Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-20/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra - cavabdeh) qarşı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı icarə haqqı borcunun və cərimənin tutulması tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-140/2019 nömrəli iş üzrə 14 mart 2019-cu il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 nömrəli müqaviləyə xitam verilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd olunması, iddiaçıdan 490.087 manat əsas icarə haqqı borcunun və 4.651.049 manat cərimənin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 0641 nömrəli müqavilə ləğv edilmiş, qarşılıqlı rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamədən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmə cavabdehin qarşılıqlı iddiasını qismən, xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə yalnız 2007-ci ilə kimi tam icarə haqqı və 2007-ci ildən 2010-cu ilə kimi 4 ha torpaq sahəsi üçün icarə haqqı tələbi hissəsində əsaslı hesab etmiş, bununla belə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin iddia müddətini mübahisələndirdiyini qeyd edib, iddia müddətinə görə deyil, müddətin keçməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən (tələb etmək hüququnun keçməsi əsası ilə) qarşılıqlı iddianı tam olaraq təmin etməmişdir. İşin araşdırılan hallarından da görünür ki, iddiaçı uzun müddət, yəni 2007-ci ildən 2017-cı ilədək hüquqlarının pozulması barədə susmuş və yalnız məhkəmə qətnaməsində qeyd edildiyi kimi 2016-cı ilin dekabr ayında cavabdehə müraciət etmişdir. Bununla belə, xüsusi olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bağlanmış torpaq icarəsi haqqında müqavilədə tərəflər razılığa gəlmişlər ki, icarəçi icarə haqqını hər il dövlət büdcəsinə ödəyəcəkdir, yəni hazırkı halda cavabdehin icarəçi iddiaçı tərəfindən hər il icarə haqqının ödənilməsini təmin etməsinə nəzarət etmək səlahiyyəti olmamış və bu baxımdan müddətin ötməsinə görə öhdəliyə xitam verilməsinin hüquqi əsası da olmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-438/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən - ilk iddia təmin edilən hissədə ləğv edilmiş, ilk iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 8/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-376/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 0641 nömrəli müqavilənin 7 ha torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə tərəflərin müqavilə öhdəliklərinə xitam verilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia tam rədd edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(102)38/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi qismən iddiaçıdan 490.087 manat əsas icarə haqqı borcunun və 4.651.049 manat cərimənin tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməklə, eyni hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilib, ilk iddia 7 ha torpaq sahəsi hissədə qismən təmin edilərək, qarşılıqlı iddia rədd edildiyi, həmin qətnamə isə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qarşılıqlı iddia rədd olunan hissədə ləğv edilib, eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərildiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız cavabdehin qarşılıqlı iddiası təşkil edir. İşdə olan, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 99/2022 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Bakı ŞİH-in apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı ŞİH-ə qarşı xx.xx.2005-ci il tarixdə tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0641 nömrəli müqaviləyə xx.xx.2016-cı il tarixdən etibarən xitam verilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə e-2-2(113)-3120/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə ilə müəyyən edilmişdir ki, “... iddiaçıya ayrılmış torpaq sahəsi üzərində yerləşən tikililərin başqa şəxsin mülkiyyətinə keçməsi və bu səbəbdən iddiaçının torpaq sahəsindən könüllü imtina etməsi işin mübahisəsiz halını təşkil edir.” Bu kontekstdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Aparılması Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə tələb olunan araşdırmadan hərəkətlə, “Torpaq icarəsi haqqında” AR Qanununun: Maddə 14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Fərmanın 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə dövlət xidmətinə keçmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edildiyi, yəni cavabdeh hazırkı qarşılıqlı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olmadığı halda, belə bir iddia ilə Məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehin qarşılıqlı iddiası qanuni və faktiki əsaslara malik olmayan iddia kimi rədd edilməlidir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı olan dəlillərinin ayrıca müzakirəsinə lüzum görmədən, bütövlükdə razılaşmır. Birinci instansiya məhkəməsi isə, göstərilənlərin ziddinə, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni sonrakı qaydada əsaslandırmışdır: “Araşdırılan işin hallarından isə tam aydındır ki, 2005-ci ildə tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsi üzrə faktiki olaraq 2010-cu ildən sonra torpaq icarəsindən söhbət gedə bilməz. Bu hal isə, yəni faktiki olaraq icarəyə götürülmüş torpaq sahəsindən müddətli istifadə olunmaması, ondan bəhər götürülməməsi cavabdeh tərəfə də məlum olmuş, hazırki halda cavabdeh bu halların mövcud olmamasını mübahisələndirmir. Sadəcə cavabdeh sözügedən 11 ha torpaq sahəsinin 7 ha-nın 2007-ci ildən "xxxx"MMC-nin istifadəsinə verilməsini, qalan hissənin 2010-cu ildən məhkəmə qərardadları ilə “Kapitol” firmasının, daha sonra isə müxtəlif fiziki şəxslərin istifadəsinə verilməsini qəbul etsə də, torpaq icarə müqaviləsinin qüvvədə olması səbəbindən müqavilə tərəfi olan İddiaçıMMC-dən icarə haqlarını tələb edir. Məhkəmə isə bu halı hüquqdan sui-istifadə hesab edir. Belə ki, Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli “Torpaq icarə” müqaviləsi üzrə yalnız 2007-ci ilə kimi tam icarə haqqını, 2007-ci ildən sonra isə 2010-cü ilə kimi 4 ha torpaq sahəsindən istifadəyə görə icarə haqqını tələb etmək hüququna malikdir. Qarşılıqlı iddia üzrə cavabdeh həmçinin, icarə haqqlarının tələb edilməsi ilə bağlı iddia müddətinin tətbiq edilməli olduğunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli “Torpaq icarə” müqaviləsi üzrə 2007-ci ildən sonra 4 ha (11ha-7ha=4 ha) hissədə, 2010-2013-cü ildən sonra isə qalan hissədə faktiki olaraq torpaq icarə müqaviləsi mövcud olmadığından, icarəçi icarəyə götürülmüş torpaq sahəsindən istifadə edə, bəhər əldə edə bilmədiyindən icarəyəverən tərəfindən icarə haqqını tələb etmək üçün 5 illik müddət keçmişdir. Qeyd olunanlara və qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə hesab edir ki, tələb etmə müddəti keçdiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.” MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni deyil, apellyasiya şikayəti qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-140/2019 nömrəli iş üzrə 14 mart 2019-cu il tarixli qətnaməsi yoxlanılan - qarşılıqlı iddia rədd edilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə ləğv edilsin. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh İddiaçı MMC-yə qarşı cavabdehdən 490.087 manat əsas icarə haqqı borcu və 4.651.049 manat cərimənin tutulması tələblərinə dair qarşılıqlı iddiası rədd edilsin. Bakı Şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-2(103)-20/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-20/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver