Məhkəmə qərarları › İş №2-2(103)-201/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-201/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-201/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və X2rşı “kredit borcunun tutulması” tələbinə dair Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və X2rşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5573/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Tərəflər arasında bağlanmış “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” adlı müqaviləyə və maliyyələşmə üçün xx.xx.2021-ci il tarixli ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixədək illik 19,5 %-lə 30.000 manat məbləğində kredit xətti açılmışdır

2. İddiaçı ilə Yusufoviç Qanuni nümayəndə arasında bağlanmış 19 may 2021-ci il tarixli DG**********00 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

3. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli PB-OUT- 05167- 2021 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X6 əsasən yaranmış öhdəliklərini icra etmədiyini, gecikmiş öhdəliklərin 7 iş günü müddətində icrasının təmin edilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

4. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-01007-2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə iddiaçı qarşısında DCL00274987-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 30000 manat əsas borcu, 3319,20 manat faiz borcu, 4082,50 manat cərimə borcu olmaqla, ümumilikdə 37401,70 manat borcu mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən birgə qaydada DCL00274987-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 30,000 manat əsas borc, 3,319.20 manat faiz borcu, 4082,50 manat cərimə borcu olmaqla, cəmi 37401,70 manat məbləğində borc və ödənilmiş 203 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02787LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00274987-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 19,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 34,5%, günlük cərimə faizi 0.0958% olmaqla, 30.000 manat məbləğində kredit xətti açılmışdır. Bununla yanaşı iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış DCL00274987-04 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli DG**********00 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin Müştəri DCL00274987-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 270 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi DCL00274987-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 30.000 manat əsas borc, 3,319.20 manat faiz borcu, 2,645 manat cərimə borcu olmaqla, cəmi 35964,20 manat təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı Mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli X5 5 bölməsinin 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. X6 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5573/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə müştərək qaydada 30.000 manat məbləğində əsas, 3,319. manat məbləğində faiz bоrcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 34819,20 manat məbləğində pulun və ödənilmiş 203 (iki yüz üç) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 30.000 manat əsas borcunun, 3,319.20 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 30,000 manat əsas borc, 3,319.20 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

9. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 4082,50 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır.

11. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1500 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5573/2022 saylı qətnaməsinin qismən ləğv edərək iddianın cərimə hissəsində təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5573/2022 saylı qətnaməsinin cərimənin məyyən edilməsi hissəsində əsassız olduğundan qətnamə ləğv edilməli və həmin hissədə iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmə iclasında şirkətin nümayəndəsi izahat verərək kredit üzrə əsas və faiz borcu hissəsində iddiaya etiraz etməmiş, lakin cərimənin tətbiq edilməsinə dair razı olmadığını bidirmişdir. İddiaçı tərəfindən ayrılmış kredit üzrə fazi borcu 10 ay ərzində mütəmadi olaraq ödənilmişdir, faiz borcundan təxminən 5000 manat məbləğində pul ödənilmişdir. Lakin şirkətin maddi durumu ağır olduğu üçün ödənişlər dayandırılmışdır. Yəni cavabdehlər tərəfindən kreditin ödənilməsi üçün cəhdlər göstərilsə də, həmin müddətdə ödənişləri vaxtında həyata keçirilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, mediasiya prosesi zamanı barışıq əldə etmək, borcun restrukturizasiya qaydasında iki il ərzində aylıq ödəmək şərti ilə icra edilməsinə razılıq verilməsini iddiaçıya təklif etmişdir. Lakin iddiaçı tərəf təklifi qəbul etməmişdir. Məhkəmə cavabdehlərin maddi vəziyyətini, ödənişlərin bir müddət həyata keçirilməsini, ödənişlərin hissə-hissə ilə ödənilməsi barədə iddiaçıya təklif etdiyini nəzərə almayaraq, əsas və faiz borcunun ödənilməsi ilə yanaşı 1500 manat məbləğində cərimə tətbiq etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

15. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsi- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsi- dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.1-ci maddəsi- əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2-ci maddəsi- əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3-cü maddəsi-əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən qismən-cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5573/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni əsas borcun və faiz borcunun tutulması hissəsində mübahisələndirmir. Qətnamə yalnız cərimə borcunun tutulması hissəsində mübahisələndirilir. Cavabdeh qeyd edir ki, kredit ödənişlərini maddi imkanları olmadığı üçün həyata keçirə bilmədiklərindən, iddiaçıya bu barədə məlumat verildiyindən cərimə tələbi hissəsində iddia rədd edilməlidir.

20. Tərəflər arasında bağlanmış müqavilədən və maliyyələşdirmə barədə ərizədən görünür ki, kredit ödənişlərinin qrafik üzrə həyata keçirilməməsinə görə illik 15 faiz cərimə ödənilməsi nəzərdə tutulmuşdur.

21. İşdən görünür ki, iddiaçı tərəfindən tələb edilmiş 4082,50 manat cərimə məhkəmə tərəfindən MPM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 1500 manat müəyyən edilmişdir. Cavabdeh ödənişləri gecikdirdiyi halda cərimə faizləri ödəməli olduğuna dair yazılı olaraq öhdəlik götürdüyündən qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5573/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5573/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar