Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-207/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “X2 X5 Limited” şirkətinə qarşı “kredit borcunun və ona hesablanmış faizlərin tutulması” tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)-124/2019 saylı qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxxxxxxxx” ASC cavabdeh “X2 X5 Limited” şirkətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2013-cü il tarixli, 06 saylı müqavilə üzrə ******* manat əsas borc, 1.097.254,68 manat faiz borcu, cəmi 6.097.254,68 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4.000.000 manat əsas borc, 258 223 manat faiz borcu, 248.888 manat cərimə borcu, cəmi 4.507.111 manat, xx.xx.2016-cı il tarixli 06/3 saylı müqavilə üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu, cəmi 3.506.000 manat məbləğində borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 124/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “X2 X5 Limited” şirkətindən xx.xx.2013-cü il tarixli 06 saylı müqavilə üzrə 5.488.438,30 manat əsas və faiz borcu, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4.367.111,34 manat əsas və faiz borcu, 2000 manat cərimə borcu, xx.xx.2016- cı il tarixli, 06/3 saylı müqavilə üzrə 3.224.000 manat əsas və faiz borcu məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASCnin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu və ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 2655 saylı ekspert rəyinə istinad etmişdir. Həmin rəylə iddiaçı razılaşmadığı üçün iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyinə əsasən cavabdehin hər üç kredit müqavilələri üzrə faiz borcu öhdəliyin icra müddətinin bitdiyi tarixə qədər hesablanmışdır. Məhkəmə qətnamə qəbul edilərkən ikinci rəyi deyil, birinci rəyi əsas götürmüşdür, birinci rəyin hansı səbəbdən daha mötəbər sübut kimi qəbul edildiyini əsaslandırmamışdır. Eyni zamanda xx.xx.2013-cü il tarixli müqavilə üzrə tələb edilən cərimə borcunu tənasübsüz şəkildə azaltmışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 124/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında 3 kredit müqaviləsi bağlanmışdır: xx.xx.2013-cü il tarixli, 06 nömrəli kredit müqaviləsi- bu müqavilə əsasında cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 8 faiz dərəcəsi olmaqla, 5.000.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixdək müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli, 06/2 nömrəli kredit müqaviləsi- bu müqavilə əsasında cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 7 faiz dərəcəsi olmaqla, 4.000.000 manat məbləğində kredit verilmiş, qeyd edilən müqaviləyə əsasən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, 06/3 nömrəli kredit müqaviləsi- bu müqavilə əsasında cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 6 faiz dərəcəsi olmaqla, 3.000.000 manat məbləğində kredit verilmiş, öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. LPO İddiaçı ASC tərəfindən “X2 X5 Limited” şirkətinə göndərilmiş xəbərdarlıqlardan görünür ki, LPO İddiaçı ASC ilə «xxxxxx» Firması arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 06 saylı, xx.xx.2013-cü il tarixli 06/2 saylı, xx.xx.2016- cı il tarixli 06/3 saylı kredit müqavilələri üzrə olan borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən prosessual hüquq pozuntularına yol verilmiş, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 26552 nömrəli ekspert rəyi ilə xx.xx.2018-ci il tarixə “X2 X5 Limited” şirkətinin İddiaçı ASC-yə olan borcu xx.xx.2013-cü il tarixli 06 saylı müqavilə üzrə əsas borc 4998673,75 manat, faiz borcu 489764,55 manat, cəmi 5.488.438,30 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə əsas borc üzrə 4.000.000 manat, faiz borcu üzrə 70777,89 manat, cəmi 4.296.333,45 manat, xx.xx.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə əsas borc 3.000.000 manat, faiz borcu 224.000 manat, cəmi 3.224.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İddiaçının nümayəndəsi xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında ekspert tərəfindən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləğinin düzgün hesablanmadığını, nəticədə borcun məbləğinin düzgün müəyyən edilmədiyini göstərərək iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermiş, məhkəmə vəsatəti əsaslı hesab edərək iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 16280 saylı rəy verilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin rəyə deyil, razılaşmadığı xx.xx.2019-cu il tarixli 26552 nömrəli ekspert rəyinə istinad etmiş, sonuncu rəyi hansı əsasla sübut kimi nəzərə almadığını və həmin rəylə razılaşmadığını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 16280 saylı rəyi ilə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği işdəki hesabdan çıxarış və digər sənədlərə uyğun müəyyən edildiyindən və kredit üzrə cavabdeh tərəfindən ödənilməli olan faizlərin məbləği kredit öhdəliyinin icra müddətinin bitdiyi tarixədək hesablandığından cavabdeh hər üç müqavilə üzrə qalıq borcunun məbləği müəyyənləşdirilərkən həmin rəy əsas götürülməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 16280 saylı rəyinə əsasən “X2 X5 Limited” şirkətinin İddiaçı ASC-yə olan borcu xx.xx.2013-cü il tarixli 06 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 4997617,48 manat, faiz borcu 1097254,68 manat, cəmi 6094872,16 manat, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixə əsas borc üzrə 4.000.000 manat, faiz borcu üzrə 136111,2 manat, cəmi 4.136.111,2 manat, xx.xx.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixə əsas borc 3.000.000 manat, faiz borcu 506.000 manat, cəmi 3.506.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbini pozaraq qətnamənin nəticə hissəsində hər bir müqavilə ilə tutulmuş əsas borc və faiz borcunu ayrı-ayrılıqda göstərməmiş, cəmi tutulmuş məbləği qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 16280 saylı rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas olmadığından, iddiaçının apellyasiya şikayətində də kredit müqavilələri üzrə cavabdehin kredit borcunun məbləği müəyyənləşdirilərkən həmin rəyin əsas götürülməli olduğu qeyd edildiyindən məhkəmə hesab edir ki, qeyd edilən rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilərək cavabdeh “X2 X5 Limited” şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4 997 617,48 manat əsas borc, 1 097 254,68 manat faiz borcu, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.000.000 manat əsas borc, 136111,2 manat faiz borcu, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu, ümumilikdə 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış 248.888 manat dəbbə pulu məbləği yüksək olduğundan azaldılaraq 2488 manat məbləğində müəyyən edilməli, dəbbə pulu tələbi qalan hissədə rədd edilməlidir. Nəticədə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddiaçının tələbi tam, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi faiz və cərimə borcunun tutulması hissəsində qismən təmin edilərək iddia təmin olunmayan hissələrdə əsassız olduğu üçün rədd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Hazırkı halda iddia qismən təmin olunsa da mübahisə cavabdeh tərəfindən müqavilə tələblərinin pozulması nəticəsində yarandığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 124/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh “X2 X5 Limited” şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4 997 617,48 manat əsas borc, 1 097 254,68 manat faiz borcu, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.000.000 manat əsas borc, 136111,2 manat faiz borcu, 2488 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)-124/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh “X2 X5 Limited” şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4 997 617,48 manat əsas borc, 1 097 254,68 manat faiz borcu, cəmi 6.094.872,16 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.000.000 manat əsas borc, 136111,2 manat faiz borcu, 2488 manat cərimə borcu, cəmi 4.138.599,2 manat, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, 506.000 manat faiz borcu, 3.506.000 manat, ümumilikdə 13.739.471,36 manat borc və 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “X2 X5 Limited” şirkətindən ekspertiza xərcinin əvəzi olaraq 445 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-207/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-207/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver