Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-199/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4360/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.11.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.06.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15437,67 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.11.2021-ci il tarixli e-2-2(113)-4360/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 500000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 5437,67 manat məbləğində borc və 10 manat məbləğində dövlət rüsumunun tutulması, vəsaitin qalan hissəsinin Cavabdehnə qaytarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh haqlı olaraq iddia edilən borc məbləğinin 5437,67 manatlıq hissəsini büdcəyə ödəməmişdir. Belə ki, borcun 5437,67 manatlıq hissəsi isə mübahisəlidir. Bakı Kommersiya Məhkəməsi vergi orqanı tərəfindən siyahıya alınmış əmlakların müəyyən hissəsinin mülkiyyətçisinin cavabdehin olmadığını, cavabdehin əmlakların həmin hissəsindən sadəcə istifadə etdiyini araşdırmamışdır. Bakı Kommersiya Məhkəməsi mübahisəli 5437,67 manat DSMF borcunun ödənilməsini təmin etmək üçün Vergilər Məcəlləsinin 89.1, 89.7, 89.10 və 90.1-ci maddələrinə istinad edərək həmin maddələri düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan maddələr vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün nəzərdə tutulur, məcburi dövlət sosial sığorta haqları üzrə borcların yığılması təmin etmək üçün nəzərdə tutulmur. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh buna baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 01.06.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 01.06.2021-ci il tarixə yaranan 15437,67 manat borcuna görə 500000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 25.06.2021-ci il tarixli, **********3 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 02.07.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 01.06.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdehnə məxsus 500000 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 25.06.2021-ci il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Eyni zamanda Cavabdehnə aid şəxsi hesab vərəqəsindən görünür ki, sonuncunun 11.11.2021-ci il tarixə 4225,13 manat borcu vardır. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 4225,13 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləğinə aid hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin digər dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan borcun məhz vergi borcu, yoxsa dövlət sosial sığorta haqları olmasının mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyəti yoxdur. Çünki Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Siyahıya alınan əmlakın bir hissəsinin cavabdehin deyil, başqa şəxslərin mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut isə təqdim edilməmişdir. Habelə, əmlakın siyahıya alınması ilə bağlı iddiaçı tərəfindən müvafiq qərarlar qəbul olunmuş, lakin cavabdeh həmin qərarları inzibati qaydada mübahisələndirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri də tamamilə əsassızdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4360/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 4225,13 manat məbləğində borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-199/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-199/2022
01.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver