Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-205/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, e-2-2(113)-1216/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.10.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 15.591,19 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 33.641,48 manat və İşsizlikdən sıǧorta fonduna ödənilməmiş 1367,65 manat məbləğində borcunun ödənilməsinin tamin edilməsi məqsədi ilə 16.230 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin 20.10.2020-ci il tarixə olan vergi, dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 16.230 manat dəyərində olan əmlakları ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 15.591,19 manat məbləğində vergi borcunun və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 33.641,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun tutularaq Dövlət Sosial Müdafiə Fonduna, 1367,65 manat məbləğində işsizlikdən sığorta haqqı borcunun tutularaq İşsizlikdən sığorta Fonduna ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yükləməklə müddətin bərpasına dair ərizə verərək, müddətin ötürülməmiş hesab olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli e-2-2(113)-1216/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş prosessual müddətinin bərpası barədə ərizə təmin edilmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında Bakı Kommersiya Məhkəməsinin 06.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə yüklənildiyi andan tərəfə çatdırıldığı sayılır. Digər tərəfdən hətta məhkəmənin qanunvericiliyə əks olan bu mövqeyi ilə razılaşsalar belə, 12.03.2021-ci il tarixli qətnamə cavabdehin nümayəndəsi və vəkilinə rəsmi qaydada təqdim edilib. Göründüyü kimi məhkəmə aktı qanunvericilikdən, məhkəmə sənədlərinin təqdim edilməsi formasından məlumatı olmayan sıravi vətəndaşa deyil, peşəkar hüququ bilikləri və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan bir şəxsə təqdim edilib. Hərçənd ki, cavabdeh müddətin bərpasına dair ərizədə Kommersiya Məhkəməsinə sənədlərin elektron qaydada verilməli olduğunu bilməmiş və hüquqi savadsızlığı səbəbindən kağız daşıyıcıda verdiyini qeyd edir, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan peşəkar hüquqşünasın bunu bilməməsi mümkün deyil. Belə olan halda isə cavabdehin vəkili tərəfindən 12.03.2021-ci il tarixdə qəbul edilmiş qətnamədən 1 aydan çox keçən müddət keçməklə verilmiş apellyasiya şikayətinin müddətinin üzürlü hesab edilməsi əsassızdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh vergi ödəyicisinin “ASAN” imza sertifikatı mövcüddur və həmin sertifikatı olan hər bir şəxs Vahid məhkəmə portalı sisteminə giriş edərək icraatda olan məhkəmə işləri barədə məlumatı və məhkəmə sənədlərini əldə edə bilər, həmçinin ərizə, vəsatət, şikayət və digər sənədləri həmin məhkəməyə göndərmək imkanına da malikdir. “ASAN” imzası olmayan şəxslər isə şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə Vahid məhkəmə portalı sisteminə giriş edərək məhkəmə işləri barədə məlumatlar ala və məhkəmə tərəfindən qəbul edilmiş aktlarla tanış ola bilər. Göründüyü kimi 12.03.2021-ci il tarixli qətnamədən məlumatlı olması üçün cavabdehin və onun nümayəndəsi və vəkilinin kifayət qədər imkanı mövcud olmasına baxmayaraq, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamənin tərəfə 12.08.2021-ci il tarixədək çatmaması qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, 12.03.2021-ci il tarixli qətnaməni cavabdeh tərəfin alması barədə yetərincə sübutlar mövcuddur və cavabdeh tərəfindən buraxılmış müddət üzürlü sayıla bilməz. Belə olan halda qərardad ləğv edilməli və buraxılmış müddətin üzürlü hüsab edilməsi barədə ərizə təmin edilməməlidir. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, e-2-2(113)-1216/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi xəbərnaməli məktubla Cavabdeh MMC-yə göndərilmiş, lakin məktub "ünvan düzgün deyil" qeydi ilə geri qayıtmışdır. 12.08.2021-ci il tarixdə qətnamə cavabdehin nümayəndəsi və vəkili Vəkil rəsmi qaydada verilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayətini 11.09.2021-ci il tarixdə kağız daşıyıcıda, poçt vasitəsi ilə məhkəməyə göndərmiş, həmin şikayət məhkəmənin 16.09.2021-ci il tarixli qərardadı ilə elektron qaydada verilmədiyinə görə qaytarılmış, bundan sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil proses iştirakçısı kimi “Elektron Məhkəmə” informasiya sisteminə əlavə edildikdən (29.11.2021-ci il tarixdə) dərhal sonra qərardadda göstərilmiş nöqsanları aradan qaldırmaqla apellyasiya şikayətini yenidən məhkəməyə təqdim etmiş, həmçinin müddətin bərpası barədə ərizə vemişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hazırkı halda cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinin elektron işə 19.11.2021-ci il tarixdən sonra əlavə edildiyindən, cavabdehin işdə elektron kabineti olmadığı üçün apellyasiya şikayətini ilk dəfə prosessual müddəti ötürmədən kağız daşıyıcıda göndərdiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinin təmin edilməsi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, e-2-2(113)-1216/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, e-2-2(113)-1216/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-205/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-205/2022
10.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver