Məhkəmə qərarları › İş №2-2(103)-205/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-205/2021

25.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-205/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanına dair hüquqların verilməsi” barədə müqavilənin və bu müqavilə əsasında həmin əmtəə nişanına “xxxx” MMC-nin hüquqlarının qeydiyyatının etibarsız hesab olunması, iddiaçıya dəymiş ziyanın ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1794/2020 saylı xx.xx.2020-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin ilə iddiaçı arasında rəsmiləşdirilmiş “əmtəə nişanına dair hüquqların verilməsi” barədə xx.xx.2017-ci il tarixli müqavilənin, bu müqavilənin qeydə alınması ilə bağlı həmin tarixli iddia ərizəsinin və bu müqavilə əsasında həmin əmtəə nişanına “xxxx” MMC-nin hüquqlarının qeydiyyatının etibarsız hesab olunması, iddiaçıya məxsus əmtəə nişanına dair hüquqların başqa şəxsə verilməsinin qanunsuz olaraq rəsmiləşdirlməsi, qeydə alınması və istifadə olunması ilə bağlı iddiaçıya dəymiş cəmi 10.000.000 manat məbləğində ziyanın Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə “İdeal parfumery & cosmetics” əmtəə nişanı 2005 0372-35ci sinif “İDEAL” təsvir və 2009 0846 -35, 39-cu siniflər (35 - reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər, 39-malların qablaşdırılması və saxlanılması) “ideal” təsvir kimi iddiaçının adına dövlət qeydiyyatına alınmış və bu əmtəə nişanı ilə iddiaçı yaratdığı “İdeal parfumery & cosmetics” mağazalar şəbəkəsində sahibkarlıq fəaliyyəti göstərmişdir. xx xxxxxx 2007-ci il tarixdə isə 100% təsisçi payı iddiaçıya məxsus olan “xxxx” MMC-ni təsis etmiş və xx.xx.2014-cü il tarixdə iddiaçı ilə “Lisenziat” – yəni, “xxxx” MMC arasında qeyd olunan iki (2009 0846 nömrəli əmtəə nişanının 35 və 39-cu) siniflər üzrə qeydə alınmış əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında soqnuncunun istifadəsinə verilməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqavilənin 8-ci bəndinə əsasən əmtəə nişanın qüvvədə olma tarixinin bitənədək bağlanmış və dövlət qeydiyyatına alınmış və bu barədə iddiaçıya bildiriş təqdim edilmişdir. İddiaçının göstərilən əmtəə nişanına 35, 39-cu siniflər üzrə hüququ xx.xx.2019- cu il tarixə qədər qüvvədə idi. 2017 00034 nömrə ilə “İdeal perfumery & cosmetics” əmtəə nişanına 3-cü sinif üzrə hüquqları qeydə alınmış və bu barədə iddiaçıya xx xxxxxx 2017-ci il tarixli arayış verilmişdir. “xxxx” MMC - xx xxxxxx 2007-ci il tarixdə 100% təsisçi payı iddiaçıya məxsus olmaqla iddiaçı tərəfindən təsis edilmişdir. xx xxxxxx 2011-ci il tarixdə cəmiyyətin nizamnamə kapitalı 10.000 manat miqdarında qaldırılmışdır. “xxxx” MMC 5475 manat ödəməklə Cəmiyyətin nizamnamə kapitalında hər biri 500 manat nominal dəyərə malik 20 paydan 11-ni (55 faizi) əldə etmiş, iddiaçıya isə 4500 nominal dəyərə malik 9 pay (45%) qalmışdır. xx xxxxxx 2014-cü il tarixdə “xxxx” MMC “xxxx” MMC ilə əvəz edilmiş, daha sonra həmin cəmiyyətdə olan payların tamamı X2 ötürülmüş və nəticə etibarı ilə yenə də cəmiyyətdə 9 pay, yəni 45% iddiaçıya, 11 pay (55%) isə X2 aid olmuşdur. İddiaçı həm də cəmiyyətin direktoru olmuşdur. Bundan sonra şirkətin dayanıqlı inkişafı üçün bir sıra layihələri həyata keçirməli olmuşdur. İddiaçı təmir işləri ilə bağlı ehtiyacı ödəməkdən ötrü digər təsisçi Zərifə Həmzəyevanın əsas səhmdarı olduğu “Silk Way” Bankdan götürdüyü bank kreditinin əvəzi olaraq şirkətdəki payının 20%-ni də digər həmtəsisçiyə dövr etməli olmuş, qeydiyyat şirkətin nizamnamə kapitalının 10 min manatdan 3.200.000 manata qaldırılması yolu ilə həyata keçirilmişdir. Beləliklə 2016-cı ilin noyabr ayından şirkətdəki payı 25% təşkil etmişdir. x xxxx 2017-ci il tarixdə “xxxx” MMC-nin əsassız şikayət ərizəsi əsasında iddiaçı həbs olunmuş həbsdə olduğu müddətdə düşdüyü ağır vəziyyətdən istifadə edən digər həmtəsisçi iddiaçının xx.xx.2017-ci il tarixdə saxlandığı cəzaçəkmə müəssisəsində yerdə qalan təsisçilik payının da tam olaraq Z.Həmzəyevaya verilməsinə dair bir sıra sənədləri imzalamağa məcbur etmişdir. Yalnız bu sənədləri imzaladıqdan sonra iddiaçının həbsdən azad ediləcəyi ilə bağlı qarşında şərt qoyulmuş, o da məcbur olub iddiaçıya təqdim edilən sənədləri imzalamış və həmin gün də həbsdən azad edilmişdir. Hazırda ona məlum olmuşdur ki, 2005 0372-35-ci sinif “İdeal” təsvir və 2009 0846 -35, 39-cu siniflər “ideal” təsvir əmtəə nişanına aid olan hüquqlar bütövlükdə “ xxxx” MMC-yə verilmiş və əmin əmtəə nişanına dair hüquqları sonuncunun adlına qeydə alınmışdır. Bu qeydiyyat qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Eyni zamanda bu qeydiyyat üçün əsas olmuş xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, nə müqavilədə, nə də bu müqavilənin qeydiyyatı ilə bağlı adına tərtib edilmiş iddia ərizəsindəki imzası notariat qaydasında təsdiqlənməmişdir. Bu müqavilə və iddia ərizəsini cəzaçəkmə müəssisəsində imzalamağa məcbur edilmişdir. Hətta məcburiyyət qarşısında bir sıra sənədləri imzalayarkən bu sənədlərin mahiyyətinə belə nəzər yetirməmişdir. Həmin vaxt böyük iztirablar içində olmuş və həbsi ilə bağlı ailə üzvlərinin yaşadığı üzüntülər qarşısında iddiaçıya təqdim olunan sənədləri imzalamağa məcbur olmuşdur. “Əmtəə nişanına dair hüquqların verilməsi barədə” müqavilədən də görünür ki, güya iddiaçı bu hüquqları əvəzsiz olaraq vermişdir. Halbuki, həmin vaxt eyni əmtəə nişanına dair göstərilən lisenziya müqaviləsi əsasında bu hüquqlar “Lisenziat” kimi “xxxx” MMC-də idi və həmin müqavilənin 5.1-ci bəndinə əsasən iddiaçıya bu müqavilə əsasında lisenziya mükafatı ödənilməli idi. Lisenziya müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixə xx.xx.2019cu il tarixə qədər idi . Belə olan halda iddiaçı həmin müqavilə qüvvədə ola-ola öz mənafeyinə ziyan vuran yəni heç bir haqq ödənilmədən əmtəə nişanına dair hüquqlarının verilməsi ilə bağlı müqaviləni aldadılaraq imzalamağa məcbur edilmişdir. İddiaçıya məxsus nişanından qanunsuz istifadəsi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, iddiaçı bir ildə ən azı 3.000.000 manat vəsait əldə edə bilərdi. Bunu “xxxx” MMC-nin bu nişandan istifadə etməklə əldə etdiyi illik mənfəətin göstəricilərindən də aydın görmək olar. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1794/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iddia müddətini ötürülməsi barədə düzgün nəticəyə gəlməmişdir. Mülki Məcəllənin 377.1-ci madəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, x xxxx 2017-ci il tarixində cavabdehin əsassız şikayəti əsasında həbs olunmuş, onun bu vəziyyətindən istifadə edən digər həmtəsisçi onun həbsdən azad olunması müqabilində sənədləri imzalamağa təhrik etmiş, tələsik həmin sənədələri imzalaimaığı onu məcbur etmişlər. Sənədlər tələsik imzalaması AR ƏN Penitensiar Xidmətin Nərimanov rayon məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubu təsdiq edir. Belə ki, həmin məktubda qeyd edilir ki, onun müaliycə müəssisəsində saxlanıldığı müddətdə xx.xx.2017-ci il tarixdə saat 16:37-dən 17:57-dək, xx.xx.2017-ci il tarixdən saat 13:03-dən 17:44-dək vətəndaş X6, xx.xx.2017-ci il tarixdə saat 14:50-dən 17:44-dək X4 və xx.xx.2017-ci il tarixdə saat 17:30-dan 17:41-dək 17 saylı Notariat foisinin notariusu X3 qısa müddətli görüşdə olmuşdur. Bütün bunlar onu təsdiq edir ki, notarius sifariş əsasında bütün imzalanacaq sənədləri hazırlayıb onun yanına gətirmiş, imzaladığı sənədlər barədə isə ona izahat verməmiş, hüquqlarını izah etməmişdir. Bundan əlavə, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilir ki, istintaq zamanı “xxxx” MMC məktubla istintaqa müraciət edib şirkətin fəaliyyəti ilə bağlı notarial hərəkətlərin aparılmasına zərurət yarandığını göstərmişdir. O, notarial hərəkətlər aparılması üçün heç bir notariusu dəvət etməmiş, yalnız 2020-ci il tarixdə vəkil sorğusu nətiəcəsində bu barədə məlumat ala bilmiş, bundan sonra da məhkəmədə iddia qaldırmışdır. Odur ki, o, iddia müddətini ötürməmiş, əksinə, hüququnun pozulduğunu bildiyi andan məhkəmədə iddia qaldırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının və ikinci cavabdehin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, mübahisələndirilən müqavilənin iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə imzalandığını, həmin tarixdən 3 ilə yaxın müddət ərzində heç bir narazılığını bildirmədiyini, iddia müddəti keçdikdən sonra məhkəmədə əsassız iddia qaldırdığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdrıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı iddia tələbindən göründüyü kimi, əvvəllər təsisçisi olduğu “xxxx” MMC ilə aralarında bağlanmış “əmtəə nişanına dair hüquqların verilməsi” barədə xx.xx.2017-ci il tarixli müqavilənin və bu müqavilənin qeydə alınması ilə bağlı “xxxx” MMCnin hüquqlarının qeydiyyatının etibarsız hesab olunmasını və həmin müqavilənin qanunsuz qeydiyyata alınması ilə bağlı ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir (İş materiallarına əsasən müəyyən olunur ki, “xxxx” MMC-nin hüquqi varisidir). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək Mülki Məcəllənin 354-jü maddəsinin müddəaları nəzərə alınmaqla, iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddia müddəti buraxıldığı müəyyən edilərək iddia rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəlləsinin qeyd olunan 354.2-ci maddəsində nəzərdə tutulur ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məcəllənin qeyd olunan imperativ normasından göründüyü kimi, zorakılıq və hədəqorxunun təsiri altında və ya digər mübahisələndirilə bilən əqdlərin mübahisələndirilməsi üçün qanunverici tərəfindən bir illik kəsici iddia müddəti müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində və onun apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, onunla, Cavabdeh2 MMC-nin hüquq sələfi “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş “əmtəə nişanına dair hüquqların verilməsi” barədə müqaviləni cəzaçəkmə müəssisəsində həbsdə olarkən, hədə-qorxu təsiri altında imzalamış, imzaladıqdan sonra da dərhal həbsdən azad edilmişdir. Belə olan təqdirdə, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbi baxımından, həbsdən azad olunduğu həmin gündən (xx.xx.2017-ci il tarixindən) müqavilənin etibarsız sayılmasına əsas verən halı bildiyi və yaxud bilməli olduğu halda, hazırkı həmin müqavilənin və nəticələrinin etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsindən göründüyü kimi, qanunla müəyyən edilən kəsici müddət xx.xx.2018-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, iddia müddəti iki dəfədən də çox keçmişdir. Belə olan halda, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İkinci bir tərəfdən qeyd olunimalıdır ki, iddiaçı 3 ilə yaxın müddət ərzində xx.xx.2017ci il tarixində imzalayıb notariat qaydasında təsdiq edilmiş həmin müqaviləyə dair heç bir etirazını da bildirməmiş, onun müqavilə bağlanarkən ona qarşı törədilən hədə-qorxu və zorakılıq hərəkətləri ilə bağlı təqsirkar şəxslər barəsində cinayət təqibini həyata keçirən orqanlara müraciətinə dair sübutetmə vasitələri də mövcud deyil. Mülki Məcəllənin 351.3-cü maddəsi isə nəzərdə tutur ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Beləliklə də İddiaçıilə “xxxx” MMC arasında bağlanmış “əmtəə nişanına dair hüquqların verilməsi” barədə xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən olunmur. Belə olan halda, iddiaçının həmin müqavilə əsasında, ona məxsus əmtəə nişanına “xxxx” MMC-nin hüquqlarının qeydiyyatının etibarsız hesab olunmasına dair, habelə, bu hüquqların başqa şəxsə verilməsi ilə bağlı ona dəymiş ziyanın ödənilməsi barədə iddia tələblərinin də faktiki və hüquqi əsaslarının mövcudluğu istisna olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmənin gəldiyi nəticə işin hallarına, maddi və prosesual hüquq normalarına uyğundur.Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1794/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1794/2020 saylı xx.xx.2020-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar