Məhkəmə qərarları › İş №2-2(103)-193/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-193/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-193/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-174/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı “İddiaçı” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrin şərtləri pozulduğuna görə 2.830 manat, iddiaçı “İddiaçı” MMC–nin əldən çıxmış faydasının əvəzi olan 5.000 manat, işgüzar nüfuzuna dəymiş zərərin əvəzi olan 10.000 manat, vəkilə ödədiyi muzdun əvəzi olan 300 manat, mütəxəssisə verdiyi məbləğin əvəzi olan 50 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli xidmət müqavilələrində “Web-saytın hazırlanması və s. xidmətlərin göstərilməsi” nəzərdə tutulmuşdur. Buna görə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli kassa mədaxil qəbzlərinə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına 2.900 manat məbləğində pul cavabdehə ödənilmiş, lakin sonuncu tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Belə ki, fərdi sahibkar X3 verdiyi xx xxxxxx 2018-ci il tarixli 01 saylı mütəxəssis rəyində göstərildiyi kimi, adı çəkilən sayt internetdən hazır formada götürülüb, müqavilələrin şərtlərinə uyğun yığılmamış, həmin saytın qiyməti 70 manat müəyyən olunmuşdur. Mütəxəssis R.Q.Nəzərovanın göstərdiyi xidmətin müqabilində iddiaçı tərəfindən ona 50 manat ödənilmişdir. Belə olan halda, cavabdeh müqavilə şərtlərini pozulduğuna görə 2.830 manat (2900-70) iddiaçıya qaytarmalıdır. Xidmət müqavilələri mahiyyət etibari ilə podrat müqavilələridir. Həmin podrat müqavilələrinə əsasən cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş Web-sayt internetdən hazır formada götürüldüyü üçün həmin sayt qüsurludur və qeyd edilən Web-saytın həqiqi dəyəri 70 manatdır. Web-sayt vaxtında hazır olsa idi iddiaçı adi mülki dövriyyə şəraitində 5.000 manat gəlir əldə edəcəkdi və həmin məbləğ iddiaçının əldən çıxmış faydasıdır. Eyni zamanda, sayt müqavilələrin şərtlərinə uyğun yığılmayaraq internetdən hazır formada götürüldüyünə görə iddiaçının işgüzar nüfuzuna dəymiş zərərin məbləği 10.000 manat olaraq qiymətləndirilməlidir. Həmçinin iddiaçı ilə vəkil E.İ.Sarıvəlli arasında bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən işin məhkəmədə aparılması məqsədi ilə iddiaçı tərəfindən vəkil (E.İ.Sarıvəlli) xidməti üçün 300 manat ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-174/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xidmət müqaviləsinin şərtlərinin pozulmasına görə əvvəlcədən ödənilmiş pul məbləğinin 2830 manat hissəsi, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, ümumilikdə 3150 (üç min yüz əlli) manat pul məbləğinin iddiaçı “İddiaçı” MMC-nin xeyrinə tutulması qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ekspertiza xərci olaraq 181,17 (120+61,17 man) manat pul vəsaitinin ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ilk öncə məhkəmə iclası barədə vaxtında məlumatlandırılmamış, iş üzrə sübutlara münasibətini bildirə bilməmişdir.Hakim tərəfindən çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipləri pozulmuşdur. Bundan başqa, məhkəmə öz qərarını AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18098 saylı məhkəmə əmtəəşünaslıq ekspertzasının rəyi ilə əsaslandırmışdır. Ekspert rəyi əsassızdır. Belə ki, rəy internet bazarında mövcud olan qiymətlərə, Mərkəzin ekspert praktikasına əsaslanmış, lakin əsaslandığı qiymətlər üzrə hər hansı nümunə təqdim etməmişdir. Ancaq ümumi şablon ifadələrdən istifadə rəyi tərtib etmişdir. Ümumiyyətlə, internet bazarında 70 manat müqabilində hər hansı saytın hazırlanması qeyrimümükündür və bununla bağlı inidiyə qədər ekspert praktikası mövcud deyil. Bundan başqa məhkəmə, iddiaçı tərəfindən müqavilə şərtlərini pozulmasına fikir verməmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilədə sifarişçinin öhdəlikləri arasında icrası tərəfindən görülən işlərin təhvil alınması qeyd olunmuşdur. Sifarişçi tərəfindən görülən və hazırlanan işlər qəbul edilmədiyi halda, ümumiyyətlə, müqavilə üzrə digər işlərin görülməsi mümkün deyil. Bununla da müqavilənin pozulması ilk növbədə icraçı tərəfindən baş vermişdir. Qeyd olunanlar şahid qismində ifadə vermiş X6 məhkəmə iclasında verdiyi ifadəsi ilə təsdiq etmiş, lakin məhkəmə həmin ifadəni sübut qismində qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) F.Hacıyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi Ş.Sadiqova isə onunla razılaşmamış, cavabdeh tərəfindən internetdən götürüdmüş yararsız, müqavilə şərtlərinə uyğun olmayan şablon bir saytın kompüterə yükləndiyini və turizm xidmətləri üçün normal proqram hazırlanmadığını və həmin saytdan istifadə etmək mümkün olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı “İddiaçı” MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx xxxxxxx 2017-cu il və və 08 yanvar 2018-ci il tarixlərdə iki xidmət müqavilələri bağlanmışdır. Mülki Məcəllənin 404.5-ci maddəsinə əsasən qarşıq müqavilələr təfsir edilərkən icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin müqavilələrin 2 və 4-cü bəndlərinin şərtlərindən görünür ki, cavabdeh (icraçı) sifarişçinin «Web saytın hazırlanması» (yığılması, agentlər üçün xüsusi qeydiyyat sisteminin hazırlanması, backend və front işlərinin həyata keçirilməsi, texniki nəzarət) sifarişini 3-4 ay ərzində icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü və 6-cı bəndlərində isə nəzərdə tutulur ki, gösətrilmiş xidmətin dəyəri nağd şəkildə öncədən 50 faizi, iş prosesi zamanı 20 faizi, bitdikdən sonra 30 faizi icraçıya ödənilir. Tərəflər arasında bağlanmış xidmət müqavilələrinin qeyd olunan şərtləri baxımından həmin müqavilələr podrat müqaviləsi haqqında normalara uyğun gəlir. Odur məhkəmə kollegiyası hazırkı mübahisəyə podrat müqaviləsi haqqında normaların tətbiqini zəruri sayır. Belə olan halda, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Belə ki, Məcəllənin qeyd olunan 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia edilir ki, cavabdeh tərəfindən ona müqavilə şərtlərinə uyğun Web sayt hazırlanıb təhvil verilməmiş, təhvil verdiyi sayt qüsurulu olduğundan ödədiyi pulları cavabdeh geri qaytarılmalıdır. İş materiallarına əsasən hqiqətən də müəyyən olunur ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə lazımınca əməl oldnmamış, müqavilələrin şərtlərinə uyğun sayt hazırlanıb iddiaçıya təhvil verilməmiş və cavabdeh tərəfindən kompüterə yüklənmiş sayt müqavilə şərtlərinə uyğun olmayan, qüsurlu və keyfiyyətsiz bir sayt olmuş, bütün bunların nəticəsi olaraq iddiaçı cavabdehə ünvanlamış xx xxxxxx 2018-ci il tarixli pretenziya məktubunda bildirilməklə ödənilmiş pulun qaytarılmısını tələb olunmuş, daha sonra məsələ ilə bağlı məhkəmə qaydasında cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş - ali texniki təhsilli, 1989cu il təvəllüdlü, mütəxəssis X3 (VÖEN:**********) xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, adıçəkilən sayt internetdən hazır formada götürülmüş, sayt tamamilə yararsızdır, müqavilə şərtlərinin bəndlərinə uyğun heç bir iş görülməyib, ana səhifə işlək deyil, axtarış sistemləri işləmir, dizayn natamam (hardansa hazır yüklənilib), tərcümə sistemi işlənməyib (tərcümə edilməyib) və s. xırda-xırda nöqsanlar vardır. Belə saytın da bazar qiyməti ilə dəyəri 70 manat məbləğində müəyyən olunur (Rəydə uyğun yığılan saytın dəyrinin bazarda 500 manat qiymətində olduğu qeyd olunur). İş üzrə aparılan məhkəmə araşdırmasından görünür ki, mübahisələndirilən məsələyə aydınlıq gətirilməsi üçün məhkəmə ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2019-cu il tarixli 18098 saylı və xx.xx.2019-cu il tarixli 18269 saylı ekspert rəyləri alınmışdır. Məhkəmə iqtisad («Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi») ekspertiza növü üzrə verilmiş birinci rəyin nəticələrinə əsasən: -tədqiq olunan «İddiaçı.com veb.saytın və eyni göstəricilərə malik olan analoji saytların hazırlanması üçün xidmət haqqının tam uyğun yığılan halda bazar qiymətinin 500 manat, hazırkı uyğun yığılmayan halda isə təxminən 70 manat müəyyən edilir. «Məhkəmə kompüter-texniki ekspertizası üzrə verilmiş ikinci ekspert rəyində gəlinən nəticələr isə aşağıdalardan ibarətdir: -tərəflər arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə nəzərdə tutulmuşmüddətdə hazırlanmış «İddiaçı.com internet saytı həmin müddətdə hazır şablon əsasında yığılmış; - iddia ərizəsi məhkəməyə daxild olduğu xx.xx.2018-ci il tarixdən sonra isə yenidən yığılmış və «Slider Revolution adlı «ThemePuch» saytından əldə edilmiş qrafik şablonun hissələri və skritlər(icraçı kod hissəlri) ilə tərtib olunmuş; - digər əlavələr edildiyi, lakin saytın tərkibində hər hansı əsaslı düzəliş və kontent (yazılar, xidmətlər, keçidlər) aşarlanmadığı müəyyən olunmuşdur. Tədqiq olunan ekspert rəylərindən görünür ki, hərtərəfli ekspert tədqatı aparılmış, gəlinən nəticələr əsaslandırılmışdır. Beləliklə də tədqiq olunan mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən olunur ki, cavabdehin hazırlayıb təhvil verməli oduğu sayt tərəflər arasındakı müqavilə şərtləriənə uyğun yığılmamış, qüsurlu olmuş, daha konkret, internetdən götürlmüş, ştampovka saytdır və onun bazar qiyməti 70 manata yaxındır. İş materiallarına əsasən isə müəyyən olunur ki, mübahisələndirilən saytının hazırlanması üçün iddiaçı tərəfindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə mədaxil qəbzlərinə əsasən cavabdehə 2900 manat məbləğində pul ödənilmiş və bu işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, müqavilə şərtlərinə uyğun yığılmayan saytın bazar qiyməti 70 manatdan artıq olmyan qüsurlu bir sayt üçün iddiaçıdan 2830 (2900-70) manat, yəni 40 dəfədən də çox muzd alınmışdır. Belə olan halda, Mülki Məcəllənin 766-cı maddəsinin tələbinə görə sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məlumatın dəyərini nəqədər azaldırsa, o qədər azalda bilər. Qanunun qeyd olunan tələbi baxımından iddiaçı cavabdehdən müqavilələrin şərtləri pozulduğuna görə 2.830 manat məbləğində pulun ona ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin mütəxəssis və ekspert rəyləri ilə razılaşmayan dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında xx xxxxxx 2019-cu il tarixində şahid qismində dindirilən X4 ifadəsinə istinad olunan dəlilləri də vəziyyəti dəyişmir (F.Rzayev ifadəsində bildirmişdir ki, iddiaçı “İddiaçı” MMC-nin işçisi ofisə gələrək, turizm saytının hazırlanmasını xahiş etmişdir. Müştəriyə 4 paket təqdim edildi, 3-cü paket Word paketi idi, sonuncu isə Word Presdən üstün idi. Həmin paketlər üzrə qiymətlər fərqli idi, “İddiaçı” MMC-nin işçisi müdiriyyətilə məsləhətləşdikdən sonra Word Pres paketinin uyğun olduğunu və qiymətlə razı olduğunu bildirdi. “İddiaçı” MMC tərəfindən ümumilikdə 2900 AZN ödəniş edilmiş, pul onun tərəfindən götürülmüş, lakin qəbzi Kənan müəllim (Cavabdeh MMC-nin qanuni təmsilçisi) imzalamışdır. Proqram hazırlandıqdan sonra “İddiaçı” MMC tərəfindən təhvil alınmamışdır.) Belə ki, xidmət müqavilələr cavabdeh qürumla bağlanmış, onun möhürü ilə də təsdiq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci və 387.2-ci maddələrinin mənası isə onu göstərir ki, müqavilə onun tərəfləri üçün öhdəlik yaradır. Həmin Məcəllənin 387.3-cü maddəsinin imperativ tələbində isə nəzərdə tutulur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Bu baxımdan, şahid F.Rzayevin mübahisli saytın yığılmasında hər hansı bir fəaliyyət göstərməsi cavabdeh qürumun adından qəbul edilməli və onun işçisinin gördüyü işlər kimi dəyərləndirilməlidir. Belə olan halda, Mülki Məcəllənin 443.9-cu maddəsinin tələbindən isə görünür ki, borclu öz öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkət ri üçün olan həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəriin əvəzitni ödəməyə borcludur. Göründüyü kimi, cavabdehin şahid ifadəsinə istinad olunan dəlilləri də əsassıdır. Məhkəmə kollegiyası cavabdehin şikayətinin işə baxılarkən prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri əlaqədar onu qeyd edir ki, MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsini faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, belə qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə, gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-174/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-174/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar