Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-204/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı mənfəət almaq hüququnun təmin edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 12.11.2021-ci il tarixli e-2-2(113)-4500/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMCyə qarşı ("xxxx" MMC, “X5” MMC, “GRBS X3” MMC, “GRBS” Məhdud Məsuliyyyətli Cəmiyyəti, “GRBS X4” MMC, “GRBS X1” MMC, "xxxx" MMC, "xxxx" MMC, “X2” MMC, "xxxx" MMC, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «Grbs X7" MMC-nin fəaliyyəti nəticəsində 2017-ci ildən hazıra qədər əldə edilmiş xalis mənfəətin, nizamnamə kapitalındakı mayasına uyğun olaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh «GRBS X6" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı «Grbs X7" MMC-nin 2017-ci ildən təsisçisidir. Həmin Cəmiyyətin nizamnamə kapitalının 50%-i iddiaçıya məxsusdur. Eyni zamanda, iddiaçının təsisçisi olduğu cavabdeh «GRBS X7" MMC hazırkı iddia üzrə üçüncü şəxs qismində cəlb edilmiş hüquqi şəxslərin də təsisçisidir. Yəni, cavabdeh «GRBS X7" MMC daha 10 hüquqi şəxsin də təsisçisi olaraq həmin hüquqi şəxslərdən mənfəət almaq hüququna malikdir. Lakin buna baxmayaraq, İddiaçı, iştirakçı (təsisçi) kimi bu günə qədər cavabdehdən heç bir mənfəət ala bilməmişdir. Hətta sonuncu, cavabdeh cəmiyyətin fəaliyyətindən də xəbərsizdir (bunu təsdiq edən qanuni qüvvəyə minmiş qətnamə vardır). Bu günə qədər, nə vergi orqanı, nə də cavabdeh iddiaçıya cəmiyyətin fəaliyyəti ilə əlaqədar sənədləri təqdim etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.11.2021-ci il tarixli e-2-2(113)-4500/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 90-1.2-cimaddəsinin tələblərini nəzərə almamış və bu maddi-hüquq normasını ümumiyyətlə tətbiq etməmişdir. Halbuki, məhz bu maddi-hüquq norması, İddiaçı cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəət almaq hüququnun olduğunu təsdiq edir və həmin hüquq norması müəyyən edir ki, iştirakçıya xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Qanun məhz Məhdud Məsuliyyətli Cəmiyyət üçün, ümumi yığıncağın mənfəətin bölüşdürülməsinə dair qərarının qəbul edilməsindən sonra bir ay müddətində iştirakçıya mənfəətin ödənilməsi vəzifəsini müəyyən edir. Başqa sözlə, cavabdehin qanunun yuxarıda göstərilən tələbini, yəni bir ay ərzində iştirakçıya mənfəət ödənilməsi vəzifəsini yerinə yetirməməsi, iddiaçının öz hüquqlarını təmin etmək üçün məhkəməyə müraciət etməsinə əsas yaradır. Birinci inctansiya məhkəməsi iş üzrə məhz qeyd edilən maddi hüquq normasını tətbiq etməli və cavabdeh Cəmiyyətdə mənfəətin bölüşdürülməsinə dair qərarın qəbul edilib-edilməməsini, habelə mənfəətin iddiaçıya nə səbəbə ödənilməməsini aydınlaşdırmalı və bundan sonra iş üzrə düzgün qətnamə qəbul etməli idi. Məhkəmə iclası zamanı, dəfələrlə cavabdeh Cəmiyyətə tələblə bağlı iddiaçının müraciət etməsini təsdiq edən sənədlər, habelə cavabdehin iddiaçını Cəmiyyətin fəaliyyətindən kənarda qoyması, bunu təsdiq edən məhkəmə aktları, həmçinin iddiaçının Cəmiyyətin fəaliyyəti barədə məlumat və sənədləri müstəqil əldə etmək imkanının olmamasınıtəsdiq edən vergi orqanının imtina məktubu məhkəməyə təqdim edilsə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələblərini pozaraq, heç bir əsas olmadan həmin sübutları tələb etmək barədə iddiaçının nümayəndəsinin vəsatətini təmin etməmiş, bununla da, iş üzrə heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları, o cümlədən cavabdeh Cəmiyyətdə mənfəətin bölüşdürülməsinə dair qərarın qəbul edilib-edilməməsini, habelə mənfəətin iddiaçıya nə səbəbə ödənilməməsini aydınlaşdırmalı olduğu halda bunu araşdırmamışdır. Bununla da, birinci instansiya məhkəməsi, mübahisənin düzgün həlli üçün son dərəcə əhəmiyyətli olan mühüm halları araşdırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 06.04.2022-ci il tarixə təyin edilmiş, işdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatı, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12.11.2021-ci il tarixli e-2-2(113)-4500/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı işdəki sübutlar (Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biri olmaqla cəmiyyətdə 50% paya sahibdir. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq şirkətin fəaliyyəti nəticəsində 2017-ci ildən hazıra qədər əldə edilmiş xalis mənfəətin, nizamnamə kapitalındakı mayasına uyğun olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh «GRBS X6" MMC-yə həvalə edilməsini tələb edir. Məhkəmə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhdud Məsuliyyətli Cəmiyyətlərdə xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi MM-nin 90-1.1-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 91.3-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: Həmin Məcəllənin 91.3.3-ci maddəsinə cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, məhkəmə iddiaçının tələbini o halda təmin edə bilərdi ki, Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi yığıncağı tərəfindən xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə qərar qəbul edildiyi sübut edilmiş olsun. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edildiyindən bu barədə qərar olmadığı halda məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilə bilməz. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları, o cümlədən cavabdeh Cəmiyyətdə mənfəətin bölüşdürülməsinə dair qərarın qəbul edilib-edilməməsini, habelə mənfəətin iddiaçıya nə səbəbə ödənilməməsini aydınlaşdırmalı olduğu halda bunu araşdırmamışdır. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iddiaçının vəsatəti əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə tərəfindən cavabdehin 2017-ci ildən sonra vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin təqdim edilməsi barədə sorğu göndərilmiş, sorğuya cavaba əsasən müəyyən edilmişdir ki, «GRBS X6" MMC yalnız 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Bəyannamədən aydın olur ki, həmin il üçün MMC-nin keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəəti 0 olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin əsaslı olduğunu sübut edə bilmədiyindən şikayət əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.12.2021-ci il tarixli 2- 2(113)-5618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12.11.2021-ci il tarixli e-2-2(113)-4500/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-204/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-204/2022
06.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver