Məhkəmə qərarları › İş №2-2(103)-207/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-207/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-207/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh və onun vəkili X2 iştirakı ilə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-307/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 02.06.2016-cı il tarixli H01516 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilə daxilində 26.05.2017-ci il tarixli H041KR17-H01516 nömrəli kredit sazişi üzrə məbləği 41.405,92 manat əsas, 4.391,33 manat məbləğdə faiz və kreditin gecikdirilməsinə görə hesablanmış 8.585,5 manat məbləğdə cərimə olmaqla, cəmi 54.382,75 manat məbləğdə borcun və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 02.06.2016-cı il tarixli 3M-233 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Bakıxanov küçəsi məhəllə 758/759, 76 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdehdən 41.405,92 manat məbləğdə əsas borc, 4.135,09 manat məbləğdə faiz borcu, 3.000 manat məbləğdə dəbbə pulu olmaqla, cəmi 48.541,01 manat məbləğdə borcun, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 25 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehə məxsus Bakı şəhəri Nərimanov rayonu Bakıxanov küçəsi 758-759-cu məhəllədə yerləşən 62 nömrəli binanın 76 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 300.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin cavabdehə qaytarılması, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdehdən tutulması, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsinə görə ödənilməli olan 300 manat pul vəsaitinin cavabdehdən tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı bankın ümumi borcunun böyük hissəsini ödəmişdir. Hal-hazırda onun banka 26.05.2017-ci il tarixli H041KR17-J015-16 kredit sazişi üzrə ümumilikdə 32.000 manat borcu qalmışdır. Lakin iddiaçı tərəfindən həmin məbləğ əsassız olaraq şişirdilmiş, əsas məbləğ şişirdildiyinə görə avtomatik olaraq faiz və cərimə məbləği də qanunsuz olaraq reallıqdan çox yuxarı göstərilmişdir. Birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirilməsi də tamamilə qanunsuz və əsassızdır. Daha doğrusu həmin qiymətləndirmə bankın öz sifarişidir və verdiyi rəy də real bazar qiymətlərini deyil, sırf bankın özünə sərf edən qiymətləri əks etdirir. Bu isə açıq-aşkar göstərir ki, birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi "xxxx" MMC-nin rəyi qanunsuz, əsassız və sifariş xarakterlidir. Belə ki, qanunun tələblərinə görə yalnız Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etmiş, müsahibədən keçmiş, özəl məhkəmə şəhadətnaməsi almış və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmuş özəl məhkəmə ekspertləri fəaliyyət göstərə bilər. Hal-hazırda heç bir özəl məhkəmə ekspertinə şəhadətnamə verilməmiş və Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh və onun vəkili şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamənin iddia təmin olunan hissəsi yalnız apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlamadan hərəkətlə, işdən müəyyən edilir ki, tərəflər arasında 02.06.2016-cı il tariхli H01516 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı bank cavabdeh kredit alana 84 ay müddətə 300.000 manat məbləğdə kredit limiti ayırmışdır. 26.05.2017-ci il tarixdə iddiaçı bank ilə kredit alan cavabdeh arasında 02.06.2016-cı il tariхli H01516 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində H041KR17- H01516 nömrəli kredit sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, kreditin məbləği 86.402,77 manat, kreditin müddəti 48 ay, kredit üzrə faiz illik 23%, 2-ci bəndinə görə, cərimə məbləği - kreditin gecikdirilən hissəsi üzrə gündəlik 0,5% təşkil edir. 26.05.2017-ci il tarixdə H041KR17-H01516 nömrəli kredit sazişi əsasında tərtib edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, kredit müqaviləsi üzrə ödəniləcək əsas məbləğ 86.402,77 manat, faiz məbləği 46.429,00 manat, cəmi ödəniləcək məbləğ 132.831,77 manat təşkil edir. İddiaçı ipoteka saxlayan ilə cavabdeh ipoteka qoyan arasında 02.06.2016-cı il tariхli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ipoteka qoyan cavabehə tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Nərimanov rayonu Bakıxanov küçəsi 758- 759-cu məhəllə 62 nömrəli binanın “B” girişində yerləşən 3 otaqdan ibarət olan yaşayış sahəsi 89,57 kv.m, ümumi sahəsi 149,09 kv.m. olan 76 nömrəli mənzil (çıxarış MH 0036833, qeydiyyat nömrəsi 110632865, qeydiyyat tarixi 05.09.2006) ipoteka qoyanın 02.06.2016-cı il tariхli H01516 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və həmin müqavilənin daxilində bağlanan kredit sazişlərindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə, ipoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 255.000 manat təşkil edir. 01.09.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə bildiriş ünvanlanaraq, 02.06.2016-cı il tarixli H01516 nömrəli kredit müqaviləsindən irəli gələn 41.405,92 manat məbləğdə əsas borc, 4.020,98 manat məbləğdə faiz borcu, 8.585,5 manat məbləğdə cərimə borcu ödənilmədiyindən, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu Bakıxanov küçəsi 758-759-cu məhəllə 62 nömrəli binanın “B” girişində yerləşən 76 nömrəli mənzilə yönəldilməsi proseduruna başlanacağı bildirilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 07.09.20201-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2021-ci il tarixli 9/5980 nömrəli rəyinə əsasən, 15.09.2020-ci il tarixə cavabdehin iddiaçıya olan əsas borcunun 41.405,92 manat, faiz borcunun 4.135,09 manat olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 18.05.2021-ci il tarixli LP-085/21 nömrəli rəyə görə, Bakı şəhəri Nərimanov rayonu Bakıxanov küçəsi 758-759-cu məhəllə 62 nömrəli evin 76 nömrəli mənzilinin real bazar qiyməti 320.000 manat, likvid qiyməti isə 300.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” AR Qanununun: 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. MPM-in:

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20.07.2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən faiz və dəbbə pulu borclarını ödəməli, borcun tutulması öhdəliyin icrasının təmininatı olan ona məxsus ipoteka predmetinə yönəldilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk dəlili ilə razılaşmır. Belə ki, iddiaçı bankın ümumi borcunun böyük hissəsini ödədiyini, hazırda onun banka ümumilikdə 32.000 manat borcunun qaldığını bildirsə də, öz arqumentlərini ümumi qaydada ifadə edərək, etirazını konkret faktlarla (əsas və faiz borcları üzrə ödəniş tarixləri və məbləğləri, əsas, faiz və dəbbə borcunun əslində nə qədər olmalı olması və sair) dəqiqləşdirməmişdir. Halbuki, qeyd olunan əsas və faiz borcu məbləğləri, aparılmış tədqiqatın müfəssəl təsviri, ona əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən mötəbər ekspert rəyi ilə təsdiq olunur. Dəbbə pulu məbləği isə məhkəmə tərəfindən Mülki Məcəllənin müddəalarına istinadən azaldılaraq, əsas borc məbləğinə münasibətdə ağlabatan və ədalətli miqdarda müəyyən edilmişdir. Şikayətin "xxxx" MMC-nin qiymətləndirilməsinin qanunsuzluğu barədə dəlili də əsaslı deyil. Belə ki, "xxxx" MMC iş üzrə ekspert rəyi deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununa uyğun olaraq əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyi vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsasllıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-307/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar