Məhkəmə qərarları › İş №2-2(103)-203/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-203/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-203/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kommersiya işi Açar söz: əldən çıxmış fayda, 5 faiz Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdəki sübutlardan görünür ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh2 arasında 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin cavabdeh tərəfindən icrası təmin edilmədiyindən (İddiaçı ASC kredit borcunun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ümumilikdə cəmi 114.299,62 ABŞ dolları məbləğində borc tutulması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15.389,26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-4784/2018 nömrəli qərarı ilə təmin edilməmişdir.

4. Qətnamə ilə tutulmuş borcun ödənildiyinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda üzrə borcun və 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırkı Yelo Bank” ASC)-dən illik 19 faizlə 24 ay müddətinə 125.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 ümumilikdə cəmi 114299.62 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15389,26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-4784/2018 saylı qərarı ilə təmin edilməmişdir. Ümumilikdə, cavabdeh tərəfindən tutulan borcun məbləği 105297.66 ABŞ dolları olmuşdur. 07 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28557 ABŞ dolları əldən çıxmış fayda borcu vardır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf 07 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda borcunun tutulmasını xahiş etmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi məhz Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsinin nəticəsi ilə bağlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Belə olan halda iddiaçı tərəfin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.

10. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-149/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından da görünür ki, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 nömrəli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kreditor öz vəzifə öhdəliyini tam yerinə yetirərək 24 oktyabr 2014-cü il tarixində İddiaçı ASC-dən illik 19 faizlə 24 ay müddətinə 125.000 ABŞ dolları məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2017-ciil tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və borcludan yekunda 105297.66 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmçinin qeyd olunan qətnamə yenidən lazımi qaydada icra edilmədiyi üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi illik 5 faizlə hesablanmış 28.557 ABŞ dolları əldən çıxmış fayda borcun tutulması zərurəti yaranmışdır. İşin hallarından görünür ki, borclu 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. İş üzrə xx.xx.2017-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinin icra edilməməsi səbəbindən bankın ehtiyat vəsaitlərindən istifadə olunmasına maneə törətmiş, dolayısı ilə həmin zərərin aradan qaldırılması zərurəti ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.557 ABŞ dolları borc cavabdehdən tutulmalıdır. Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini hazırki zamana kimi lazımi qaydada yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.5-ci maddə-əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 88408,4 ABŞ dolları əsas borc, 15389,26 ABŞ dolları faiz, 1500 dolları cərimə, 30 manat dövlət rüsumu tutulmuşdur. Qeyd edilən mübahisə üzrə yekun məhkəmə aktı xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Hazırda iddiaçı qətnamə ilə cavabdehdən tutulmuş məbləğin hal-hazıradək ödənilmədiyini iddia edərək MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün xx.xx.2018-ci il tarixdən (iddiaçınıb nümayəndəsinin izahatına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsinin banka çatdığı tarixdən) xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 28.557 ABŞ dolları əldən çıxmış faydanın tutulmasını tələb etmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, qətnamə qəbul edildikdən sonra kreditorun qətnaməni icra etməmiş borcludan MM-nin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın tutulması tələbi o zaman təmin edilə bilər ki, borclunun təqsirli olduğu müəyyən edilmiş olsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-149/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Nizami rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh2 barəsində məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməyə görə inzibati xəta törədilməsi barədə protokol tərtib etmiş, məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-540/2018 nömrəli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir. Məhkəmə MM-nin 445.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, qətnamənin icra edilməməsinə görə cavabdehin təqsiri sübut olunmadığından iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4841/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4841/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar