Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-2/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh-yə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(82)-2664/2014 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır (VÖEN **********).
2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********).
3. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 214/08 saylı təminatlı kredit müqaviləsi bağlanmış, bank cavabdehə 12 ay müddətinə 993600 manat məbləğində illik 20 faizlə kredit xətti açmağı öz öhdəsinə götürmüşdür.
4. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən, kredit vəsaitindən istifadə müddəti 26 iyun 2009-cu il tarixədək müəyyən edilmiş, kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli əlavələr imzalanmaqla borc alana verilən kredit vəsaitindən istifadə müddəti xx.xx.2010-cu il tarixədək uzadılmışdır. 5.Bank tərəfindən iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, iddiaçı 755.000 manat məbləğində kreditdən istifadə etmiş, həmin borcu xx.xx.2011-ci il tarixdə sonuncu dəfə ödəniş etməklə tam qaytarmış, kredit üzrə cəmi 111.474 manat faiz ödənilmiş, 358236,84 manat faiz, 372752,44 manat cərimə borcu ödənilməmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 05/5953-13 saylı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC 28 avqust 2013-cü il tarixinə banka ümumilikdə 358.236,80 manat məbləğində borcun yaranması barədə Cavabdeh-yə məlumat vermiş, borc ödənilmədiyindən 2013-cü ilin sentyabr ayında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən "xxxx" ASC-nin xeyrinə 358.236,84 manat faiz, 372.752,44 manat dəbbə pulu, ümumilikdə 730.989,28 manat borc və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 214/08 saylı kredit müqaviləsinə əsasən bank mal-material almaq məqsədilə istifadə etmək üçün cavabdehə 12 ay müddətinə 993.600 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Cavabdeh açılmış kredit xəttindən ümumilikdə 755.000 manat həcmində istifadə etmişdir. Kredit müqaviləsinin 2.3cü bəndinə əsasən, borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə hər gün illik 20 faizlə hesab olunur. Kredit müqaviləsinin 6.3-cü bəndinə əsasən borc alan tərəfindən kredit üzrə borc verənə çatmalı olan faizlər rübün son ayı başa çatanadək ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən kredit müqaviləsinə xx.xx.2009-cu il tarixli xx.xx.2009-cu il tarixli əlavələr imzalanmaqla borc alana verilən kredit vəsaitindən istifadə müddəti xx.xx.2010-cu il tarixədək uzadılmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin müddətinin xx.xx.2010-cu il tarixdə bitməsinə baxmayaraq əsas kredit borcuna hesablanmış faizləri ödəməmiş, bununla da müqavilə şərtlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələri kobud şəkildə pozmuşdur. Cavabdehə kredit qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər tam olaraq kredit borcunun ödənilməsi təmin edilməmişdir. Hal-hazırda Cavabdeh-nin banka 358.236,84 manat faiz, 372.752,44 manat dəbbə pulu, ümumilikdə 730.989,28 manat borc və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(82)- 2664/2014 saylı qətnaməsi ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçı "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 214/08 dəyəri 993.600 manat məbləğində təminatlı kredit müqaviləsi bağlandığı sübut edildiyindən, Cavabdeh iddiaya etirazını bildirmədiyindən, o cümlədən iddiaçının hesablamalarının səhv olmasına, 358.236,84 manat faiz, 372.752,44 manat dəbbə pulu, ümumilikdə 730.989,28 manat məbləğindən az məbləğdə borcun olmasına dair məhkəməyə sübut təqdim etmədiyindən iddia təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2014-cü il tarixli, 2(82)- 2664/2014 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı cavabdehin iştirakı təmin edilmədən keçirilmişdir. İddia ərizəsinin və məhkəmə qətnaməsinin nəticəsindən görünür ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği xx.xx.2008-ci il tarixli, 214/08 saylı kredit müqaviləsi ilə guya ödənilməmiş faizlər və dəbbə pulu üzrə olmuşdur. İddiaçı tərəfindən istinad edilən xx.xx.2008-ci il tarixli, 214/08 saylı kredit müqaviləsi üzrə Cavabdeh-nin ödənilməmiş hər hansı kredit öhdəlikləri qalmamışdır. Belə ki, ümumiyyətlə kredit müqavilələri üzrə ödənilən pul məbləğləri hər ödəniş üçün kredit ödənişi zamanı ödənilən pul məbləğinin əsas borc və faizlərə dair hissəsindən çıxılmalar edilməklə aparılır. Xüsusi hallarda müqavilədə nəzərdə tutulmuş hallarda aparılan ödənişlərin bütövlükdə əsas borcdan çıxılması nəzərdə tutula bilər. İddia ərizəsində və məhkəmə qətnaməsində qeyd edilən borc ümumiyyətlə mövcud olmamışdır və qətnamə də bu günə qədər icraya yönəldilməmişdir. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı qeyd edilən tələb üzrə borcun olmamasına dair sübutlar təqdim ediləcəkdir. Qətnamədə qeyd edilən hansı ki iddiaçı tərəfindən guya cavabdehə təqdim edildiyi bildirilən pretenziya cavabdehə verilməmiş, cavabdeh tərəfindən iddia edilən borcun mövcudluğundan məlumatları olmamış, ümumiyyətlə cavabdehin borcu olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-2(82)-2664/2014 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh-dən iddiaçı Bank Technique” ASC-nin xeyrinə 171.860,6 manat faiz borcu və 31.500 manat dəbbə pulu tutulmalıdır.
18. Cavabdeh apellyasiya şikayətində işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını-iddiaçı ilə kredit müqaviləsi bağlandığını, 755.000 manat məbləğində kreditdən istifadə etdiyini, kredit üzrə əsas borcun banka tam qaytarıldığını qəbul edərək faiz və cərimə borcu olmadığını göstərmişdir.
19. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş və tələb üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi təqdim edilə bilərdi. Belə ki, 375.2-ci maddəyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Normada ərizənin “məhkəmə qərarı çıxarılanadək” verilməsinin nəzərdə tutulması o deməkdir ki, bu ərizələr bir qayda olaraq apellyasiya instansiyası məhkəməsinə verilə bilməz. Yuxarı instansiya məhkəməsinə bu ərizə yalnız o halda verilə bilər ki, cavabdeh işə birinci instansiya məhkəməsi tərəfindən bu barədə məlumatız olsun. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etdiyi halda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmədiyindən apellyasiya instansiyası mərhələsində təqdim etdiyi ərizə məhkəmə tərəfindən qəbul edilmir və hüquqi qiymət verilmir.
20. Cavabdehin kredit müqaviləsi üzrə faiz və cərimə borcu qalıb- qalmadığının hesablanması xüsusi bilik tələb edən məsələ olduğundan işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 21.Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7187 saylı ekspert rəyində kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə cavabdehin faiz borcunun 358236,8 manat olduğu qeyd edilmişdir. Rəydə qeyd edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi 866474 manat ödəniş edilmişdir.
22. Cavabdehin vəsatəti əsasən təqdim edilmiş ödəniş qəbzləri nəzərə alınmaqla cavabdehin faiz və cərimə borcunun hesablanması üçün əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5151 saylı ekspert rəyinə əsasən Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixədək 866.474 (755.000,0 əsas borc + 111.474,0 manat faiz borcu) manat məbləğində ödəniş aparıldığı, xx.xx.2008-ci il tarixli 214/08 saylı təminatlı kredit müqaviləsinin və ona əlavə edilmiş sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh-nin müqavilə müddəti bitdiyi xx.xx.2010-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 815.040,6 manat (633.180 əsas borc + 181.860,6 manat faiz borcu) olduğu, xx.xx.2011-ci il tarixdə 643180 manat ödəniş olduğu, həmin ödənişin 10.000 manatının faiz üzrə, 633.180 manatının əsas borc üzrə silindiyi, cavabehin iddiaçıya əsas borcu qalmadığı, 171.860,6 manat faiz borcu qaldığı qeyd edilmişdir.
23. Məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7187 saylı ekspert rəyində cavabdehin faiz borcu kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixədək deyil, iddia qaldırıldığı xx.xx.2013-cü il tarixədək hesablandığından xx.xx.2022-ci il tarixli, 9/5151 saylı ekspert rəyi əsas götürülməklə cavabdehdən iddiaçının xeyrinə 171.860,6 manat faiz borcu tutulmalıdır.
24. Tələb olunan 372752,44 manat cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği tənasübsüz şəkildə yüksək olduğundan MPM-nin 467-ci maddəsinə əsasən həmin məbləğ azaldılaraq 31.500 manat (öhdəliyin icra müddəti bitdikdən sonra qaytarılmış 633180 manat əsas borcun 5%-dək) müəyyən edilməlidir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-2(82)-2664/2014 saylı qətnaməsi dəyişdirilərək Cavabdeh-dən iddiaçı Bank Technique” ASC-nin xeyrinə 171.860,6 manat faiz borcu və 31.500 manat dəbbə pulu tutulmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-2(82)- 2664/2014 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh-dən iddiaçı Bank Technique” ASC-nin xeyrinə 171.860,6 manat faiz borcu və 31.500 manat dəbbə pulu tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. 300 manat ekspertiza xərcinin 150 manatı iddiaçıdan, 150 manatı cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.