Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-197/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4696/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 43/23 saylı xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçıya 12 ay müddətində daşıma xidməti göstərməli idi. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə ƏDV daxil 17.700 manat avans ödənilmiş, lakin cavabdeh tərəfindən hər hansı xidmət göstərilməmişdi.
2. Müqavilənin 6.4-cü bəndində öhdəliyinin icrasının gecikdirilməsinə görə aylıq xidmət haqqının 0.1% həcmində cərimə nəzərdə tutulmuşdur.
3. İddiaçı tərəfindən cavabdehə 17.700 manat avansın geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil 17700 əsas borcun, dövlət rüsumunun, 210 manat mediasiya xərcinin, müqavilənin icra edilməməsinə görə 3115,20 manat dəbbə pulunun və 1000 manat əldən çıxmış faydanın Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli, 43/23 saylı xidmət Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən xidmət göstərən Cavabdeh MMC Sifarişçi İddiaçı QSC-nin mallarını sifariş əsasında Azərbaycan Respublikasının ərazisində müvafiq məntəqələrə daşınmasını öz öhdəsinə götürmüşdür. 23 fevral 2023-cü il tarixində "xxxx" QSC ilkin sifarişini Cavabdeh MMC-yə etmişdir. Cavabdeh MMC xidmətlərin göstərilməsinə başlanılması üçün avans ödənişi tələb etmişdir. Avans tələbi müsbət cavablandırılmış və İddiaçı QSC tərəfindən ƏDV daxil 17700 manat vəsait Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Avans ödənişi həyata keçirilməsinə baxmayaraq Cavabdeh MMC xidmətlərin göstərilməsinə başlamamış və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cəmiyyətin əməkdaşları dəfələrlə Cavabdeh MMC-nin direktoru Cavid Cəfərovla əlaqə saxlamış və öhdəliklərin icrasının zəruri olduğunu bildirmişlər. Mütəmadi danışıqlardan sonra Cavabdeh MMC rəhbərliyi 28 fevral 2023-cü il tarixində xidmətləri icra etməyəcəklərini və ödənilmiş vəsaitin qısa müddətdə (üç gün ərzində) geri qaytarılmasına söz vermişdir. Vəsaitin qaytarılmasından sonra müqaviləyə xitam verilməsi tərəflər arasında razılaşdırılmışdır. Vəsaitin qaytarılması barədə razılıq əldə edilməsinə baxmayaraq Cavabdeh MMC vədinə əməl etməmiş və ƏDV daxil 17700 manat vəsaiti qaytarmaqdan qəsdən yayınmışdır. Edilən zənglərə cavab verilməmiş və Cəmiyyətə aid vəsait bu günə kimi qaytarılmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4696/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 43/23 nömrəli xidmət müqaviləsi üzrə ƏDV-daxil 17700 manat əsas borc məbləği, 885 manat məbləğində dəbbə pulu, cəmi 18.585 manat (on səkkiz min beş yüz səksən beş manat) və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli, 43/23 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən xidmət göstərən Cavabdeh MMC Sifarişçi- İddiaçı QSC-nin mallarını sifariş əsasında Azərbaycan Respublikasının ərazisində müvafiq məntəqələrə daşınmasını öz öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilə üzrə götürülmüş öhdəliyi yerinə yetirmiş və ödəniş etmiş, buna dair sübutları da məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bunun əksini sübut edəcək sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Cəmiyyət ƏDV daxil 17700 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
8. Məhkəmə iddia tələbində qeyd edilən dəbbə pulunun tutulmasına münasibətdə ilk olaraq qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 885 manat məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə əldən çıxmış fayda tələbi ilə bağlı qeyd etmişdir ki, tələb həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4696/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq iddiaya dair etirazı bildirərkən həm məhkəmə icraatı dövründə, həm də məhkəməyə qədər dövrdə borc mübahisələndirilməmişdir. Belə olduğu halda cavabdehdən dəbbə pulunun tutulması əsassızdır və əsas borcun ödənilməsinə maneə xarakteri daşıyır. Məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi həm xx.xx.2024-cü il tarixli, həm də xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etməyərək ixlasların təxirə salınması ilə barədə elektron kabinet vasitəsi ilə vəsatət göndərmiş, məhkəmə tərəfindən birinci məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı ilə təxirə salınsa da, ikinci məhkəmə iclasının təxirə salınması barədə vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 424.5-ci maddə-əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.1-ci maddə- Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən yalnız dəbbə pulu tutulması hissəsində mübahisələndirdiyindən qismən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4696/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 43/23 saylı yük daşıma müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə ƏDV daxil 17.700 manat avans ödənilmiş, lakin cavabdeh tərəfindən hər hansı xidmət göstərilməmiş, avans məbləği geri qaytarılmamışdır. Cavabdeh birinci instansiya məhkəməsində avansın iddiaçıya qaytarılmalı olduğunu mübahisələndirməmiş, nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında əsas borcla bağlı hissədə iddianı qəbul etdiklərini, dəbbə pulu və əldən çıxmış fayda ilə bağlı hissədə iddiaya eitraz etdiklərini bildirmişdir.
19. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə cavabdehin əsas borcu qəbul etdiyini nəzərə alaraq dəbbə pulu ilə bağlı hissədə iddianı rədd etməli idi. 20 İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubu qarşı tərəfə göndərərək 5 gün ərzində avansın qaytarılmasını tələb etməklə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə dair iradə ifadəsini nümayiş etdirmiş, qarşı tərəf müqavilənin ləğvinə etiraz etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MM-nin 424.5-ci maddəsinə əsasən ödədiyi avansı, o cümlədən müqavilənin 6.4-cü bəndinə əsasən müqavilə ləğv edildiyi tarixədək öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi 3115,20 manat dəbə pulu məbləği MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq cəmi 885 manat məbləğində müəyyən edildiyindən bu məbləğin daha artıq azaldılması və ya dəbbə pulu tələbinin tam rədd edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4696/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4696/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.