Məhkəmə qərarları › İş №2-2(103)-194/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-194/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-194/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və X2 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun, İddiaçı «xxxxxxxxxxx» Şirkətinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə; İddiaçı “xxxxxxxxxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-542/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» Şirkəti cavabdeh «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxx» MMC-dən iddiaçı “xxxxxxxxxxx” şirkətinin xeyrinə xx.xx.2017-ci il tarixli, U17K0102 saylı müqavilə üzrə yaranmış 52.250 ABŞ dolları əsas borc, 8.430,9 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 60.680,9 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, icraatda olan iqtisadi işi aidiyyət qaydalarına riayət etmək məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-542/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxxx” şirkətinin Cavabdeh MMCnə qarşı pul tələbinə dair iqtisadi iş üzrə cavabdehin nümayəndəsinin işin aidiyyətı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi Nümayəndə şikayət vermiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-591/2019-cu il tarixli, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi Nümayəndə şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, e-2-2(81)-542/2019 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olduqdan sonra bir sıra qanunamüvafiq prosessual hərəkətlər edilərək növbəti məhkəmə baxışı iclası xx xxxxxx 2019-cu il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixi, U17K0102 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Satıcı ümumi dəyəri 117.500 ABŞ dolları təşkil edən və Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş 9 adda avadanlığı CavabdehəAlıcıya satmağı, Alıcı isə Malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı malı Cavabdehə xx xxxx 2017-ci il tarixdə təqdim etmişdir. Cavabdeh tərəfindən Mala görə aşağıdakı ödənişlər edilmişdir: xx.xx.2017-ci il tarixində ilkin ödəniş qismində 35.250.00 ABŞ dolları; xx.xx.2017-ci il tarixində 30.000 ABŞ dolları. Qalan borcun ödənilməsi ilə bağlı dəfələrlər cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Müqavilənin 4-cü bəndinə görə, Satıcıdan Alıcıya təchiz olunan malların dəyərinin 30%-i - 35.250 ABŞ dolları Alıcı tərəfindən əvvəlcədən ödəmə şəklində Satıcının təqdim etdiyi hesab fakturaya uyğun 7 gündən gec olmayaraq, ödənişin ikinci hissəsi malların dəyərinin 40%-i - 47.000 ABŞ dolları, Satıcı tərəfindən mallar Alıcıya təhvil verildiyi və aktlaşdırılclığı tarixdən 30 gündən gec olmayaraq, ödənişin üçüncü hissəsi malların dəyərinin 30%-i - 35.250 ABŞ dolları, Satıcı tərəfindən mallar Alıcıya təhvil verildiyi və aktlaşdırıldığı tarixdən 90 gündən gec olmayaraq ABŞ dolları ilə yerinə yetirilir.Yuxarıda vurğulandığı kimi, malın qiyməti 3 mərhələdə ödənilməli idi. Cavabdeh malın dəyərinin 30 faizini ödəsə də, ikinci ödənişi qismən, üçüncü ödənişi isə, ümumiyyətlə icra etməmişdir. Nəticədə, cavabdehin İddiaçıya 52.250 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Bundan başqa, Cavabdeh 2017-ci ilin iyul ayından etibarən, yəni 473 gün müddətində 52.250 ABŞ dolları məbləğində pulun ödənilməsini gecikdirməkdədir. Mülki Məcəllənin 598.3-cü maddəsinin açıq gpstərişi qarşısında Cavabdehin İddiaçıya həmin Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 7.426,1 ABŞ dolları faiz borcu yaranmışdır. Faiz borcu aşağıdakı kimi hesablanmışdır:xx.xx.2018-ci il tarixləri arasında laiz uçot dərəcəsi-15 %;xx.xx.2018-ci il tarixləri arasında laiz uçot dərəcəsi - 13 %;xx.xx.2018-ci il tarixləri arasında faiz uçot dərəcəsi - 11 %;xx.xx.2018-ci il tarixləri arasında faiz uçot dərəcəsi - 10%; hazırda laiz uçot dərəcəsi - 9,75 %.Ortalama illik faiz uçot dərəcəsi, 11,75 %; günlük faiz uçot dərəcəsi isə, 0,03 % (11,75% 365 gün) təşkil edir. Günlük faiz məbləği, 52.250 ABŞ dolları x 0,03% = 15,7 ABŞ dolları Gecikdiriən 537 gün üçün: 537 gün x 15,7 ABŞ dolları = 8.430,9 ABŞ dolları. Qeyd olunanlara əsasən “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxxxxxx” şirkətinin xeyrinə xx.xx.2017-ci il tarixli, U17K0102 saylı müqavilə üzrə yaranmış 52.250 ABŞ dolları əsas borc, 8.430,9 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 60.680,9 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxx» MMC-dən iddiaçı “xxxxxxxxxxx” şirkətinin xeyrinə xx.xx.2017-ci il tarixli, U17K0102 saylı müqavilə üzrə yaranmış 52.250 ABŞ dolları əsas borc, 8.757,1 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 61.007,1 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-542/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı «xxxxxxxxxxx» Şirkətinin iddiası qismən təmin edilərək cavabdeh «xxxxxxxxxxxxxxxxxxxx» MMC-dən xx xxxxxx 2017-ci il arixli, U17KO102 saylı müqavilə üzrə yaranmış 52.250,00 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, KM Plenumunun məlum qərarında ifadə etdiyi mövqeyə görə, “... MM-in 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsüz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur”. Cavabdeh kommersiya hüquqi şəxsidir; şübhə yoxdur ki, əsas məqsədi sahibkarlıq fəaliyyətindən mənfəət əldə etməkdir (MM, m. 43.5). Cavabdeh 52.250 ABŞ dolları məbləğində pul vəsaitini heç bir əsas olmadan özündə saxlamaqdadır. Nəticə etibarı ilə. həmin vəsait cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı dövriyyəsində hərəkət edir. Deməli, cavabdeh həmin vəsaitdən faydalanır. Əks halda, cavabdeh həmin vəsaiti niyə özündə saxlasın ki?! Diqqət edilsin ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh ümumiyyətlə, 52.250 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilərək iddianın təmin edilməyən hissəsinin rədd edilməsi və həmin hissədə iddianın təmin edilməsi xahiş edilir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən sonuncu ödənişin edilməməsi iddiaçı tərəfindən öhdəliklərin vicdanla icra etməməsi səbəb olmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin edilib birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək cavabdehin şikayətinin təmin edilməməsini və iddiaçının apellyasiya şikayətinin təmin edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən şikayət verildiyi üçün apellyasiya şikayətinin verildiyini bildirərək iddiaçının şikayətinin təmin edilməməsi və cavabdehin apellyasiya şikayətinin təmin edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərinin izahatlarını dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin edilən və edilməyən hissələrinə münasibətdə təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirmiş, cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən cavadehin mübahisələndiyi hissə iddianın təmin edilmiş hissəsi olmuşdur. İş materiallarında olan : - xx xxxxxx 2017-ci il tarixdə «xxxxxxxxxxx» Şirkəti(“Satıcı”) ilə «xxxxxxxxxxxxxxxxxxxx» MMC (“Alıcı”) arasında U17K0102 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. -Müqavilənin 1.1-ci məddinə əsasən tədarükçü sifarişlərin ilkin mərhələdə tərəflərlə razılaşdırılmış qiymətlərin razılaşma protokoluna (Müqaviləyə 1 nömrəli Əlavə) əsasən malın hər yeni partiyaya əlavə olunan lıesab- fakturalara uyğun olaraq, mal təchiz edir, Alıcı isə bu malı qəbul edir; 2.1-ci bəndinə əsasən həmin müqavilə üzrə Tədarükçü tərəfindən Alıcının bu müqavilədə göstərdiyi üçüncü tərəfə təchiz olunan mallara qiymətlər CİP Bakı, ABŞ dollarında müəyyənləşdirilir - “Alsatec” LLP şirkətinin hesab-fakturalarda və malın partiyası üçün istehsalçı firma tərəfindən müəyyən edilən qiymətlərdən asılı olmayaraq göstərilir (Bənd 3.1.). Qiymətə hazır məhsullarının sığorta, göndərilmə, ödəmə, sifarişlərin yerləşməsi ilə əlaqədar zəmanət öhdəlikləri və Tədarükçünün mənfəəti daxildir; Müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə Tədarükçüdən alıcıya təchiz olunan malların dəyərinin 30% (35 250 (otuz beş min iki yüz əlli) ABŞ dolları) Alıcı tərəfindən əvvəlcədən ödəmə şəklində Tədarükçünün təqdim etdiyi hesab fakturaya uyğun 7 gündən gec olmayaraq ABŞ dolları ilə yerinə yetirilir və ya təchizatçı tərəfindən bu müqavilədə əlavə olaraq qöstərilmiş üçüncü tərəfin hesabına birbaşa köçürülür;Müqavilənin 4.4-cü bəndinə əsasən Alıcı tərəfindən ödənişin ikinci hissəsi malların dəyərinin 40% (47 000 ABŞ dolları), təchizatçı tərəfindən mallar alıcıya təhvil verildiyi və aktlaşdırıldığı tarixdən 30 gündən gec olmayaraq, ödənişin üçüncü hissəsi malların dəyərinin 30% (35 250 ABŞ dolları), təchizatçı tərəfindən mallar alıcıya təhvil verildiyi və aktlaşdırıldığı tarixdən 90 gündən gec olmayaraq ABŞ dolları ilə yerinə yetirilir və ya təchizatçı tərəfindən bu müqavilədə əlavə olaraq qöstərilmiş üçüncü tərəfin həsabına birbaşa köçürülür. -xx xxxxxx 2017-ci il tarixli 1 №li X1 əsasən 117.500,00 ABŞ dolları dəyərində malın alqısatqısı barədə razılıq əldə edilmişdir. -İddiaçı tərəfindən cavabdehə xx xxxxxxx 2018-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 52.250,00 (əlli iki min iki yüz əlli min) ABŞ dolları məbləğində borcu Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibəti mövcud olmuşdur. Həmin münasibət zəminində iddiaçı cavabdehə 9 adda avadanlığı satmış, cavabdeh tərəfindən mala görə xx.xx.2017-ci il tarixində ilkin ödəniş qismində 35.250.00 (otuz beş min iki yüz əlli) ABŞ dolları, xx.xx.2017-ci il tarixində 30.000 (otuz min) ABŞ dolları ödənilmiş, alınmış mallara görə qalan borc iddiaçıya ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 52.250,00 (əlli iki min iki yüz əlli min) ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallardakı sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı satıcı kimi öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh (alıcı) tərəfindən isə öhdəliklər tam icra edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi borcunun olmamasını inkar etməmişdir, yaranmış borcun onun tərəfindən tam ödənilməsinə dаir sübutlаrı məhkəməyə təqdim еtməmiş, əksinə tələb olunan borcun mövcud olması cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinin iclasında etiraf edilmişdir. Məhz göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. - 399.4-cu maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən və iddiaçı tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin qeyd olunan pul məbləğini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair sübut təqdim edə bilmədiyindən məhkəmə tərəfindən iddia tələbi həmin hissədə təmin edilməməklə düzgün qənaətə gəlinmişdir. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməməlidir. Belə ki, MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, MM-in 449-cü maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, apellyasiya şikayətlərinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxxxxxxxxx” Şirkətinin və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-542/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar