Məhkəmə qərarları › İş №2-2(103)-193/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-193/2024

21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-193/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri X12 və Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC tərəfindən sığortalı X11 RAZ********** saylı xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır.

2. Müqaviləyə əsasən sığortalının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 72.370 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir.

3. 13 iyul 2020-ci il tarixdə həmin ünvanda yanğın baş vermiş və AKT440/21/CFİ- 0180/2020 saylı sığorta aktına əsasən 150 (yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra sığortalı X11 49.850 (qırx doqquz min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 49.850 manat məbləğin, 200 manat mediasiya xərci məbləğinin, 36 manat dövlət rüsumunun, ümumilikdə 50 086 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı bildirir ki, yanğın hadisəsi ilə bağlı başlanılmış cinayət işinin istintaq zamanı müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən, 13 iyul 2020-ci il tarixdə yanğın baş vermiş ticarət obyektinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaların 4.1.və 5.1 bəndlərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonraabonent) arasında elektrik enerjisinin alqısatqısı birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktı tərtib edilərək istehlakçıya imzalatdırılmamışdır. Həmin akt istehlakçı tərəfindən imzalanmadığı üçün elektrik xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli idi. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini subroqasiya qaydasında İddiaçı ASC-yə sessiya etmişdir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, yanğın hadisəsi ilə bağlı başlanılmış cinayət işinin istintaq zamanı əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar üzrə tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqədar normativ aktaların tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Həmçinin təkrar məhkəmə yanğın texniki ekspertizası rəyinə əsasən müəyyən olunmuşdur ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmir-bərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət va izlərin müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, həmin rəynə əsasən müəyyən olunmuşdur ki, 09 yanvar 2020-ci il tarixli “Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt”da Balakən rayonu Meşeşambul kəndi qeyri-əhali obyekti adından nümayəndə X18 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x- dən doyan 100 kVA ******* kodlu TMnin 04 kV-luq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0.4 kV-luq kabel istehlakçısının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə 26 sentyabr 2022-ci il tarixli qərara əsasən baş vermiş hadisə ilə əlaqədar Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktın istehlakçı tərəfindən imza edilməməsi onu məsuliyyət daşımaqdan azad etmir. Yəni enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar aktının tərtib edilməməsi ilə iddiaçının obyektində baş vermiş yanğın hadisəsi ilə heç bır səbəblı əlaqə olmadığından yanğın hadisəsində Balakən EŞ-nin əməkdaşlarını məsuliyyəti öz təsdiqini tapmadığından iddia əssasızdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, H.Dibirova iddiaçı arasında daşınmaz əmlakın icbari sığortası əsasında müqavilə imzalanmış, birincinin daşınmaz əmlakı yanğın və digər risklərdən sığorta əldə etmişdir. Daha sonra 2020-ci il 13 iyul tarixində ünvan 1ində yerləşən H.Dibirovanın mülkiyyətində olan ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində 150 manat azadolma məbləği çıxıldıqdan sonra 49.850 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfnindən ödənilmişdir. Hazırda iddiaçı baş vermiş yanğın hadisəsi ilə bağlı cavabdehin məsuliyyət daşıdığını, bununla bağlı olaraq ödənilmiş sığorta məbləğinin cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh isə baş vermiş sığorta hadisəsində cavabdehin məsuliyyət daşımadığını, yanğın hadisəsinin baş verdiyi ərazinin H.Dibirovanın məsuliyyət zonasına aid edildiyini qeyd etmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın olmaması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazında əsas olaraq baş vermiş hadisə ilə bağlı araşdırma aparılarkən ekspertizanın düzgün aparılmaması, elektrik xətlərinin cavabdehin əməkdaşları tərəfindən çəkilməməsi, yanğın hadisəsinin baş verdiyi ərazinin cavabdehin məsuliyyət zonasına aid olmamasını qeyd etmişdir.

9. Məhkəminin mövqeyinə görə, subroqosiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır və subroqasiyaya əsaslanan tələbin əsaslı olması tələbin yönəldiyi şəxsin təqsirli olmasının müəyyən olunmasındadır. İş materiallarında olan 2020-ci il 4 dekabr tarixli ekspert rəyi ilə yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterik olması qeyd edilmişdir. Bu hal, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən edilmişdir. Beləliklə, işin faktiki halları ilə cavabdehin enerji təminatını həyata keçirərkən xidmətin qüsurlu olması müəyyən olunmuşdur ki, bunun nəticəsində sığorta hadisəsinin baş verməsi və iddiaçının iddia tələbinin əsaslı olması təsdiq olunur.

10. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”nın 1.1.1.2, 1.1.2.1, 2.1.2.2, 2.1.6.2-ci, 2005-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.1, 5.1, 5.2, 5.2.1, 5.2.2, 5.3.2-i bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-653/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta şirkətinə ötürülməsi başa düşülür. Subroqasiya ilə bağlı idianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamədə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə istinad etsə də, həmin normanın tələblərini nəzərə almamışdır.

14. Belə ki, işdəki ekspert rəyindən görünür ki, baş vermiş yanğının mənbəyi Balakən rayonu Meşəşambul kəndində H.Dibirovaya məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam örtüyü səviyyəsində olmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı olan məsələ dam örtüyü səviyyəsində çəkilmiş elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyətin cavabdehin üzərinə düşüb-düşməməsi, yəni elektrik xətlərinin balans mənsubiyyəti və istismar məsuliyyəti sərhəddinin müəyyən edilməsidir. “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3.2-ci bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: kabellə daxil olduqda - binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Tərəflər arasında balans mənsubiyyəti sərhəddi aktının tərtib edilibedilməməsindən asılı olmayaraq Qaydaların istinad olunan bəndinə görə enerjitəchizatı müəssisəsi gərginliyi 1000 V-a qədər olan elektrik qurğuları işlədən abonentlərin obyektlərinin daxili elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyət daşımır. Buna görə də hazırkı halda yanğın hadisəsinin cavabdehin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etmək əsassız olmuşdur.

15. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin rəyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin MMC-nin qoyulan suallarla bağlı ekspertiza keçirmək səlahiyyətinə malik olduğuna dair işdə sübut olmadığından həmin rəy ekspert rəyi kimi qəbul edilmir. Bundan əlavə, həmin MMC-nin rəyindən həmçinin görünür ki, rəydə yanğın baş vermiş obyektə baxış keçirildiyi qeyd edilməmiş, sadəcə iddiaçı tərəfindən qoyulmuş sualları “Elektrik enerjisindən istifadə Qaydaları”nın normalarına istinad etməklə cavablandırmağa çalışılmışdır. İddiaçı, eyni zamanda, yanğın hadisəsi baş verdiyi vaxt elektrik xətlərində yüksək gərginlik (artıq yüklənmə) olduğunu iddia etsə də, bu mülahizə şahid ifadələrindən başqa hər hansı mötəbər sübutla təsdiq edilməmişdir.

16. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 dekabr tarixli 10/2104 nömrəli ekspert rəyində isə ekspert bu barədə şahid ifadələrinə əsaslanaraq ehtimal xarakterli fərziyyə irəli sürdüyü üçün həmin rəy məhkəmə tərəfindən konkret halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.

17. Şahid ifadələri və kənd sakinləri tərəfindən tərtib edilmiş aktlarla bağlı məhkəmə qeyd etmişdir ki, şahidlərin ifadələrində göstərdiyi hallar (elektrik xətlərində gərginliyin qəflətən artması) bu sahədə xüsusi biliyə malik mütəxəssis rəyi və digər mötəbər sübutlarla təsdiq edilmədiyindən yalnız şahid ifadələri əsasında iddianın əsaslı olduğu müəyyən oluna bilməz.

18. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli Qərarla da baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilməsini də nəzərə almışdır.

19. İddiaçının işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi çoxsaylı yeni sübutlar MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir.

20. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 936.1, 936.2, 936.5, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə, MPM-in 63.1, 77.1, 81, 88, 99.2, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı "xxxx" ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Mhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)-583/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-653/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

22. Həmin qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndində istinadən belə qənaətə gəlmişdir ki, cavabdeh daxili elektrik xəttində baş vermiş yanğına görə məsuliyyət daşımır. Buna görə də hazırkı halda yanğın hadisəsinin cavabdehin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etmək əsassızdır. Halbuki elə mübahisələndirilən qətnamənin özündə istinad olunan ekspert rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam örtüyü səviyyəsində olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi “daxili elektrik xətti” ilə “mağazanın çöl tərəfində” anlayışlarının hazırkı mübahisə konteksində bir-biri ilə necə uzlaşmasına, yəni mağazanın çöl tərəfindən keçən elektrik xətlərinin obyektin daxili elektrik xətlərinə aid olub-olmamasına tam aydınlıq gətirmədiyindən yanğnın baş verməsinə səbəb olmuş elektrik xətlərinin saz vəiyyətdə saxlanması vəzifəsinin konkret olaraq hansı tərəfin üzərinə düşməsi barədə birmənalı nəticəyə gəlmək olmur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən nəzərə almışdır ki, “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli qərarla da baş vermiş yanğın hadisə ilə əlaqədar Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilmişdir. Halbuki elə həmin qərardan aydın olur ki, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmaması yanğın nəticəsində hər hansı şəxsin sağlamlağına zərər vurulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir. Həmçinin elə həmin qərarda qeyd edilmişdir ki: “Cinayət işiniin materiallarından göründüyü kimi "Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi" və həmin müqaviləyə əlavə olan "Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında" akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-nin 04 кV-lуq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli idi.”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarla müəyyən edilən və hazırkı işin həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almamış, onlarla bağlı hüquqi qiymətləndirmə aparmamışdır... Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən yanğın baş vermiş mağazanın çöl tərəfindən keçən elektrik xətlərinin obyektin daxili elektrik xətlərinə aid olub-olmamasına, həmçinin bundan irəli gələrək sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etmənin konkret olaraq kimin (sığortalanmış obyekt sahibinin və ya cavabdehin əməkdaşlarının) məsuliyyət həddində olmasına birmənalı aydınlıq gətirməli, habelə bu zaman 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən məqamlara (xüsusilə də müvafiq texniki xətlərə texniki xidmətin və texniki baxışların Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli olması, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmamasının yanğın nəticəsində hər hansı şəxsin sağlamlağına zərər vurulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqədar olması) işdə olan sübutlarla əlaqəli şəkildə və düzgün hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndələri X12 və Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

28. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

29. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

30. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

34. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3, 5.3.1, 5.3.2-ci bəndlərinə görə enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: hava budaqlanmasındabinada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; kabellə daxil olduqda - binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

39. Belə ki, Mülki Məcəllənin 936.1, 936.2, 936.5-ci maddələrindən müəyyən edilir ki, sığortaçının subroqasiya hüququ sığortalıya zərərvuran şəxs və ya zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsə qarşı yaranır.

40. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə isə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

41. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir.

42. Beləliklə, hazırki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, sığorta hadisəsi (xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X11 məxsus ticarət obyektində baş vermiş yanğın hadisəsi) cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

43. İddiaçı tərəfindən həmin yanğın hadisəsinin cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

44. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yanğın hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıyır.

45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3, 5.3.1, 5.3.2-ci bəndlərinə görə enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: hava budaqlanmasındabinada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; kabellə daxil olduqda - binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür.

46. Bu baxımdan kollegiya qeyd edir ki, baş vermiş yanğının mənbəyi və bundan asılı olaraq məsuliyyətin kimin üzərində olması halı müəyyən edilməlidir.

47. İş materiallarından müəyyən edilir ki, baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işinin istintaqı aparılmış və müvafiq ekspert rəyləri alınmışdır.

48. 28 oktyabr 2021-ci il tarixli 4/1401 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş “enerjitəchizatı müəssəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimati iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsində “abonent” qrafasında “Dibirov Ə.M” yazısının qarşısındakı imza, “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktda “istehlakçı” qrafasında “Ə.Dibirov” yazısının qarşısındakı imza - X18 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

49. Beləliklə, ekspert rəyinə əsasən müəyyən edilir ki, enerji təchizat müəssisəsi ilə abonent (sığortalı H.Dibirova ilə cavabdeh) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt tərtib edilməmişdir.

50. Ona görə də, həmin məsuliyyət “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3-cü bəndinə uyğun müəyyən edilməlidir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2104 nömrəli 04 dekabr 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində X11 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xəttlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xəttlərində aşkar edildiyi, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını həmçinin müəyyən edildiyi kimi qeyd edilən fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.5, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayonu Meşəşambul kəndində X11 məxsus ticarət obyektini və həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5., 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur.

52. 19 may 2021-ci il tarixli 10/889 saylı ekspert rəyində qeyd edilmişdir ki, X9 izahatında göstərdiklərini və 07 sentyabr hadisə yerinə baxış keçirilərkən ticarət obyektinin qab-qaçaq (məişət) malları satılan mağazanın damının dəmir fermaların, digər sahələrdən fərqli olaraq deformasiyaya uğrayaraq əyildiklərini əsas götürüldükdə, yanğının mənbəyi həmin qab-qaçaq (məişət) malları satılan mağazada yerləşə bilər. Hazırki ekspertizası keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını, ekspertizaya təqdim edilmiş materiallarda hadisə baş vermiş ticarət obyektinin yanar materialların və tikinti konstruksiyaların üzərində yanğın mənbəyi və yanğının yayılma yollarını əks etdirən əlamət və izlərinin aydın göstərilmədiyini, ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təibətli qəza halının (qısa qapanmanın, artıq yülənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilmədiyini, yanğın mənbəyi kimi güman olan yerdə (qab-qaçaq, məişət malları satılan mağazanın) istilik ixrac edə bilən qurğuların (elektrik xətlərin, cihazların, kürə sobasının və s.) üzərində yanğına gətirə bilən qəza nümunələr isə ekspertizaya təqdim edilmədiyinə görə, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün deyildir. Hazırki təkrar ekspertizasının keçirildiyi zaman hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığına görə, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində ******* nömrəli transformatordan elektrik enerjisi ilə qidalanan Cənnətey Dadaşovanın və İlkin Hetayevin fərdi yaşayış evində baş vermiş elektrik qəzalarının səbəbini müəyyən etmək mümkün deyildir. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən elektrik sayğacın sıradan çıxması, həmin gərginliyinin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsindən) qidalanan elektrik qurğuları və məişət avadanlıqları, gərginliyinin artma dərəcsindən (ölçüdən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətdən və istehlakçı tərəfindən bu avadanlıqlar üçün təyin edilmiş gərginliyinin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik «SİP» kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyinin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli formator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanın (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayırılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilərlər. Yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqdədar normativ aktalarının tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir.

53. 20 okyabr 2021-ci il tarixli 10/3694 saylı ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmirbərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət və izlərim müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Hadisə yerinə ilkin vəziyyətdə saxlanılmadığına görə, yanğının mənbə zonasını yerli (lokal) sahəyə gətirməklə, həmin sahədə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsi mümkün olmadığına, ekspertiza tədqiqatına “nümunə kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqil, sayğac, avtomat acarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanma, artıq yüklənmə və s) təsirindən əmələ gələ bilən izlər müəyyən edilmədiyinə, həmçinin istintaq tərəfindən mübahisə predmeti olan transformatorun hadisə ərəfəsində gərginlik altında olubolmaması konkret olaraq müəyyən edilmədiyinə görə, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Hazırki ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını və bununla da, baş vermiş yanğının mənbə və səbəbinin müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, qərarın bu sualları üzrə tədqiqat aparılaraq nəticə verilməsi, həmçinin baş vermiş hadisə ilə əlaqədar normativ aktların təbəblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş iş materiallarında olan məlumatlara əsasən “SİP” kabelin üzərində hər-hansı elektrik təbiətli qəza halı izləri aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məlumatlara, eləcə də baxış zamanı kabelin böyük hissəsinin saz vəziyyətdə qalmaqla həmin kabeldən yenidən istifadə edildiyi müəyyən edilmişdir. Odur ki, “SİP” kabeldə qəza halı aşkar edilmədiyinə görə, qərarın 5-ci sualında göstərilən məsələnin həll edilməsi mümkün olmadı.

54. Birinci instansiya məhkəməsində izahatı alınmış ekspert X1 bildirmişdir ki, yanğının mənbəyi Balakən rayonu Meşəşambul kəndində X11 məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. 20 fevral 1989-ci il tarixdə keçmiş SSRİ Energetika naziri tərəfindən təsdiq olunmuş “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»na uyğun olaraq: bənd 5.7.1. «Elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işləməsini təmin etmək üçün, texniki xidmət və təmirlər aparılmalıdır»; bənd 5.7.5. «Texniki xidmət zamanı profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırmaqla HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısı alınmalıdır» bənd 5.7.16. «Hava xətlərinin (HX) istismarında onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməlidir. Vaxtaşırı baxış cədvəlini elektrik şəbəkələri müəssisəsinin baş mühəndisi təsdiqləməlidir. Hər HX-nə vaxtaşırı baxış xəttin bütün uzunluğu üzrə ildə 1 dəfədən az olmamalıdır. Ondan əlavə, ildə 1 dəfədən az olmayaraq, mühəndis-texniki heyyət tərəfindən, əsaslı təmirə aid olan bütün xətlər də (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrində seçmə baxışlar aparılmalıdır». bənd 5.7.18. «HX-də aşağıdakı profilaktik yoxlama və ölçmələr aparılmalıdır: baxışlar zamanı dayaqların, naqillərin, trosların vəziyyətinin yoxlanılması». bənd 5.7.19. «HX-də baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıq istismar sənədlərində qeyd olunmalı və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya HX-nin əsaslı təmirində aradan qaldırılmalıdır». Hadisənin baş vermə şəraitindən göründüyü kimi, normativ aktların tələbləri təmin olunmamışdır və qeyd olunanları nəzərə alaraq nəticəyə gəlmək olar ki, baş vermiş hadisə ilə əlaqədar, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayon, Meşəşambul kəndində X11 məxsus ticarət obyektini və həmi ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xətlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18 və 5.7.19 bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur. Elektrik enerjisindən istifadə qaydalarının 5-ci maddəsinə əsasən sərhəd mənsubiyyətini bildirən aktının olması qeyd olunur. Təxminən 1000 volt olanlarda sərhəd sayğacın girişinə qədər hesablanır. Həmin yer sərhəd xətti hesab olunur. Ekspertiza zamanı akt təqdim edilmədiyi üçün texniki xidmətin kim tərəfindən göstərilməsini demək mümkün deyil. Ekspertiza aparılan dövr pandemiya dövrü olduğundan, iş 26 avqustda daxil olmuşdur. Bununla belə hadisə iyul ayında olub. Bu baxımdan rəy verilən zaman, toplanmış ekspert materialları əsasında verilmişdir. Həmin materiallar isə baxış protokolları, maddi sübutlar, ilkin toplanmış materiallardır. Təqdim edilən maddi sübutlardan gərginliyin artması məlum olur. Yüksək gərginlik artdıqda yanğın daxildən baş verir. Məlum olur ki, artıq yüklənmə mövcuddur. Qəza baş verəndə transformatorda bir balans baş verir və bilmək olmur artır ya azalır. O yükdən və istifadəçilərin sayından asılıdır. Həmin vaxt yay ayları olduğudan ehtimal ki, istifadəçi çox olmuşdur.

55. Şahid qismində dindirilmiş X19 bildirmişdir ki, yanğın baş verən zaman ərazidən biraz kənarda olmuşdur. Alov qalxan zaman alovun mənbəyi tərəfə qaçmışdır. Obyektin uzunluğu 60 metrdir. Yanğınsöndürənlərə məlumat vermiş, lakin bir qədər gec gəldilər. Şlanqlar partladı, yeni şlanq keçirənədək alov daha da güclənmişdir. 25 dəqiqənin içində əməkləri puç olmuşdur. Elektrik naqillərinə işıq idarəsinin işçiləri toxunmağa icazə vermir. 15 ilə yaxın müqavilə bağlıyıb fəaliyyət göstərirlər, 15 ildə bir dəfə belə müdaxilə etməyə, yoxlamağa icazə verilməmişdir. İndi də bir az külək əsən kimi uğultu hiss olunur. Bu isə bir neçə evdə əşyaların yanmasına gətirib çıxarır. Həmin gün də səhər saat 9-10 radələrdə soyuducularda uğultulu bir titrəmə baş vermişdir. İşığın qəflətən artması nəticəsində bir neçə lampa yanmış və soyuducular elektrikdən ayrılmışdır. Bu hal bir neçə transformatorda da baş verir. Bu hadisələrlə bağlı dəfələrlə bu hadisədən qabaq da müraciət edilmiş, lakin reaskiya verilməyib. X17 adında bir şəxs var, yanğın onun evinin qabağında olduğuna görə tranformatorun partlayışı nəticəsində onun eşitməsində problem yaranmışdır.

56. Şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Musa bəyin obyektində yanğın çıxan zaman yoldaşı xəbər elədi ki, evdə də bir neçə əşya yararsız vəziyyətə düşüb. Televizor, soyuducu paltaryuyan, elektriklə işləyən bütün avadanlıqlar hamısı yanmışdı. Evdə elektriklə işlənən heç bir əşyanı xilas edə bilməmişlər. Obyektin yandığını görmüş lakin yanğının baş vermə mənbəyini görə bilməmişdir.

57. Şahid qismində dindirilmiş X5 bildirmişdir ki, marketlərdə olan obyektlərdən əlavə bir neçə evlərdə yanğın olmuşdur. Özü şəxsən həmin yanğının baş verdiyi evlərə gedib baxmışdır. Əvvəlcədən şəkillər də çəkib xəbərdarlıq kimi aiddiyyatı orqanlara göndərilmiş, lakin heç bir cavab verilməmişdi. İcra hakimiyyəti də məsələni bilir, lakin onların səlahiyyətinə aid olmadığına görə qarışmır. Rayonda kabelləşmə gedir, lakin yarımçıq qalmışdır. Kabel var, lakin həmin kabelə heç kəs toxuna bilmir. Sayğacdan içəriyə müdaxilə edə bilər, lakin bunu da sonra gəlib yoxlayırlar.

58. Şahid qismində dindirilmiş X13 bildirmişdir ki, qab-qacaq marketinin üzərində yanğını görmüşdür. Hadisədən əvvəl artma-azalma hiss olunmuşdur. Bir neçə evin məişət avadanlığı sıradan çıxmışdır.

59. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin adından “AzSığorta ASC-yə olan xx.xx.2024-cü il tarixli 3-18-23/2-1533/2024 saylı məktubda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1ində yerləşən X9 istifadəsində olan ticarət obyektində baş vermiş yanğın hadisəsi yerinə ilkin olaraq Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant Şahid çıxmışdır. Şahid müəyyən etmişdir ki, "xxxx" ASC-in Balakən EŞ-nin balansında olan transformatordan çıxan və EŞ-in balansında olan “SİP” kabeli X9 istifadəsində olan ticarət obyektinin çöl divarı ilə çəkilərək vətəndaşa məxsus ticarət obytektinin 9 və 10-cu sıralarının arasında yerləşən keçiddə quraşdırılmış elektrik avtomatları olmuşdur. Bundan əlavə təhqiqatçı ilkin yanğın hadisəsinin (mənbənin) Balakən EŞ-in balansında olan transformatordan çıxan və EŞ-in balansında olan “SİP” kabeli (ticarət obyektinin divarı ilə çəkilmiş) yəni transformatordan abonentin elektrik hesablama sayğacına qədər çəkilmiş elektrik xətlərində yaranmasını müəyyən etmişdir.

60. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, yanğın hadisəsi barədə məlumat daxil olduqdan sonra rəhbərliyin göstərişi ilə hadisənin araşdırılması ona həvalə olunmuşdur. Hadisə yerinə ilkin baxış onun tərəfindən həyata keçirilmişdir. Hadisə yeri ünvan 1i ərazisində avtomobil yolunun sol hissəsində olan ərazidə baş verib. Sözügedən qeyri-yaşayış sahəsi bir neçə xırda obyektlərə bölünmüşdür. Lakin hamısı bir şəxsə məxsus idi. Həmin qeyriyaşayış sahəsinin sonundan 50-60 metr məsafədə isə "xxxx" ASC-yə məxsus transformator qurşadırılmışdır. İlkin olaraq hal şahidlərinin iştirakı ilə obyektə vizual baxış keçirtmişdir. Baxış zamanı transformatordan obyektin sonuna qədər yanğın izləri müşahidə olunurdu. Müəyyən etdilər ki, yanğın obyekt sahibinə məxsus qabqacaq mağazasının ön hissəsində olub. Mağazalar yolun kənarında cərgə formasında tikilmişdir. Mağazanın qabağında talvar kimi şifer və altda dəmir fermalar var idi. Obyektin qab-qacaq yerləşən yuxarı hissəsində metal konstruksiya daha çox defformasiyaya uğrayaraq əyilmiş formada idi Digər hissələr isə yanğının yayılma istiqamətində düz formada idi. Həmin vaxt onlar tərəfindən transformatorun və içəridəki qoruyucuların şəkilləri çəkildi. Transformatordakı şitlərin içərisində hər fazanın üstündə qoruyucular olmalı idi. Lakin qoruyucuların hamısı alüminium məftillə əvəz olunmuşdur. Ona görə də, yüksək gərginlikli elektrik olsa, qoruyucu atmamış və elektrik cərəyanını ötürmüşdür. Bu səbəbdən "xxxx" ASC-nin regional qurumunun nümayəndəsini çağırıldı ki, şitlərin içərisində qoruyucuların olmamasının səbəbini soruşsunlar, lakin onlar gəlmədilər. Transformatorun içərisində vətəndaşlara və sahibkarların obyektlərinə gedən şitlər var. Elektrik xəttində yüksək gərginlik olduqda qoruyucu ataraq xətti ayırır. Lakin sözügedən transformatorda qoruyucunun birbaşa alüminium məftillə əvəz olunması səbəbindən yüksək gəginlik yaranarkən şitlər elektrik cərəyanından ayrılmamış elektrik cərəyanını buraxmışdır. Həmin yoğun alüminium məftillər heç bir halda yana bilmir. Transformatorda elektrik xətlərinin hamısının qoşulması burulma üsulu ilə idi. Bu formada olduqda elektrik xəttində boşalma verir və qızma yaranır. Transformatora daxil olan taxta dirəyin şəklini çəkmişdir. Xətlər bir-birindən aralı getməli idi ki, birində yanğın, yaxud qısaqapanma olduqda digərinə keçməsin. Transformatordan obyektin 10-11-ci sırasına keçiddə sayğac quraşdırılmışdır. Sayğacdan sonra da 4 dənə abonentə gedən qoruyucu quraşdırılmışdır. Yanğın zamanı həmin qoruyucular yanmamışdır. Amma sayğac yanğına məruz qalmışdır. Yanğın sayğacla transformator arasında olan elektrik xəttində baş vermişdir. Bununla bağlı "xxxx" ASC-nin regional qurumunun nümayəndəsinə sorğu göndərilmidir. Lakin "xxxx" ASC-nin regional qurumu soğuya cavabda qeyd etmişdi ki, onlar hüquqi şəxs olmadıqları üçün sualarını cavablandıra bilmirlər.

61. Məhkəmə iclasında hadisə yerini əks etdirən video-diskə baxış keçirildikdən sonra Şahid bildirdi ki, hadisə baş verdikdən sonra köhnə transformatoru dəyişiblər. Əvvəlki sayğacın quraşdırıldığı yerdə yanğın izlərinin olması video-çəkilişdə də görünür. Hadisə günorta saatlarında olmuşdur. Hadisə vaxtı güclü partlama səsi gəlib. Bu vaxt sakinlərin evlərindəki məişət avadanlıqları yanmışdır. Buna görə sakinlərin hamısı şikayətə gəlmşdilər. Bundan əvvəl Balakəndə də 2 dəfə belə oxşar hadisələr baş vermişdir. "xxxx" ASC sorğulara cavabların birində qeyd etmişdi ki, həmin vaxt kəndə elektrik enerjisi verilməyib. Həmin vaxt rayonun başqa kəndində transformatorun təmiri zamanı elektrik verilişi 1 saat dayandırılıb. Transformatorun özündə qoruyucu olmadığına görə yanğın olmamışdır. "xxxx" ASC ilə abonentlər arasındakı müqaviləyə əsasən transformatordan sayğaca qədər olan məsafədəki elektrik xətti "xxxx" ASC-nin balansındadır. Yanğın da həmin hissədə başlayıb. Hadisə baş verən gün "xxxx" ASC-nin işçiləri transformatordan çıxan xətti söküb aparmışdılar. Hadisə vaxtı kənddə işıq olmayıb. Hadisə baş verən vaxt sakinlərə işıq verilib. Hadisəyə səbəb transformatora qədər olan hava xəttinin özündə yaxud da yarımstansiyada nasazlıq olub. Transformatorda qoruyucu olsa idi həmin artıq enerjini buraxmazdı.

62. Beləliklə, qeyd olunan sübutlara əsasən müəyyən edilir ki, baş vermiş yanğın hadisəsinin mənbəyi Balakən EŞ-in balansındakı transformatordan çıxan və EŞ-in balansında olan, X11 məxsus qeyri-yaşayış sahəsinin çöl divarı ilə çəkilmiş “SİP” kabeli olmuşdur və həmin kabel işıq transformatorundan həmin qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına qədər hissədə yerləşmişdir.

63. “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3-cü bəndinə görə isə həmin hissədə elektrik naqillərin texniki vəziyyətinə görə məsuliyyət, habelə hər-hansı texniki nasazlığa görə həmin naqillərdə baş vermiş yanğın hadisəsinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür.

64. Bu baxımdan, kollegiya hesab edir ki, baş vermiş yanğın hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıdığına görə, iddiaçı Mülki Məcəllənin 936.1. 936.2. 936.5-ci maddələrinə əsasən həmin yanğın hadisəsi nəticəsində sığortalıya ödədiyi 49.850 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır.

65. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası FHN Əməliyyat-İstitaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi mayor X6 tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 26 sentyabr 2022 tarixli qərarla 13 iyul 2020-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində yerləşən ticarət obyektində baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC X8 Təchizatı və Satış İdarəsinin Balakən Elektrik şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilsə də, həmin qərardan aydın olur ki, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmaması yanğın nəticəsində hər hansı şəxsin sağlamlağına zərər vurulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir. Həmçinin elə həmin qərarda qeyd edilmişdir ki, “Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-nin 04 кV-lуq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X8 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli idi. 66.Cavabdehin digər dəlilləri isə mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki qeyd olunan sübutlarla baş vermiş yanğın hadisəsinin mənbəyinin cavabdehin məsuliyyətinə aid hissəyə aid olması müəyyən edildiyinə görə, o həmin hadisəyə görə obyektiv surətdə məsuliyyət daşıyır.

67. Həmçinin kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutların qəbul edilməməsi üçün əsaslar mövcüd deyil. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli 3-18-23/2-1533/2024 saylı məktubu hazırki apellyasiya baxışı zamanı iddiaçıya təqdim edilmiş və Şahid barədə məlumat da həmin məktubda qeyd edilmişdir.

68. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində isə təsbit edilmişdir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

70. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-345/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar