Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-206/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4544/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. 28 aprel 2023-cü il tarixli CMR 28042023-1 saylı X1 görünür ki, yükgöndərən "xxxx" MMC tərəfindən yük alan «Tsidateli” MMC-yə FCA Norilsk çatdırılma şərti ilə Gürcüstan, Tbilisi şəhəri, D.Tavdadebuli 16/50 ünvanına çatdırılması üçün 17479,00 kq taxta tikinti tiri göndərilmişdir, daşıyıcı Cavabdeh MMC-dir.
2. 28042023-1 nömrəli invoys qablaşdırma vərəqəsindən görünür ki, 99JC119/99ZH119 dövlət qeydiyyat nişanlı maşınla daşınan 5 adda malların netto çəkisi 17478,00 kq, brutto çəkisi 17479,00 kq qeyd edilmişdir.
3. 28042023 saylı xx.xx.2023-cü il tarixli invoys sənədindən görünür ki, "xxxx" MMC (satıcı) tərəfindən "xxxx" MMC-yə (alıcı) ümumi məbləği 1341760,00 rus rublu məbləğində, ümumi brutto çəkisi 17479,00 kq, netto çəkisi – 14479,00 kq olan 10 sayda bağlamada mallar göndərilmişdir.
4. "xxxx" MMC tərəfindən «Tsidateli” MMC-nin sürücüsü Allahverdiyev Zakirə müxtəlif adda və sayda malları almaq üçün 18437/032/07 saylı 25 aprel 2023-cü il tarixli etibarnamə verilmişdir.
5. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsinin 21 avqust 2023cü il tarixli **********000003 nömrəli cinayət işinin başlanması və icraata götürülməsi haqqında Qərarından görünür ki, cinayət işinin başlanmasına səbəb YXH-30 dispetçerindən daxil olan Volqoqrad vilayəti, Mixaylovka ş.q, R-22 yolu, 786 km ünvanında iki yük nəqliyyat vasitəsinin yanması haqqında xx.xx.2023-cü il saat 16:12-də daxil olan məlumat olmuşdur. Aparılan prosessual yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il saat 16:12-də xx.xx.1976-cı il təvəllüdlü X2 ehtiyatsız davranması səbəbindən yanğın baş vermişdir, yanğının inkişafı nəticəsində AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitələri qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilmişdir. xx.xx.1976-cı il təvəllüdlü X7 barəsində RF CM 168-ci maddəsi ilə nəzərdə tutula cinayət əlamətləri üzrə cinayət işi başlanmışdır. Qeyd olunan nəqliyyat vasitələrinin mülkiyyətçilərinə 4541284.36 rus rublu məbləğində, yəni məhv edilən əmlakın dəyəri məbləğində külli miqdarda maddi zərər vurulmuşdur.
6. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixində tərtib edilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin ekspert rəyi ilə tanışetmə protokolundan görünür ki, zərərçəkmiş tərəf Cavabdeh şirkətinin nümayəndəsi, vəkil X3 (order № 002528 xx.xx.2023-cü il tarixli, vəsiqə № 1943 xx.xx.2010-cu il tarixli) **********000003 nömrəli cinayət işi üzrə 27 iyun 2023-cü il tarixli 76 saylı ekspert rəyi ilə tanış olmuşdur.
7. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsinin 21 avqust 2023cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında Qərarından görünür ki, xx.xx.2023- cü il saat 16:12-də Volqoqrad vilayəti, Mixaylovka ş.q, R-22 yolu, 7S6 km ünvanında iki yük nəqliyyat vasitəsinin yanması baş vermişdir, nəticədə AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı "Scania” nəqliyyat vasitələri qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilmişdir. Maddi zərərin ümumi məbləği 4541284,36 rus rublu təşkil etmişdir. Cavabdeh şirkətinə 4541284,36 rus rublu məbləğində maddi zərər vurulduğundan, Cavabdeh şirkəti **********000003 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
8. Rusiya FHN Volqoqrad vilayəti üzrə “Sınaq yanğın laboratoriyası” Federal yanğın əleyhinə xidmətin məhkəmə-ekspert müəssisi tərəfindən tərtib edilmiş 76 saylı Ekspert rəyində qeyd edilmişdir ki, hadisə yerinə baxış protokolundan görünür ki, “... AK 8867-1 dövlət qeydiyyat nişanlı "Scania G440” yük nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub ki, qeyd olunan nəqliyyat vasitəsi altı təkər diski üzərindədir, rezin tam olaraq od ilə məhv edilib, həmçinin lak boya örtüyünün yanması və metal deformasiyası şəklində kabinə termik təsir izləri müşahidə olunur. Kabinin sağ tərəfinə baxış zamanı sağ aşağı küncdə ağ fonda göy rəngli "PR " yazısı aşkar olunub. Qeyd olunan yazı üzərində his və qurum layları şəklində termik təsir izləri aşkar olunub. Kabində şüşələr tam olaraq yoxdur Kabinin daxilinə baxış zamanı kabinin daxili məkanının metala qədər tam yanması şəklində termik təsir izləri müşahidə olunur... A 2831- B-l dövlət qeydiyyat nişanlı "Koegel SN24” yarımqoşqusuna baxış zamanı müəyyən olunub ki, qeyd olunan yarımqoşqunun ölçüləri 13,9x2,5 metrdir və on iki təkər diski üzərindədir, baxış anına rezini zədələnməyib. Qeyd olunan yarımqoşqu sərt birləşmə ilə AK 8867-1 dövlət qeydiyyat nişanlı "Scania G440" nəqliyyat vasitəsi ilə birləşib. Yarımqoşquya baxış zamanı lent örtüyünün tam məhv olunması, həmçinin metal daşıyıcı konsturksiyaların deformasiyası şəklində termik təsir izləri müşahidə olunur. Qeyd olunan yarımqoşquda fanera təbəqələri müşahidə olunur, onlar üzərində də təbəqələrin kənarlarının yanması şəklində termik təsir izləri müşahidə olunur. 99JCU9 dövlət qeydiyyat nişanlı “Scania” yük nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub ki, qeyd olunan nəqliyyat vasitəsi altı təkər diski üzərindədir, rezin tam olaraq od ilə məhv edilib, şüşələr tam olaraq olmaması, həmçinin lak boya örtüyünün yanması və metal deformasiyası şəklində kabinə termik təsir izləri müşahidə olunur. 99JCJ19 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsinin daxili məkanına baxış zamanı salonun tam yanması şəklində termik təsir izləri müşahidə olunur. ** ZH *** dövlət qeydiyyat nişanlı "Krone" yarımqoşqusuna baxış zamanı müəyyən olunub ki, onun ölçüləri 13,9x2.5 metrdir, on iki təkər diski üzərindədir, baxış anına rezini tam olaraq od ilə məhv edilib. Qeyd olunan yarımqoşqu sərt birləşmə ilə 99JC1İ9 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsi ilə birləşib. Yarımqoşquya baxış zamanı tent örtüyünün tam məhv olunması, həmçinin metal daşıyıcı konsturksiyaların deformasiyası şəklində termik təsir izləri müşahidə olunur. Qeyd olunan yarımqoşquda san rəngli taxta şpallar müşahidə olunur, onlar üzərində də həmin şpalların kənarlarının yanması şəklində termik təsir izləri müşahidə olunur...". Z.B. Allahverdiyevin izahatından (y.m.v. 35) məlumdur ki, "... saat 16:00 dəq. radələrində "Lukoyl’’ yanacaq doldurma məntəqəsində idim və mənim avtomobilim park edildiyi tərəfdən tüstü gördüm. Bundan sonra mən dərhal avtomobilə tərəf getdim. Yaxınlaşanda gördüm ki, od mənim avtomobilimi və qonşu avtomobili bürüyüb..."
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ******* rus rublu məbləğində pulun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və 167 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh daşıyıcı şirkət Cavabdeh MMC-dən xx.xx.2023-cü il beynəlxalq yükdaşıma xidmətlərini sifariş etmişdir. 28 aprel 2023-cü il tarixində daşıyıcı Rusiyadakı tərəfdaş zavodundan Gürcüstanın Tbilisi şəhərində qəbul etməli olduqları tikinti taxta tirlərini qəbul etmiş, lakin daşıyıcı şirkətə verilən yük hələ də onlara çatdırılmamışdır. Taxta tirlərin yeri hələ də onlara aydın deyildir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanılmış razılaşmaya əsasən sonuncu götürdükləri öhdəlikləri hələ də icra edilməmişdir. Beləliklə də yükün çatdırılmaması nəticəsində onlara dəymiş zərərin dəyəri 1,341,760 rus rublu təşkil edir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 385.1, 389.1, 425.1-ci maddələrinə istinad olunmuşdur.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4544/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən ******* rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 160 manat 45 qəpik hissəsinin əvəzi iddiaçı "Tsidateli” MMC-nin xeyrinə tutulması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi daşınma müqaviləsi bağlanmış, Cavabdeh MMC tərəfindən Rusiya Federasiyasından invoys sənədində qeyd edilmiş malların Gürcüstana çatdırıması üçün qəbul edilməsi, Rusiya Federasiyasının Volqoqrad vilayətində maşına yanğın keçməsi nəticəsində məhv olması, cavabdehin həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh iddia tələbinə etiraz edərək, Mülki Məcəllənin 859.3.3-cü maddəsinə istinad etmiş, bildirmişdir ki, yanğın cavabdehə məxsus yük maşınında deyil, onun yanında dayanmış yük maşında başlamış, daha sonra cavabdehə məxsus yük maşınına alovun keçməsi nəticəsində nəqliyyat vasitəsi tamamilə məhv olmuş, cinayət işi üzrə Cavabdeh MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu səbəbdən də cavabdehin vicdanlı davranışı nəzərə alınmaqla, hadisənin qarşısı alınmayan vəziyyətdə baş verməsi ilə əlaqədar onun iddiaçıya zərərin ödənilməsi ilə məsuliyyəti yaranmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki cavabdehin yanğının baş verməsində təqsirinin müəyyən edilməməsi onun şərtləşdirilmiş vaxtda və invoys sənədində qeyd edilən məbləğdə yükü iddiaçıya çatdırması ilə bağlı məsuliyyətini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 858.3-cü maddəsinə əsasən cavabdeh yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borclu idi. Lakin görünən odur ki, cavabdehin sürücüsü yük maşınını dayanacaqda saxladıqdan sonra kifayət qədər yaxınlıqda olmadığından, lazımi diqqət göstərmədiyindən, avtomobillər arası ara məsafəsini düzgün saxlamadığından, avtomobilinə yanğının keçməsinin qarşısını ala bilməmişdir. Halbuki yanğın ocağının əmələ gəlməsi və alışmanın baş verməsi, qəfildən ani partlayış nəticəsində yaranmamış, hissə-hissə olmaqla bir neçə dəqiqə çəkmiş, həmin müddətdə cavabdehin sürücüsü vaxtında lazımı diqqət və məsuliyyət göstərək yük avtomobilini alışan yük avtomobilinin yanından çəkərək öz avtomobilinə yanğın keçməsinin qarşını ala bilərdi. Bundan başqa cavabdeh zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə təqsirləndirilən şəxsə(lərə) qarşı mülki iddia qaldırarkən, iddiaçının hazırda ondan tələb etdiyi məbləği də dəymiş ziyan kimi tələb edə bilər. Beləliklə məhkəmə qanunvericilik normalarını, tərəflər arasındakı razılaşmanı, cavabdehin sürücüsünün hərəkətlərini, iddiaçının dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, ******* rus rublu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4544/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçıya qarşı yük daşınması ilə əlaqədar olan öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə davranmış, vicdanlılığ nümayiş etdirmişdir. Qeyd etmək lazımdır ki, baş verən yanğın ilk öncə X7 adlı şəxsin AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilində yaranmış və yanğının inkişafı nəticəsində "Tsidateli” MMC-yə məxsus malların daşındığı iddiaçıyaməxsus 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsinə sıçramışdır. Həmçinin vurğulamaq lazımdır ki, təqsirləri olmadan baş verə biləcək hadisələrə görə məsuliyyət daşımaqları barədə iddiaçı ilə heç bir razılaşmaları yoxdur. Yəni ki, Cavabdeh MMC-yə məxsus olaanvtomobili idarə edən sürücünün həmin yanğının qarşısını almaq imkanı olmadığından "xxxx" MMC dəymiş zərərə görə məsuliyyət daşımamalıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçıya qarşı yük daşınması ilə əlaqədar olan öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə davranmış, vicdanlılıq mümayiş etdirmişdir. Məhkəmənin qətnaməsindən görünən odur ki, cavabdehin sürücüsü yük maşınını dayanacaqda saxladıqdan sonra kifayət qədər yaxınlıqda olmadığından, lazımi diqqət göstərmədiyindən, avtomobillər arası ara məsafəsini düzgün saxlamadığından, avtomobilinə yanğının keçməsinin qarşısını ala bilməmişdir. Halbuki yanğın ocağının əmələ gəlməsi və alışmanın baş verməsi, qəfildən ani partlayış nəticəsində yaranmamış, hissəhissə olmaqla bir neçə dəqiqə çəkmiş, həmin müddətdə cavabdehin sürücüsü vaxtında lazımı diqqət və məsuliyyət göstərək yük avtomobilini alışan yük avtomobilinin yanından çəkərək öz avtomobilinə yanğın keçməsinin qarşını ala bilərdi. Bildirmək istəyir ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və açıq-aşkar fərziyyə üzərində qurulmuşdur. Nəzərə almaq lazımdır ki, baş vermiş hadisə qarşısı alınmaz qüvvə olan yanğındır və ictimai təhlükəliliyi istisna edilmir. Belə olan halda icazə verilmiş yerdə, təhlükəsizlik qaydalarına riayət edilməklə, normativlərə uyğun ara məsafəsi gözlənilməklə ( bunun əksini təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir.) parklanmış nəqliyyat vasitəsinin biləvasitə sürücüsünün hadisə baş verən zaman yanında olmaması ehtimalı baş vermiş hadisə üzrə dəymiş zərərlə bağlı cavabdehin birbaşa məsuliyyət daşımalı olması kimi qiymətləndirilə bilməz. Həmçinin apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, iş üzrə cavabdeh şirkət olaraq insan həyatını hazırkı hal üzrə sürücünün həyatını qarşısı alınmaz qüvvəninyanğına münasibətdə risk qarşısında qoyub, ona hadisə zamanı yanğının qarşısını almaq üçün müəyyən hərəkətlər etmək öhdəliyin qoyulması özü-özlüyündə absurd yanaşma olardı. Belə ki insan həyatı ən ümdə dəyərdir. Baş vermiş hadisə zamanı işçinin əmək münasibətləri üzrə əmək funksiyaları, iş vaxtı və istirahət vaxtı barədə konkret dəlillər olmadan birinci instansya məhkəməsinin sürücünün “yanğın keçməsinin qarşını ala bilərdi” qənaətinə gəlməsi qanunsuz və əsassızdır. Həmçinin, işə baxan kommersiya məhkəməsi hazırkı iş üzrə cavabdehin əsl cavabdeh olub-olmaması barədə məsələyə düzgün qiymət verməmişdir. Belə ki iş materiallarından görünür ki, hüquqi zidd hərəkətə yol vermiş şəxs X4 və hazırki iddia üzrə əsli cavabdeh kimi o və onun işəgötürəni çıxış etməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. İddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
9. İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
10. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. -852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. -859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. -859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.
11. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
12. “Avtomobil nəqliyyatı haqqında” AR Qanununun: -50.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir. -54.1-ci maddəsinə görə yükün və ya baqajın daşınma üçün qəbul edildiyi vaxtdan yükalana, sərnişinə və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək itirilməsinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan baş verdiyi sübut edilmədikdə, daşıyıcı məsuliyyət daşıyır.
13. AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın “daşıyıcının, sifarişçinin və sürücünün avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti”ni tənzimləyən 48.2ci bəndinə əsasən daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır: 48.2.1. əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə; 48.2.2. yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə; 48.2.3. gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. Həmin Qaydaların 48.4-cü bəndinə əsasən daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır: 48.4.1. itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə; 48.4.2. yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə; 48.4.3. yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda; 48.4.4. itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri — korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə; 48.4.5. yük yerlərinin qeyri-qənaətbəxş nömrələnməsi və ya markalanması nəticəsində yük əskik çıxdıqda; -48.4.6. itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə. -48.9-cu bəndinə əsasən daşıyıcı bu Qaydalara uyğun olaraq, yükün tam və ya qismən itirilməsinə səbəb olmuş ziyanın əvəzini ödədikdə, həmin məbləğin ölçüsü yükün daşınmaq üçün qəbul edildiyi vaxtda və yerdə olan dəyəri əsasında müəyyən edilir.
14. Beynəlxalq yük daşınması müqaviləsi haqqında 19 may 1956-cı il tarixli Konvensiyanın (BYDM): - 1-ci maddəsinin 1-ci hissəsinə görə Yükün müqavilədə göstərilən qəbul edilmə, daşınma və təhvili üçün tutulan yeri iki müxtəlif ölkənin ərazisində yerləşərsə və heç olmazsa tərəflərdən biri Konvensiyanın iştirakçısı olarsa, bu Konvensiya bütün yol yük daşıma müqavilələrinə, avtomobillə mükafatlandırmaq şərtilə, tətbiq olunur. -4-cü maddəsinə görə yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimənin olmaması, yanlışlığı və itirilməsi yük daşınması haqqında bu Konvensiyanın müddəaları da tətbiq edilən müqavilənin düzgünlüyünə təsir etmir. -17-ci maddəsinin 1 -ci hissəsinə görə daşıyıcı yük daşınma üçün qəbul ediləndən təhvil verilənə qədər müddət ərzində onun tam və qismən itməsi, həmçinin daşınmanın gecikdirilməsinə görə məsuliyyət daşıyır. -2-ci hissəsinə görə əgər yükün itirilməsi, zədələnməsi və ya daşınmasının ləngiməsi müqavilə üzrə səlahiyyəti olan şəxsin təqsiri üzündən və ya onun daşıyıcının təqsiri ilə bağlı olmayan əmri nəticəsində, və yaxud yükün özünün hər hansı bir qüsuru üzündən və ya daşıyıcının baş verməsini və nəticələrini qarşısının ala bilmədiyi hallar nəticəsində baş verdikdə daşıyıcı bu məsuliyyətdən azad olunur. -3-cü hissəsinə görə daşıyıcı öz üzərindən məsuliyyəti götürmək üçün yük daşıyan avtomobilin qüsurlu olmasına, avtomobili icarəyə götürən şəxsin və ya onun agentinin günahkar olmasına istinad edə bilməz.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. -444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: -444.0.5-ci maddəsinə görə yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər.
1. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. -25.1-ci maddəsinə görə müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: -25.1.10. daşıma müqaviləsində - daşıyıcının.
16. Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
21. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı "xxxx" MMC Gürcüstan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan, eləcə də həmin müqavilədə nəzərdə tutulan yükdaşıma bir neçə dövlətin (o cümlədən Rusiya Federasiyasının) ərazisindən keçməklə həyata keçirilməli olan beynəlxalq yükdaşıma olduğundan hazırkı mübahisə bir neçə dövlətin hüquq sistemi ilə bağlı olan xarici elementli mübahisədir.
22. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı iddia tələbi yükdaşıma müqavilıəsindən Azərbaycan Respublikasında təsis edilmiş və faliyyət göstərən daşıyıcı şirkətə qarşı yönəldilmiş tələb olmaqla MPM-in 444.0.5-ci maddəsinin tələbləri baxımından AR Məhkəmələrinin müstəsna səlahiyyətlərinə aiddir. İkinci həll edilməli məsələ mübahisəyə hansı ölkənin hüququnun tətbiq edilməli olması məsələsidir. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, Rusiya Federasiyasının və AR-in iştirakçısı olduğu Beynəlxalq yük daşınması müqaviləsi haqqında 19 may 1956-cı il tarixli Konvensiyasında (BYDM) avtomobil nəqliyyatı ilə həyata keçirilən beynəlxalq daşımalara tətbiq edilməli olan unifikasiya edilmiş maddi normalar yer almışdır. Hazırkı yükdaşıma müqaviləsi üzrə yükün müqavilədə göstərilən qəbul edilmə, daşınma və təhvili yeri iki müxtəlif ölkənin ərazisində yerləşdiyindən və həmin ölkələrdən biri (Rusiya Federasiyası) Konvensiyanın iştirakçısı olduğundan həmin yükdaşımadan irəli gələn münasibətlər sözügedən konvensiyanın 1-ci maddəsinin tələblərə baxımından konvensiyanın təsiri altına düşür.
23. Beynəlxalq müqavilələrdə müəyyən edilmiş maddi hüquq normalara əlavə olaraq (subsidiar şəkildə) mübahisəyə tətbiq ediləcək milli qanunvericiliyə gəldikdə qeyd edilməlidir ki, tərəflər aralarında bağlanılmış yükdaşıma müqaviləsində (yol qaiməsində) müqavilə münasibətlərinə tətbiq ediləcək hüquq barəsində razılığa gəlməmişlər. Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında xx.xx.1996-cı il tarixli və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında xx.xx.1992-ci il tarixli ikitərəfli müqavilələrdə xarici elementli müqavilələrə tətbiq ediləcək hüquqla bağlı kollizion norma yer almamışdır. Odur ki, hazırkı halda mübahisəyə tətbiq ediləcək hüquq “Beynəlxalq xüsusi hüquq” haqqında AR Qanununun 25-ci maddəsinin tələblərinə əsasən müəyyən edilməli və mübahisəyə daşıyıcının hüququ, yəni AR qanunvericiliyi tətbiq edilməlidir.
24. Mübahisənin mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC (yük alan) ilə Cavabdeh MMC(daşıyıcı) arasında yükdaşınma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC Rusiya Federasiyasından Gürcüstana daşınması üçün invoys sənədində qeyd edilmiş yükü qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Volqoqrad vilayətində yükün daşındığı **-JC-*** dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsi yükmaşınları üçün dayanacaqda saxlanılarkən həmin yükmaşının yanına saxlanılmış Belarus qeydiyyat nişanlı yükmaşınında qaz balonunun partlaması nəticəsində yanğın baş vermiş, yanğın cavabdehin yükdaşımanı həyata keçirdiyi nəqliyyat vasitəsinə yayılmış və nəticədə yük tamamilə məhv olmuşdur.
25. Hazırda iddiaçı məhv olmuş yükün dəyərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə yükün lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində məhv olduğunu və belə olan halda onun məsuliyyətinin Mülki Məcəllənin 859.3-cü maddəsi ilə istisna edildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
26. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 859.1-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 859-cu maddəsində ümumi qayda olaraq daşıyıcının yükdaşımanın həyata keçirilməsi zamanı yükün məhv olmasına görə təqsirindən asılı olmayaraq məsuliyyət daşıması müəyyən edilmişdir. Eyni zamanda həmin maddənin üçüncü bəndində ümumi qaydadan istisna hallar müəyyənləşdirilərək daşıyıcı yükün məhv olmasının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirdiyi halda məsuliyyətdən azad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 859.3.3-cü maddəsində nəzərdə tutulmuş qarşısı alınması mümkün olmayan hallar dedikdə yalnız qarşısıalınmaz qüvvə (yəni yaranması subyektiv faktorlardan asılı olmayan, fövqəladə və qarşısıalınmaz hadisələr-məs. sel, zəlzələ, epidemiya və s.) deyil, lazımi vicdanlılıq şəraitində daşıyıcı tərəfindən qarşısının alınması və nəticələrinin aradan qaldırılması mümkün olmayan istənilən hallar başa düşülür.
27. Hazırkı cavabdeh halda yükün məhv olmasının qarşısının alınması mümkün olmayan hallar nəticəsində baş verməsini sübuta yetirmək üçün yanğın görüntülərini əks etdirən videoyazıları, Volqoqrad vilayəti üzrə “İPL” FPS məhkəmə-ekspert müəssisəsi tərəfindən keçirilmiş məhkəmə-yanğın texniki eskpertizasının rəyini, Rusiya FHN Volqoqrad vilayəti üzrə Bi NF və Pİ rəisi müavinin cinayət işin başlanması və icraata götürülməsi barədə xx.xx.2023-cü il tarixli qərarını məhkəməyə təqdim etmişdir.
28. Göstərilən sənədlər əsasında müəyyən edilir ki, yanğın hadisəsi xx.xx.2023-cü il saat 16:12-də AK 8867-1 Belarus dövlət qeydiyyat nömrəli “Scania G440” nəqliyyat vasitəsinin sürücüsü X2 ehtiyatsız davranması səbəbindən baş vermişdir, fakt üzrə O.Peçurun barəsində cinayət işi başlanılmış və cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxs qismində işə cəlb edilmişdir. Eyni zamanda ekspert rəyi ilə yanğın ocağının Belarus dövlət qeydiyyat nişanlı “Scania G440” nəqliyyat vasitəsinin kabinasında yerləşməsi, yanğının şüalı istilik təsirindən yanında dayanan (cavabdehə məxsus) nəqliyyat vasitəsinə keçməsi öz təsdiqini tapmışdır.
29. Məhkəmə iclasında baxış keçirilmiş birinci videoyazıda yükmaşının kabinasından tüstü müşahidə edilmiş, o sürücü tərəfdən qonşu avtomobilə tərəf istiqamətlidir, daha sonra sürücü pəncərəsindən analoji istiqamətə malik alov yanması və kabinanın hər iki pəncərəsindən kəskin partlama müşahidə edilmişdir (videoyazının davametmə müddəti dəqiqədir). İkinci videoyazıda hər iki avtomobilin kabinalarının yanması görünür və yeni partlama müşahidə edilmişdir.
30. Beləliklə, sübutların məcmusu ilə, yanğının cavabdehin və ya cavabdehin əməllərinə görə məsuliyyət daşıdığı digər şəxslərin (məsələn, daşıyıcı şirkətlə əmək və ya mülki hüquq münasibətlərində olan nəqliyyat vasitəsinin sürücüsünün) təqsirindən baş verməməsi müəyyən edilir. Digər tərəfdən yanğın cavabdehə məxsus nəqliyyat vasitəsində nasazlıq və yaxud həmin nəqliyyat vasitəsi hərəkətdə olarkən baş vermiş yolnəqliyyat hadisəsi və yaxud da nəqliyyat vasitəsinin qadağan edilən yerdə, parklanma qaydalarını pozmaqla saxlanılması, yəni cavabdehin təqsirindən olmasa belə, professional daşıyıcı kimi cavabdehin nəzərə ala biləcəyi hallarla da bağlı olmamışdır. Əksinə hadisə baş verərkən nəqliyyat vasitəsi yükmaşınları üçün xüsusi dayanacaqda saxlanılmışdır. Göstərilən hallar isə ona dəlalət edir ki, hazırkı halda daşıyıcı yanğın hadisəsinin baş verməsinin riskini nəzərə ala və onun qarşısını ala bilməzdi.
31. İkincisi, daşıyıcı lazımi vicdanlılıq şəraitində yanğının nəticələrinin qarşısını almaq və ya maksimal azaltmaq üçün tədbirlər görüb-görməməsi ilə bağlı məsələyə gəldikdə kollegiya qeyd edir ki, sübutlardan o da müəyyən edildiyi kimi qonşu avtomobildə başlamış yanğın bir dəqiqə ərzində həmin avtomobilin kabinasında partlayış baş verməsi nəticəsində cavabdehə məxsus avtomobilə yayılmış və bundan sonra yenə partlayış baş vermişdir. Belə olan halda isə açıq-aşkardır ki, yanğın surətlə yayıldığından cavabdehə məxsus yükmaşınının sürücüsü tərəfindən öz gücü ilə yanğının cavabdehə məxsus avtomobilə keçməsinin və yükün (tez alışan material olan taxtaların) yanmasının qarşısının alınması imkanı mövcud olmamışdır. Bundan əlavə kabinada bir neçə dəfə partlayış baş verdiyi vəziyyətdə sürücünün yanğına müdaxilə etməsi onun həyatı üçün təhlükəli ola bilərdi.
32. Digər tərəfdən cinayət işinin başlanması barədə qərardan o da müəyyən edilir ki, Xüsusi Yanğın Xilasedici Stansiyası 16:12 radələrində baş vermiş yanğın hadisəsi barədə məlumatlandırılmış və elə həmin saatda (16:12) Xüsusi Yanğın Xilasedici Stansiyasının dispetçeri tərəfindən yanğın faktı barəsində FHN-in Volqoqrad Vilayəti üzrə Nəzarət Fəaliyyəti şöbəsinə məlumat verilmişdir, yəni səlahiyyətli dövlət orqanları yanğının baş verməsi barədə vaxtında məlumatlandırılmışdır.
33. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin sürücüsünün yükmaşınını dayanacaqda saxladıqdan sonra kifayət qədər yaxınlıqda olmaması, lazımi diqqət göstərməməsi, avtomobillər arası ara məsafəsini düzgün saxlamaması barədə gəldiyi nəticələri tutarlı dəlillərlə əsaslandırmamış, həmin nəticələrə gəlməsi üçün əsas verə biləcək faktiki hallara və normativ aktlara istinad etməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, birincisi, iş materialında olan ekspert rəyində öz əksini tapmış sürücü Z.Allahverdiyevin izahatından da görünür ki, hadisə baş verdiyi zaman sonuncu yanacaq doldurma məntəqəsində olmuşdur və avtomobilin park edildiyi tərəfdən tüstü gördükdən sonra dərhal avtomobilə tərəf getmişdir. İzahatdan da göründüyü kimi sürücü avtomobilin park edildiyi yeri görə biləcək qədər yaxın məsafədə olmuşdur.
34. Bundan əlavə AR Nazirlər Kabinetinin 29 may 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydaları ilə beynəlxalq avtomobil yükdaşımalarında sürücülərin iş və istirahət normalarını, o cümlədən hər 4,5 saatdan bir 45 dəqiqə fasilə etməli olması, gündəlik istirahət vaxtının 11 saatdan az olmaması, istirahət vaxtında yataqla təmin edilməsi barədə normalar müəyyən edilmişdir. Belə olan halda, hazırkı halda sürücünün normativ hüquqi aktlarda nəzərdə tutulmuş fasilə və ya istirafət vaxtından istifadə etməsi, həmin müddət ərzində avtomobildən uzaqlaşması lazımi diqqət göstərilməməsi kimi qiymətləndirilə bilməz. Sürücü tərəfindən ara məsafəsinin saxlanılmamasına gəldikdə məhkəmin gəldiyi həmin nəticə ehtimallara söykənməklə iş materiallarında olan hər hansı sübuta əsaslanmır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallara uyğun deyildir.
35. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.
36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4544/2024 saylı saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 82 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov