxış keçirilən gün nəzərə alınmaqla müəyyənləşdirilmişdır. Lakin digər günlərin (yəni sayğaca baxış keçirilməyən günlər) uyğunsuzluğu nəzərə alınmır. İstixanalarda quraşdırılmış qazanların, günlük metroloji göstəricilər nəzərə alınmaqla, texniki xarakteristikaları əsasında mütəxəssislər tərəfindən aparılmış ilkin araşdırmalar qaz sərfiyyatının cari ilin yanvar, fevral, mart ayları üçün toplam 531.020,2 manat artıq hesablandığını göstərir. Mövcud vəziyyətin belə davam etməsi müəssisəni ağır maliyyə vəziyyəti ilə üz-üzə qoymaqla, digər şəxslər qarşısındakı öhdəliklərinin yerinə yetirməsində ciddi problemlər yaratmış və şirkəti ziyanla işləməyə vadar etmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və onun rədd edilməsini xahiş edir.

10. Bakı Kommersiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli e-2-2(113)-128/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli “ROK-107” tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğacının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur.

12. Həmçinin ekspert rəyində qeyd olunduğu kimi mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleksində “ROK-107” tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3 ) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK-107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602.728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır.

13. Bununla cavabdeh tərəf ekspert rəyində qeyd olunan xüsusatların əksini təsdiq edən hər hansı sənəd sübut məhkəməyə təqdim etməmiş və hesablanmış borcun əsaslı olmasını məhkəmədə sübuta yetirə bilməmişdir.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9- cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 sentyabr tarixli, 2-2(103)-725/2021 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)- 128/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələbini qaz istifadəsinin 1 kv.m. sahə üçün ortalama 0,8 manat olması, yeni tikilmiş 142.000 kv.m. sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarının məntiqlə 698.000 x 0,8 + 142.000 x 0,8 = 672.000 manat hesablanmalı olması, lakin buna zidd olaraq, 2020-ci ilin yanvar, fevral və mart aylarında 840.000 kv.m. sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanması, bu hesablamanın isə əsassız olması ilə əsaslandırmışdır.

18. İddiaçının artıq hesablama apardığını irəli sürdüyü ROK-107 tip qaz sayğacı 2021-ci ilin aprel ayına qədər işlək vəziyyətdə olub, istehlak olunan qazın sərfiyyatını hesablamış, cavabdeh də həmin sayğacın göstəricilərinə əsasən iddiaçıya borc hesablamışdır. İddiaçı konkret olaraq hazırda istifadə etdiyi ROK-107 tip qaz sayğacından deyil, ümumilikdə bu tip (ROK-107) sayğacların düzgün işləməməsindən narazılıq edir, cavabdeh isə respublikada yüksək təzyiqli müəssisələrdə yalnız bu tip sayğaclardan istifadə olunduğunu bildirir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3357 saylı rəyindən isə məlum olmuşdur ki, ekspert mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında (sayğacın termosensorda) aşkar edilmiş nasazlıqlar sayğacın qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola biləcəyi, qaz sayğacı orta təzyiqli qaz kəmərinin üzərində quraşdırlmalı olduğu halda, yüksək təzyiqli qaz kəmərinin üzərində quraşdırıldığı üçün ROK-107 qaz sayğacının qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə gətirə biləcəyi ehtimallarından hərəkət etmiş, iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatının (2.981.748 kub.m) və işləmə rejimini nəzərə aldıqda, abonentin saldosunda (abonentin kodu: **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan 3.013.642 kub.m. miqdarında (602.728,4 manat dəyərində) qaz sərfiyyatının artıq hesablandığı nəticəsinə gəlmişdir.

20. Beləliklə, cavabdeh iddiaçının mübahisə etdiyi qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesablamışdır, eyni sayğac hazırda da işlək vəziyyətdədir və 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə təqribən yarıbayarı az qaz istehlakı qeydə almışdır (4.377.764+3.930.955 kub.m-ə qarşılıq 2.274.620+2.151.581 kub.m).

21. Cavabdeh mübahisəli qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesabladığından, onun hərəkətlərində qanunsuzluq aşkar edilmir, bu səbəbdən əsassız varlanma da mövcud deyil, cavabdehin iddiaçıya zərər vurması müəyyən edilmir və mübahisəli hallarda artıq hesablandığı güman olunan istehlak dəyərinin silinməsi barədə götürdüyü müqavilə öhdəliyi yoxdur.

22. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qаzdаn istifadə Qaydaları”nın 4.1, 4.2, 4.3, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 103.1-ci, Mülki Məcəlləsinin 386.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-15/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 sentyabr tarixli, 2-2(103)-725/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmiş və iddiaçının kassasiya şikayəti təmin olunmuşdur.

25. Həmin qərarda göstərilmişdir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə ekspertizası təyin edilərək araşdırılması üçün ekspert qarşısında müvafiq suallar qoyulmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3357 saylı rəyindən isə aydın olur ki, ekspertiza tədqiqatı tam aparılmamış, məhkəmə tərəfindən cavablandırılması xahiş edilən suallar üzrə ekspert tərəfindən faktiki olaraq xüsusi mütəxəssis tədqiqatı aparılmamış, qoyulmuş suallara xüsusi bilik sahəsində mütəxəssis olan ekspert cavabının verilməsi təmin olunmamış, bunun əvəzində iş materiallarındakı məhkəmə tərəfindən qiymətləndirilməli olan sübutlara əsaslanmaqla özünün şəxsi mülahizələrinə əsaslanan ehtimal xarakterli cavablar verilmişdir ki, həmin cavablara istinad olunaraq mübahisənin qanuni həlli mümkün deyildir. Halbuki ekspert qarşısında qoyulmuş “Albalılıq” QPS-də quraşdırılmış qaz sərfiyyatını ölçən “ROK-107” tipli qaz sayğacının müəyyən edilmiş standartlara uyğun olub–olmadığı, bunun qaz sərfiyyatına təsir edib-etmədiyi kimi bilavasitə xüsusi bilik tələb edən suallar ekspert tərəfindən faktiki olaraq cavablandırılmamışdır. Həmçinin iş üzrə araşdırılaraq dəqiq cavab verilməli olan digər məsələ “Albalılıq” QPS-də quraşdırılmış iddiaçıya məxsus qaz avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara əməl olunmaması, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması, yüksək təzyiqli boru üzərindən qazın verilməsi və bu halın artıq sərfiyyatın əmələ gəlməsinə nə dərəcədə səbəb ola bilməsidir və bu suala veriləcək cavab hər hansı ekspertin şəxsi mülahizəsi yox, aparılmış hərtərəfli dəqiq tədqiqatın nəticəsi ola bilər. Apelyasiya məhkəməsinin ekspert rəyilə razılaşmaması isə MPM-nin 103-cü maddəsinin tələblərinə uyğun olmamışdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Cavabdeh İB tərəfindən qaz avadanlıqlarının quraşdırılması zamanı texniki standartlara əməl olunmaması, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması hallarının qaz sərfiyyatına təsiri, sayğacda dəfələrlə nasazlıqların olması və iddiaçı müəssisədə quraşdırılmış qazanların texniki göstəriciləri nəzərə alınmaqla silinməsi tələb olunan sərfiyyatın real olub-olmadığı, yeni tikilmiş 142000 kv.m sahənin qaz sərfiyyatının artımına hansı dərəcədə təsir edə bildiyi (orada quraşdırılmış avadanlıqların texniki göstəriciləri və qaz sərfiyyatı normaları nəzərə alınmaqla) müvafiq araşdırma ilə dəqiq müəyyən edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi, təbii qazın dəyəri istehlakçının istismarında olan qaz sayğacının gəstəricilərinə əsasən müəyyən edilmişdir. Qətnamədə yalnız ekspert rəyinə əsaslanaraq iddia təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə7 və cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə6 və iddiaçının nümayəndəsi Nümayəndə5 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

30. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

31. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən istehlakçı istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır.

37. Eyni zamanda Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələrinin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

38. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

39. Hazırki işdə də iddiaçıya təbii qaza görə borcun düzgün hesablanmaması və onun tərəfindən artıq məbləğdə ödənişlərin edildiyi müəyyən edilir.

40. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühəndis texniki ekspertizasının keçirilməsini təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli, 10/3357 saylı ekspert rəyi verilmişdir.

41. Həmin rəyə əsasən “Albalılıq” QPS-də quraşdırılmış mübahisəli ROK-107 tipli qaz sayğacı müvafiq avadanlıqla təmin edilmiş yerdə sınamaqla, həmin sayğacın nasaz və xətalarla işləyib işləməməsinin yoxlanılması keçirilmədiyinə, eləcə də həmin sayğac nasaz olduğundan dəfələrlə təmir olunduğuna görə, qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cavabdehin Cavabdeh İB-nin “Abşeron” MQKS-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Sərf ölçən cihazın yoxlanılması akt”larına, elektron qaimələr, abonent saldosundakı qaz sərfiyyatlarının göstəricilərdə olan fərqlərinə və iddiaçının ərizəsində qeyd olunanlara görə, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğacının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola biləcəyi və “Qaz təchizatı Layihələndirmə normaları” 2.13-1 AzDTN-nin 7.14 bəndinin və cavabdeh tərəfindən iddiaçıya qazlaşdırılması üçün verilmiş 01 iyul 2019cu il tarixli, 31753 nömrəli texniki şərtinin tələblərinə görə QTM, QTQ (həmçinin QPSdə) qaz avadanlıqların yerləşdirilməsi ardıcıllığına görə ölçü cihazlarının (həmçinin qaz sayğacı) qaz tənzimləyicisindən sonra quraşdırılmalı olduğu qeyd olunmuşdur. Həmin texniki şərtinin tələblərinə görə abonentin qaz avadanlaqlarına aid olan qaz sayğacı orta (0,05 kqq/sm2 – dən 3 kqq/ sm2 - ə) (yəni 2.94 bara qədər) təzyiqli qaz qaz kəmərinin üzərində quraşdırılmalı olduğu halda, 12 fevral 2021-ci il tarixdə “Albalılıq” bar olan 1-ci kateqoriyalı yüksək (6kqq/ sm2 -dən 12 kqq/ sm2- ə qədər) təzyiqli qaz kəmərinin üzərində quraşdırılmışdır. Bu da, ROK-107 (layihədə ROK407 tipli kimi göstərilmiş) qaz sayğacının qaz sərfiyyatını real ölçüdən artıq göstərilməsinə gətirə bilər. Mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3 ) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK-107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır.

42. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-15/2022 saylı qərarında əks olunan göstərişlər və Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 06 dekabr 2022-ci il tarixli ekspert rəyi verilmişdir.

43. Həmin rəyə əsasən xx.xx.2022-ci il tarixli 021683 nömrəli “İnformasiya texnologiyaları və rabitə idarəsi kalibləmə AKT”-a əsasən sərf ölçmə cihazının xətasının buraxılabilən xəta normasından kənara çıxmadığını, cihazın normal işlədiyini və istismara yararlı olmasını nəzərə aldıqda, “Albalılıq” QPS-də quraşdırılmış iddiaçıya məxsus istixana kompleksində qaz sərfiyyatını ölçən ROK tipli cihazın müəyyən edilmiş standartlara uyğun olması qənaətinə gəlmək olar. «Qaz təchizatı. Layihələndirmə normaları». 2.13- 1 AzDTN-nin 7.14 bəndinin tələblərinə görə, QTM, QTQ (həmçinin QPS-də) qaz avadanlıqların yerləşdirilməsi ardıcılığına görə ölçü cihazları (həmçinin qaz sayğacı) qaz tənzimləyicisindən sonra quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər. xx.xx.2022-ci il tarixli 021683 nömrəli “İnformasiya texnologiyaları və rabitə idarəsi kalibləmə AKT”-a əsasən sərf ölçmə cihazında hər hansı nasazlıq aşkar edilmədiyi üçün qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı. Ekspert vəsatətində göstərilənlər, yəni istixana kompleksində istifadə olunan qazanların texniki pasportu, növü, gücü, sayı, gündəlik istifadə rejimi barədə məlumatlar təqdim edilmədiyinə görə qərardadın 5-cı sualı üzrə tədqiqat aparılmadı.

44. Kollegiya hesab edir ki, həmin ekspert rəyi kifayət qədər tam və aydın deyil.

45. Belə ki, ekspert tərəfindən qərardadın 5-ci sualı üzrə tədqiqat aparmamış, habelə digər suallar üzrə aparılmış tədqiqat prosesi müfəssəl təfsir olunmamışdır.

46. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdi ki, ekspert tərəfindən qaz sayğacının ROK tipli olması nəzərə alınmamışdır.

47. Bu hallar isə iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinin kifayət qədər aydın olmaması qənaətinə gəlmək üçün əsas verir.

48. Qeyd olunanlar nəzərə alınaraq Bakı Apelyasiya Məhkəməsinin “17” yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 mart 2023-cü il tarixli 10/665 saylı ekspert rəyi verilmişdir.

49. Həmin rəyə əsasən xx.xx.2022-ci il tarixli 021683 nömrəli “İnformasiya texnologiyaları və rabitə idarəsi kalibləmə AKT”-a əsasən sərf ölçmə cihazının xətasının buraxılabilən xəta normasından kənara çıxmadığını, cihazın normal işlədiyini və istismara yararlı olmasını nəzərə aldıqda, “Albalılıq” QPS-də quraşdırılmış iddiaçıya məxsus istixana kompleksində qaz sərfiyyatını ölçən ROK tipli cihazın müəyyən edilmiş standartlara uyğun olması qənaətinə gəlmək olar. «Qaz təchizatı. Layihələndirmə normaları». 2.13- 1 AzDTN-nin 7.14 bəndinin tələblərinə görə, QTM, QTQ (həmçinin QPS-də) qaz avadanlıqların yerləşdirilməsi ardıcılığına görə ölçü cihazları (həmçinin qaz sayğacı) qaz tənzimləyicisindən sonra quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər. xx.xx.2022-ci il tarixli 021683 nömrəli “İnformasiya texnologiyaları və rabitə idarəsi kalibləmə AKT”-a əsasən sərf ölçmə cihazında hər hansı nasazlıq aşkar edilmədiyi üçün, qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı. "xxxx" MMC-yə məxsus istixana kompleksinin yerləşdiyi Bakı şəhəri, Buzovna qəsəbəsinin ərazisindəki istixanada quraşdırılmış CLW 145 tipli suqızdırıcı qazanın müvafiq temperaturu (+12°C/+15°C dərəcəni) saxlamaq üçün tənzimləyicilər vasitəsi ilə işləyərək qış mövsümünün isti havalarında gün ərzində 2-3 saat (ortalama 2.5 saat qəbul edilir), soyuq havalarında isə 5-6 (ortalama 5.5 saat qəbul edilir) saat işləməsini və həmin qazanın maksimal saatlıq qaz sərfiyyatının 560,96 m3 (5217 kW/9,3 = 560,96 m3 («Alfa-lnvest» vahid ölçü sisteminə görə: 1 m3= 9,3 kW)) olduğunu nəzərə aldıqda, bir ədəd CLW 145 tipli suqızdırıcı qazanın isti havalarda bir günlük maksimal saatlıq qaz sərfiyyatının 1402.4 m3 (560,96 m3x 2,5 saat = 1402,4 m3), soyuq havalarda isə 3085,28 m3 (560,96 m3x 5,5 saat = 3085,28 m3) təşkil etdiyi müəyyən edilir. "xxxx" MMC-yə məxsus istixana kompleksinin yerləşdiyi Bakı şəhəri, Buzovna qəsəbəsinin ərazisindəki istixanada quraşdırılmış CLW 170 tipli suqızdırıcı qazanın müvafiq temperaturu (+12°C/+15°C dərəcəni) saxlamaq üçün tənzimləyicilər vasitəsilə işləyərək qış mövsümünün isti havalarında gün ərzində 2-3 saat (ortalama 2.5 saat qəbul edilir), soyuq havalarında isə 5-6 (ortalama 5.5 saat qəbul edilir) saat işləməsini və həmin qazanın maksimal saatlıq qaz sərfiyyatının 989,25 m3 (9200 kW / 9,3 = 989,25 m3 («Alfa-lnvest» vahid ölçü sisteminə görə: 1 m3= 9,3 kW)) olduğunu nəzərə aldıqda, bir ədəd CLW 170 tipli suqızdırıcı qazanın isti havalarda bir günlük maksimal saatlıq qaz sərfiyyatının 2473.12 m3 (989,25 m3x 2,5 saat = 2473.12 m3), soyuq havalarda isə 5440,87 m3 (989.25 m3 x 5,5 saat = 5440,87 m3) təşkil etdiyi müəyyən edilir. Məhkəmə tərəfindən ayın isti və soyuq günlərinin sayı müəyyən edilməklə qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatının nə qədər təşkil etməsi müəyyən edilə bilər.

50. Beləliklə, ekspert rəyləri ilə müəyyən olunur ki, qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər.

51. Bundan əlavə, iş materiallarında olan sərf ölçən cihazın yoxlanılması aktlarına əsasən cihaza texniki baxış keçirilərkən, termosensorunda nasazlıq olduğu aşkar olunmuş, yerinə düzəldilməsinin mümkün olmadığı və yenisi ilə əvəz olunmalı olduğu qeyd olunmuşdur.

52. Ən əsası isə sonuncu ekspert rəyi ilə hazırki iş üzrə Ali Məhkəmənin qərarında göstərildiyi kimi iddiaçıya məxsus istixanada quraşdırılmış avadanlıqların texniki göstəriciləri və qaz sərfiyyatı normaları nəzərə alınmaqla maksimal saatlıq qaz sərfiyyatı müəyyən edilmişdir.

53. Qeyd olunan ekspert rəyinə uyğun olaraq hesabladıqda isə müəyyən olunur ki, 4 ədəd CLW 145 tipli suqızdırıcı qazanın bir günlük maksimal qaz sərfiyyatı 12337,6 m3 (3085,28 m3x 4 = 12337,6 m3), 16 ədəd CLW 170 tipli suqızdırıcı qazanın bir günlük maksimal qaz sərfiyyatı isə 87054 m3 (5440,875 m3 x 16 = 87054 m3) təşkil edir. Ümumilikdə, hər iki tipli 20 ədəd qazanlar üçün bir günlük qaz sərfiyyatı 99391,6 m3 (12337,6 m3 + 87054 m3 = 99391,6 m3), bir ay üçün isə bu sərfiyyat ******* m3 (99391,6 m3x 30 = ******* m3) təşkil edir.

54. Lakin, "xxxx" MMC-nin (ROK-107) abonentin saldosundan görünür ki, 2020-ci ilin yanvar ayı üçün qazın sərfi ******* m3 (artıq hesablanmış sərfiyyat ******* m3 - ******* m3 = ******* m3), 2020-ci ilin fevral ayı üçün qazın sərfi ******* m3 (artıq hesablanmış sərfiyyat ******* m3 - ******* m3 = 949207 m3), 2020-ci ilin mart ayı üçün qazın sərfi ******* m3 (artıq hesablanmış sərfiyyat ******* m3 - ******* m3 = 668419 m3) hesablanmışdır. Bütövlükdə göstərilən tarixlər üçün "xxxx" MMC-yə məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təmin edilmiş 20 ədəd «CRONE» markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3) "xxxx" MMC (ROK-107) abonentin saldosunda 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan 3.013.642 m3 miqdarında qaz sərfiyyatı artıq hesablanmışdır (1.396.016 m3 + 949.207 m3 + 668.419 m3 = ******* m3).

55. «Təbii qazın ölkədaxili tariflərin tənzimlənməsi barədə» Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Təbii qazın ölkədaxili tarifləri» cədvəlindən görünür ki, hazırda qeyri-əhali istehlakçılar üçün təbii qazın min kubmetrin (1000 m3) qiyməti 200 manat, yəni 1 m3 təbii qazın qiyməti 0,2 manat təyin edilmişdir. Belə olan halda mübahisəli dövr üçün "xxxx" MMC-yə məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təmin edilmiş 20 ədəd «CRONE» markalı qazanların qaz sərfiyyatına görə artıq hesablanmış sərfiyyatın dəyəri 602.728,4 manat təşkil edir (3.013.642 m3 x 0,2 = 602.728,4).

56. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 531.998,58 manat borcun silinməsini və artıq ödənilən 70.729,82 manat məbləğdə pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-128/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat Cavabdeh İB-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar