Məhkəmə qərarları › İş №2-2(103)-205/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-205/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-205/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin (ləğvedicisi X2) Cavabdeh Firmasına qarşı “kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-654/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC (ləğvedicisi X2) Cavabdeh Firmasına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə: - xx.xx.2012-ci il tarixli, 05 saylı kredit müqaviləsi üzrə 2.430.000 manat əsas borc, 494.099 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 41.850 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla, cəmi 2.965.949,99 manat borcun; - xx.xx.2016-cı il tarixli, 03/16 saylı kredit müqaviləsi üzrə 5.620.000 manat əsas, 999.891,66 manat müqavilə müddəti üçün hesablanan faiz borcu, 1092,77 manat cərimə borcu, 209.970,64 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla, cəmi 6.830.955,07 manat borcun və 30 manat dövlət rüsumunun tutulması; - tutmanın xx.xx.2012-ci il tarixli, 05 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2012-ci il tarixli, 05 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş metal tikinti material istehsalı avadanlıqlarına və xx.xx.2016-cı il tarixli, 03/16 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2016-cı il tarixli, 03/16 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş inşaat metal məmulatlarının istehsal avadanlıqlarına yönəldilməsi, bu avadanlıqların açıq bazarda satılması və satışdan əldə olunmuş məbləğin borcun ödənilməsi üçün ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi X1 keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05 nömrəli kredit müqaviləsinə əsasən firmaya 42 ay müddətinə, illik 8 faiz dərəcəsi olmaqla, 2 430 000 manat məbləğində kredit verilmiş və eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsinə əsasən metal tikinti material istehsalı avandanlıqları kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı məqsədilə ipoteka predmeti kimi təqdim olunmuş, həmçinin, tərəflər arasında xx.xx.2016-cı il tarixli, 03/16 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə, illik 7% faiz dərəcəsi olmaqla, 5 620 000 manat kredit verilmiş və kreditin qaytarılmasının təminatı kimi xx.xx.2016-cı il tarixli, 03/16 saylı ipoteka müqaviləsi bağlanmış və inşaat metal məmulatlarının istehsal avadanlığı kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı məqsədilə ipoteka predmeti kimi təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-654/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, aşağıdakılar qət olunmuşdur: «Cavabdeh firmasından xx.xx.2012-ci il tarixli, 05 saylı kredit müqaviləsi üzrə yaranmış 2.430.000 manat əsas borc, 494.099 manat 99 qəpik müqavilə müddəti üçün hesablanmış faiz borcu, cəmi 2.924.099 manat 99 qəpik məbləğində pulun iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilsin; Tutma İddiaçı1 ASC ilə Cavabdeh Firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş metal tikinti material istehsalı avandanlıqlarına yönəldilsin və həmin əşyaların hərracdan satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına LPO İddiaçı1 ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra girov predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh Firmasına qaytarılsın; Cavabdeh firmasından xx.xx.2016-cı il tarixli, 03/16 saylı kredit müqaviləsi üzrə yaranmış 5.620.000 manat əsas borc, 999.891 manat 66 qəpik müqavilə müddəti üçün hesablanmış faiz borcu və 100 manat cərimə olmaqla, cəmi, 6.619.991manat 66 qəpik məbləğində pul iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilsin. Tutma İddiaçı1 ASC ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 03/16 saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş inşaat metal məmulatlarının istehsal avandanlıqlarına yönəldilsin, həmin əşyalar hərracdan satılsın, onların satışından əldə olunmuş pul vəsaiti hesabına LPO İddiaçı1 ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra girov predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh Firmasına qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh Firmasından tutularaq iddiaçı LPO İddiaçı1 ASC-nin xeyrinə ödənilsin. İddiaçı Cavabdeh Firmasından ekspertiza xərcinin əvəzi olaraq 245 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.» İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni, qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edib, iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faizlik borc hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə cavabdeh qətnaməni həmin hissədə əsassız hesab etmiş və bu mövqeyini Mülki Məcəllənin 445.7, 449.1, 449.3-449.4, AR Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına istinad olunmaqla əsaslandırılmış və qeyd etmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv(pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3-cü və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Qaraxan apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, illik beş faizin təmin edilməyən hissəsində qətnaməni ləğv edib həmin hissədə də tələbin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(«MPM») 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi birinci kredit müqaviləsi üzrə ödənişin gecikdirildyi vaxt üçün hesablanan 5 faizin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, ikinci müqaviləyə münasibətdə isə gecikdirilmiş vaxt üçün illik 5 faizin tutulmasının rədd olunması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız illik beş faizlə bağlı iddianın rədd olunan hissəsində mübahisələndirilir. Belə olan halda, məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinin tələbi baxımından hesab edir ki, işə şikayət həddində baxılıb qiymət verilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh firmaya illik 8 faiz dərəcəsi ilə 2 430 000 manat məbləğində 42 ay müddətinə kredit verilmiş, lakin həmin müddətin bitməsinə baxmayaraq, borclan cavabdeh tərəfindən həmin kredit məbləği və ona hesablanmaış faizlərin qaytarılmasını təmin etməmişdir. Belə ki, xx.xx.2012-ci il tarixli, 05 nömrəli kredit müqaviləsinin: - 5.5-ci bəndinə əsasən istifadə müddəti xx xxxx 2016-cı il tarixində 17:00 saatda bitir; -7.1-ci bəndinə əsasən 5.5-ci bəndi ilə nəzərədə tutulumuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir; -7.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunur; -9.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin 7.1-ci bəndində nəzərədə tutulumuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş hesablarında yaranır; -9.3-cü bəndinə əsasən gecikdirilmiş borc yarandığı tarixdən borc verən qanunvericiliklə müəyyən edilmiş qaydada borc alanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır. Qanunvericiliyə, o cümlədən, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət dapşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbindən isə görünür ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğtələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarına əlavə olunmuş iddiaçının iddia tələbinin dəqiqləşirilməsi barədə ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş, adıçəkilən, 05 saylı kredit müqaviləsinə dair xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından da görünür ki, müqavilənin yuxarıda qeyd olunan şərtlərinə müvafiq olaraq ödənişin gecikdirildiyi müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə görə 41.850 manat məbləğində illik beş faiz hesablanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, işin qeyd olunan halları işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, həmin hissədə iddianın rədd olunması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qətnamənin həmin hissədə əsassız olduğunu mübahisələndirən dəliləri ilə razılaşır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 03/16 saylı kredit müqaviləsinə gəldikdə isə məhkəmə kollegiaysı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin müqaviləyə münasibətdə ödənişin gecikdirilməsinə görə illik 5 faiz hesablanmasının rədd olunması əsaslıdır. Belə ki, sözügedən müqavilənin 5.5-ci bəndinə əsasən kredit vəsaitindən xx xxxxxx 2019-cu il tarixdə bitir ki, belə olan halda da işin məhkəmə araşdırılması zamanına təsadüf edir və gecikdirilmiş vaxtın bir il keçdiyi müəyyən olunmur. Həmin müqaviləyə dair işə əlavə olunmuş maliyyə arayışında isə iddiaçı tərəfindən hansı gecikdirilmə vaxtından söhbət getdiyi açıqlanmır, əsaslandırma mövcud deyil. Ona görə də məhkəmə kollegiyası iddiaçının qətnamənin həmin hissədə əsassız olduğunu mübahisəlndirən dəlilləri ilə razılaşmır. Beləliklə də qeyd edilənləri məcmu halında qiymətləndirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-654/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi - xx.xx.2012-ci il tarixli, 05 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan beş faizin rədd olunması hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin olunmalı, həmin müqavilə üzrə gecikdirilmiş vaxt üçün hesablanan 41.850 (qırx bir min səkkiz yüz əlli) manat məbləğində illik beş faiz Cavabdeh firmasından iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulmalı, xx.xx.2016-cı il tarixli 03/16 saylı müqaviləyə münasibətdə isə gecikdirilmiş vaxt üçün beş faizin tutulmasının rədd olunması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-654/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi - xx.xx.2012-ci il tarixli, 05 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan beş faizin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh firmasından iddiaçı, ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 05 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan 41.850 (qırx bir min səkkiz yüz əlli) manat məbləğində illik beş faiz tutulsun. Qətnamə, iddianın xx.xx.2016-cı il tarixli 03/16 saylı kredit müqaviləsinə münasibətdə gecikdirilmiş vaxt üçün faizin tutulmasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar