Məhkəmə qərarları › İş №2-2(103)-200/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-200/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-200/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı “Xalq Bank" ASC-nin Cavabdeh qarşı “borcun tutulması və sair” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli e-2-2(113)-2657/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “borcun tutulması və s.” tələbi barədə iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********79-06302 reyestr nömrəli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən banka mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16 100,50 kv.m təşkil edən əmlak komplesinin 1-ci mərtəbəsindəki 70 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq mövcud olan 309.93 (üç yüz səkkiz manat 93 qəpik) manat məbləğində icarə haqqı üzrə borc və icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həmin qeyri-yaşayış sahəsindən faktiki istifadəyə görə 2890.73 (iki min səkkiz yüz doxsan manat 73 qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 3199.66 (üç min yüz doxsan doqquz manat 66 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq ASC “XALQ” Bankına verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2-2(113)-2657/2022 saylı qərardadı ilə ASC “Xalq” Bankının Cavabdeh qarşı “borcun tutulması və s.” tələbinə dair işi üzrə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. ASC “Xalq” Bankı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2657/2022 saylı qərardadından xx.xx.2022-ci il tarixində şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli e-2-2(113)-2657/2022 saylı qərardadının ləğv olunmasını və iddiaya dəyişiklik edilməsi barədə ərizənin məhkəmənin icraatına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəməyə işə məhkəmə iclasında baxılmasından əvvəl təqdim edilmişdir. Belə ki, hazırkı kommersiya mübahisəsi üzrə məhkəmə hazırlıq iclası zamanı Qeyri-yaşayış sahəsinin «Qeyri-yaşayış sahəsinin icarəsi haqqında» 28 aprel 2021-ci il tarixli müqavilənin 2.3.16-cı yarımbəndinin tələbləri pozulmaqla qanunsuz olaraq "xxxx" MMCnin istifadəsinə verildiyi məlum olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC 28 noyabr 2022-ci il tarixli 2864-01/B-2022 nömrəli məktubla Qeyri-yaşayış sahəsində fəaliyyət göstərdiklərini bildirmişdir. Belə olan halda "xxxx" MMC-nin kommersiya işi üzrə cavabdeh qismində cəlb olunmasına və iddia tələbinə müvafiq dəyişiklik edilməsinə zərurət yaranmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, kommersiya işi üzrə ilk məhkəmə baxış iclası 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə isə 08 dekabr 2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Göründüyü kimi, iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəməyə bilavasitə məhkəmə baxışı zamanı deyil, işin məhkəmə iclasında baxılmasına başlamadan təqdim edilmişdir. Belə olan halda məhkəmə tərəfindən istinad edilən əsasla ərizənin geri qaytarılması düzgün sayıla bilməz və qeyd edilən ərizə icraata qəbul edilməlidir. Hətta işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarıldığını nəzər alıb, bir anlıq məhkəmənin mülahizəsi ilə razılaşsaq belə, iddiaya dəyişiklik edilməsi barədə ərizə yenə də icraata qəbul edilməlidir. Çünki, qeyri-yaşayış sahəsindən "xxxx" MMC tərəfindən istifadə edilməsi faktı rəsmi surətdə yalnız həmin Cəmiyyətin xx.xx.2022-ciil tarixli 2864-01/B-2022 nömrəli məktubu məhkəməyə təqdim edildikdən sonra təsdiq olunmuşdur. Bu halın mövcudluğu başqa cavabdehin işə cəlb edilməsi üzrə hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin Bankdan asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslı hesab edilməsi üçün kifayətdir. Hesab edilir ki, "xxxx" MMC ilə mediasiya sessiyasının keçirilməsinə, həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilməsinə zərurət yoxdur. Belə ki, cavabdeh qismində işə cəlb edilməsi nəzərdə tutulan "xxxx" MMC ilə mediasiya sessiyasının keçirilməsi, həmçinin iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə həmin cavabdehə göndərilməsi o halda zəruri olar ki, tərəflərin subyektiv tərkibi, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətləri kommersiya xarakterli olsun. Hazırkı mübahisə çərçivəsində Cavabdeh qarşı irəli sürülən tələblərin bir hissəsi kommersiya mübahisəsi hesab olunsa da, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə "xxxx" MMC-yə münasibətdə tələblər əmlakın sonuncunun qanunsuz sahibliyindən alınması ilə bağlıdır. Beləliklə, Bankın "xxxx" MMC-yə qarşı irəli sürdüyü tələblər mübahisənin predmeti və tərəflər arasında hüquq münasibətləri baxımından kommersiya xarakteri daşımır. Odur ki, "xxxx" MMC-yə qarşı irəli sürülən tələblər və tərəflər arasında hüquq münasibətləri kommersiya xarakterli olmadığından görə sonuncu ilə mediasiya sessiyasının keçirilməsinə, həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilməsinə zərurət yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2657/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2657/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə hazırlıq iclası keçirilmiş və işə mahiyyəti üzrə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə yenidən elektron məhkəmə sistemi vasitəsi ilə iddia ərizəsinə dəyişiklik edilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın . Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı hazırlıq iclası yekunlaşdıqdan sonra əlavə cavabdeh cəlb etməklə idia ərizəsinə əlavə verərkən həmin əlavənin hansı səbəbdən hazırlıq iclasında verilmədiyini əsaslandıra bilməmişdir. İddiaçı şikayət ərizəsində qeyd edir ki, qeyri-yaşayış sahəsindən "xxxx" MMC tərəfindən istifadə edilməsi faktı rəsmi surətdə yalnız həmin Cəmiyyətin xx.xx.2022-ciil tarixli 2864-01/B-2022 nömrəli məktubu məhkəməyə təqdim edildikdən sonra təsdiq olunmuşdur. Həmin məktub barədə iddiaçının nümayəndəsinə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məlumat verildiyindən (protokoldan görünür ki, sədrlik edən bu sənədi elan etmişdir) əgər iddianın iddiaya əlavə vermək niyyəti var idisə, nümayəndə iclasın təxirə salınması barədə vəsatət verməli və işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməli idi. Lakin protokoldan görünür ki, belə vəsatət verilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb edilməsinə dair ərizəyə tərəflərin ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənəd əlavə olunmamışdır. İddiaçı şikayət ərizəsində "xxxx" MMC-yə qarşı irəli sürülmüş tələbin (əmlakın sonuncunun qanunsuz sahibliyindən alınması) kommersiya mübahisəsi olmadığı üçün mediasiya prosedurundan keçməsinə zərurət olmadığını qeyd etmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İşdən görünür ki, "xxxx" MMC iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsindən icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edir. Buna görə də, iddiaçının "xxxx" MMC-yə qarşı tələbinin kommersiya mübahisəsi olmadığında dair dəlili əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2657/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “Xalq Bank" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2657/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar