Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-209/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsi) iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1156/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7.674,30 manat əsas borc və 30 manat dövlət rüsumunun, cəmi 7.704,30 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-2611/2014 nömrəli iş üzrə 03.09.2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 7.674,30 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.08.2019-cu il tarixli qərardadı ilə cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizəsi təmin edilmiş və 03.09.2014-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. İddiaçı bundan sonra iddianın tələbinin artırılması barədə ərizə verərək, cavabdehdən 7.674,30 manat məbləğdə əsas borc, 3.069,70 manat məbləğdə dəbbə pulu və 30 manat məbləğdə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “... iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsinin mövcud olması cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin buna baxmayaraq iddiaçı tərəfindən iddianın əsasında duran qaimə fakturaların əsilləri, həmçinin qaimə-faktura üzrə təhvil alan şəxsin məhz cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair etibarnamə və ya alqı-satqı müqaviləsinə aid olan əvvəlki qaimə-fakturalar təqdim edilməmişdir. Belə olan halda, iddiaçı ilk öncə tərəflər arasında şifahi müqavilənin olmasını və həmin müqavilə əsasında malların cavabdehə təqdim edilməsini sübuta yetirə bilməmişdir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdeh ilə aralarında yaranmış alqı-satqı münasibətinə əsasən cavabdehə müxtəlif çeşidli mallar təqdim edilmiş, sonuncu dəfə cavabdehə təqdim edilmiş 21.11.2011-ci il tarixli AEO 894993, 894994, 894995, 894996, 894997 və 894998 nömrəli qaimə fakturalar üzrə mallara görə onun 7.674,30 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin tərəflər arasında yazılı müqavilənin olmaması barədə etirazı ilə razılaşmırlar. Belə ki, tərəflər arasında yazılı müqavilənin olmaması həm də şifahi müqavilənin olmaması demək deyil. Çünki tərəflər arasında işgüzar iqtisadi münasibətlər əvvəllər mövcud olmuş və cavabdehə daha əvvəl 26.07.2011-ci il tarixli AEO 813784, 813785, 813786, 813787, habelə 17.08.2011-ci il tarixli 819314 və 819315 nömrəli qaimə fakturalar üzrə ümumilikdə 24.003,22 manat məbləğdə müxtəlif mallar təqdim edilmiş və onları dəyəri cavabdeh tərəfindən tam ödənilərək, borcu qalmamışdır. Hazırki iş üzrə tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı münasibətləri mövcud olmuşdur. Bəhs edilən məsələyə dair artıq formalaşmış kassasiya məhkəməsinin təcrübəsinə əsasən qaimə faktura malın təhvil verilməsini təsdiq edən sənəddir. Qaimə fakturada imzanın olmaması müqavilə münasibətlərinin olmadığını ifadə etmir. Belə ki, borcu olmayan qaimə fakturaların iş üzrə mövcud olması artıq tərəflər arasında alqı-satqı müqaviləsinin olduğunu təsdiq edir (İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair 2-2(102)-332/15 nömrəli iş üzrə Ali Məhkəmənin 09.12.2015-ci il tarixli qərarı). Cavabdehin malların ona təqdim edilməməsi ilə bağlı digər dəlili ilə də razılaşmayaraq qeyd edir ki, 1. iş üzrə əlavə edilmiş qaimə fakturalara imza atan şəxs cavabdehə daha əvvəl göndərilmiş və onun tərəfindən borcu ödənilmiş 26.07.2011-ci il tarixli AEO 813784, 813785, 813786, 813787, habelə 17.08.2011-ci il tarixli 819314 və 819315 nömrəli qaimə fakturalara da imza atan eyni şəxs olmuşdur. Belə olan halda cavabdehin təsərüfat obyektində işləyən və həmişə iddiaçı tərəfindən mal təqdim edilmiş və bu mallara görə borcu ödənilmiş şəxsə növbəti dəfə mal təhvil verilərkən etibarnamənin tələb edilməsi mövcud işgüzar adətə uyğun olmamış olardı. Kassasiya instansiyasının qeyd edilən məsələ ilə bağlı hüquqi mövqeyinə görə malların cavabdehə təhvil verilməsi məsələsi qiymətləndirilərkən məhkəmələr artıq dəyəri ödənilmiş malların təhvil verildiyi şəxsin həm də borclu qaimə fakturalar üzrə cavabdehin nümayəndəsi kimi çıxış etməsini sübutedici hal kimi nəzərə almalıdırlar. (İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair 2-2(102)-332/15 nömrəli iş üzrə Ali Məhkəmənin 09.12.2015-ci il tarixli qərarı).
2. Digər tərəfdən, borclu qaimə fakturalar əsasında cavabdehə 21.11.2011-ci il tarixli HC 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli elektron vergi hesab fakturaları göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 176.1-ci maddəsinə əsasən bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Bununla yanaşı, Vergi Məcəlləsinin 176.3-1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının” 2-ci bəndinə əsasən elektron vergi hesab-fakturası - bu Qaydalara əlavədəki məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının “Əsas” rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesabfakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Qeyd edilənlərə əsasən AEO 894993, 894994, 894995, 894996, 894997 və 894998 nömrəli qaimə fakturaların əsasında cavabdehə 21.11.2011-ci il tarixli HC 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli elektron vergi hesab fakturalar göndərilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, sözügedən Qaydaların 2.2-ci, 3-cü və 4.3-cü bəndlərinə əsasən elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi informasiya Sistemi (AVİS) vasitəsilə verilir. Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Elektron vergi hesab-fakturalarının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. Elektron vergi hesabfakturasının hazırlanaraq qeydə alındığı tarix həmin hesab-fakturanın verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur. Aydın olduğu kimi, elektron vergi hesab-fakturalar tamamilə avtomatlaşdırılmış formada hazırlanır və alıcıya (cavabdehə) göndərilir. Belə olan halda cavabdehə göndərilmiş və özündə mübahisəli qaimə fakturaların seriya və nömrəsini əks etdirən elektron vergi hesab fakturalarının qəbul edilərək təsdiq edilməsinin və bu günədək ləğv edilməməsinin səbəbini əsaslandırmaq yükü MPM-nin 77-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Xüsusilə qeyd edilməlidir ki, qaimə fakturaların seriya nömrəsini və bəhs edilən Qaydaların 2.4-cü bəndinə uyğun olaraq həm də malların siyahısını və məbləğini özündə əks etdirən elektron vergi hesab fakturalarının cavabdeh tərəfindən iradsız qəbul edilməsi və ləğv edilməməsi kağız fakturalarda imzanın kim tərəfindən atılmasından asılı olmayaraq həmin malların cavabdehə təqdim edildiyi və onun bu malları qəbul etdiyini tam təsdiq edir. Elektron vergi hesab fakturalarının sübuti əhəmiyyətinə münasibətdə kassasiya instansiyasının formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçının istinad etdiyi EVHF-lar iş üzrə əsas sübut kimi olmasa da, dolayı sübut qismində çıxış edir. Məhkəmə mübahisəni həll edərkən bir qayda olaraq mübahisə predmetinə dair əsas sübutlardan çıxış edir. Lakin əsas sübutun (qaimə fakturanın) mövcudluğu ilə bağlı tərəflər arasında mübahisə olduğu halda məhkəmə dolayı sübuta (elektron vergi hesab fakturaya) qiymət verməklə mübahisəni həll etməlidir. (İddiaçı MMC-nin cavabdeh X1 qarşı 2- 2(102)-79/17 nömrəli işi üzrə Ali Məhkəməsinin 03.03.2017-ci il tarixli 2-2(102)-79/17 nömrəli qərarı). Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron vergi hesab-fakturalara münasibətdə bu sənədlərin dolayı sübut olmasını qeyd etməklə kifayətlənmişdir. Halbuki, bəhs edilən elektron vergi hesab fakturaların “Əsas” bölməsində kağız qaimə fakturalara istinad edilmiş və kağız qaimə fakturalarda olan malların miqdarı və məbləği elektron vergi hesab fakturada qeyd edilənlərlə eynilik təşkil etmişdir, eyni zamanda bu elektron vergi hesab fakturaları cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Və məhkəmə icraatı zamanı da bu cavabdeh tərəfindən təkzib edilməmiş və cavabdehin qeyd edilən sənədlərə münasibətdə hər hansı münasibəti olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-227/2020 nömrəli iş üzrə 11.06.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 278/2020 nömrəli iş üzrə 15.10.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-143/2021 nömrəli iş üzrə 11.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 572/2021 nömrəli iş üzrə 07.12.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Ali Məhkəmənin 15.10.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “38. Məhkəmələrin gəldiyi nəticənin əsasında qaimə-fakturaların əsllərinin, malları təhvil alan şəxsin məhz cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair etibarnamə və ya alğısatqı müqaviləsinə aid olan əvvəlki qaimə-fakturaların təqdim edilməməsi dayanmışdır. EVHF sübut kimi ümumiyyətlə nəzərə alınmamış, həmçinin, tərəflər arasında əvvəllər işgüzar münasibətlərin mövcud olub-olmaması araşdırılmamışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki hallarına yuxarıda qeyd olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ( bax § 26, 28-29). Belə ki, iddiaçının tələbinin əsasında tərəflər arasında mövcud olmuş alğı-satqı münasibətləri dayandığından, apelyasiya instansiya məhkəməsi tərəfindən ilk növbədə həmin münasibətlərinin mövcud olub-olmaması araşdırılmalı idi. Yalnız qaimə-fakturaların əsillərinin olmaması tərəflər arasında alğısatqı münasibətlərinin olmaması nəticəsinə gəlmək üçün kifayət deyildir.
40. Sözügedən qaimə-fakturaların əsillərinin olmadığını iddiaçı özü də təsdiq edərək, qaimə-fakturaların (Forma №2Q) əsillərinin tərtib edilmə müddətindən 8 il və məhkəmə qətnaməsinin qəbulundan 5 il müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli, Q-09 saylı qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri"nin 7 saylı Əlavəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4cü maddəsinə müvafiq olaraq arxivdə məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmadığını göstərmişdir. Həmçinin bildirmişdir ki, məhkəmənin iş üzrə qiyabi qətnamənin icrası ilə bağlı cavabdeh hüquqi şəxsin direktoru icra qurumunda dəfələrlə olduğundan iddiaçı bu halı nəzərə alaraq məhkəmə qərarı barədə növbəti mərhələlərdə mübahisənin olmayacağı qənaətinə gəlmiş, cavabdehlə münasibətlərinin əks olunduğu mühasibat sənədlərinin əsillərini müddətin keçməsinə görə məhv etmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qaimə-fakturalarının əsillərinin məhv olması ilə bağlı gətirdiyi dəlilin düzgünlüyü yoxlanılaraq, hüquqi qiymət verilməmişdir. Halbuki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. (bax § 27).
42. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətində (həmçinin, iddia ərizəsi, izahat, apelyasiya şikayətində) göstərilmişdir ki, qaimə-fakturaların əsillərini təqdim edə bilməsə də, həmin sənədlərin düzgünlüyü elektron vergi hesab fakturası ilə öz təsdiqini tapır.
43. İşin materiallarından aydın olur ki, həqiqətən də, bütün qaimə-fakturaların surətləri ilə eyni rekvizitləri daşıyan elektron vergi hesab fakturası (EVHF) iddiaçı tərəfindən tərtib edilərək cavabdehə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlili olmasına baxmayaraq, qətnaməsində müvafiq əsaslandırma aparmadan həmin EVHF-larını sübut kimi qiymətləndirməmişdir.
44. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Yuxarıda sadalanmış normaların məzmunundan müəyyən olunur ki, ( bax § 28-29).) EVHF-nin uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. EVHF-nin eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. EVHF-nin hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix EVHF-da proqram təminatı vasitəsiləavtomatik olaraq qeyd olunur. Aydın olduğu kimi EVHF tamamilə avtomatlaşdırılmış formada hazırlanır və alıcıya göndərilir.
45. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən EVHF-nin sübut əhəmiyyəti qiymətləndirilərkən, onlarda olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, cavabdeh üçün həm də vergi öhdəliyi yaradan həmin EVHF-na sonuncu tərəfindən etiraz bildirilməməsi, mübahisələndirilməməsi nəzərə alınmamışdır. Bununla da, sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur (bax § 27).
46. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək həmçinin qeyd edilməsini zəruri hesab edir ki, mülki prosessual qanunvericilik sübut kimi sənədlərin əsllərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin nəzərə alınmasını tələb etsə də, yalnız bu halı əsas götürməklə, işdə olan digər sübutlara qiymət verilməməklə nəticəyə gəlinməsi işin ədalətli araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçı qaimə-fakturaların əsllərini təqdim edə bilməməsini hüquqi baxımdan əsaslandırsa da, buna qiymət verilməmişdir. Zamana görə qüvvədə olmuş qanunvericiliyn tələblərinə görə EVHF qaimə-fakturalar əsasında verilə bilərdi. Başqa sözlə, EVHF-nın cavabdehə göndərilməsinin səbəbi qaiməfakturaların mövcud olmasıdır.
47. Digər tərəfdən, işin materialında olan qaimə-fakturaların surətlərində “təhvil aldı” qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən "xxxx" adlı şəxsin malalan müəssisənin nümayəndəsi olub-olmaması qiymətləndirilərkən, belə bir şəxsin müəssisənin işçisi olmadığını bildirən cavabdehin izahatının heç bir sübut olmadan (o cümlədən 2011-ci ilin noyabr ayı üzrə cavabdehin işçilərinin siyahısı və ya əmək müqavilələrinin qeydiyyatının aparıldığı dövlət sosial sığorta orqanlarının məlumatı və s.) qəbul edilməsi də yolverilməzdir. Bu halda, sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki mülki prosessual qanunvericilik yalnız tələbin deyil, etirazın da əsaslandırılmalı olduğunu birmənalı şəkildə müəyyən etmişdir.” Ali Məhkəmənin 07.12.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “58. İş materiallarında olan və ASC-nin etiraz etmədiyi, müvafiq qaydada ləğv edilməmiş EVHF-in üzərindəki “Əsas” qrafasının qarşısında hazırda mübahisə predmeti olan qaimə fakturaların seriya və nömrələri göstərilmişdir. Başqa sözlə, MMC-nin təqdim etdiyi EVHF kağız qaimə fakturalar əsasında onlara istinad edilməklə hazırlanmışdır.
59. Vergi orqanının həmin EVHF üzrə yekun mövqeyi ondan ibarət olmuşdur ki, EVHF-in MMC tərəfindən ASC-yə təqdim edildiyi və ləğv edilmədiyi təsdiqlənmişdir.
60. ASC-nin isə MMC-nin təqdim etdiyi və malların siyahısı, qiymətini özündə əks etdirən EVHF-ə etiraz etmədiyinin səbəblərini tutarlı dəlillərlə əsaslandırması iş materialları ilə müəyyən olunmur.
61. Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi qərarda EVHF ilə bağlı göstərilmişdir ki, “İşin materiallarından aydın olur ki, həqiqətən də bütün qaimə-fakturaların surətləri ilə eyni rekvizitləri daşıyan EVHF MMC tərəfindən tərtib edilərək ASC-yə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi MMC-nin şikayətinin dəlili olmasına baxmayaraq qətnaməsində müvafiq əsaslandırma aparmadan həmin EVHF-ni sübut kimi qiymətləndirməmişdir.”, “Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən EVHF-nin sübut əhəmiyyəti qiymətləndirilərkən, onlarda olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, ASC üçün həm də vergi öhdəliyi yaradan həmin EVHF-yə sonuncu tərəfindən etiraz bildirilməməsi, mübahisələndirilməməsi nəzərə alınmamışdır.”, “Bununla da sübutların qiymətləndirilməsinə dair MPMin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Zamana görə qüvvədə olmuş qanunvericiliyn tələblərinə görə EVHF qaimə-fakturalar əsasında verilə bilərdi. Başqa sözlə, EVHF-nın ASC-yə göndərilməsinin səbəbi qaimə-fakturaların mövcud olmasıdır.”
62. Son apellyasiya baxışında isə məhkəmə bu məsələ ilə bağlı yalnız onu bildirməklə kifayətlənmişdir ki, tərəflər arasında olan EVHF ilə bağlı mübahisəli hal 2011-ci ildə baş versə də, üçüncü şəxsin 2021-ci il 8 iyun tarixli cavab məktubunda elektron qaimə-fakturanın təqdim edilməsinə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən tətbiq edilməyə başlanıldığı qeyd edilmişdir.
63. Bununla da apellyasiya instansiyası məhkəməsi nəinki Ali Məhkəmənin EVHF ilə bağlı göstərişlərini yerinə yetirməmiş, həmçinin hazırkı mübahisəyə “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında NK-nın Qərarını tətbiq edərkən maddi hüquq pozuntusuna yol vermişdir.
64. Belə ki, mübahisə predmeti olan EVHF MMC tərəfindən tərtib olunaraq ASC-yə göndərilərkən (2011-ci ildə) NK-nın 2009-cu il 28 sentyabr tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi” Qaydaları (bax yuxarıda § 53) qüvvədə idi.
65. Beləliklə, apellyasiya baxışında məhkəmə NK-nın EVHF ilə bağlı 2009-cu il 28 sentyabr tarixli 156 saylı qərarını deyil, səhvən daha sonralar qəbul edilmiş elektron qaimə-fakturlala bağlı qərarını tətbiq etmiş, nəticədə Ali Məhkəmənin müvafiq göstərişləri yerinə yetirilməmiş vəziyyətdə qalmış, bu da yekun etibarilə MPM-in 88 və 420-ci maddələrinin (bax yuxarıda § 52) tələblərinin pozulmasına, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 52) uyğun gəlməyən əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
66. KMP-nin formalaşdırdığı hüquqi mövqeyə görə (bax yuxarıda § 54), kassasiya məhkəməsinin prosessual qanunla müəyyən edilmiş hədlər daxilində verilmiş göstərişləri apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri düzəltmək, yeni apellyasiya baxışında bu səhvlərin təkrarlanmasının qarşısını almaq məqsədini daşıyır, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.
67. Bundan başqa, iş materiallarına əlavə edilmiş mübahisə predmeti olan kağız qaimə fakturaları hazırlayaraq MMC-yə təhvil vermiş, onlar barədə məlumatı Maliyyə və Vergilər nazirliklərinə təqdim etmiş "xxxx" MMC-nin 2021-ci il 11 iyun tarixli 40 nömrəli məktubu da həmin fakturaların saxta olmadığına dəlalət etdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin sənədi işdə olan digər sübutlarla (EVHF-də olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, ASC-nin EVHF-i qanunvericiliyin tələblərinə uyğun şəkildə mübahisələndirməməsi, vergi orqanı tərəfindən həmin EVHF-in MMC tərəfindən ASC-yə təqdim edildiyinin və ləğv edilmədiyinin təsdiqləndiyini bildirməsi) ilə əlaqəli şəkildə təhlil edərək MMC-nin təqdim etdiyi sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.
68. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi MMC-nin qaimə-fakturaların məhv edilməsi barədə hər hansı sənəd-sübut, akt təqdim etməməsi, qaimə-fakturaların kserosurətlərində əsli ilə düzdür qeydini edən şəxsin soyadı, ata adı vəzifəsi və tarixinin göstərilməməsi, kserosurətlərdə ASC-nin möhürünün olmaması barədə dəlillər hazırkı halda işin düzgün həllinə birbaşa təsir edən xüsusatlar kimi qiymətləndirilə bilməz.
69. Bundan başqa, Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, tərəflər arasında əvvəllər işgüzar münasibətlərin mövcud olub-olmaması araşdırılmamışdır.
70. Buna baxmayaraq işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusat da son apellyasiya baxışında diqqətdən kənarda qalmış, məhkəmə bu məsələyə öz münasibətini bildirməmişdir.
71. Həmçinin Ali Məhkəmə qeyd etmişdir ki, işin materialında olan qaiməfakturaların surətlərində “təhvil aldı” qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən "xxxx" adlı şəxsin malalan müəssisənin nümayəndəsi olubolmaması qiymətləndirilərkən, belə bir şəxsin müəssisənin işçisi olmadığını bildirən cavabdehin izahatının heç bir sübut olmadan (o cümlədən 2011-ci ilin noyabr ayı üzrə cavabdehin işçilərinin siyahısı və ya əmək müqavilələrinin qeydiyyatının aparıldığı dövlət sosial sığorta orqanlarının məlumatı və s.) qəbul edilməsi də yolverilməzdir. Bu halda, sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki mülki prosessual qanunvericilik yalnız tələbin deyil, etirazın da əsaslandırılmalı olduğunu birmənalı şəkildə müəyyən etmişdir.
72. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin (bax yuxarıda §52) tələblərini bu göstərişə münasibətdə də pozaraq qaimə-fakturaların surətlərində “təhvil aldı” qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən "xxxx" adlı şəxsin ASC-nin nümayəndəsinin olub-olmaması istiqamətində ümumiyyətlə araşdırma aparmamış, bu məsələyə hüquqi qiymət verməmiş, heç bir əsaslandırma gətirmədən Ali Məhkəmənin göstərişinin əksinə olaraq bununla bağlı sübutetmə yükünün faktiki olaraq cavabdeh deyil, iddiaçı tərəfin üzərinə düşdüyü nəticəsinə gəlmişdir.
73. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla Ali Məhkəmənin iş üzrə qəbul edilmiş 2020-ci il 15 oktyabr tarixli 2-2(102)-278/2020 saylı qərarında əks olunmuş göstərişləri tam yerinə yetirməli, iddia tələblərinə ədalətli və əsaslı qiymət verməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərin icrası bağlı qeyd edir ki, iddiaçı AEO 894993, 894994, 894995, 894996, 894997 və 894998 nömrəli qaimə fakturalar əsasında müxtəlif çeşidli malları cavabdehin nümayəndəsi kimi çıxış edən "xxxx" adlı şəxsə təqdim etməklə cavabdehə verdiyini, nəticədə cavabdehin ona 7.674,30 manat məbləğdə borcunun yarandığını, cavabdeh isə tərəflər arasında ümumiyyətlə alqı-satqı münasibətlərinin olmadığını, iddiaçı tərəfindən təqdim olunmuş qaimə fakturaların saxta olduğunu, belə qaimə fakturaların heç vaxt imzalanmadığını bildirirlər. Cavabdehin etirazına qarşılıq olaraq, iddiaçı göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıdan tələb edilən sənədlər, o cümlədən qaimə-fakturaların əsli tərtib edilmə müddətindən 8 il və məhkəmə qətnaməsinin qəbulundan 5 il müddətinin keçməsi, o cümlədən cavabdeh hüquqi şəxsin direktorunun icra qurumunda dəfələrlə olması nəzərə alınaraq, məhkəmə qərarı barədə mübahisənin olmayacağına qənaət gətirilərək, qanunvericikdə nəzərdə tutulmuş müddətlər və digər tələblər nəzərə alınmaqla arxivdə məhv edildiyi üçün, onların təqdim edilməsi mümkün olmamışdır. İddiaçı öz tələbini ona görə əsaslı hesab edir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə uyğun olaraq 2011-ci il 26 iyul və 2011-ci il 17 avqust tarixlərdə də aralarında alqı-satqı münasibətləri mövcud olmuş və həmin qaimə-fakturalar üzrə "xxxx" adlı eyni şəxsə mallar təhvil verilmişdir, kağız daşıyıcıda olan qaimə-fakturaların nömrələrini özündə əks etdirən və ilkin uçot sənədi hesab edilən 2011-ci il 21 noyabr tarixli HC 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən iddiaçıya hər hansı etiraz ünvanlanmamışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır; Maddə 570.2. Alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetini 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın zamana görə qüvvədə olan redaksiyada: 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir; 2.4. Elektron vergi hesab-fakturasında aşağıdakı məlumatlar əks etdirilir: vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı; vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi; yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı; vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi; aksizli mallarda aksizin məbləği; vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği; elektron vergi hesab-fakturasının verilmə tarixi; elektron vergi hesab-fakturasının nömrəsi; ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi; elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 5.4. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının equtusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. MPM: 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, tərəflər arasında əvvəl mövcud olmuş işgüzar adətlərə uyğun qaydada ağlabatan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməlidir. Belə ki, yalnız qaimə-fakturaların əsllərinin olmaması tərəflər arasında alqı-satqı münasibətlərinin olmaması nəticəsinə gəlmək üçün kifayət deyil, üstəlik sözügedən qaiməfakturaların əsllərinin olmadığını iddiaçı özü də təsdiq edir və bunun səbəblərini uzun müddətin keçməsi ilə izah edir. İşdən isə aydın olur ki, həqiqətən də bütün qaiməfakturaların surətləri ilə eyni rekvizitləri daşıyan elektron vergi hesab fakturaları (EVHF) iddiaçı tərəfindən tərtib edilərək cavabdehə göndərilmişdir. EVHF-nin sübut əhəmiyyəti qiymətləndirilərkən məhkəmə kollegiyası onlarda olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsini, cavabdeh üçün həm də vergi öhdəliyi yaradan həmin EVHF-na sonuncu tərəfindən etiraz bildirilməməsini, onun tərəfindən mübahisə edilməməsini nəzərə alır. Baxmayaraq ki, mülki prosessual qanunvericilik sübut kimi sənədlərin əsllərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunmasını tələb edir, yalnız bu halın əsas götürülməsi, işdə olan digər sübutlara qiymət verilməməsi işin ədalətli araşdırılması prinsipinə zidd olardı. Zamana görə qüvvədə olmuş qanunvericiliyn tələblərinə görə isə EVHF qaimə-fakturalar əsasında verilə bilərdi. Başqa sözlə, EVHF-nın cavabdehə göndərilməsinin səbəbi qaimə fakturaların mövcud olmasıdır. Bundan əlavə, işə əlavə edilmiş mübahisə predmeti olan kağız qaimə fakturaları hazırlayaraq iddiaçıya təhvil vermiş, onlar barədə məlumatı Maliyyə və Vergilər nazirliklərinə təqdim etmiş "xxxx" MMC-nin 2021-ci il 11 iyun tarixli 40 nömrəli məktubu da həmin fakturaların saxta olmadığına dəlalət edir. Digər tərəfdən, işdə olan qaimə-fakturaların surətlərində “təhvil aldı” qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən "xxxx" adlı şəxsin mal alan müəssisənin nümayəndəsi olub-olmaması qiymətləndirilərkən belə bir şəxsin onun işçisi olmadığını bildirən cavabdehin izahatı heç bir sübut olmadan (o cümlədən 2011-ci ilin noyabr ayı üzrə cavabdehin işçilərinin siyahısı və ya əmək müqavilələrinin qeydiyyatının aparıldığı dövlət sosial sığorta orqanlarının məlumatı və sair) qəbul edilə bilməz. Çünki, mülki prosessual qanunvericilik yalnız tələbin deyil, etirazın da əsaslandırılmalı olduğunu birmənalı şəkildə müəyyən etmişdir. Bu halda isə, sübutetmə yükü cavabdehin üzərinə düşsə də, sonuncu bununla bağlı da Məhkəməyə heç bir mötəbər dəlil təqdim etməmişdir. Bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 7.674,30 manat əsas borcun tutulması hissədə iddia əsaslıdır. İddiaçının dəbbə pulu adı ilə tələb etdiyi zərər məbləğinə gəldikdə isə, o, bununla bağlı Məhkəməyə konkret hesablama təqdim etməsə də, məhkəmə kollegiyası hesab edir ki, borc məbləğinin ödənilməsinin gecikdirildiyi işin mübahisəsiz halı olduğundan, gecikdirmə nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyan cavabdehdən əsas borc məbləğinin beş faizinin qarşılığı olaraq 350 manatın tutulması ədalətli sayılmalıdır.
MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.4 və 390-cı maddələri), iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin ediməli (MPM-in 384.0.2-ci maddəsi), apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1156/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh-dən 7.674,30 manat əsas borc və 350 manat vurulmuş zərərin əvəzi olmaqla, cəmi 8.024,30 manat (səkkiz min iyirmi dörd manat otuz qəpik) məbləğdə pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Vahid Sadıqov