Məhkəmə qərarları › İş №2-2(103)-196/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-196/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-196/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbi Açar söz: müqavilənin ləğvi və pul tələbi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı Macarıstan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4023/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" MMC “borcverən” "xxxx" MMC “borclu” olmaqla imzalanmış 7 sentyabr 2021-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borclu bu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini (bundan sonra “borc” adlandırılacaq) bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilə ilə borc verən ilə borclu arasında əvvəllər bağlanmış bütün yazılı və şifahi müqavilə və razılaşmalar xitam edilmiş hesab olunur. Borc verən öz növbəsində həmin borc məbləği tam həcmdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.2-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu bu müqaviləni imzalamaqla borc verənə aşağıda göstərilən borcunun olduğunu bəyan, etiraf və təsdiq edir: 2.2-ci bəndə əsasən borc məbləği - 60.000.00 (altmış min) avro təşkil edir. 4.1-ci bəndə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcu hər ay 3333,33 avro (üç min üç yüz otuz üç avro 33 sent) olmaqla 01 mart 2022-ci il tarixindən etibarən 18 (on səkkiz) ay ərzində tam həcmdə borc verənə qaytarılmasını öhdəsinə götürür.

2. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubunda müqavilənin ləğv olunması və müqavilə üzrə öhdəlik olaraq götürülmüş 60.000 avro məbləğində pul vəsaitinin 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

3. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən məlum olur ki, "xxxx" MMC tərəfindən 400 manat məbləğində mediasiya xərci Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür.

4. 26 avqust 2022-ci il tarixli 33-2022 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən hər biri 10.000 avro olmaqla iki dəfə vəsait "xxxx" Şirkətinə məxsus bank hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini azaldaraq xx.xx.2021-ci il tarixli mövud borcun etirafı haqqında mücərrəd müqavilənin ləğv edilməsi, 40.000 (qırx min) avro borcun və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Macarıstan Respublikasında qeydiyyatda olmaqla həmin ölkədə fəaliyyət göstərir. Həmin müəssisə ilə Azərbaycan Respublikasında qeydiyyatda olmaqla fəaliyyət göstərən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçı qarşısında olan 60.000 avro borcunu 01 mart 2022-ci il tarixindən etibarən 18 ay ərzində hər ay 3333,33 avro olmaqla tam həcmdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliklərin icrasını təmin etməmiş, bu səbəbdən də hazırkı mübahisə yaranmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4023/2022 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia təmin edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə imzalanmış, "xxxx" MMC "xxxx" MMC-yə olan 60.000 avro məbləğində borcunu tam olaraq etiraf etmişdir. İddiaçı tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsini və müqavilədə nəzərdə tuulmuş borcun ödənilməsini tələb etmiş, cavabdeh isə maliyyə çətinlikləri ilə bağlı olaraq ödənişi vaxtında edə bilmədiklərini qeyd etmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 5.4-cü bəndində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, borclunun əmlak vəziyyətinin kəskin pisləşməsi və ya onun əmlakının borc verənin xəbəri olmadan özgəninkiləşdirilməsi və ya xərclənməsi barədə istənilən formada məlumat daxil olduğu halda, həmçinin bu müqavilənin 4.1-ci bəndində şərtləşdirilmiş aylıq ödənişlər gecikdirildiyi təqdirdə borc verən borcu dərhal tələb etmək və bunun üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən borcun razılaşma üzrə müəyyən edilmiş şəkildə ödənilməməsi öz təsdiqini tapmış, eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında mövcud borcun maliyyə problemləri ilə bağlı ödənilmədiyini qeyd edilmişdir.

10. Məhkəmə tərəflər arasında imzalanmış müqavilənin şərtlərini, eyni zamanda hər iki tərəfin nümayəndəsinin izahatlarını əsas götürərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4023/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlanılarkən iddiaçının nümayəndəsi qismində özünü təqdim etmiş şəxsin etibarnaməsi Azərbaycan Respublikasının qoşulduğu 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə ziddir. Həmin etibarnamənin həqiqətən də iddiaçı tərəfindən imzalanması aydınlaşdırılmamış, xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamə rus və ingilis dilindən Azərbaycan Respublikasının rəsmi dili olan azərbaycan dilinə tərcümə olunmamış və lazimi qaydada təsdiqlənməmişdir. Bundan əlavə həmin müqaviləyə nəzərə yetirsək, görərik ki, həmin borc məbləğinin hansı mənbələrdən yaranması da göstərilməmişdir. Bundan əlavə iş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə müqaviləni borclu tərəfindən imzalamış direktor Murad Sadıqovu da dindirməməklə işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 362.1-ci maddə-bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddə-notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. .421.2-ci maddə-tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddə-müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 882.1-ci maddə-borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

“Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunu: 18-ci maddə-etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 385.2-ci maddəsi- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4023/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, iddiaçı tərəfindən ləğv olunması xahiş olunan xx.xx.2021-ci il tarixli “Mövcud borcun etirafı haqqında” müqavilə üzrə cavabdeh xx.xx.2022-ci il tarixdən 18 ay ərzində 60.000 AVRO məbləğində borcu ödəməyi öhdəsinə götürsə də, müqavilə şərtini pozaraq ödəniş etmədiyindən iddiaçı müqavilənin 4.1-ci bəndinə əsasən onun ləğv edilməsi və borcun ödənilməsi üçün iddia qaldırmış, idda qaldırıldıqdan sonra cavabdeh 20.000 AVRO ödəniş etmiş, buna görə də iddiaçı iddia tələbinin həcmini azaltmışdır.

19. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, müqavilə bağlanılarkən iddiaçının nümayəndəsi qismində özünü təqdim etmiş şəxsin etibarnaməsi Azərbaycan Respublikasının qoşulduğu 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə uyğun təsdiq edilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqaviləni iddiaçının adından imzalamış Nümayəndə1 "xxxx" MMC tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC nümayəndəsinə "xxxx" MMC ilə borcun etirafı barədə müqavilə bağlamaq səlahiyyəti verilmişdir. Həmin müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı apellyasiya şikayəti verilənədək nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

21. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verərkən nə müqaviləni, nə də müqavilə ilə təsdiq edilmiş borcun məbləğini mübahisələndirməmiş, maddi çətinliklə əlaqədar borcu tam ödəyə bilmədiklərini, müqavilə üzrə cəmi 20.000 AVRO ödəniş edə bildiklərini göstərmiş, apellyasiya şikayətində qeyd edilən hal ümumiyyətlə birinci instansiya məhkəməsində mübahisə predmeti olmamışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixli “Mövcud borcun etirafı haqqında” müqaviləni imzalamış nümayəndə iddiaçının iradə ifadəsinə uyğun hərəkət etdiyindən, bunun əksi barədə işdə sübutlar olmadığından nümayəndəyə verilmiş etibarnamənin tərcüməsinin apostil edilməməsi MM-nin 362-ci maddəsinin və “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin tələbləri nəzərə alındıqda həmin etibarnamə əsasında imzalanmış müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə əsas ola bilməz.

23. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əqdin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı müəyyən edilmiş olsaydı belə cavabdeh iddiaçıya öhdəlik üzrə 40.000 AVRO borcu olduğunu mübahisələndirmədiyindən apellyasiya şikayətinin dəlilləri borcun tutulması barədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, cavabdeh borcun etirafı barədə müqavilə bağlanarkən qarşı tərəfin nümayəndəsinin səlahiyyətlərinin düzgün rəsmiləşdirilmədiyini iddia etsə də, öz qanuni təmsilçisinin imzasını və həmin tarixə iddiaçıya olan borc məbləğini mübahisələndirmir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4023/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4023/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar