Məhkəmə qərarları › İş №2-2(103)-197/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-197/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-197/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7008/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 5805 manat əsas borc, həmin məbləğin vaxtında qaytarılmaması nəticəsində iddiaçının aylıq 580 manat qazancdan məhrum olmasına əsasən 11890 manat, əsas borcla illik 5 faizlə hesablanmaqla 495 manat, iddiaçıya dəymiş fiziki-mənəvi zərərin əvəzi olaraq 10000 manat olmaqla ümumilikdə 28190 manat məbləğində pulun və ödənilmiş 174,6 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7008/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5805 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 141,55 manat olmaqla ümumilikdə 5946,55 manat məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pulun Cavabdeh2ndən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbi ödənilmiş dövlət rüsumları ilə birgə tam təmin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə (hakim Nərmin Əhmədova) qəbul etdiyi qətnamədə (səh.8, §43) “Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra də öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir” kimi qeyd etməklə qanunu səhv təfsir etmışdir. Belə ki: Mülki Məcəllənin (MM) 445.2-ci maddəsində deyilir: “Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi”. Buradan belə aydın olur ki, 445.2.1 və ya 445.2.2-ci maddələrində göstərilən hallardan hər hansı biri baş veribsə bu, borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə (hakim Nərmin Əhmədova) isə bu qanunu səhv təfsir edərək 445.2.1 və 445.2.2- ci maddələrində göstərilən hər iki halın ümumilikdə baş verməsini borclunun icranı gecikdirməsi hesab edir. Yəni, məhkəmə (hakim Nərmin Əhmədova) qətnamədə göstərdiyi (1)-ci ilə (2)-ci halın arasında “və ya” əvəzinə “və” bağlayıcısını qoymaqla qanunun müvafiq maddəsinin 2 hal üzrə tələblərini ümumiləşdirmişdir ki, bu da mülki hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Bu, maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsidir. Fiziki şəxs İddiaçı ilə (yəni mənimlə) Qanuni nümayəndə şəxsində Cavabdeh2 MMC-nin direktoru arasında bağlanmış № 26 saylı, 23 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən alınmış malların pulunun göstərilən müddətdə (mallar təhvil alınandan sonra 5 iş günü müddətində) ödənilməməsi öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi deməkdir ki, bu da MM-nin 445.2.1-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi sayılır. Qətnamənin 44-cü paraqrafı məhkəmənin (hakim Nərmin Əhmədova) MM-nin 445.2-ci maddəsinə uyğunlaşdırılmış formal (özünəməxsus) mülahizəsidir (bu paraqraf 45-ci paraqrafla ziddiyyət təşkil edir). Belə olduğu halda və qətnamənin 45-ci paraqrafında göstərilənləri (“45. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur...”) nəzərə alsaq, qətnamənin 46, 47 və 48-ci paraqraflarında göstərilənlər də məhkəmənin (hakim Nərmin Əhmədova)formal (şəxsi), subyektiv mülahizəsidir və MM-nin 445.7-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsinə görə illik 5 faiz hesablanmanın başlanğıc tarixinin xx.xx.2024-cü il olmasını qəbul etməsi yanlışdır. Ona görə ki, o, MM-nin 445.2.2-ci maddəsinə əsasən cavabdehə icra müddəti çatanadək öhdəliyin icra edilməsi barədə xəbərdarlıq etməmişdir (buna ehtiyac da olmur). Yalnız xx.xx.2024-cü il tarixdə cavabdehə (Qanuni nümayəndə) mübahisənin məhkəməyə qədər həll edilməsi üçün pretenziya qaydasında xəbərdarlıq edib və borcun xx.xx.2024-cü ilə qədər ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə məlumat (xəbərdarlıq) göndərib. Bu, borclunun icranı gecikdirməsinə görə illik 5 faiz hesablanmanın başlanğıc tarixinin xx.xx.2024-cü il olması anlamına gəlməməlidir. Mülki Məcəllənin 445-ci maddəsinin tələbləri ilə № 26 saylı, 23 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2-ci maddəsində göstərilən tələbin birgə, əlaqəli şəkildə şərh edilərək araşdırılıb borclunun icranı gecikdirməsinə görə illik 5 faiz hesablanmanın başlanğıc tarixinin xx.xx.2024-cü il yox, qarşılıqlı üzləşmə aktının imzalandığı tarix, yəni xx.xx.2022-ci il olması düzgündür, qanunamüvafiqdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcun gecikdirilməsinə görə illik 5 % ödənilməsinin başlanğıc tarixinin borcun yarandığı gündən sayılması və hesablanması barədə analoji məhkəmə (həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri) qətnamələrini məhkəməyə təqdim edəcək. Bakı Kommersiya Məhkəməsinin (hakim Nərmin Əhmədova) qəbul etdiyi qətnamə üzrə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcun gecikdirilməsinə görə illik 5 % ödənilməsinin başlanğıc tarixi ən geci borcun yarandığı (qarşılıqlı üzləşmə aktı, tarix: xx.xx.2022) gündən (həqiqətdə isə müqavilənin 2.2-ci maddəsində göstərilən tarixdən) hesablanmalıdır. Belə ki, iddia ərizəsində (səh.3, 6-cı abzas) aylıq 580 manat olmaqla 20,5 aya 11890 manatın iddia edilməsi səbəbini göstərib. Buna əsas (sübut) kimi də iddia ərizəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasından götürülmüş 15 vərəqdən ibarət “Gəlir vergisinin bəyannaməsi” sənədi (nümunə kimi 1 illik) əlavə edilib. Həmin bəyannamədən görünüür ki, o, həqiqətən həmin dövrdə (bu günədək) sahibkarlıq fəaliyyəti ilə məşğul olub (VÖEN:**********). Fəaliyyəti ilə bağlı qeyd edir ki, o, tikinti materialları olan qum, qırma daş və otsep materiallarının alınıb satılmasını və nəqliyyat xidməti göstərilməsini həyata keçirib. Bu fəaliyyətin həyata keçirilməsi üçün maddi vəsait tələb olunur. Maddi vəsait xərcləyərək adı çəkilən tikinti materiallarını alır, sonra həmin materialların maya dəyərinə mənfəət faizini əlavə edərək bazara uyğun qiymətlərə satır. Pul vəsaiti bir ayda 3-4 dəfə, ən azı 1-2 dəfə dövr edərək mal-material alınıb-satılmasında iştirak edir. Bir ayda müəyyən məbləğ pul vəsaiti orta hesabla 10- 15 % mənfəət gətirir. Onun 5805 manat maddi vəsaiti 15 noyabr 2022-ci il tarixdən Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə, onun sahibkarlıq fəaliyyətinə münasibətdə hərəkətsiz (ölü) vəziyyətdə qaldığından hər ay həmin məbləğin orta hesabla ən az, 10 %-i miqdarında qazancdan məhrum olub (əldən çıxmış fayda). Yəni, mənim 5805 manat pulum hər ay mənə ən azı 10 % mənfəət gətirməli olduğu halda gətirməyərək, hər ay 580 manat itirməklə, məhkəməyə iddia ərizəsi verənədək – 20,5 ay ay ərzində 11890 (on bir min səkkiz yüz doxsan) manat qazanc (mənfəət) əldə edə bilməmişəm. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə məhkəmə (hakim Nərmin Əhmədova) qətnaməsinin səhifə 9, 53-cü paraqrafında göstərilən 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunur. Ancaq məhkəmə (hakim Nərmin Əhmədova) tərəfindən həmin sənədlərin araşdırılmaması (lazım olduğu halda ekspertiza təyin edilməməsi), iddia ərizəsində qeyd edilənlərin nəzərə alınmaması MM-nin 21.1 və 21.2-ci maddəsinin tələblərinin pozulmasına və iddia tələbinin təmin edilməməsinə gətirib çıxarmışdır ki, bu da maddi hüquq normalarının pozulmasıdır. Əgər məhkəmə (hakim Nərmin Əhmədova) əsas borc məbləği olan 5805 manatın ödənilməsini təmin edirsə, o zaman həmin məbləğ barədə elektron qaimə yazıldığını və həmin məbləğin “gəlir vergisinin bəyannaməsi”ndə “malların təqdim edilməsindən gəlir” qrafasında göstərilən 86556,74 manat məbləğin içərisində olduğunu və buna görə dövlət büdcəsinə 2 % (116,1 manat) vergi verildiyini də nəzərə almalı idi. O də nəzərə alınmalı idi ki, malların təqdim edilməsindən gələn gəlir təqdim edilən malların həcmi ilə düz mütənasibdir. Təqdim edilən malların həcminin artması üçün daha artıq (çox) maddi vəsait lazımdır ki, mənim vəsaitimin bir hissəsi (5805 manat) Cavabdeh2 MMC-də “ilişqibalıb”. Aramızda yaranmış 5805 manat borc məbləğı müqavilənin 2.2-ci maddəsində göstərilən müddətdə mənə qaytarılsaydı, həmin məbləğlə adi mülki dövriyyə şəraitində hər ay ən azı məbləğin 10 %-i qədər əlavə mənfəət əldə edərdim. “Mənəvi zərərinödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ciil tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır Qətnamədə (səh.9, §58) qeyd edilir ki,“digər tərəfdən, mənəvi zərərin mövcudluğunu təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmət göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu fəaliyyəti həyata keçirən şəxslər isə bazar risklərini nəzərə alaraq fəaliyyət göstərməlidirlər. Bu mənada fərdi sahibkarlıqla məşgul olan şəxsin kontragent tərəfindən icranın gecikdirilməsi halında avtomaatik olaraq mənəvi zərərə uğraması yanaşması qəbuledilməzdir”. 59. Yalnız biri digərini tamamlayan sübutlar təqdim edildikdə və qətnamənin 53 və 55-ci paraqraflarında göstərilən əsaslar olduqda mənəvi zərərin tutulması mümkündür. Hazırkı işdən isə mənəvi zərərin mövcudluğu təsdiq olunmur.” Məhkəmənin (hakim Nərmin Əhmədova) bu cür qənaətə gəlməsi heç bir qanuna, qərara, məcəlləyə istinad edilməməklə yalnız formal (şəxsi), subyektiv mülahizədir. Cavabdehlə arasında olan xx.xx.2022-ci il tarixli, 26 saylı müqavilənin 2.2-ci bəndində göstərilən müddət keçəndən sonrakı bir il ərzində, xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalayana qədər, bundan sonra keçən daha 1 il 9 ay ərzində (məhkəməyə iddia ərizəsi təqdim edənə qədər) nələr çəkdiyimi, yüz dəfələrlə ona zəng edən zaman məni aldatmağından, yalançı vədlər verərək məni əsəbləşdirdiyindən, mənim pulumu vermədiyi halda özünə Heydər Əliyev prospektindəki iş mərkəzlərinin birində bahalı ofis kirayəliyib fəaliyyət göstərməyindən yüz dəfələrlə əsəbləşərək sarsıntı, iztirab keçirməyimi məhkəmə (hakim Nərmin Əhmədova) ümumiyyətlə nəzərə almayıb. Yuxarıda qeyd etdiyi, məhkəməyə təqdim edəcəyi qətnamələrdə də mənəvi zərərin ödənilməsi təmin edilmişdir. Məhkəmənin (hakim Nərmin Əhmədova) qətnamənin 6-cı səhifəsinin 28-31-ci paraqraflarında geyd etdikləri də mülki hüquq normalarının düzgün tətbiq edilməməsi və ya düzgün şərh edilməməsidir. Belə ki, məhkəmənin (hakim Nərmin Əhmədova) istinad etdiyi MM-nin 52.1-ci maddəsi hüquqi şəxsin cavabdehliyi ilə bağlıdır, lakin həmin Məcəllənin 52.2-ci maddəsində “hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir” qeyd edilməsi Cavabdeh2 MMC-nindirektoru işləyən Qanuni nümayəndə öhdəliyin icra edilməsi məsuliyyətindən azad etmir. Ona görə də hesab edir ki, məhkəmə (hakim Nərmin Əhmədova) MM-nin 431.1-ci maddəsini nəzərə almalı olduğu halda bunu etməyib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən: Akif İsgəndərov) xx.xx.2018-ci il tarixli, 2(102)-6694/18 saylı qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsi: Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla Yəni, MMC-nin direktoru olan Qanuni nümayəndə hüquqi şəxsin adından çıxış etdiyinə görə onun ıhdəlikləri üçün bilavasitə cavabdehlik daşımaalıdır. Əks-təqdirdə “AZNETDEVELOPMENTM”MC-nin fəaliyyəti dayandırılacaq, nəticədə məhkəmə qətnaməsi icra edilməmiş qalmaqla MPM-nin 15.2-ci maddəsi pozulmuş olacaq. Odur ki, hesab edirəm ki, məhkəmə qətnaməsində Qanuni nümayəndə cavabdehlik öhdəliyi mütləq təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Həmin Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

11. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

12. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

13. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mal-meterialı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı və cavabdehin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən adıçəkilən müqavilə üzrə həmin tarixə borc məbləği 5805 manat təşkil edir. İddiaçı 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 5805 manat pulun ödənilməsini tələb etmişdir.

17. Məhkəmə iddianın bu hissəsini cavabdeh hüquqi şəxsə münasibətdə təmin etmiş, digər cavabdehə münasibətdə təmin etməmişdir.

18. İddiaçı 23 fevral 2022-ci il tarixli 26 nömrəli müqavilədən irəli gələn tələbi həm də hüquqi şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə yönəltmişdir.

19. Halbuki Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmçinin Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

20. Həmin Məcəllənin 456-cı maddəsinə əsasən, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

21. Bu mənada, hüquqi şəxsin idarəetmə orqanının, hazırkı halda təkbaşına rəhbəri Qanuni nümayəndə vasitəsilə mülki hüquqlar və vəzifələr əldə etməsi, öhdəlik hüquq münasibətinə daxil olması, sonuncunun həmin hüquq və vəzifələrə malik olması, öhdəlik üçün məsuliyyət daşıması anlamına gəlmir. Başqa sözlə, hüquqi şəxs öhdəlikləri üçün öz əmlakı ilə cavabdehdir. Bu səbəbdən də Qanuni nümayəndə 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn tələbin irəli sürülməsi mümkün deyildir.

22. Apellyasiya şikayətinin iddianın təmin edilməyən bu hissəsinə dair dəlilinə münasibətdə qeyd edilməlidir ki, hüquqi şəxsin direktorunun müqaviləni imzalaması öz adından yox, hüquqi şəxsin adından və mənafeyi naminə olmuşdur. Ona görə cavabdeh fiziki şəxs olan direktor iddiaya cavab verən şəxs deyil. Məhkəmənin mövqeyi əsaslı və qanuni olmuşdur.

23. İddiaçının narazı olduğu məqam pul məbləğinin gecikdirilməsi məbləğinin (illik 5 faiz) hesablanması ilə bağlıdır. İddiaçı hesab edir ki, 5 faizin hesablanmasının başlanğıc tarixi qarşılıqlı üzləşmə aktının imzalandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə isə əsassız olaraq pretenziya göndərilməsi tarixindən hesablamışdır.

24. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 495 manat məbləğində pulun da tutulmasını tələb etmişdir. Məhkəmə isə hesab etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 141,55 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

26. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).

27. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

28. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

29. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

30. Hazırkı halda iddiaçı xx.xx.2024-cü il tarixli məktubla cavabdehdən 23 fevral 2022-ci il tarixli 26 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyərinin ödənilməsini tələb etdiyindən məhkəmə hesab etmişdir ki, həmin tarixdən iddiaçı tərəfindən iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixədək olan 178 gün üçün illik 5 faizlə hesablama həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 141,55 manat (5805 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 178 gün (gecikdirilən gün sayı)) təşkil edir.

31. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 MMC-nin iddiaçıya olan borcu 5805 manat təşkil edir.

32. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, üzləşmə aktında borcun yalnız məbləği etiraf edilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq öz əksini tapmamışdır. Ona görə icranın gecikdirilməsinin başlanğıcı həmin tarixdən hesablana bilməz. Şikayətin müvafiq dəlili əsassızdır.

33. İddiaçı iddia ərizəsində 11890 manat məbləğində əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, məhkəmə zərərin vurulmasının sübut edilməməsi əsası ilə həmin tələbi rədd etmişdir.

34. İddiaçı apellyasiya şikayətində mənfəət vergisi bəyannaməsi məlumatlarına əsaslanaraq tələbinin əsaslı olmasına israr etmişdir.

35. Əldən çıxmış fayda ilə bağlı tələbin maddi hüquqi əsası Mülki Məcəllənin 21 və 443cü maddələridir. Mülki Məcəllənin zərərlə bağlı qeyd edilən (tətbiq edilən hüquq hissəsində) normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. Bundan əlavə iddiaçı tələbdə yalnız müqavilə müddəti bitdikdən sonra əldən çıxmış faydanı tələb etmiş, lakin hansı dövrləri əhatə etməsini göstərməmişdir. Çünki məhkmə qətnaməsi ilə iddiaçının əsas borca dair tələbi təmin və artıq ödənilmişdir, iddiaçı tərəfindən isə əldən çıxmış faydanın hansı illər üzrə tələb edilməsi qeyri-müəyyəndir. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi vergi məlumatları əldən çıxmış faydanın sübuta yetirilməsi üçün kifayət etmir.

37. İddiaçı iddia ərizəsində 10000 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş etsə də, məhkəmə mənəvi zərərin vurulmasının sübut edilməməsi əsası ilə həmin tələbi rədd etmişdir.

38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 nömrəli qərarın əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

39. İddiaçı bu tələblə bağlı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehlə arasında olan xx.xx.2022-ci il tarixli, 26 saylı müqavilənin 2.2-ci bəndində göstərilən müddət keçəndən sonrakı bir il ərzində, xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalayana qədər, bundan sonra keçən daha 1 il 9 ay ərzində (məhkəməyə iddia ərizəsi təqdim edənə qədər) nələr çəkdiyini, yüz dəfələrlə ona zəng edən zaman onu aldatmağından, yalançı vədlər verərək onu əsəbləşdirdiyindən, onun pulunu vermədiyi halda özünə Heydər Əliyev prospektindəki iş mərkəzlərinin birində bahalı ofis kirayələyib fəaliyyət göstərməyindən yüz dəfələrlə əsəbləşərək sarsıntı, iztirab keçirməyini məhkəmə ümumiyyətlə nəzərə almayıb. Yuxarıda qeyd etdiyi, məhkəməyə təqdim edəcəyi qətnamələrdə də mənəvi zərərin ödənilməsi təmin edilmişdir.

40. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu fəaliyyəti həyata keçirən şəxslər isə bazar risklərini nəzərə alaraq fəaliyyət göstərməlidirlər. Bu mənada fərdi sahibkarlıqla məşğul olan şəxsin kontragent tərəfindən icranın gecikdirilməsi halında avtomatik olaraq mənəvi zərərə uğraması yanaşması qəbuledilməzdir.

41. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı məhkəmənin gəldiyi nəticəni ona görə qanuni və əsaslı hesab edir ki, iddiaçı nə məhkəmədə, nə də apellyasiya icraatında istinad etdiyi psixi sarsıntı hallarına (zənglər və sair) dair sübutlar, həmçinin oxşar qətnamələri təqdim etməmişdir. Yalnız iddiaçının izahatı ilə kifayətlənərək mənəvi zərərin vurulması sübut edilə bilməz.

42. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7008/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar