Məhkəmə qərarları › İş №2-2(103)-205/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-205/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-205/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi”nə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4105/2023 saylı, 15 noyabr 2023cü il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 41.400 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında yerləşən 3909 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1646 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir.

3. Cavabdeh "xxxx" MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddianı qəbul etmir, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 02 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 "xxxx" MMC-də olan nizamnamə kapitalının məbləği 100 manat, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan 100 manat məbləği, 100 faizi alıcı X1. Bu alqı-satqı müqaviləsinə qədər isə Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli müqaviləyə əsasən ünvan 2nda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-yə yaşayış binasının tikintisi üçün icarəyə verilmiş və MMC tərəfindən həmin sahədə bina tikilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən icarəçi 31 yanvar 2018-ci il tarixdən başlayaraq hər il 13318 manat 12 qəpik icarə haqqını Bakı şəhər İcra Hakimiyyətinin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödəməlidir. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli müqavilənin mövcud və tərəflər üçün məcburi olmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC-nin icarəsində olan ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan həmin torpaq sahəsinə dair müqavilə bağlamağa MMC-ni məcbur etmiş, bunun nəticəsi olaraq cavabdehlə "xxxx" MMC arasında 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləni bağlamağa "xxxx" MMC-nin məcbur edilməsi ilə əlaqədar çəkilmiş foto şəkillər, video görüntülər vardır. Bu şəkil və görüntülərdən tikinti sahəsinə giriş yolunun cavabdehin işçiləri tərəfindən “Tofas” markalı AZ **-AK-*** dövlət qeydiyyat nişanlı, “Nissan XTrail” markalı AZ **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlanıldığı, avtomobilləri tikintiyə giriş yolunda saxlayaraq beton məhlulu daşıyan maşınları tikintiyə buraxmamaları sübut olunur. Cavabdehlə bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən illik icarə haqqı 36000 manat; aylıq icarə haqqı isə 3000 manat müəyyən edilmişdir. Cavabdeh bu hərəkəti ilə qanunları və "xxxx" MMC-nin hüquqlarını pozduğuna görə müqavilə ləğv olunmalıdır.

5. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1646 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə mövcud olan 50400 manat pul vəsaitinin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T.bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4105/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ilkin cavabdeh "xxxx" MMC-dən icarə müqaviləsi üzrə 50.400 manat məbləğində borcun tutularaq ilkin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi, ilkin iddia ərizəsinin verilməsinə görə (iddia tələbinin həcminin artırılması barədə ərizə də nəzərə alınmaqla) ödənilməli olan 241,20 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh "xxxx"xxxx"xxxx" MMC-nin qarşılıqlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

7. İlk iddia tələbi üzrə cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4105 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət mülkiyyətində olan torpaqlarla bağlı icarəyə verən kimi Azərbaycan Respublikası adından həmçinin yerli icra hakimiyyəti orqanları çıxış edə bilər və Bakı şəhər İcra hakimiyyəti ilə "xxxx" MMC arasında icarə müqaviləsi olduğu halda sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılması qanunsuz olmuşdur. Müqavilə münasibətlərinin mövcudluğu isə onu nəzərdə tutur ki, həmin müqaqvilə ilə tərəflərin qarşılıqlı hüquq və vəzifələri, sonuncu ilə bağlı isə tərəflərin öhdəlikləri müəyyən edilmişdir. İcarə müqaviləsindən irəli gələn münasibətlərin tərəfləri isə icarəyə verən kimi yerli icra hakimiyyəti orqanları, icarəçi isə hüquqi və ya fiziki şəxslər ola bilərlər. Torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyəti orqanları ilə hüquqi və ya fiziki şəxslər arasında olan münasibətlər müqavilə əsasında yaranmışdır. İstinad edilmiş sonuncu müddəalarda isə bir tərəfdən müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqının icarəçi tərəfindən dövlət büdcəsinə ödənilməsi vəzifəsi müəyyən edilmiş, digər tərəfdən isə icarəçi tərəfindən bu vəzifənin icra edilib edilməməsinə nəzarət icarəyə verənə həvalə olunmuşdur. Yəni, məhz icarəyə verən kimi yerli icra hakimiyyəti orqanları icarəçidən icarə haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Lakin icarəyə verən tərəfindən icarə haqqının dövlət büdcəsinə daxil edilməsinin təmin olunmasına nəzarət isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanları inzibati orqanların siyahısına daxil edildiyindən, sonuncu tərəfindən icarə haqqının dövlət büdcəsinə daxil olması təmin edilmədiyi və bu halı Dövlət Xidməti müəyyən etdiyi təqdirdə, yalnız yuxarı inzibati orqana inzibati qaydada müraciət etməklə həmin qurum qanunla müəyyən edilmiş “icarəyə verilməsindən daxilolmalara nəzarəti” həyata keçirmiş olur. Sübuta yetir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarə haqqının dövlət büdcəsinə daxil olmalara nəzarəti həyata keçirən orqandır, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqlarının dövlət büdcəsinə daxilolmalara nəzarəti həyata keçirən orqan olduğundan Xidmətin özü ilə müqavilə bağlanılması qanunsuz olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli icarə müqaviləsi bağlanıldıqdan və müqavilə üzrə müəyyən edilmiş hüquq vəzifələr Bakı şəhər İcra Hakimiyyətinin maraqlarına toxunduğundan, sonradan isə "xxxx" MMC ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətilə 1646 nömrəli 07 aprel 2022-ci il tarixli müqavilə bağlanıldığından məhkəmə Bakı şəhər İcra Hakimiyyətini maraqlarına toxunan şəxs kimi işə cəlb etməmişdir. Məhkəmə Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli icarə müqaviləsinin hal-hazırda qüvvədə olması, əvvəlki müqavilə üzrə hər hansı ödəniş etməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini göstərir. "xxxx" MMC həmin müqaviləni məhkəməyə təqdim etmişdir, müqavilə qüvvədədir və ilkin iddia üzrə iddiaçı müqavilənin qüvvədə olub olmamasını mübahisələndirməmişdir. İlkin iddiaçının məcburən bağlatdığı müqaviləyə əsasən "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 6000 manat icarə müqaviləsi haqqı ödəmişdir. Bu pulun Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli icarə müqaviləsi üzrə ödənilməli məbləğə hesablanması düzgün olardı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarə haqqının dövlət büdcəsinə daxil olmalara nəzarəti həyata keçirən orqandır, Dövlət Xidməti Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqlarının dövlət büdcəsinə daxilolmalara nəzarəti həyata keçirən orqan olduğundan özü ilə müqavilə bağlanılması qanunsuz olmuşdur. Məhkəmə iş materiallarında olan fotoşəkillər və videoların hazırki mübahisə ilə bağlılığının olmaması nəticəsinə gəlmişdir. Halbuki foto şəkillər və videolardan "xxxx" MMC-nin tikinti işləri yerinə yetirdiyi obyekt, həmin obyektə beton məhlulu gətirən avtomaşınlar, onların yolunu bağlayan avtomobillər görünür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətni müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.

13. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Mülki Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

16. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

17. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

18. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

22. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

23. Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

24. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir.

25. Həmin Əsasnamənin 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir.

26. Həmin Əsasnamənin 4.0.18-ci yarımbəndinə əsasən vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi isə əsasızdır.

29. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 oktyabr 2020-ci il tarixli 1613 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi yaşayış binasının tikintisi üçün icarəçinin istifadəsinə verilmişdir.

30. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə 49 il müddətinə bağlanır. 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür.

31. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən icarə haqqı 31 yanvar 2018-ci il tarixdən hesablanır.

32. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 13.318,12 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür.

33. Həmin müqavilənin 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün birinci ayının 5dən gec olmayaraq ödənilir.

34. 02.02.2022-ci il tarixdə X6 (satıcı) və X5 (alıcı) arasında bağlanmış təsis payının alqı-satqısı müqaviləsinin Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı X6 "xxxx" MMCdə olan nizamnamə kapitalının məbləği 100 manat, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan 100 manat məbləği, 100 faizi alıcı X1.

35. Həmin müqavilənin 2-ci bəndinə əsasən tərəflər satılan payın satış qiymətini 100 dəyərində müəyyən ediblər.

36. Həmin müqavilənin 3-cü bəndinə əsasən 2-ci bənddə nəzərdə tutulmuş məbləği alıcı satıcıya notariusun depozit hesabına ödəyir.

37. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcı alqı-satqı müqaviləsi təsdiq olunduğu andan müəssisədəki payını alıcıya verməyi alıcı isə həmın payı ona verildiyi tarixdə qəbul etməyi öhdəsinə götürür.

38. Həmin müqavilənin 9-cu bəndinə əsasən bu müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Müqavilə hər iki tərəfdən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.

39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 07 aprel 2022-ci il tarixli 1646 saylı icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün icarəçinin müvəqqəti istifadəsinə verilmişdir.

40. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 36000 manat, aylıq icarə haqqı 3000 manat müəyyən edilir.

41. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 idarəsindəki hesabına ödənilməlidir.

42. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir.

43. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

44. Kollegiya hesab edir ki, 07 aprel 2022-ci il tarixli 1646 saylı icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün illik icarə haqqı məbləği 36000 manat, aylıq icarə haqqı 3000 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilsə də, cavabdeh torpaq sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, bunun nəticəsində dövlət büdcəsinə 50400 manat məbləğində ödənilməmiş icarə haqqı borcu yaranmışdır.

45. Cavabdeh "xxxx" MMC ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsinin yaşayış binasının tikintisi üçün icarəyə götürülməsi barədə ilk əvvəl Bakı şəhər İcra Hakimiyyəti ilə 06 oktyabr 2020-ci il tarixində icarə müqaviləsinin bağlanması və həmin müqavilə qüvvədə olduğu halda iddiaçı ilə eyni torpaq sahəsinə dair yeni müqavilənin bağlanması barədə dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı cavabdeh istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti ilə bağlandığı müqavilənin hal-hazırda qüvvədə olması, o cümlədən ilkin iddiaçı ilə icarə müqaviləsi bağlandıqdan sonra əvvəlki müqavilə üzrə hər hansı ödəniş etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

46. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC-dən dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəsinə görə 50400 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

47. Qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsinin bağlanmasına məcbur edilməsi həmin müqavilənin ləğvi üçün deyil, etibarsız hesab edilməsi üçün əsas qismində çıxış edir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillər və videolar isə qarşılıqlı iddia üzrə əsaslı hesab edilməsini sübut edilməsi üçün kifayət etmir, həmin fotoşəkillər və videoların hazırkı mübahisə ilə bağlılığının olması belə iş materialları ilə müəyyən edilmir.

52. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı halda ilkin cavabdehin qaldırdığı icarə müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilərək mübahisəli icarə müqaviləsinin ləğv edilməsi ehtimal edilsə belə göstərilən hal ilkin cavabdehi icarə müqaviləsinin ləğv edilməsinədək olan dövr üçün icarə haqqını ödəmək öhdəliyindən azad etmir.

53. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlk iddia tələbi üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4105/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar