Məhkəmə qərarları › İş №2-2(103)-209/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-209/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-209/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əhmədov İlham oğlu və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin («ASC») Cavabdehnə («MMC») qarşı “kredit üzrə borcun tutulması tələbrinə dair» 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-91/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xeyrinə cavabdehdən 2.032.413.81 ABŞ dolları əsas borc, 1.382.780.04 ABŞ dolları faiz borcu, 529.330.89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə, 3.944.524.74 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxx 2011-ci tarixli 01 saylı əlavə sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə illik 15%-lə 970.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqaviləyə edilmiş xx xxxxx 2012-ci il tarixli 02 saylı əlavə sazişlə kredit xətti xx.xx.2013-cü il tarixinə kimi uzadılmışdır. xx.xx.2013-ci il tarixli 03 saylı əlavə sazişlə Bank tərəfindən Cavabdeh MMC-yə ayrılmış kredit və açılan akkreditivlər üzrə qalıq borc məbləğləri birləşdirilərək qarşılıqlı razılıq əsasında 1.927.748.87 ABŞ dolları məğləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04 saylı əlavə sazişə əsasən cavabdehin qalıq borcu 2.032.413.81 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadılmışdır. xx.xx.2013-cü il tarixli əlavə sazişə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı olduğu gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və xx.xx.2011-ci il tarixli müqavilənin 3.6-ci bəndinə əsasən gecikdirilən məbləğə görə borcalan kreditora cərimə ödəyir. xx.xx.2018-ci il tarixədək Cavabdeh MMC-nin banka 2.032.413.81 ABŞ dolları əsas və 1.382.780.04 ABŞ dolları faiz, 529.330.89 ABŞ dolları cərimə olmaqla ümumilikdə, 3.944.524.74 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunan borcla bağlı ona xəbərdarlıq edilməsinə baxmayaraq ödəməkdən boyun qaçırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-91/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə: - iddianın qismən təmin edilməsi; -Cavabdeh MMC-dən xx xxxxx 2011-ci il tarixli 114/0-USD saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc kimi: 2.032.413.81 ABŞ dolları, faiz borcu 1.238.417,48 ABŞ dolları, 200 ABŞ dolları cərimə borcu, cəmi 3.270.831,29 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; İddiaçı Cavabdeh MMC-dən ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi; - iddia tələbinin qalan hissədə təmin edilməməsi – qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas və faiz borcunu azaldarkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini əsas götürmüşdür. Lakin cavabdeh qrafik üzrə ödənişlərdə gecikmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi, o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. (MPM-in 103.1 və 102.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Həsənov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi «idarə yoxdur» qeydi ilə geri qaytarılmış, MPM-in 146 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, dolayısı ilə iddianın rədd olunan hissəsində də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə iddiaçının şikayəti həddində baxılmalıdır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, məhkəmənin ekspert rəyini əsas götürməsi ilə razılaşmayaraq hesab edir ki, cavabdehin ödəmə qrafiki üzrə ödənişlərdə gecikmə hallarına yol verdiyi nəzərə alınmaqla, məhkəmə tərəfindən ona kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz məbləğinin hesablanmaması əsassızdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. İddiaçının tələbindən göründüyü kimi, cavabdehdən, həmçinin, 529.330.89 ABŞ dolları məbləğində cərimənin tutulmasını xahiş etmişdir. Tərəflər arasındakı xx.xx.2011-ci il tarixli əlavə sazişin 3.6-ci və 2.5-ci bəndələrindən görünür ki, qrafik üzrə pul vəsaiti vaxtında qaytarılmadıqda, gecikdiilən gündən gecikdirilən məbləğə görə borcalan kreditora cərimə kimi illik 30 faiz ödəyir. Bununla əlaqədar birincisi qeyd olunmalıdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında həll edilməsi üçün, o cümlədən, cavabdehin xx.xx.2018-ci il tarixinə olan cərimə borcunun da müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Məhkəmənin həmin qərardadına əsasən AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21924 №-li xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən göürünür ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün soruşulan tarixə cavabdehin cərimə borcu hesablanmamışdır. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər (bank hesablarından çıxarışlar və s) araşdırıldıqda, ləğv prosesində olan iddiaçı bank tərəfindən iddia olunan 529.330,89 USD məbləğində cərimənin konkret olaraq hansı vaxt dövrü üçün və hansı qaydada hesablanması ilə bağlı əsaslandırıcı məlumatların mövcudluğu aşkar olunmur. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən iddia tərəf kimi, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etməyə borcludur. Həmin MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə olunmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, ödənilməsi tələb olunan cərimə, qismən, 200 ABŞ dolları məbləğində hissəsində təmin edilərkən məhkəmə aşağıdakıları qeyd etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, cərimənin 200 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur…» Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cərimə hissəsində iddianın qismən təmin olunması barədə gəlinən nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur və həmin hissədə qətnamənin ləv edilməsi üçün MPM-in 385.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar mövcud deyil. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçınınapellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsının cərimə hissəində əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 91/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392-393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-91/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar