Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-197/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə3, X1, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2522/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMC-yə (üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən icarə haqqı borcu üzrə 32760 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.10.2021-ci il tarixli e-2-2(113)-2522/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə3 və X3 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 isə apellyasiya şikayətinə etiraz etdilər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" MMC-yə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 19 oktyabr 2015-ci il tarixli, 432 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 2 ünvanında MMC-nin mülkiyyətində olan torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi işlərinin aparılmasına icazə verilmişdir. Həmin sərəncam və 07.12.2015-ci il tarixli 13144 saylı inşaat pasportu əsasında Xətai prospekti 2 ünvanında yerləşən həmin torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə cavabdeh arasında 18 dekabr 2015-ci il tarixdə 49 il müddətinə 1119 saylı icarə müqaviləsi bağlanmış, habelə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 07 dekabr 2015-ci il tarixli 15/195 saylı ayrıc aktı verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında 09.02.2018-ci il tarixli 434 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən 900,2 kv.m torpaq sahəsi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. İddiaçı bildirir ki, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 32760 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə 21.08.2020-ci il tarixli, **********69 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamının yerinə yetirilməsi üçün ərazidə yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi üçün öncədən "xxxx" MMC Azərbaycan Beynəlxalq Bankından kredit almış, sakinlərlə qarşılıqlı razılaşma əsasında onların qismən köçürülməsi və müvəqqəti kirayədə yerləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK tərəfindən söküləcək binanın və əvəzində tikilməsi nəzərdə tutulmuş B korpusunun tikintisi nəzərdə tutulmuş torpaq sahəsinə ƏMDK ilə də icarə müqaviləsi bağlanması tələb olunmuşdur. MMC olaraq tələb olunan torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə icarə müqaviləsi olduğu bildirilsə də, onlar bununla razılaşmayıb işləri dayandıracaqlarını bildirmişlər. Cavabdeh ayrıc aktını təqdim edərək həmin torpaq sahəsi ilə artıq icarə müqaviləsi bağlandığını bildirmişdir. Onlar ayrıc aktına baxıb onlarla bağlanan müqavilədə nəzərdə tutulan torpaq sahəsinin dəmir yolu ilə bizə ayrılan torpaq sahəsinin arasında olduğunu, ona görə də müqavilə bağlamaq məcburiyyətində olduğunu bildirmişlər. Cavabdeh də digər mülkiyyətçilərinin hüquqlarının pozulmaması, onlarla bağlanmış əvəzləşdirmə müqavilələrinin vaxtında yerinə yetirilməsi üçün məcburiyyət qarşısında qalaraq ƏMDK ilə də 09 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlamış və onlardan icarə predmeti olan 900,02 kv.m torpaq sahəsinə dair ayrıc aktı verməyi xahiş etmişlər. Lakin iddiaçı hər hansı bir ayrıc aktı təqdim etməmiş, torpaq sahəsini onlara təhvil verməmişdir. 2018-ci ilin aprel ayında dövlət orqanları tərəfindən bütün tikintilərin aparılmasına məhdudiyyət qoyulmuş və tikintinin aparılmasına icazə verilməmişdir. 2018-ci ilin iyul ayından etibarən tikintinin davam etdirilməsinə məhdudiyyət qoyulduğu üçün icarə müqaviləsinə xitam verilməsi üçün ƏMDK-ya müraciət olunmuşdur. Lakin onlar tərəfindən müqaviləyə xitam verilməmişdir. Bundan əlavə ƏMDK-nin bizimlə bağladığı icarə müqaviləsi tamamilə qanunsuzdur. Çünki, həmin torpaq sahəsinə dair onların Bakı Şəhəri İcra hakimiyyəti ilə icarə müqaviləsi olmuşdur. Cavabdeh dəfələrlə ƏMDK-dən onlarla bağlanan icarə müqaviləsində göstərilən 900,02 kv.m torpaq sahəsinin harada yerləşdiyini, həmin torpağa dair ayrıc aktını tələb etsə də, qarşı tərəf bu sənədləri təqdim etməmişdir. Torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi də mümkün deyildir, belə ki, həmin sahədə evlər mövcuddur və əhali yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmçinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Lakin hazırki işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyil. Belə ki, qeyd olunan maddədən də görünür ki, icarə müqaviləsi üzrə öhdəlik ilk növbədə icarəyə verənin üzərinə düşür və o, yalnız icarə obyektini icarəçiyə təhvil verdikdən sonra icarəçinin icarə haqqını ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir sübutu (təhvil-təslim və ya ayrıc aktı) təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ayrıc aktı və ödəniş sənədləri ilə təsdiq olunur ki, həmin torpaq sahəsi 18.12.2015-ci il tarixli 1119 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona təhvil verilib və icarə haqqı vaxtlı-vaxtında ödənilir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə icarə obyektinin təhvil verilməsi və bununla da, icarə müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC 22 avqust 2018-ci il tarixli məktubla Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edərək, icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndində isə müəyyən edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə icarə obyektinin təhvil verilməsi və bununla da, icarə müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi qəbul edilsə belə, icarə münasibətlərindən könüllü imtina etmə barədə cavabdehin ərizəsi 22 avqust 2018-ci il tarixdə iddiaçı təşkilata daxil olduğu tarixdən cavabdehin icarə hüququna xitam verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin icarə haqqını ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ mövcud deyil. Ona görə də, iddia rədd olunmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2522/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-197/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-197/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver