Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-192/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya hesablanmış 17.051,86 manat borcun silinməsi və artıq ödənilmiş 320.000 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası İddiaçı MTK tərəfindən inşa edilmişdir. Yaşayış binasına elektrik enerjisi iddiaçının balansında olan transformatorlar vasitəsi ilə verilir. Həmin transformatorların balans mənsubiyyəti sərhədində hesablaşma elektrik sayğacları quraşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu bəndinə uyğun olaraq binada mövcud olan hər bir mənzilə, liftə, nasosxanaya, qaraja və digər ümumi istifadə yerlərinə ayrı-ayrılıqda sayğaclar quraşdırılmışdır. Belə ki, Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. 2010-cu ildən bu günə qədər yalnız İddiaçı MTK tərəfindən heç bir əlavə elektrik enerjisi sərfiyyatı olmadığı təqdirdə cavabdehə ümumilikdə 320.000 manat ödəniş edilmişdir. İlk növbədə qeyd edir ki, hesab ödəniş vərəqələrində tariflər düzgün müəyyənləşdirilməmişdir. Belə ki, Tarif (Qiymət) Şurasının xx xxxxxx 2007-ci il tarixli, 3 №-li Qərarına əsasən elektrik enerjisinin pərakəndə satışı bütün istehlakçılar üçün 1 kVt/saat ƏDV ilə birlikdə 6 qəpik, tranzit ötürməyə görə 0,2 qəpik müəyyən edilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 17 №-li Qərara əsasən isə elektrik enerjisinin pərakəndə satışı əhali üçün aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi 7 qəpik, 300 kVTs-dan çox olan hissəsi 11 qəpik, qeyri-əhali üçün 1 kVt/saat ƏDV ilə birlikdə 9 qəpik, tranzit ötürməyə görə 0,2 qəpik müəyyən edilmişdir. Həmin Qərarın 2.4-cü bəndinə görə elektrik enerjisi tranzit ötürüldüyü təqdirdə, tranzit ötürülmə xərcləri həmin əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində nəzərdə tutulan hallarda 2.1.1-ci və 2.1.2-ci sətirlərlə müəyyən edilmiş tariflərə əlavə edilməklə istehlakçı, digər hallarda isə elektrik enerjisinin satışını həyata keçirən təsərrüfat subyekti tərəfindən ödənilir. Lakin nədənsə tranzit ötürülmə xərcləri İddiaçı MTK-ya aid edilmiş, 2016-cı ilin avqust ayına qədər 5 qəpik, 2016-cı ilin avqust ayından 2017-ci ilin yanvar ayına qədər 6 qəpik, 2017cilin yanvar ayından 2018-ci ilin avqust ayına qədər 8 qəpik, 2018-ci ilin avqust ayından 0,07627 qəpik və hal-hazırda yenidən 8 qəpik tarifləri tətbiq edilmişdir. Halbuki “X1 Qaydaları”nın 8.25-ci bəndinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi artıq hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir və yalnız inşa edilmiş binanın idarəçiliyi ilə məşğuldur. Binanın bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar mövcuddur və həmin sayğaclara uyğun olaraq ödənişlər həyata keçirilir. Belə olan halda hər ay iddiaçıya 3500 manat dəyərində elektrik enerjisi haqqı hesablanması anlaşılan deyildir. Bu cür böyük məbləğdə elektrik enerjisi haqqı hesablanması yalnız elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya aid edilməsi, tariflərin və əmsalların düzgün tətbiq edilməməsi ilə izah oluna bilər. Halbuki elektrik enerjisi itkiləri qəti şəkildə İddiaçı MTK-ya aid edilə bilməz və bu itkilərə görə məsuliyyəti cavabdeh özü daşıyır. Belə ki,“X1 Qaydaları”nın 1.4-cü bəndinə görə abonentin (əsas istehlakçının ) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Qaydaların tələblərinə baxmayaraq “xxxx” ASC tarifləri və əmsalları düzgün tətbiq etməmiş və elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) dəyərini İddiaçı MTK-ya aid edərək, elektrik enerjisi üçün 17051,86 manat əsassız borc yazmış və qanunsuz pullar tutmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTKya hesablanmış 5626 manat məbləğində borcun silinməsi, İddiaçı MTK tərəfindən “xxxx” ASC-yə artıq ödənilmiş 50.751,12 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 100 (bir yüz) manat hissəsinin İddiaçı MTK-dan, qalan 45 (qırx beş) manat hissəsinin isə cavabdeh “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 96/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən – iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin qanuni əsasının Mülki Məcəllənin 1091-ci maddəsinin (əsassız varlanma) təşkil etdiyi qənaətinə gələrək, əsassız varlanma obyektini qaytarmaq üçün MM-nin 1095-ci maddəsində 2 illik kəsici müddətin nəzərdə tutulduğunu qeyd etmiş və məhz bu səbəbdən iddia tələblərini qismən təmin edərək, iddiaçı tərəfindən cavabdehə son 2 il ərzində artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul etmişdir. Tərəflər arasındakı münasibətlər müqavilə münasibətlərdir. Cavabdeh elektrik enerjisi satmış, iddiaçı da öz növbəsində elektrik enerjisini almışdır. Pul vəsaitləri cavabdeh tərəfindən tərtib və təqdim edilmiş hesab ödəniş vərəqələri əsasında ödənilmişdir. İddia tələblərinin mahiyyəti isə cavabdeh tərəfindən iddiaçıya satılmış elektrik enerjisinin real dəyərindən artıq hesab ödəniş vərəqələrinin tərtib edilməsi və pul vəsaitinin alınması təşkil edir. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülən tələb “X1” Qaydalarının və elektrik enerjisinin alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən pozulması (faktiki verilmiş elektrik enerjisinin dəyərindən daha artıq məbləğə hesab ödəniş vərəqələrinin tərtib edilərək, vəsait alınması) nəticəsində vurulmuş zərərin ödənilməsindən ibarətdir. İddia tələbləri alqı-satqı müqaviləsindən irəli gələn tələblərdir. Cavabdeh tərəfindən hər ay hesab ödəniş vərəqələri göndərildiyi üçün iddiaçı ümumiyyətlə hüquqlarının pozulduğunu bilməmişdir. Hətta iddiaçının hüquqlarının pozulub-pozulmadığını müəyyən etmək xüsusi bilik tələb etdiyindən iş üzrə kompleks ekspertiza keçirilmişdir. Yalnız ekspertiza tədqiqatı ilə dəqiq şəkildə müəyyən edilmişdir ki, iddiaçının hesabat sayğaclarına cavabdehdə qeydiyyata alınmamış elektrik sayğacları quraşdırılmış, ümumiyyətlə sayğacları quraşdırılmamış istehlakçılar qoşulmuş, iddiaçı tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkiləri də (texnoloji sərfiyyat) MTK-nə hesablanmış və hətta cavabdehdə qeydiyyata alınmış elektrik sayğaclarının göstəriciləri hesabat sayğacının göstəricilərindən çıxılmamış və nəticədə iddiaçıya faktiki sərf etdiyi elektrik enerjisinin dəyərindən artıq məbləğdə borclar hesablanmışdır. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, MTK ilə X1yə görə hesablaşmanın balans-uçot sayğacının göstəriciləri əsasında aparılması “X1 Qaydaları”nın 8.25-ci bəndinin tələbinə əsaslanmışdır. Həmin bəndə əsasən, yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizat müəssisəsi ilə hesablaşır. Lakin məhkəmə mübahisəyə EEİQ-nin qeyd olunan bəndini tətbiq etməməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmənin iddianı qismən təmin edərkən istinad etdiyi ekspert rəyindən görünür ki, həmin rəydə MTK-nın orta aylıq sərfiyyat kimi göstərilən 11.859,21 kvts sərfiyyat yalnız binanın ümumi istifadəsi üçün nəzərdə tutulan sahələrin elektrik sayğaclarının göstəriciləri əsasında müəyyən edilmiş və məhkəmə EEİQ-nin 8.25-ci bəndinin tələbini nəzərə almadan əsassız olaraq balansa sayğacının göstəriciləri ilə hesablanmış məbləğin artıq olması qənaətinə gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında cavabdehin apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, İddiaçı MTK 2010-2019-cu illərdə “xxxx” ASC-yə faktiki sərf etdiyi elektrik enerjisinin dəyərindən artıq məbləğdə həyata keçirdiyi ödənişlərin qaytarılmasını tələb edir. “xxxx” ASC tərəfindən abunəçi İddiaçı MTK-ya təqdim edilmiş hesab fakturalardan görünür ki, abunəçiyə X1yə görə 2017-ci ilin iyulavqust ayları üzrə 3.040,11 manat; 2017ci ilin avqust-sentyabr ayları üzrə 3.601,35 manat; 2017-ci ilin sentyabr-oktyabr ayları üzrə 2.482,56 manat; 2017-ci ilin oktyabrnoyabr ayları üzrə 2.579,94 manat; 2017-ci ilin noyabr-dekabr ayları üzrə 3.524,31 manat; 2017-ci ilin dekabr-2018-ci ilin yanvar ayları üzrə 3.180,87 manat; 2018-ci ilin yanvar -fevral ayları üzrə 2.316,69 manat; 2018-ci ilin fevral-mart ayları üzrə 1.587,06 manat; 2018-ci ilin mart-aprel ayları üzrə əsasən 3.582,72 manat; 2018-ci ilin aprel-may ayları üzrə 1.425,06 manat; 2018-ci ilin may-iyun ayları üzrə 6.740,82 manat; 2018-ci ilin iyuniyul ayları üzrə 4.113,27 manat; 2018-ci ilin iyul-avqust ayları üzrə 3.459,60 manat; 2018- ci ilin avqust-sentyabr ayları üzrə 3.351,29 manat; 2018-ci ilin sentyabr-oktyabr ayları üzrə 2.850,30 manat; 2018-ci ilin oktyabr-noyabr ayları üzrə 3.132,54 manat; 2018-ci ilin noyabr-dekabr ayları üzrə 3.756,60 manat; 2018-ci ilin dekabr-2019-cu ilin yanvar ayları üzrə 1.761,84 manat; 2019-cu ilin yanvar-fevral ayları üzrə 5.994,09 manat; 2019-cu ilin fevral-mart ayları üzrə 5.155,74 manat; 2019-cu ilin mart-aprel ayları üzrə 4.371,30 manat; 2019-cu ilin aprel-may ayları üzrə 3.311,10 manat; 2019-cu ilin may-iyun ayları üzrə 3.338,46 manat; 2019-cu ilin iyun-iyul ayları üzrə 3.334,50 manat borc hesablanmışdır. Qeyd edilən borclar balans hesabat sayğacının göstəriciləri əsasında hesablanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 6-cı bəndində qeyd edilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə edilmiş aktla müəyyən edilir. “X1 qaydaları”nın 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.3-cü bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında balans mənsubiyyəti sərhədi aktı tərtib edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən elektrik enerjisinin dəyərinin ünvan 1 ünvanında yerləşən yaşayış binasının liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) quraşdırılmış sayğacların göstəriciləri əsasında deyil, balans hesabat sayğacının göstəriciləri əsasında hesablanması və tələb edilməsi əsassız olmuşdur. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, “xxxx” ASC-nin Nərimanov RETSİ-nin enerji satışı şöbəsinin aparıcı mühəndisidir. İddiaçı MTKnın transformator məntəqəsində 2 baş sayğac yerləşir. İki balans hesabat sayğacı var. İki xətt var, birindən istifadə edilir. Hesab-faktura işləyən bir balans hesabat sayğacının göstəricilərinə əsasən verilir. Ərazidə yarımçıq tikili (bina) da mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 27057/29873 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış binasının bütün mənzillərində, liftlərində, qarajlarında, nasosxanalarında və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdə (pilləkən, dəhliz və həyətyanı sahələr) sayğaclar quraşdırılmışdır. Həmin elektrik sayğaclarının bir qismi «xxxx» ASC-nin qeydiyyata götürülmüş, digərləri isə qeydiyyata götürülməmişdir. Qeyd olunan elektrik sayğaclarının göstəricilərinə görə, İddiaçı MTK tərəfindən inşa edilmiş binanın qeyri-yaşayış sahələrində (yəni liftlərə, nasosxanaya, qarajların və ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrin (pilləkən, dəhliz və həyətyanı sahələrin) işıqlandırmasına) bir günlük sərf edilmiş orta elektrik enerji sərfiyyatı 395,307 kWh, bir aylıq (yəni 30 günlük) elektrik enerji sərfiyyatı 11.859,21 kWh, üç il üçün isə bu sərfiyyat 426931,56 kWh təşkil edir. 2010-2019-cu illər üçün isə, yəni 10 üçün bu sərfiyyat 1423105,2 kWh təşkil edir. Baxış zamanı 1402 nömrəli transformator məntəqəsinin yüksək paylayıcı qurğularının yerləşdiyi otağında İddiaçı MTK-nın 2 ədəd 60005819M714 və 60005901M863 nömrəli elektrik (hesabat) sayğacları quraşdırıldığı elektrik şəbəkəsinə, həmin MTK-ya məxsus binanın mənzilləri ilə yanaşı, qeyri-yaşayış sahələrinin, qonşuluqda olan «xxxx» MMC-yə məxsus yaşayış binasının nasosxana, qeyri-yaşayış sahələrinin və qarajların işıqlandırması, eləcə də müxtəlif təyinatlı obyektlərin qoşulması müəyyən edilmişdir. Həmin istehlakçıların bir qismində «xxxx» ASC-də qeydiyyata alınmış elektrik sayğacların quraşdırıldığı, İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə əlaqəsi olmayan digərlərində isə «xxxx» ASC-də qeydiyyata alınmamıış elektrik sayğacların quraşdırıldığı, İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə əlaqəsi olmayan bəzi qeyri yaşayış sahələrinin (obyektlərin) ümumiyyətlə elektrik sayğacların quraşdırılmadığı müəyyən edilmişdir. Qeyd olunanlar, yəni İddiaçı MTK-nın hesabat sayğaclarına «xxxx» ASC-də qeydiyyata alınmamış elektrik sayğaclarının quraşdırılması, ümumiyyətlə sayğacları quraşdırılmamış istehlakçıların qoşulması, İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkilərinin də (texnoloji sərfiyyat) MTKya hesablandığı və hətta «xxxx» ASC-də qeydiyyata alınmış elektrik sayğaclarının göstəricilərinin (məsələn: **********50001 saylı əhali kodu altında abonent Z.Mehdiyev) hesabat sayğacının göstəricilərindən çıxılmama hallarının mövcudluğu cavabdeh «xxxx» ASC tərəfindən İddiaçı MTK-ya hər ay göndərilən hesab ödəniş vərəqələrində əks olunmuş sayğacların göstəriciləri ilə ümumi məbləğ arasında fərqin yaranmasına səbəb olmuşdur. 2016-cı ilin iyul ayından iddia verilən 2019-cu ilin iyul ayına qədər İddiaçı MTK tərəfindən istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə real ödənməli olan 29.292,00 manat məbləğ və 2019-cu ilin iyul ayına olan 14.624,00 manat borcu nəzərə alındıqda MTK tərəfindən 72.379,00 manat artıq ödəmə aparıldığı müəyyən edilir. Beləliklə, İddiaçı MTK tərəfindən son 3 il ərzində balans hesabat sayğaclarının göstəriciləri üzrə həyata keçirilmiş ödənişlərlə 1-ci sual üzrə qeyd olunan sayğaclar üzrə ümumi elektrik enerji sərfiyyatı arasındakı məbləğ fərqi 72.379,00 manat təşkil edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə düzgün olaraq hesab etmişdir ki, İddiaçı MTK-nın artıq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair iddia tələbi əsassız varlanmadan irəli gələn tələbdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı MTK-nın hesabat sayğaclarına “xxxx” ASC-də qeydiyyata alınmamış elektrik sayğacları quraşdırılmış, ümumiyyətlə, sayğacları quraşdırılmamış istehlakçılar qoşulmuş, eyni zamanda İddiaçı MTK tərəfindən inşa edilmiş bina ilə bağlı olmayan abonentlərin elektrik enerjisi itkiləri də (texnoloji sərfiyyat) MTK-ya hesablanmış və hətta «xxxx» ASCdə qeydiyyata alınmış elektrik sayğaclarının göstəriciləri (məsələn: **********50001 saylı əhali kodu altında abonent Z.Mehdiyev) hesabat sayğacının göstəricilərindən çıxılmamış, nəticədə İddiaçı MTK-ya faktiki sərf etdiyi elektrik enerjisi dəyərindən artıq məbləğdə borclar hesablanmışdır. Göründüyü kimi, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya X1yə görə artıq borc hesablanması iş materialları ilə öz təsdiqini tapır. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qeyd edilən normanın tələbinə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi yalnız 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün artıq ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsində təmin oluna bilər. Transformator məntəqəsinin İddiaçı MTK-nın balansında olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, MTK-nın hüququnun pozulmasından, yəni kənar abonentlərin həmin məntəqəyə qoşulmasından xəbərdar olmaması mümkün deyil. Bundan əlavə MTK-ya təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğacının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesab-fakturada sadalanmışdır. Belə olan halda isə İddiaçı MTK transformator məntəqəsinə qoşulmuş bəzi abonentlərin sərfiyyatlarının balans sayğac göstəricilərinə əsasən MTK-ya hesablanmış sərfiyyatdan çıxılmamasını, həmin abonentlərin sərfiyyatların MTK-ya hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. Ekspert rəyi ilə İddiaçı MTK-nın bir günlük sərf edilmiş orta elektrik enerji sərfiyyatının 395,307 kWh, bir aylıq (yəni 30 günlük) elektrik enerji sərfiyyatının 11.859,21 kWh olması müəyyən edildiyindən məhkəmə orta aylıq sərfiyyatı nəzərə alaraq 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün İddiaçı MTK-ya elektrik enerjisi sərfiyyatına görə hesablanmalı olan məbləğin 11.859,21x24x0,09 manat=25.616 manat təşkil etdiyini müəyyən etmişdir. 2017-ci ilin iyul ayından 2019-cu ilin iyul ayınadək olan müddət üçün “İddiaçı MTK-ya “xxxx” ASC tərəfindən cəmi 82.000,12 manat məbləğində borc hesablandığından ödənilməli olan məbləğ çıxıldıqdan sonra İddiaçı MTK-ya iki illik müddət üçün 56.384,12 manat (82.000,12-25.616) məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. Məhkəmə qətnamənin çıxarıldığı tarixə İddiaçı MTK-nın “xxxx” ASC-yə 5.626 manat məbləğində borcunun olduğunu nəzərə alaraq iddianı qismən 50.758,12 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmamış, işin faktiki hallarına uyğun qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-192/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-192/2021
31.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver