Məhkəmə qərarları › İş №2-2(103)-195/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-195/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-195/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi ilə; İddiaçı İB-nin cavabdeh X3 qarşı “borc” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2 X10 İstismarı İdarəsinə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə 489,28 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən X10 İstismarı İdarəsinin “Beynəlxalq Bank”da olan hesablaşma hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(083)- 376/2019 saylı qətnaməsi ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən şəhəri, H.Əliyev prospektində yerləşən yeməkxananın X2 adına X10 İstismarı İdarəsində qeydiyyatda olan təbii qaz sayğacına - sayğacın plastmas qapağının üst hissəsi əzilməklə və sınıdırılmaqla müdaxilə edilmişdir. Müdaxilə faktı barədə Daşkəsən XS-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2016-cı il tarixli 079264 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən müdaxilə edilməklə istismara yararsız hala salınmış qaz sayğacının dəyəri 95,78 manat və itirilmiş 1944 kub metr qaz sərfinə görə 388,80 manat X10 İstismarı İdarəsinə dəymiş ziyan müəyyənləşdirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 4,70 manat borc da dəymiş ziyana əlavə edilməklə cavabdehin ümumilikdə X10 İstismarı İdarəsinə 489,28 manat borcu yaranmışdır. Hal-hazıra qədər ödənişin gecikdirilməsi İdarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəbolmuşdur. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun və qanunvericilik normalarını sadalamaqla əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - İddiaçı İB (Paylayıcı) ilə X5 (İstehlakçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 39-08.14 saylı “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. - İddiaçı tərəfindən cavabdeh X3 ünvanlanan xx.xx.2019-cu il tarixli 01/02QS13HŞ-362 saylı pretenziya məktubunun surətindən görünür ki, iddiaçı 489,28 borcun yarandığını bildirmiş və 10 gün müddətində ödənilməsinin təmin olunmasını xahiş etmişdir. - X2 abonent saldosundan görünür ki, cavabdehin istifadə olunmuş təbii qaza görə 2017-ci ilin fevral ayına 388,80 manat borcu mövcuddur. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2016-cı il tarixli 079264 saylı Aktdan və həmin tarixli itirilmiş qazın bərpası üzrə komissiya qərarından görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən X2 istifadəsində olan qaz sayğacının üzərində plombun aşkar edilmədiyi, sayğacın plastmas qapağının üst hissəsinin əzildiyi və sındığı qeyd edilmişdir. - QİS-in görəcəyi işləri barədə xx xxxxxx 2017-ci il tarixli tələblərdən görünür ki, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülərək, xx xxxxxx 2016-cı il tarixli 079264 saylı Akta əsasən 1944 kub.metr itirilmiş qaz sərfi hesablanmışdır. - “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”ndan görünür ki, cavabdehə hesabat ilinin xx xxxxxx 2017-ci ilin əvvəlinə borc qalığı 4,70 manat, 1944 kub.metr itirilmiş qaz sərfinə görə 388,80 manat olmaqla, ümumilikdə 393,50 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, həmin yoxlamanın hüquqi nəticəsi olaraq tərtib edilmiş akta əsasən tələb edilən istehlak edilmiş təbii qazın sərfinə və dəymiş ziyan məbləğinə görə cavabdehdən borc tələb etməsi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İlk növbədə qeyd edilməlidir ki, İddiaçı İB ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 39- 08.14 saylı “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. Hazırki mübahisə üzrə cavabdeh təbii qazdan istifadəyə görə tələb edilən borcu inkar etdiyindən, İddiaçı İB isə bocun mövcud olduğunu bildirdiyindən, Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinin tələbləri baxımından təbii qazdan istifadəyə görə borcun olmasını sübut etmək yükü İddiaçı İB-nin üzərinə düşür. İddiaçı İB-yi Cavabdehin 489,28 manat borcunun yaranma mənbəyi kimi özünün tərtib etdiyi akta və birtərəfli qaydada tərtib etdiyi “Abonent saldosu”na əsaslanır. Halbuki, İddiaçı İB müqavilə əsasında X4 təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Belə ki, İddiaçı İB yalnız tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablama və hər ay istehlakçıya hesab təqdim etmək İddiaçı İB vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 1.1-ci bəndinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. xx.xx.2014-cü il tarixli 39-08.14 saylı müqavilənin 2.1.6-ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq İddiaçı İB-nin vəzifəsidir. -2.1.9-cu bəndi: istehlakçıya verilən qazın dəyərinin yalnız sayğacıın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək İddiaçı İB-nin vəzifəsidir. -2.1.10-cu bəndi: istehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək İddiaçı İB-nin vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübut təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Odur ki, iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi "İddiaçı” İB inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar