Məhkəmə qərarları › İş №2-2(103)-191/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-191/2023

31.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-191/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh qarşı “hüquqi şəxsin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5279/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC 15 mart 2002-ci il tarixdə 0102-A1-274 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Nizamnməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı ********* manat və ya 86300 ədəd səhmdir. Bir səhmin nominal dəyəri 10000 manatdır.

2. 18.05.2022-ci il tarixli AB 31028233 nömrəli depo hesabından çıxarışa əsasən Cavabdeh 36745 ədəd qiymətli kağızı vardır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, İddiaçı ASC-nin Nizamnaməsinə uyğun olaraq 29 aprel 2022-ci il tarixdə keçirilən ümumi yığıncaqda gündəliyə çıxarılan məsələlərdən biri də İddiaçı ASC-nin ləğv edilməsi olmuşdur. Yığıncaqda qeyd olunmuşdur ki, İddiaçı ASC-nin 2020-2021-ci illər ərzində heç bir işi olmamışdır. Maşın mexanizmləri uzun müddət istismar olunduqları üçün köhnəlmişdir, təmir üçün xeyli vəsait tələb olunur. Podrat iş həcmləri olmadığı üçün ASC-nin saxlanılması mümkün deyil. Ona görə də Cəmiyyətin ləğv olunması təklif olunmuşdur. Lakin İddiaçı ASC-nin səsvermə hüququna malik olan səhmdarları Cavabdeh nümayəndəsi və Cəmilov Kamil Cəmiyyət (vəfat etmişdir) oğlunun nümayəndəsi tərəfindən cəmiyyətin ləğv olunmasına razılıq verilməmişdir. Nəticədə cəmiyyətin ümumi yığıncağında Cəmiyyətin ləğv olunmaması qərara alınmışdır. İddiaçı ASC hal-hazırda formal olaraq mövcuddur. Yəni cəmiyyət faktiki olaraq fəaliyyətsiz qalmışdır. Səhmdar cəmiyyətinin mülkiyyətində olan əmlaklar və mexanizmlər uzun müddət istismar olunduğu üçün köhnəlmiş, yenilərini əldə etmək və ya təmir etdirmək isə çox böyük xərc tələb edir. Nəticədə səhmdar cəmiyyətinin gəlir əldə edə bilməməsi onun çox böyük maddi zərərə məruz qalmasına gətirib çıxarır. Belə olan halda İddiaçı ASC-nin ləğv edilməsi daha məqsədəuyğundur.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbinə münasibətdə heç bir hüquqi əsaslandırma yoxdur. ASC-nin ləğvi məsələsi ümumi yığıncağın gündəliyinə daxil edilmiş, yığıncaqda səs çoxluğu ilə ASC-nin ləğv edilməməsi qərara alınmışdır. Bundan əlavə, ASC 2021-ci ili mənfəətlə başa vurmuş, onun müflis elan edilməsi üçün də əsaslar mövcud deyildir. İddia ərizəsində göstərilən hallar (ASC-nin hər hansı işinin olmaması, avadanlıqların köhnəlməsi və sairə) qanunvericiliklə ASC-nin məhkəmə tərəfindən ləğv edilməsi üçün nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı hər vəchlə ASC-nin ləğvinə nail olmağa çalışır. Əlavə olaraq ASC-nin səhmdarlarının sayı 100 nəfərdən çoxdur. İddiaçı tərəfindən hansı əsaslara görə məhz Cavabdeh kimi cəlb edilməsi anlaşılan deyildir. İddia tələbinin hər hansı əsasının olmaması səbəbindən iddianın rədd edilməsini xahiş edir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5279/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

13. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:

14. 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

15. 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

16. 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə;

17. 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə.

18. Həmin Məcəllənin 59.2-1-ci maddəsinə görə bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.

19. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.

20. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.

21. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

24. Belə ki, hüquqi şəxsin ləğv edilməsi halları Mülki Məcəllənin 59.2-ci maddəsində sadalanmışdır.

25. Eyni zamanda İddiaçı ASC-nin Nizamnaməsinin 11.1-ci bəndinə əsasən cəmiyyət aşağıdakı hallarda ləğv oluna bilər: - Səhmdarların ümumi yığıncağının qərarı ilə; - İflas elan olunduqda; - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda iqtisad məhkəməsinin qərarı ilə.

26. Lakin hazırki işdə həmin əsaslardan heç biri mövcud deyildir.

27. İşin hallarından görünür ki, İddiaçı ASC-nin ləğvi məsələsi ümumi yığıncağın gündəliyinə daxil edilmiş, lakin səs çoxluğu ilə ASC-nin ləğv edilməməsi qərara alınmışdır.

28. Belə ki, İddiaçı ASC-nin Səhmdarlarının illik ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli 01 nömrəli protokolundan görünür ki, cəmiyyətin gündəlikdə duran məsələləri cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı, cəmiyyətin ləğv olunması, cəmiyyətin ləğv olunası ilə əlaqədar ləğetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər olmuşdur. Yekunda 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə mənfəətin bölüşdürülməsi təsdiq edilmiş, səhmdar Cəmiyyətin ləğv olunmaması qərara alınmış, səhmdar cəmiyyət ləğv olunmadığı üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunmamışdır.

29. Bundan əlavə, iddiaçı öz iddia ərizəsində yuxarıda sadalanan əsaslardan hər hansı birinə istinad etməmiş, yalnız İddiaçı ASC-nin hər hansı işinin olmaması və avadanlıqların köhnəlməsi səbəbindən hüquqi şəxsin ləğvini tələb etmişdir.

30. Halbuki, qanunvericilikdə qeyd olunan hallar hüquqi şəxsin məhkəmə tərəfindən ləğv edilməsi əsasları kimi nəzərdə tutulmamışdır.

31. Göründüyü kimi iddia tələbləri özü-özlüyündə əsassızdır və rədd edilməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5279/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar