Məhkəmə qərarları › İş №2-2(103)-195/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-195/2022

07.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-195/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh “X1” MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4264/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 125.241,49 manat borcun cavabdehdən (VÖEN 1********) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.11.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 nömrəli Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq bilavasitə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, vergi orqanı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Aparılması Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə tələb olunan araşdırmadan hərəkətlə müəyyən olunur ki, iddiaçı dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq kimi ümumi qaydada müvafiq subyektiv hüquqa malik olsa da, onun hazırkı iş üzrə konkret mübahisəli dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. İşdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02.06.2020-ci il tarixli 116 nömrəli sərəncamı ilə Bakı ŞİH başçısının 29.05.2003-cü il tarixli 266 nömrəli sərəncamının 1-ci bəndində 0,70 ha ifadəsinin 0,2155 ha ifadəsi ilə və əvəz edilməsi, “X1” MMC-nin ünvan 1də yerləşən 0,4845 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Bakı ŞİH başçısının 29.05.2003-cü il tarixli 266 nömrəli Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında sərəncamı ilə Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə 0,70 ha torpaq sahəsi yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün “X1” müəssisəsinin icarəsinə verilmişdir. 28.08.2003-cü il tarixli 0231 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Bakı ŞİH başçısının 266 nömrəli 29.05.2003-cü il tarixli sərəncamı, 27.08.2003-cü il tarixli 11263 nömrəli inşaat pasportu əsasında ünvan 1 ünvanda yerləşən 7.000 kv.m. torpaq sahəsi 49 illik müddətə “X1” MMC-nin icarəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininin 10.09.2021-ci il tarixli XO-02-032021- 02907 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu 476-cı məhəllə İ.Qutqaşınlı küçəsində yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün “X1” MMC-yə ayrılmış torpaq sahəsinin uzun müddət təyinatı üzrə istifadə olunmayan bir hissəsi dövlət ehtiyacları üçün Bakı ŞİH başçısının müvafiq sərəncamı ilə geri alınmış, habelə bu səbəbdən həmin Cəmiyyətə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə sənədlərində müvafiq dəyişikliklərin aparılması zərurəti yaranmışdır. Yeni inşa olunan hündürmərtəbəli binanın fotoşəkilləri işə əlavə olunmuşdur. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun torpağın icarəyə verilməsi üzrə 15.05.2009-18.03.2020-ci illər üçün cəmi 125.241,49 manat icarə haqqı borcu yaranmışdır. “Torpaq icarəsi haqqında” AR Qanununun: Maddə 14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.27-ci bəndinə görə, öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Göründüyü kimi, qanunvericiliyə əsasən iddiaçının yalnız dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olmayan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilməyən, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlər yerləşməyən dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ olduğu halda, sonuncu, hazırkı ərizə ilə üzərində şəxslərə məxsus olan obyektlər yerləşən dövlət mülkiyyətindəki torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı torpaqdan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulmasını tələb etdiyi dövlət mülkiyyətindəki torpaqlar üzərində şəxslərə məxsus obyektlərin yerləşdiyini mübahisə etmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4264/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar