Məhkəmə qərarları › İş №2-2(103)-202/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-202/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-202/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə; İddiaçı “xxxx” QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməsi və icarə obyektindən çıxarılması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(81)-1619/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq müəyyən etdi: “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-dən 24000 manat icarə haqqı, 122400 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 146400 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri –yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı təmin etmə tədbiri kimi icarə obyekti olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri –yaşayış sahəsindən “xxxx” MMC-nin istifadəsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbindən iddia ərizəsi verilmiş tarixədək yaranmış borclar tələb edilir. Halbuki, hal-hazırda da cavabdeh tərəfindən heç bir ödəniş aparılmadan həmin sahədən istifa edilir və bunun nəticəsində yeni borc öhdəliklərinin yaranmasına səbəb olur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1619/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, icarə obyekti olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən,sahəsi 4110,46 kv.m olan qeyri–yaşayış sahəsindən “xxxx” MMC-nin istifadəsinə qadağa qoyulmuşdur. Cavabdeh “xxxx” MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icarə obyektindən istifadəyə qadağa faktiki olaraq icarə obyektindən çıxarılma, yəni, iddia tələbi ilə eynilik təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Fərman Babayev şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1619/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, şikayət isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, iddianı təmin etmək üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlər tələb olunan əmlak tələbinin xarakterinə və xüsusiyyətlərinə mütənasib olmalıdır. MPM-nin 157-158-ci maddələrində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. İddiaçı bu vəzifəni icra etməmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 804 nömrəli icarə müqaviləsi üzrə “xxxx” MMCnin sahiblik və istifadəsinə verilmiş daşınmaz əmlkaın istifadəsinə qadağa qoyulmasına dair məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2. (“Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir”) və 424.3-cü (“Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır”) maddələrinin tələbləri baxımından həll edilməlidir. Həmin maddələrin təhlili bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış və qüvvədə olan müqavilə əsasında yaranmış sahiblik və istifadə hüququna xitam verilməsi müqavilənin ləğvi barədə iddia tələbi həddində baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanılmış 804 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri – yaşayış sahəsi cavabdehin sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi həmin müqavilə hal-hazıradək qüvvədədir və iddiaçı tərəfindən müqavilənin ləğvi mübahisələndirilməmişdir. Hazırki iddia tələbi isə məhz “xxxx” MMC-dən 24000 manat icarə haqqı, 122400 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 146400 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri – yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”-dır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1619/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli və cavabdehin şikayəti təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1619/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş “icarə obyekti olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 kv.m olan qeyri – yaşayış sahəsindən “xxxx” MMC-nin istifadəsinə qadağa qoyulması barədə” barədə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar