Məhkəmə qərarları › İş №2-2(103)-198/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-198/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-198/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı 96810 manatın ödənilməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-930/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Elçin Rəhmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, 67/17 saylı xidmət müqaviləsinə görə ödənilməmiş 71292.28 (yetmiş bir min iki yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat pulun, həmin müqavilə üzrə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi, 18429.21 (on səkkiz min dörd yüz iyirmi doqquz manat iyirmi bir qəpik ) manat faiz pulun, əlavə 3 və 4 saylı protokollara görə 7088.7 (yeddi min səksən səkkiz manat yetmiş qəpik) manatın, ümumilikdə 96810 (doxsan altı min səkkiz yüz on ) manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2017-ci il tarixdə tikinti layihələrində havalandırma isitmə-soyutma işlərinə dair 67/17 saylı xidmət müqaviləsi bağlamışlar. Müqavilə şərtlərinə görə 1 və 2 saylı əlavələr üzrə icraçı (İddiaçı MMC) ümumi məbləği ƏDV daxil olmaqla, 142585,75 manat təşkil edən işləri xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixədək yekunlaşdıraraq təhvil verməlidir. Müqavilənin dəyərinin 50%-i saziş imzalandıqdan sonra avans şərtilə, qalan məbləğ isə yekun təhvil-təslim akti təsdiqləndikdən sonra ödənilməlidir. Müqavilənin 10-4 bəndinə əsasən sifarişçi və icraçı tərəfindən müvafiq olaraq ödəmələrin və görüləcək işlərin təyin olunmuş müddətlərinə riyayət olunmadığı təqdirdə qarşılıqlı maddi məsuliyyət daşımalı və ödənilməsi gecikdirilmiş məbləğ üzrə hər gün üçün 0,05% məbləğində cərimə ödənilməlidir. İddiaçı MMC öhdəliklərini tam, keyfiyyətli və vaxtında yerinə yetirməsinə baxmayaraq, sifarişçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini həyata keçirməmişdir. Bundan başqa tərəflər əlavə işlərin görülməsi barədə razılığa gəlmişlər. Qeyd olunan işlər də 3 və 4 saylı protokol kimi müqaviləyə əlavə şəkildə rəsmiləşdirilməlidir. Belə ki, faktiki əlavə olaraq 7088,7 manat məbləğində işlər görülmüşdür. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-930/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ASC-dən 66292,28 manat əsas və 6629,20 manat faiz borcunun tutularaq İddiaçı MMC- nə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-930/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən - 6629.20 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxaran zaman Cavabdeh ASC-nin əvvəllər öz öhdəliklərini layiqincə yerinə yetirməsini, öhdəliyin icra edilməməsinin Cavabdeh ASC-nin iradəsindən asılı olmamasını və şirkətin hal-hazırkı iqtisadi vəziyyəti nəzərə alınmamış və faiz borcunun müəyyən edilməsi üçün obyektiv araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-930/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən dəbbə pulu faizinin tutulması hissəsində mübahisələndirilir. Məhkəmə qətnamənin qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil. İş materiallarına əlavə olunmuş, xx.xx.2017-ci il tarixli 67/17 nömrəli xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçi tərəfindən təqdim edilmiş obyektlərdə havalandırma, soyutma-isitmə işlərini sifarişçinin layihə-smeta sənədlərinə uyğun yerinə yetirməli, sifarişçi isə görülmüş işlərin əvəzi olaraq 142585,75 manat pulu vaxtında ödəməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, müqavilə imzalandıqdan sonra sifarişçi icraçıya personalın, mal-materialın, köməkçi ləvazimatın səfərbər olunması məqsədi ilə müqavilənin ümumi dəyərinin 50 faizi miqdarında avans ödəməli, yekun təhviltəslim aktının “Mühəndis” və “Sifarişçi” tərəfindən imzalanmasından sonra isə qalan 50 faiz ödənişi icraçının hesabına ödəməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 67/17 nömrəli xidmət müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, göstəriləcək xidmətlər zamanı istifadə olunacaq materialların qiymətləri ƏDV daxil olmaqla 58963,28 manat olaraq Cavabdeh ASC ilə razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 67/17 nömrəli xidmət müqaviləsinə 2 nömrəli əlavədən görünür ki, göstəriləcək xidmətlər zamanı istifadə olunacaq materialların qiymətləri ƏDV daxil olmaqla 83622,47 manat olaraq Cavabdeh ASC ilə razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2017-xx.xx.2017ci il ərzində görülmüş işlər üzrə təhviltəslim aktlarından görünür ki, qeyd olunan tarixlər üzrə görülmüş işlərin ümumi dəyəri ƏDV –siz 120835,4 (62994,9+7871,6+7899,5+17186+24883,4) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli HR seriyalı 097813 nömrəli elektron vergi hesab-fakturasından görünür ki, xx.xx.2017-ci il tarixli 67/17 nömrəli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən 71292,87 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli EBAB seriyalı 270670 nömrəli hesab fakturadan görünür ki, xx.xx.2017-ci il tarixli 67/17 nömrəli xidmət müqaviləsi üzrə cavabdehin 71292,88 manat (ƏDV daxil) ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 4404 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 60417,69 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 298 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 4237,29 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 298A nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 762,71 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, **********510296 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 10875,19 manat ödəniş edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, Cavabdeh ASC-nin işçiləri tərəfindən Mingəçevir şəhərində qarşılanmışlar. Həmin vaxt onlara bildirilmişdir ki, su elektrik stansiyasının yeni inzibati binasının havalandırma sistemləri ilə müqavilə üzrə razılaşdırılmış gündən 1 gün əvvəl təhvil –təslim aparılmışdır. Qarşı tərəfdən həm təhvil-təslim zamanı habelə işə rəhbərlik edən Camalov Elburus adlı şəxs olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli 67/17 nömrəli müqaviləyə əsasən cavabdeh görüləcək işlərin dəyərinin 50%-ni, yəni 71292,87 manat pulu avans olaraq ödəməyi, qalan 50% məbləğin, yəni 71292,88 manatın isə işlərin təhvil-təslim aktı imzalanmasından sonra iddiaçının hesabına köçürülməsi razılaşdırılmışdır. İddiaçı isə öz növbəsində müqavilənin 1-ci və 2-ci əlavələri üzrə təsdiq edilmiş avadanlıqlardan istifadə etməklə işlərin görülməsini öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən edilmiş ödənişlərin ümumi dəyəri 76292,87 manat təşkil etdiyindən hazırki tələb üzrə iddiaçıya ödənilməli məbləğ 66292,28 manat olması müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin ƏDV-siz 120835,4 manat təşkil etməsinə dair təhvil-təslim aktları tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh tərəfindən öhdəliyinin icrasının gecikdirildiyi işin mübahisəsiz halıdır. xx.xx.2017-ci il tarixli müqavilənin 10.4-cü bəndinə əsasən sifarişçi və icraçı tərəfindən müvafiq olaraq ödəmələrin və görüləcək işlərin müddətlərinə riayət olunmadığı təqdirdə tərəflər qarşılıqlı maddi məsuliyyət daşımalı və gecikdirilmiş hər gün üçün gecikdirilmiş dəyərin 0,5 faizi məbləğində cərimə ödəməlidirlər. Tərəflər arasında işlərin xx.xx.2017-ci il tarixdə icra edilməsi barədə təhvil-təslim aktı imzalandığı halda cavabdeh ödənişi icra etmədiyindən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixədək 18429,21 manat cərimə faizi tələb edilmiş, məhkəmə tələb edilən dəbbə pulu faizini tənasübsüz şəkildə yüksək hesab edərək Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinin tələblərinə əsasən azaltmış, ümumi borc məbləğinin 10%-i məbləğində - 6629,20 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin cavabdehdən tutduğu cərimə faizinin daha artıq azaldılması üçün əsaslar müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 385.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-930/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-930/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar