Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-193/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4085/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 MMC (borc alan qismində) arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişin şərtlərindən görünür ki, bank borcalana 1.000.000 manat məbləğində 120 ay müddətinə, illik maksimum 24 faiz dərəcəsi ilə kredit limiti ayırır, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürür (1.1-ci bənd).
2. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh1 (zamin qismində) arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsinin şərtindən görünür ki, zamin borc alanın 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür (1.1-ci bənd). Bankla borcalan arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Sazişə əsasən bank borcalana illik maksimum 24 faiz dərəcəsi ilə 120 ay müddətinə, 1.000.000 manat məbləğində kredit limiti ayırır (2.1-ci bənd). Zamin və borc alan bank qarşısında birgə məsuliyyət daşıyır (4.1). Zamin Baş Saziş üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır (4.2). Müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir (9.1-ci bənd).
3. İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 MMC (borcalan qismində) arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, kreditin məbləği və valyutası – 250 000 manat (1.2ci bənd), kreditin müddəti – 6 ay (1.3-cü bənd), kredit üzrə illik faiz dərəcəsi – 14 faiz (1.4cü bənd), kreditin məqsədi – dövriyyə vəsaitinin artırılması (1.6-cı bənd), güzəşt vaxtı – 5 ay (1.7-ci bənd). Bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 23 faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilir (2.1-ci bənd). Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi, kreditin təminatı, müqavilənin qüvvəyə minməsi, müqaviləyə xitam verilməsi, müqaviləyə vaxtından əvvəl tələb yönəldilməsi və tərəflər arasında bu kredit müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər, habelə kredit limitinin maksimal müddəti, məbləği və faiz dərəcələri tərəflər arasında bağlanmış 02 oktyabr 2023-cü il tariхli, GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş ilə tənzimlənir (2.4).
4. 20 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, arayışın verildiyi tarixə Cavabdeh2 MMC-nin 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 250.000 manat, faiz borcu isə 16416,67 manat təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4085/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 9/5818 nömrəli ekspert rəyindən görünür ki, 02 aprel 2024-cü il tarixə (müqavilənin müddətinin bitdiyi) Cavabdeh2 MMC-nin 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 250 000 manat, faiz borcu 8749,99 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 250.000 manat əsas bоrc və 16.416,67 manat faiz borcu оlmaqla ümumilikdə 266.416,67 manat məbləğində pulun və ödənilmiş 557,25 manat dövlət rüsumunun cavabdehlərdən müştərək iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında 02 oktyabr 2023-cü il tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Adıçəkilən baş sazişə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi ilə illik 14 faiz dərəcəsi ilə 6 ay müddətinə 250 000 manat məbləğində krеdit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar iddiaçıya olan borclarını ödəməmişlər. 20 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 250.000 manat məbləğində əsas bоrcu və 16416,67 manat faiz borcu оlmaqla cəmi 266.416,67 manat məbləğində kredit bоrcu yaranmışdır. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443, 445-ci və s. maddələri göstərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4085/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 02 oktyabr 2023-cü il tarixli kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış 102875-721768/1 saylı kredit müqaviləsi üzrə 250000 manat əsas borc, 8749,99 manat faiz borcu olmaqla ümumilikdə 258749,99 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd etmişdir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər. 18 sentyabr 2024-cü il tarixli 9/5818 nömrəli ekspert rəyindən görünür ki, 02 aprel 2024-cü il tarixə (müqavilənin müddətinin bitdiyi) 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 250 000 manat, faiz borcu 8749,99 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq müqavilənin bitdiyi tarixə (xx.xx.2024- cü il) tutulmalı əsas borc 250 000 manat, faiz borcu isə 8749,99 manat müəyyən edilməlidir. Bundan başqa, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, 02 oktyabr 2023-cü il tarixli 102875- 721768/1 nömrəli kredit müqaviləsi üzrə 250.000 manat əsas borc, 8749,99 manat faiz borcu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi obyektiv araşdırma aparmadan əsas borclu tərəfindən faizlə yanaşı əsas borc üzrə ödəmələri və beləliklə də ümumi borcun azalmasını nəzərə almadan əsassız olaraq hesab etmişdir ki, bir zamin olaraq onunla birgə məsuliyyət daşıyır. Məhkəmə burada da MM-nin 472-ci maddəsinə istinad etsə də, hansı əsasla onun borclunun öhdəliyinə görə bank qarşısında subsidiar deyil, birgə məsuliyyət daşıdığını əsaslandırmamış, yanlışlığa yol vermişdir. Məhkəmə ümumiyyətlə iştiraklarını təmin etmədən qətnamə qəbul etdiyinə görə həmin zaminlik müqaviləsi üzrə onun imzasının həqiqiliyini müəyyən etməli idi. Sübutların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələbinə dair edilmiş etirazın dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə xüsusi bilik tələb edilən məsələlər üzrə ekspertiza təyin etmədən ümumi izahlar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsini yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübütlara əsaslanaraq qəbul etmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən digər halları (təkrar ekspertiza təyin etməklə borcun əsas və faiz olmaqla əslində nə qədər təşkil etməsini) araşdırmamışdır. İddiaçı tərəfindən sənədlərin əsilləri də məhkəməyə təqdim edilməmiş, sadəcə elektron nümunələri sistemə yerləşdirilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər, cavabdehlərdən Cavabdeh1 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdeh isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
X4:
15. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739-cu maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə görə kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətində qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissədə mübahisələndirmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 02 oktyabr 2023-cü il tariхli GA.721768.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş çərçivəsində bağlanmış 02 oktyabr 2023-cü il tarixli 102875- 721768/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə illik 14 faiz dərəcəsi ilə 6 ay müddətinə 250.000 manat məbləğində krеdit verilmişdir. Baş saziş üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh1 arasında 02 oktyabr 2023-cü il tariхli GA.721768.1/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 MMC kredit müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə kredit müqaviləsi üzrə borcu yaranmışdır.
21. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə kreditin verilmə müddətinin bitdiyi tarixə- 02 aprel 2024-cü il tarixə Cavabdeh2 MMC-nin 02 oktyabr 2023-cü il tarixli 102875-721768/1 nömrəli kredit müqaviləsi üzrə əsas borcunun 250.000 manat, faiz borcunun 8749,99 manat təşkil etməsi müəyyən edilmişdir.
22. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret hallara (məs: bəzi ödənişlərin nəzərə alınmamasına və s.) istinad etməmişdir.
23. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğlərini həmin rəyə əsasən müəyyənləşdirməkdə haqlı olmuşdur.
24. Hazırkı halda əsas borclunun öhdəliklərinə görə subsidiar məsuliyyət daşımalı olduğu halda məhkəmə tərəfindən birgə məsuliyyət daşımasının müəyyən edilməsi barədə Cavabdeh1 dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, Mülki Məcəllənin 472.1-ci maddəsi Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu hallar istisna olmaqla zaminin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıdığını müəyyən etmişdir. Hazırkı halda isə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminin subsidiar məsuliyyət daşıması nəzərdə tutulmamışdır, əksinə müqavilənin yuxarıda göstərilən 1.1, 4.1 və 4.2-ci bəndlərində zaminin borc alanın kredit limiti müqaviləsi üzrə öhdəliklərinə görə borc alanla birgə məsuliyyət daşıması nəzərdə tutulmuşdur.
25. İddiaçı tərəfindən sübutların əslinin təqdim edilməməsi, zaminlik müqaviləsində imzanın ona məxsus olmasının yoxlanılmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, MPM-in 78.1-1-ci maddəsinin tələblərinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Odur ki, hazırkı halda işə birinci instansiyası məhkəməsində baxılarkən cavabdehlər tərəfindən təqdim edilən sənədlərin mötəbərliyi, eləcə də zaminlik müqaviləsinin cavabdeh tərəfindən imzalanması faktı mübahisələndirilmədiyindən sənədlərin əslinin təqdim edilməsinin məhkəmə tərəfindən tələb edilməsi və müqavilədə imzanın həqiqiliyinin araşdırılmasına zərurət mövcud olmamışdır.
26. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində sözügedən dəlilləri irəli sürsə də, həmin şikayətdə zaminlik müqavilədinin onun tərəfindən imzalanması faktını, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin mötəbərliyini açıq və aydın şəkildə mübahisələndirilməmişdir (məsələn, müqavilələrin saxta olduğunu, müqaviləni imzalamadığını bildirməklə). Əksinə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü digər dəlillər (zaminin subsidiar məsuliyyət daşımalı olması və kredit müqaviləsi üzrə əsas və faiz borclarının düzgün müəyyən edilməməsi) zaminlik müqaviləsi üzrə öhdəliklərinin həcminin və məsuliyyətin növünün mübahisələndirilməsinə yönəldilmişdir. Bu isə cavabdehin faktiki olaraq zaminlik müqaviləsini və həmin müqavilə üzrə öhdəliklərinin mövcud olmasını qəbul etməsinə dəlalət edir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4085/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov