Məhkəmə qərarları › İş №2-2(103)-209/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-209/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-209/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ekvayrinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: ekvayrinq müqaviləsi, uğursuz əməliyyat, cavab kodu. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ekvayrinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-79/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC (“Təsərrüfat subyekti” qismində) ilə ABB (“Bank” qismində) arasında xx.xx.2019-cu il tarixdə PBD1030 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən beynəlxalq kart təşkilatlarının ekvayrinq lisenziyanın sahibi kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan cavabdeh iddiaçını vəkil etmişdir ki, ödəniş kartlarını malların və xidmətlərin dəyərini ödəmək üçün qəbul edir, ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini müqavilədə qeyd edilən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının müvafiq bank hesabına köçürür.

2. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış 2064 əməliyyat üzrə məbləğlər POS-terminallardan çıxan qəbz üzərində “Təsdiqlənib” sözlərinin yazılmasına baxmayaraq, iddiaçının bank hesabına köçürülməmiş. Rekvizitlərinin oxunması mümkün olan qəbz sayı 1941 ədəddir. 2064 əməliyyat üzrə iddiaçının bank hesabına köçürülməyən məbləğlərin ümumi miqdarı 135 019,19 manat təşkil edir.

3. Tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən ABB bütün əməliyyatlar üzrə yox, yalnız uğurlu (etibarlı) əməliyyatlar üzrə ödənişləri İddiaçı MMC-yə ötürməyi (komisyon haqq tutulduqdan sonra) öhdəsinə götürmüşdür. Əməliyyat uğurlu olmamışdırsa və həmin əməliyyata görə ABB-yə emitent bankdan pul köçürülməmişdirsə, ABB tərəfindən iddiaçıya pul köçürülmür. Uğurlu olmuş, o cümlədən uğursuz olsa da, sonradan pul köçürülmüş əməliyyatlar üzrə cavabdeh öz komisyon haqlarını tutduqdan sonra müvafiq ödənişləri iddiaçının bank hesabına köçürmüşdür. İddiaçı tərəfindən təqdim olunan qəbzlərdən 1771 ədədinin rekvizitlərinin oxunması mümkündür və qəbzlərdə cavab kodu “01”dir, bu isə əməliyyatların uğursuz olduğunu göstərir. Dəyəri ödənilməyən əməliyyatlar üzrə cavabdehə emitent bankdan pul daxil olmamış, ona görə də köçürmə həyata keçirilməmişdir. İddiaçı hansı problemli əməliyyat ilə bağlı cavabdehə müraciət etmişdirsə, cavabdeh dərhal prosessinq mərkəzinə sorğu ünvanlamış, əməliyyat üzrə gələn pulu da iddiaçının hesabına köçürmüşdür. Belə ki, iddiaçının təqdim etdiyi qəbzlərdən rekvizitləri oxunması mümkün olan qəbzlərin dəyərinin bir hissəsi iddiaçının hesabına köçürülmüşdür.

4. Cavabdehə prosessinq xidmətlərini "xxxx" MMC göstərir. Qəbzdə “00” cavab kodundan başqa hər hansı cavab kodu əməliyyatın uğursuz olduğunu göstərir. “01” cavab kodunun açıqlaması “emitent bank ilə əlaqə saxlayın” deməkdir. “01” cavab kodu olduqda müəssisə tərəfindən ekvayer banka müraciət olunmalı və ekvayer bank həmin məlumatları emitent banka ötürülməlidir. Bundan sonra emitent bank əməliyyatın icra olunub-olunmamasına öz razılığını bildirməlidir. Əgər razılıq verilməzsə, ekvayer bank tərəfindən müəssisəyə məlumat verilməli, müştəriyə mal təqdim olunmamalıdır. Emitent bank əməliyyatın aparılmasına razılıq verdiyi halda isə 6 rəqəmli təsdiq kodu ekvayer banka təqdim edilməli, ekvayer bank isə həmin təsdiq kodunu müəssisəyə təqdim etməli və kassir həmin kodu postterminala daxil etməlidir. Bu halda təsdiqlənib yazısı və “01” cavab kodu ilə qəbz çıxır. Mübahisənin predmetini təşkil edən əməliyyatların əksəriyyəti uğursuz olmuşdur. Cavabdehin təqdim etdiyi siyahıda “01” cavab kodu qeyd olunan əməliyyatlar üzrə köçürülən məbləğlər avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında aparılmışdır. Cavabdehin sorğusu əsasında "xxxx" MMC təhlil aparmış, silinmələrin aparılması barədə emitent banka məlumat verərək silinməli olan fayl X2 göndərilmişdir. Həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 135 019,19 manat, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3938 manat və dövlət rüsumu kimi ödənilmiş 429,52 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ABB) ilə İddiaçı (bundan sonra İddiaçı MMC) arasında xx.xx.2019-cu il tarixində PBD1030 №-li ekvayrinq xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən beynəlxalq kart təşkilatlarının ekvayrinq lisenziyanın sahibi kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan cavabdeh iddiaçını vəkil etmişdir ki, ödəniş kartlarını malların və xidmətlərin dəyərini ödəmək üçün cavabdehə məxsus POS-terminallar vasitəsilə qəbul etsin. Cavabdeh ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini yuxarıda qeyd edilən müqaviləyə əsasən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının bank hesabına köçürməlidir. Lakin ABB-yə məxsus POS-terminallar vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılan 2064 əməliyyat üzrə məbləğlər POS-terminallardan çıxan qəbz üzərində “Təsdiq edilmişdir” sözlərinin yazılmasına baxmayaraq, iddiaçının bank hesabına köçürülməmişdir. Bu barədə ABB-nin nümayəndələrinə elektron poçt vasitəsilə dəfələrlə müraciət olunmasına baxmayaraq, müraciətlərə zamanında aidiyyəti üzrə heç bir münasibət bildirilməmiş, yalnız 2022-ci il iyul ayının əvvələrində cavabdehin əməkdaşları və iddiaçının əməkdaşları arasında görüş təşkil edilmiş və həmin görüş zamanı terminalda qüsur olduğu onlara bildirilmiş və müraciətlərin nəticəsi olaraq mağazalardakı cavabdehə məxsus POS-terminallardakı qüsur cavabdehin əməkdaşları tərəfindən aradan qaldırılmışdır. 2022-ci il avqust ayının axırlarında isə hissə-hissə olmaqla 1000 ədəd yeni POS-terminal iddiaçıya təhvil verilmiş və əvvəlki POS-terminallar təhvil alınmışdır. Nəticə etibarilə cavabdehə məxsus POS-terminallar vasitəsilə aparılan bəzi əməliyyatlar üzrə məbləğlərin iddiaçının bank hesabına köçürülməsi tələbi ilə əlaqədar cavabdehin əməkdaşları ilə görüş təşkil edilmiş və həmin əməkdaşlar tərəfindən bildirilmişdir ki, aparılmış əməliyyatlar üzrə məbləğlər ödənilməyəcəkdir. İddiaçının bank hesabına köçürülməyən məbləğlərin ümumi miqdarı 135 019,19 manatdır. Bu barədə qəbzlər elektron poçt vasitəsilə cavabdehin əməkdaşlarına təqdim edilmiş, onlar tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyul 2012-ci il tarixli № 16/3 Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydalarının 6.2-ci maddəsinə əsasən Bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə aparılan əməliyyatları (pul köçürmələri istisna olmaqla) təsdiq edən sənədlərdə ən azı aşağıdakılar göstərilməlidir (bu məlumatların Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla): 6.2.1. ekvayeri və təsərrüfat subyektini (POS-terminal və ya digər ödəniş terminalları təsərrüfat subyektində quraşdırıldıqda) eyniləşdirməyə imkan verən rekvizitlər; 6.2.2. sənədin nömrəsi; 6.2.3. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 6.2.4. xidmət mərkəzinin adı; 6.2.5. ödəniş terminalının kodu; 6.2.6. ödənişin məbləği və valyutası; 6.2.7. kartın kart təşkilatının təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 6.2.8. avtorizasiya kodu; 6.2.9. xidmət haqqı tutulduğu halda onun məbləği. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın 5.3-cü maddəsinə müvafiq olaraq POS-terminal vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə elektron və ya kağız daşıyıcıda özündə ən azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin edilir və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılır: 5.3.1. bank ekvayerin və (və ya) xidmət mərkəzinin adı; 5.3.2. sifarişçinin adı və VÖEN-i; 5.3.3. qəbzin nömrəsi; 5.3.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 5.3.5. POS-terminalın kodu; 5.3.6. ödənişin məbləği və valyutası; 5.3.7. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 5.3.8. avtorizasiya kodu. ABB tərəfindən iddiaçıya ödənilməyən qəbzlərin üzərində aparılmış əməliyyatlarda müvafiq olaraq yuxarıda qeyd edilən məlumatların hamısı öz əksini tapmışdır və qəbzlər iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh tərəfindən 135 019,19 manat məbləğin xx.xx.2022-ci il tarixinədək iddiaçıya ödənilməsi barədə xx.xx.2022-ci il tarixli pretenziya ünvanlanmış və borc məbləği ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Cavabdeh tərəfindən pretenziyanın qəbul edilməsinə baxmayaraq, nəticə etibarilə iddiaçıya heç bir ödəniş edilmədiyi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş və müvafiq prosesin davam etdirilə bilməməsi barədə Bakı 9 saylı mediasiya təşkilatının xx.xx.2023cü il tarixli MŞB\9\2023-00251 nömrəli arayışı hər iki tərəfə təqdim edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-79/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ekspertiza xərci olaraq İddiaçındən 300 (üç yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X4 10 iyul 2012-ci il tarixli 16/3 nömrəli Qərarı ilə (xx.xx.2024-cü il tarixdə ləğv edilərək yeni Qaydalar təsdiqlənmişdir) təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na (bundan sonra Qaydalar) əsasən, ekvayer, ekvayrinq xidmətini həyata keçirən hüquqi şəxsdir (2.1.4). Ekvayrinq, təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmətdir (2.1.5). Ekvayrinq xidməti ekvayerlə təsərrüfat subyekti və ya müvafiq hallarda dövlət orqanı (qurumu) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (3.10). Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli PBD1030 nömrəli müqavilənin şərtlərinə nəzər saldıqda aydın olur ki, müqavilə ekvayrinq müqaviləsi olub, ekvayrinq xidmətini həyata keçirən cavabdeh bankla təsərrüfat subyekti olan İddiaçı MMC arasında iddiaçı tərəfindən ticarət xidmətlərininin göstərilməsi zamanı müştərilərlə hesablaşmalarının aparılması üzrə cavabdeh tərəfindən göstərilən xidməti özündə ehtiva edir. Məhkəmə Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli PBD1030 nömrəli müqavilə mahiyyət etibarilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirmişdir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli müqavilənin şərtlərindən görünür ki, cavabdeh iddiaçını zəruri olan avadanlıqla təmin etməyi (2.1.2), aparılmış kart əməliyyatları barədə məlumat iddiaçı tərəfindən POS-terminal vasitəsilə və ya hesab vasitəsilə kart təşkilatına verildiyi tarixdən etibarən 7 iş günü ərzində, kartlarla aparılmış əməliyyatların məbləğini bu müqavilədə qeyd edilən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının hesabına köçürməyi (2.1.1) öhdəsinə götürmüşdür. İddiaçı isə satılan mallar (göstərilən xidmətlər) müqabilində kart istifadəçisindən kartları qəbul edərək, digər tədiyyə vasitələri ilə, o cümlədən nağd pula satılan qiymətlərə bərabər olaraq, kartlarla ödənişlərin aparılmasını təmin etmək və kart sahiblərinin üzərinə heç bir əlavə xərc qoymamağı (2.3.1), kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmağı və hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımağı (2.3.2), əməliyyatın aparıldığı tarixdən etibarən 7 iş günündən gec olmayaraq, hesabları doldurulmuş toplu hesabla birlikdə cavabdehə təqdim etməyi və ya POS-terminal vasitəsi ilə (gün sonu (Zet) çıxarmaqla) göndərməyi (2.3.5), aldığı avadanlıqları başqa şəxslərə verməməyi və cavabdehin razılığı olmadan digər şəxslərin cavabdehdən alınmış ləvazimatlardan istifadə etməsinə imkan verməməyi, bu tələbin pozulması nəticəsində dəyən zərərin məbləğini cavabdehə ödəməyi (2.3.11), işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımağı (2.3.33) öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçını zəruri olan avadanlıqla təmin etməyi və kartlarla aparılmış əməliyyatların məbləğini komisyon haqlarını çıxdıqdan sonra iddiaçının hesabına köçürməyi öhdəsinə götürmüş, iddiaçı isə kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmağı, aldığı avadanlıqları başqa şəxslərə verməməyi, cavabdehin razılığı olmadan digər şəxslərin cavabdehdən alınmış ləvazimatlardan istifadə etməsinə imkan verməməyi və işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunan “Plastik kartlar vasitəsi ilə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq elektron avadanlıq GPRS tipli posterminal üzrə Təlimat”ın 5-ci bəndinə əsasən, POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilir və qəbz çıxan zaman “CAVAB KOD”-da uğursuz əməliyyat barəsində kod öz əksini tapır. 5.1- ci bənddə qeyd olunmuşdur ki, “CAVAB KOD”-da çıxan istənilən kodun mənasını aşağıdakı “kodların açıqlaması” ilə dəqiqləşdirin: 01- kartı buraxan bank tərəfindən yaranmış problem. . İddiaçının təqdim etdiyi qəbzlərdən (iş materiallarının 2, 3, 4-cü cildləri) görünür ki, xx.xx.2022-ci il tarixli, RRN: **********58 kodlu, 7051 nömrəli (3-cü cild 20-ci vərəq), xx.xx.2022-ci il tarixli, RRN: **********49 kodlu, 7178 nömrəli (3-cü cild 81-ci vərəq), xx.xx.2022-ci il tarixli, RRN: **********97 kodlu, 7800 nömrəli (3-cü cild 147-ci vərəq) qəbzlərdə cavab kodu “00”, qalan bütün qəbzlərdə cavab kodu “01”dir. Həmçinin təqdim olunan qəbzlərdən və tərəflərin təqdim etdiyi qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olunduğu siyahıları (elektron iş materialları 134-cü (cavabdehin təqdim etdiyi) və 179-cu (iddiaçının təqdim etdiyi) sənədləri müqayisəli təhlil etdikdə aydın olur ki, əməliyyatlar ilk 4 rəqəmi “4169”, “4127”, “4098”, “5169” olan kartlarla aparılmışdır. Həmçinin müəyyən olunur ki, ilk 4 rəqəmi “4127” olan 1 kartla (4127....0890) 1 əməliyyat, “4098” olan 2 kartla (4098....3083, 4098....5063) ümumilikdə 2 əməliyyat, “5169” (5169....0508) olan 1 kartla 1 əməliyyat aparılmış, həmin kartlarla aparılmış 4 əməliyyat üzrə pul vəsaitləri cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüş, qalan bütün əməliyyatlar ilk 4 rəqəmi “4169” olan kartla aparılmışdır. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin 05 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ilk 4 rəqəmi “4169” ilə başlayan plastik kartlar yalnız "xxxx" ASC-yə məxsusdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-79/2024 nömrəli qərardadı ilə "xxxx" ASC-dən təqdim olunan siyahı üzrə RRN nömrələri qeyd edilmiş əməliyyatların (nömrələri qeyd edilmiş müvafiq plastik kartlar üzrə) uğurlu əməliyyat olub-olmaması barədə məlumatların, RRN nömrələri qeyd edilmiş əməliyyatların (nömrələri qeyd edilmiş müvafiq plastik kartlar üzrə) uğurlu əməliyyat olmaması müəyyən edilərsə, bunun səbəbləri (məsələn həmin anda kartda kifayət qədər vəsaitin olmaması səbəbinə görə və s. səbəbə görə) barədə məlumatların, RRN nömrələri qeyd edilmiş əməliyyatlar (nömrələri qeyd edilmiş müvafiq plastik kartlar üzrə) uğurlu olmuşdursa, bu vəsaitlərin cavabdehə köçürülməsi barədə (nə vaxt, necə (hansı formada) məlumatların məhkəməyə təqdim edilməsi tələb edilmiş, qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olundunduğu iddiaçının və cavabdehin təqdim etdiyi siyahılar "xxxx" ASC-yə təqdim olunmuşdur. "xxxx" ASC məhkəmənin qərardadı ilə tələb olunan məlumatlarla bağlı məhkəməyə xx.xx.2024cü il tarixli 2024/111/19114 nömrəli məktub ünvanlayaraq siyahıda təqdim edilən əməliyyatların plastik kartların statusunun “declared” (qeyri-aktiv) olması səbəbilə uğursuz nəticələndiyi qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qəbzlərdən cəmi 3 qəbz üzrə “00”, yəni uğurlu əməliyyat üzrə cavab kodu olmuş, qalan qəbzlərdə əməliyyatın cavab kodu “01”, yəni kartı buraxan bank tərəfindən yaranmış problemi əks etdirən cavab kodu olmuşdur. Həmçinin əməliyyatların həyata keçirildiyi plastik kartlardan ilk 4 rəqəmi “4127” olan 1 ədəd, “4098” olan 2 ədəd, “5169” olan 1 ədəd olmaqla 4 plastik kart üzrə aparılan və dəyəri ödənilən cəmi 4 əməliyyat istisna olmaqla, qalan bütün əməliyyatlar ilk 4 rəqəmi “4169” ilə başlayan plastik kartlarla aparılmış, həmin kartlar isə yalnız "xxxx" ASC-yə məxsus olmuş, "xxxx" ASC isə qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olunduğu tərəflərin təqdim etdiyi siyahılarda əks olunan əməliyyatların plastik kartların statusunun “declared” (qeyri-aktiv) olması səbəbilə uğursuz nəticələndiyi qeyd etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış prosessinq xidmətinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli xidmət müqaviləsindən görünür ki, cavabdehin emissiya etdiyi və şəbəkəsi çərçivəsində xidmət göstərdiyi yerli (lokal) və beynəlxalq ödəniş kartları ilə bağlı, lakin bununla məhdudlaşmayaraq bütün ödəniş vasitələri və sistemləri üzrə bütün prosessinq işlərinin və əməliyyatlarının göstərilməsini, o cümlədən cavabdehə məxsus olan xidmət şəbəkəsi (ekvayer şəbəkəsi) avadanlıqlarını və sair tətbiqlərini öz prosessinq mərkəzinə qoşmaq, xidmətə açıq olmasını təmin etmək və bundan irəli gələn bütün işləri görmək öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin cavabdehə ünvanladığı cavab məktubu və ona əlavə olunan siyahıdan (elektron iş materiallarında 134-cü sənəd) görünür ki, cavabdehin rekvizitlərinin oxunduğunu qeyd etdiyi 1771 ədəd qəbzdən ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlərin sayı (ilk 4 rəqəmi “4127”, “4098”, “5169” olan 4 kartla aparılan 4 əməliyyatı əks etdirən qəbzlər də daxil olmaqla) 101 ədəddir (23 ədəd yaşıl sətrdə əks olunan, 78 ədəd sarı sətrdə əks olunan), qalan qəbzlər üzrə ekvayer banka (cavabdehə) vəsait daxil olmamış, səbəbi isə emitent bankdan 00 (uğurlu) deyil, 01 cavab kodunun daxil olması olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin siyahıda ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlər kimi qeyd olunan 101 ədəd qəbzdən siyahının 14, 111, 340, 552, 795, 863, 864, 1571, 1572, 1669, 1671-ci sətrində qeyd olunan qəbzlər başqa təsərrüfat subyektinə aid olmuş, yanlışlıqla iddiaçıya aid qəbzlərin siyahısında əks olunmuş, həmin əməliyyatlar üzrə vəsaitlər aid olduqları təsərrüfat subyektlərinin hesabına köçürülmüşdür. Beləliklə, ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlərin sayının 90 ədəd (“00” cavab kodlular da daxil olmaqla) olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında mütəxəssis qismində Azərbaycan Respublikasının Mərkəzi Bankının Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi X5 izahatında bildirmişdir ki, əməliyyat edilən zaman POS-terminaldan əldə olunan qəbzlərdə “00” cavab kodu əməliyyatın təsdiqləndiyini, “01” cavab kodu isə əməliyyatdan imtina olunduğunu göstərən koddur. Əməliyyat edilən zaman kart məlumatları emitent banka (hazırkı halda "xxxx" ASC) ötürülür. Kartda hər hansı problem olmazsa, “00” cavab kodu qeyd olunur, emitent bank əməliyyat üzrə vəsaiti ekvayer banka (hazırkı halda ABB) köçürməyi öhdəsinə götürür. Emitent bank əməliyyatdan imtina edərsə, qəbzdə cavab kodu “01” kimi qeyd olunur, bu zaman “əməliyyatdan imtina edilmişdir”, “əməliyyat uğursuzdur” kimi izah mətnləri çıxır. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi (Kart və terminal texnologiyaları departamentinin direktoru) X8 izahatında bildirmişdir ki, POSterminal vasitəsi ilə əməliyyatlar beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən olunan qaydalara əsasən aparılmalıdır. Həmin qaydaların tələblərinə əsasən POS-terminalda əməliyyat aparan zaman sorğu ekvayer bank tərəfindən emitent banka çatdırılmalı, emitent bank əməliyyatın aparılmasına icazə verib-vermədiyini müəyyən etdikdən sonra buna uyğun olaraq sorğuya cavab kodu təqdim etməli, əməliyyatın uğurlu olub-olmaması həmin təsdiq kodu əsasında müəyyən edilməlidir. Qəbzlərdə “Təsdiqlənib” ifadəsinin əks olunması sorğunun tsiklinin təsdiqlənməsidir. Bu, o deməkdir ki, ekvayer bank tərəfindən öz prosessinq mərkəzi vasitəsilə emitent banka sorğu ünvanlaması və sorğuya eyni qaydada cavab təqdim edilməsi mümkün olmuşdur. Əməliyyat təsdiqləndikdə də qəbzdə “Təsdiqlənib” sözü yazılır. Lakin belə olan halda sorğuya cavab kodu olaraq “00” kodu qeyd olunmalıdır. Əsas cavab kodudur. Belə ki, “00” cavab kodundan başqa hər hansı cavab kodu əməliyyatın uğursuz olduğunu göstərir. Cavabdehin təqdim etdiyi siyahıda “01” cavab kodu qeyd olunan əməliyyatlar üzrə köçürülən məbləğlər avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında aparılmışdır. Belə ki, ekvayer bankın sorğusu əsasında "xxxx" MMC təhlil aparır, silinmələrin aparılması barədə emitent banka məlumat verir və silinməli olan fayl X2 göndərilir. Həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirir. Cavabdehin təqdim etdiyi (elektron iş materiallarının 210, 241, 245, 259-cu sənədləri) hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC-nin cavabdehə ünvanladığı cavab məktubu və ona əlavə olunan siyahıda qeyd olunan ekvayer banka (cavabdehə) vəsait daxil olan 90 ədəd qəbz üzrə məbləğlərin cavabdeh tərəfindən iddiaçının hesabına köçürüldüyü müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının iddiasının əsası kimi istinad etdiyi qəbzlərdən yalnız 3 ədəd qəbzdə cavab kodu “00”, yəni uğurlu əməliyyat olmuş, qalan qəbzlərdə “01”, yəni kartı buraxan bank tərəfindən yaranmış problemi və uğursuz əməliyyatı əks etdirən cavab kodu olmuşdur. Cavabdehin təqdim etdiyi sübutlar əsasında isə ekvayer bank kimi ona cəmi 90 ədəd əməliyyat üzrə (cavab kodu “00” olan qəbzlər də daxil) vəsait daxil olduğu, həmin vəsaitlərin də iddiaçının hesabına köçürüldüyü təsdiqini tapmışdır. Həmin 90 ədəd qəbzdən cavab kodu “00” olan qəbzlər istisna olmaqla, qalan qəbzlər üzrə vəsait avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında prosessinq mərkəzi ("xxxx" MMC) tərəfindən aparılmışdır. Belə ki, ABB-nin sorğusu əsasında "xxxx" MMC silinməli olan faylı X2 göndərmiş, həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirmişdir. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi X8 cavab kodu “01” olan qəbzlərdə “təsdiqlənib” qeydinin əməliyyatın təsdiqləndiyini deyil, sorğunun tsiklinin təsdiqləndiyini ifadə etdiyini, bunun ekvayer bank tərəfindən öz prosessinq mərkəzi vasitəsilə emitent banka sorğu ünvanlaması (hazırkı halda ABB-nin "xxxx" MMC vasitəsi ilə emitent bank "xxxx" ASC-yə) və sorğuya eyni qaydada cavab təqdim edilməsinin mümkün olduğunu ifadə etdiyini izah etmiş, əməliyyatın təsdiqlənib-təsdiqlənməməsinin cavab kodu ilə müəyyən olunduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi tərəflərin əməkdaşları arasında aparılan yazışmalardan (iddia ərizəsinə əlavə şəklində və “disk”də) görünür ki, iddiaçının hesabına vəsait köçürülməyən 7 ədəd qəbz cavabdehə göndərilmiş, iddiaçı tərəfindən 334 manat, 80 manat, 99,9 manatlıq əməliyyatlar üzrə vəsaitin köçürülməsi cavabdehdən xahiş olunmuş, xx.xx.2022ci il tarixdə bəzi müştərilərin kartlarından məbləğlərin sonradan çəkilməsi və müştərilərin narazılığına səbəb olması göstərilərək bu halın "xxxx" ASC-yə məxsus kartlarda olduğu bildirilmiş, cavabdeh tərəf müraciətlərdəki əməliyyatlar üzrə araşdırmalar aparıldığını ayrıayrı cavab məktublarında qeyd etmiş, xx.xx.2022-ci il tarixdə ABB-nin əməkdaşı iddiaçının əməkdaşlarına cavab məktubunda “əgər POS-terminal çeki üzərində CAVAB KODU “01” əks olunarsa, bu əməliyyatın uğursuz olduğunu bildirir (CAVAB KOD “00” isə uğurlu olduğunu). Zəhmət olmasa bu məqam ilə bağlı bütün mağazalara məlumat təqdim edəsiz, bu hal ilə rastlaşan zaman məlumat mərkəzinə zəng edərək əməliyyatın statusunu dəqiqləşdirsinlər” məzmunda müraciət ünvanlamışdır. İddiaçının təqdim etdiyi daxili yazışmalarından görünür ki, Aytac Esedova adlı şəxs xx.xx.2022-ci il tarixdə “Aytac.EElektron ünvan 1“ elektron poçt ünvanından əməkdaşlarına müraciət edərək “Salam,hörmətli Əməkdaşlar, Al Market mağazalarında iki aydır yaşanan problemli ödənişlərlə bağlı müştəri kartlarını aşağıda nəzərinizə çatdırıram. Qeyd olunan bu kartlar vasitəsi ilə 20-yə yaxın Al market mağazalarında əksəriyyəti yüksək tutarda olan ödənişlər edilmişdir, lakin bu ödənişlərin heç biri Al market hesabına köçməmişdir. Problemin hansı səbəbdən sırf bu kartlarda yaşandığının (nəzərə alsaq ki bir kartla bir çox müştəri kartıları ilə ödəniş olunur, lakin onlarda problem yaşanmır) araşdırılmasını xahiş edirik. Ehtimal edirik ki, bu müştəri kartları problemli kartlardır. Zəhmət olmasa məsələyə aydınlıq gətirilməsində bizə yardımçı olasınız. 4169***5161-ən çox satış edilən, 4169***1742-ən çox satış edilən, 4169***6631-ən çox satış edilən, 4169***8792. Qeyd:Aşağıdakı şəkildə 4169***1742 kodlu kartın xx.xx.2022 tarixində 3081/3733/3781 mağazalarından alış-veriş etdiyini görə bilərsiniz,onu da qeyd edim ki,bunlar sadəcə bir nüsxədir,eyni gündə eyni kartdan bir neçə məbləğ çəkilib.” qeyd etmiş, Sabri Alp adlı şəxs “Sabri.AElektron ünvan 2“ elektron poçt ünvanından cavab olaraq “Aytaç hanım, Bu kartlara ait mağaza bazlı detaylı (Magaza no,Tarih,saat,tutar göstermeli) alışveriş listesini göndermenizi rica ederim. Ayrıca banka tarafında bu tutarlar görünmuyorsa neden bizim pos cihazları onay veriyor? Bu kartları bankaya bildirip bloklattırmak gerekir. Satış Müdürü arkadaşlar, Gelecek listeye göre detaylı inceleme yapalım. Kartları kullanan aynı kişimi? Kamera kayıtlarına bakalım. Bu kişiler gerekirse polise bildirilmelidir. Gereğini rica ederim” bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya “Plastik kartlar vasitəsi ilə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq elektron avadanlıq GPRS tipli pos-terminal üzrə Təlimat” təqdim etmiş, tərəflər arasında bağlanmış müqavilənin tələbinə əsasən kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmaq, hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımaq, aldığı avadanlıqları başqa şəxslərə verməmək, işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımaq iddiaçının vəzifəsi olmuşdur. Təlimatda POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilməsi, qəbz çıxan zaman cavab kodda uğursuz əməliyyat barəsində kodun öz əksini tapması, cavab kodda çıxan istənilən kodun mənasının nə olduğu açıq-aydın qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi qəbzlərdə də əks olunmuş “01” cavab kodunun açıqlamasının “kartı buraxan bank tərəfindən yaranmış problem” olduğu təsbit olunmuşdur. Tərəflər arasında və iddiaçının öz əməkdaşları arasında aparılan yazışmalardan da aydın olur ki, mübahisəli əməliyyatların aparıldığı dövrdə ABB-nin əməkdaşı iddiaçının əməkdaşlarına qəbz üzərində cavab kodu “01” əks olunarsa, bu əməliyyatın uğursuz olduğunu bildirməsi, “00” cavab kodunun əməliyyatın uğurlu olduğunu göstərməsi barədə yenidən məlumat vermiş, bu məqam ilə bağlı bütün mağazalara məlumat təqdim edilməsini, bu hal ilə rastlaşan zaman məlumat mərkəzinə zəng edərək əməliyyatın statusunun dəqiqləşdirilməsini xahiş etmiş, iddiaçının əməkdaşları öz aralarında apardıqları yazışmalarda şübhəli kartlar və əməliyyatlar barədə məlumat mübadiləsi aparmışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçı müxtəlif satış nöqtələrində aparılan uğursuz əməliyyatlarla bağlı lazımi diqqət və sayıqlıq göstərməmiş, əməkdaşlarını POS-terminaldan istifadə qaydaları ilə bağlı lazımi qaydada məlumatlandırmamış və ya nəzarət həyata keçirməmişdir. Həmçinin məhkəmə dəyəri tələb olunan qəbzlər üzrə ticarət əməliyyatlarının həyata keçirilməsini təsdiq edən sübutların (nəzarət-kassa aparatlarının qəbzlərinin və s.) təqdim edilməsini iddiaçıya təklif etmiş, qeyd olunan sübutlar təqdim edilməmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yuxarıda qeyd olunlardan göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmiş, iddiaçıya məxsus təsərrüfat subyektlərində aparılmış əməliyyatlardan uğurlu (“00” cavab kodlu) əməliyyatlar və iddiaçının müraciəti əsasında prosessinq mərkəzi tərəfindən emitent bankın hesabından tutularaq onun hesabına köçürülən pul vəsaitlərini iddiaçının hesabına köçürmüşdür. İddiaçı isə POS-terminaldan istifadə qaydaları üzrə təlimatın tələblərinə əməl etməmiş, buna rəğmən “01” cavab kodlu qəbzlər üzrə pulun tutulması tələbini irəli sürmüşdür. Halbuki müqavilə üzrə cavabdeh əməliyyatlar üzrə kartların məxsus olduğu emitent bank tərəfindən köçürülən vəsaitlərin təsərrüfat subyektinin hesabına köçürmək öhdəliyi daşımışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0, 115.0.4, 119.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-79/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ondan ibarətdir ki, məhkəmə mübahisəni həll edərkən iddianın hüquqi əsasını və tətbiq edilməli olan hüquq normalarını yanlış müəyyənləşdirmiş və tətbiq etmişdir. Belə ki, iddianın hüquqi əsasında cavabdehin kobud ehtiyatsızlığı nəticəsində xidmət göstərdiyi pos-terminallardakı qüsurlara (əməliyyata dair yanlış və yarımçıq informasiya verməsi) görə iddiaçıya maddi zərər dəyməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi durduğu halda məhkəmə iddianın hüquqi əsasını ekvayrinq müqaviləsi üzrə ödənilməli pul vəsaitinin ödənilməsi kimi dəyərləndirmiş və mübahisəyə yanlış prizmadan baxmaqla tətbiq edilməli hüquq normalarını tətbiq etməmişdir. Qısacası, birinci instansiya məhkəməsi tərəfindən kommersiya mübahisəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1; 443.10; 448.2; 448.4; 459.1; 1128.1; 1129.2; 1131-ci maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, mübahisəyə müqavilə öhdəliklərinin pozulması kimi yanaşılmış, mübahisə hərtərəfli, tam və obyektiv araşdırılmamış, nəticədə qanunsuz, əsassız və ədalətsiz məhkəmə qətnaməsi qəbul edilmişdir. Kommersiya mübahisəsinin kökündə cavabdeh tərəfindən iddiaçıya təhvil verilən pos-terminallardakı qüsurlara (əməliyyata dair yanlış informasiya verməsinə) və bu cür qüsurların vaxtında aradan qaldırılmamasına görə iddiaçıya maddi zərər dəyməsi dayanır. Belə ki, iddiaçı cavabdehə məxsus pos-terminallar vasitəsilə özünə məxsus mağazalarda üçüncü şəxslərə pərakəndə satış həyata keçirərkən pos-terminalların təqdim etdiyi çeklərdə verilən informasiya öncədən verilən təlimatlarda qeyd olunanların əksinə yanlış olmuş, bu yanlış informasiya davamlı olaraq təkrarlanmış, iddiaçı tərəfindən cavabdeh tərəfə bu barədə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən qüsur (yanlışlıq) vaxtında aradan qaldırılmamış və nəticədə iddiaçıya 135 019.19 AZN (yüz otuz beş min on doqquz manat on doqquz qəpik) məbləğində maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunan GPRS tipli pos-terminal üzrə təlimatın “Pos-terminal üzrə səhvləri bildirən kodlar” adlı 5-ci bəndində aşağıdakı kimi qeyd edilir: “POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilir və qəbz çıxan zaman CAVAB KOD-da uğursuz əməliyyat barəsində kod öz əksini tapır” Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya təqdim edilən pos-terminal təlimat kitabçasında iddiaçıya məlumat verilmişdir ki, əgər əməliyyat uğursuzdursa, yəni düzgün olmayan əməliyyat aparılmışdırsa, pos-terminal istifadəçini aşağıdakı qaydada və ardıcıllıqla xəbərdar edir: 1. Xəbərdaredici məlumat: Təlimatda qeyd olunur ki, düzgün olmayan əməliyyat aparılmışdırsa, ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilir. Xəbərdaredici məlumat əvvəlcə pos-terminalın ekranında, daha sonra isə verilən qəbzdə əks olunur. Xəbərdaredici məlumat əsasən adətən aşağıdakı mətndə ifadə olur: “İMTİNA” və ya “İMTİNA EDİLMİŞDİR” və ya “KART İMTİNA EDİLDİ” və ya “ƏMƏLİYYAT TƏSDİQ OLUNMAMİŞDİR” və s. Təlimatda nümunə üçün verilmiş qəbzdə də xəbərdaredici məlumat kimi “İMTİNA” ifadəsindən istifadə edilmişdir. Xəbərdaredici məlumat pos-terminal istifadəçisi üçün olduqca mühüm qaydada əhəmiyyətlidir, çünki istifadəçi ilk öncə və ümumi olaraq qeyd olunan xəbərdaredici məlumatı görür və sonrakı hərəkətlərini bu məlumata uyğun olaraq həyata keçirir. 2. Cavab kodu: Cavab kodu isə düzgün aparılmayan və uğursuz əməliyyat barəsində xəbərdar edilən pos-terminal istifadəçisinə uğursuzluğun nədən ibarət olması barədə detallı və ətraflı məlumat vermək üçün nəzərdə tutulmuş bir sistemdir. Məhz buna görə qəbzlərin üzərində xəbərdaredici məlumat qəbzin mərkəzində, daha böyük və seçilən, qara rənglənmiş hərflərlə daha diqqət mərkəzinə yaxın nöqtədə qeyd edildiyi halda, cavab kodu isə əksinə daha aşağıdakı kiçik nişanlarla qeyd edilmişdir. Cavab kodu əməliyyatın uğurlu olub-olmadığını təsdiq edən yox, əməliyyatın uğursuzluğunun səbəbini izah edən məlumat olmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, pos-terminal istifadəçisi əməliyyatın uğursuzluğu barədə ilk öncə “İMTİNA” və ya “İMTİNA EDİLMİŞDİR” və ya “KART İMTİNA EDİLDİ” və ya “ƏMƏLİYYAT TƏSDİQ OLUNMAMİŞDİR” və s. kimi ifadələrlə xəbərdar edilməli olduğu halda xəbərdar edilməmiş, əksinə yanlış məlumat verərək əməliyyatın uğurluluğu barədə təsdiq məlumatı olan “TƏSDİQLƏNİB” məlumatı vermişdir. Bu fakt cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi 28 nömrəli, 24 iyun 2023-cü il tarixli arayışla da öz təsdiqini tapır. Belə olduğu təqdirdə “TƏSDİQLƏNİB” xəbərdaredici məlumatını pos-terminal ekranında və qəbzin üzərində görən pos-terminal istifadəçisində haqlı olaraq güman yaranmışdır ki, əməliyyat uğurludur və belə hallarda cavab kodunu incələməyə ehtiyac duyulmur, çünki cavab koduna uğursuz əməliyyatlar zamanı ətraflı məlumat üçün ehtiyac duyulur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar işin faktiki hallarının araşdırılması zamanı ümumiyyətlə nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442; 443.1; 443.10; 448.1; 448.2; 448.4; 459.1; 1128.1; 1129.2; 1131-ci maddələrini mübahisənin həlli üçün tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, ilk öncə məhkəmə kollegiyası nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci və 442-ci maddələrinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki işdə cavabdeh ekvayrinq müqaviləsi üzrə iddiaçıya xidmət göstərən zaman xidməti GPRS tipli post-terminal ürə Təlimatın “Pos-terminal üzrə səhvləri bildirən kodlar” adlı 5-ci bəndində müəyyənləşdirilmiş şərtləri pozmaqla icra etmiş, bununla da iddiaçıya zərər dəyməsinə səbəb olmuşdur. Buna görə də cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası zərərlə bağlı nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Yəni qeyd olunan qəbzlər üzrə satışı həyata keçirilmiş mallar yerinə geri təhvil verilməli və ya həmin malların dəyəri olan 135 019.19 AZN (yüz otuz beş min on doqquz manat on doqquz qəpik) məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya dəymiş zərər qismində ödənilməlidir. Məhkəmə kollegiyası öhdəliyin pozulması ilə bağlı nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10-cu maddəsinə görə borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Hazırki işdə də cavabdehin əsas vəzifəsi ekvayrinq xidməti üzrə pərakəndə satışda pul vəsaitini elektron qaydada pos-terminal vasitəsilə müştərinin bankından təhvil alıb iddiaçının bankına ötürməkdir, lakin bu xidmət cavabdehin təqsiri ucbatından icra olunmamışdır. Məhkəmə kollegiyası təqsirlə bağlı nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hazırki işdə də cavabdehə məxsus posterminallar üzərində bu cür texniki nöqsanın və qüsurun mövcudluğu aydın məsələdir ki, cavabdehin kobud ehtiyatsızlığının nəticəsidir və qeyd olunan maddəyə əsasən cavabdeh bu cür kobud ehtiyatsızlığa görə məsuliyyətdən azad edilə bilməz. Məhkəmə kollegiyası kobud ehtiyatsızlığa görə cavabdehi məsuliyyətdən azad etməklə bağlı nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Hazırki işdə də cavabdehi öhdəliyini pozmasına görə məsuliyyətdən azad edə biləcək bir hal mövcud olmamışdır. Məhkəmə kollegiyası cavabdehin avadanlığının qüsurlu xidmətinin nəticələri ilə bağlı qanunun analogiyası əsasında nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə görə malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Göründüyü kimi, mal və ya xidmət kimi pos-terminalın qüsuru və xidmətə dair yanlış informasiya nəticəsində əmlaka zərər dəyirsə malın satıcısı və ya xidməti göstərmiş şəxs vurulan zərəri ödəməlidir. Açıq-aşkar faktdır ki, pos-terminalın qüsuru nəticəsində əməliyyatın statusu barədə xəbərdaredici məlumat yanlış təqdim edilmiş, bu da iddiaçıya maddi zərər dəyməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən sübutetmə yükünün tərəflər arasında aidiyyətini müəyyənləşdirərkən yanlışlığa yol vermiş, iş üzrə cavabdeh təşkilatın aşağıdakı faktları sübut etməli olduğunu, lakin edə bilmədiyini nəzərə almamışdır: 1. Uğursuz əməliyyatlar barədə ilk öncə pos-terminalların ekranında, daha sonra qəbzlərdə əks olunan “TƏSDİQLƏNİB” ifadəsinin pos-terminalların qüsuru və ya pos-terminalın verdiyi yanlış informasiya olmaması faktı; 2. Bu cür ifadənin terminalın qüsuru və ya yanlış informasiya olduğu təqdirdə bu cür qüsur və yanlış informasiyanın onun risk dairəsinə daxil olmaması və ya pozuntunun onun cavabdeh olmadığı hallardan irəli gəlməsi və ya müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmaması faktı; Lakin bu hallar cavabdeh tərəfindən birinci instansiya məhkəməsində sübuta yetirilməmiş, əksinə verilən arayışlarla və izahatlarla terminalın doğru çalışmadığı, qüsurlu çalışdığı və bunun cavabdeh təşkilatın kobud ehtiyatsızlığı ucbatından baş verdiyi tam sübut edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdeh tərəfindən təqdim edilən – sübut kriteriyası daşımayacaq müdafiə xarakterli dəlillərə əvvəlcədən üstün hüquqi qüvvə tanımış – iddiaçının təqdim etdiyi sübutlara və dəlillərə yuxarıda qeyd olunan mülki hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məsələn, məhkəmə aşağıdakı sübut və dəlillərə məhkəmə qətnaməsində heç bir qiymət verməmişdir: a. GPRS tipli post-terminal üzrə Təlimatın “Pos-terminal üzrə səhvləri bildirən kodlar” adlı 5ci bəndində qeyd olunan nümunəvi qəbz; b. Cavab kodu 01 olan və “İMTİNA” xəbərdaredici məlumatı qeyd olunan qəbzlər; c. Cavabdehin iddiaçının əməkdaşlarının maillərinə vaxtında cavab verməməsi və problemin həllini tapmaqda gecikməsi; d. Cavabdehin avqust 2022 tarixində qüsurlu bütün köhnə pos-terminalları geri təhvil alıb, yeniləri ilə əvəzləməsi; Yuxarıda qeyd olunan sübut və dəlillər məhkəmə tərəfindən düzgün qaydada qiymətləndiriləcəyi təqdirdə mübahisə düzgün qaydada həll ediləcəkdi. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, uğursuz əməliyyatlar barədə ilk öncə posterminalların ekranında, daha sonra qəbzlərdə əks olunan “TƏSDİQLƏNİB” ifadəsinin pos-terminalların qüsuru və ya pos-terminalın verdiyi yanlış informasiya olması halı ilə bağlı həmin hissədə faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi həmçinin, cavabdehin iddiaçının əməkdaşlarının elektron poçt məktublarına (emaillərinə) xəta barəsində müraciət olunmasına baxmayaraq vaxtında araşdırma aparmaması, cavab verməməsi və problemin həllini tapmaqda gecikməsi halı ilə bağlı həmin hissədə faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi, həmçinin, avqust 2022 tarixində qüsurlu bütün köhnə pos-terminalların cavabdeh tərəfindən geri təhvil alınıb, yeniləri ilə əvəzləməsi prosesi ilə bağlı həmin hissədə faktiki halları aydınlaşdırmamışdır. Bütün bu faktiki halların araşdırılmaması və aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin yanlış hüquqi nəticəyə gəlməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində qənaətə gəldiyi və göstərdiyi nəticələr hazırki vəziyyətdə işin hallarına uyğun gəlməməkdədir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pos-terminallarla aparılan əməliyyatların uğursuzluğunun cavab kodlarla aşkarlanmalı olsa da, iddiaçının əməkdaşları lazımi diqqət və sayıqlıq göstərməmişdirlər. Lakin məhkəmənin gəldiyi bu qənaət cavabdeh tərəfindən iddiaçıya təqdim olunan GPRS tipli post-terminal ürə Təlimatın “Pos-terminal üzrə səhvləri bildirən kodlar” adlı 5-ci bəndində müəyyənləşdirilmiş şərtlərlə ziddiyyət təşkil edir və bu hissədə işin hallarına uyğun gəlmir. Təlimatda qeyd olunur ki, posterminal vasitəsilə düzgün olmayan əməliyyat aparılmışdırsa, ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilir. Xəbərdaredici məlumat əvvəlcə pos-terminalın ekranında, daha sonra isə verilən qəbzdə əks olunur. Xəbərdaredici məlumat əsasən adətən aşağıdakı mətndə ifadə olur: “İMTİNA” və ya “İMTİNA EDİLMİŞDİ”Rvə ya “KART İMTİNA EDİLDİ” İvə ya “ƏMƏLİYYAT TƏSDİQ OLUNMAMİŞD”İRvə s. Təlimatda nümunə üçün verilmiş qəbzdə də xəbərdaredici məlumat kimi “İMTİNA” ifadəsindən istifadə edilmişdir. Xəbərdaredici məlumat pos-terminal istifadəçisi üçün olduqca mühüm qaydada əhəmiyyətlidir, çünki istifadəçi ilk öncə və ümumi olaraq qeyd olunan xəbərdaredici məlumatı görür və sonrakı hərəkətlərini bu məlumata uyğun olaraq həyata keçirir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.4-cü maddələrinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-79/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC (“Təsərrüfat subyekti” qismində) ilə ABB (“Bank” qismində) arasında xx.xx.2019-cu il tarixdə PBD1030 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən beynəlxalq kart təşkilatlarının ekvayrinq lisenziyanın sahibi kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan cavabdeh iddiaçını vəkil etmişdir ki, ödəniş kartlarını malların və xidmətlərin dəyərini ödəmək üçün qəbul edir, ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini müqavilədə qeyd edilən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının müvafiq bank hesabına köçürür. İddiaçı bildirir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış 2064 əməliyyat üzrə məbləğlər POSterminallardan çıxan qəbz üzərində “Təsdiqlənib” sözlərinin yazılmasına baxmayaraq, iddiaçının bank hesabına köçürülməmiş. Rekvizitlərinin oxunması mümkün olan qəbz sayı 1941 ədəddir. 2064 əməliyyat üzrə iddiaçının bank hesabına köçürülməyən məbləğlərin ümumi miqdarı 135 019,19 manat təşkil edir. Ona görə də həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən ABB bütün əməliyyatlar üzrə yox, yalnız uğurlu (etibarlı) əməliyyatlar üzrə ödənişləri İddiaçı MMC-yə ötürməyi (komisyon haqq tutulduqdan sonra) öhdəsinə götürmüşdür. Əməliyyat uğurlu olmamışdırsa və həmin əməliyyata görə ABB-yə emitent bankdan pul köçürülməmişdirsə, ABB tərəfindən iddiaçıya pul köçürülmür. Uğurlu olmuş, o cümlədən uğursuz olsa da, sonradan pul köçürülmüş əməliyyatlar üzrə cavabdeh öz komisyon haqlarını tutduqdan sonra müvafiq ödənişləri iddiaçının bank hesabına köçürmüşdür. İddiaçı tərəfindən təqdim olunan qəbzlərdən 1771 ədədinin rekvizitlərinin oxunması mümkündür və qəbzlərdə cavab kodu “01”dir, bu isə əməliyyatların uğursuz olduğunu göstərir. Dəyəri ödənilməyən əməliyyatlar üzrə cavabdehə emitent bankdan pul daxil olmamış, ona görə də köçürmə həyata keçirilməmişdir. İddiaçı hansı problemli əməliyyat ilə bağlı cavabdehə müraciət etmişdirsə, cavabdeh dərhal prosessinq mərkəzinə sorğu ünvanlamış, əməliyyat üzrə gələn pulu da iddiaçının hesabına köçürmüşdür. Belə ki, iddiaçının təqdim etdiyi qəbzlərdən rekvizitləri oxunması mümkün olan qəbzlərin dəyərinin bir hissəsi iddiaçının hesabına köçürülmüşdür. Üçüncü şəxs "xxxx" MMC bildirir ki, cavabdehə prosessinq xidmətlərini "xxxx" MMC göstərir. Qəbzdə “00” cavab kodundan başqa hər hansı cavab kodu əməliyyatın uğursuz olduğunu göstərir. “01” cavab kodunun açıqlaması “emitent bank ilə əlaqə saxlayın” deməkdir. “01” cavab kodu olduqda müəssisə tərəfindən ekvayer banka müraciət olunmalı və ekvayer bank həmin məlumatları emitent banka ötürülməlidir. Bundan sonra emitent bank əməliyyatın icra olunub-olunmamasına öz razılığını bildirməlidir. Əgər razılıq verilməzsə, ekvayer bank tərəfindən müəssisəyə məlumat verilməli, müştəriyə mal təqdim olunmamalıdır. Emitent bank əməliyyatın aparılmasına razılıq verdiyi halda isə 6 rəqəmli təsdiq kodu ekvayer banka təqdim edilməli, ekvayer bank isə həmin təsdiq kodunu müəssisəyə təqdim etməli və kassir həmin kodu post-terminala daxil etməlidir. Bu halda təsdiqlənib yazısı və “01” cavab kodu ilə qəbz çıxır. Mübahisənin predmetini təşkil edən əməliyyatların əksəriyyəti uğursuz olmuşdur. Cavabdehin təqdim etdiyi siyahıda “01” cavab kodu qeyd olunan əməliyyatlar üzrə köçürülən məbləğlər avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında aparılmışdır. Cavabdehin sorğusu əsasında "xxxx" MMC təhlil aparmış, silinmələrin aparılması barədə emitent banka məlumat verərək silinməli olan fayl X2 göndərilmişdir. Həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli PBD1030 nömrəli müqavilənin şərtlərinə nəzər saldıqda aydın olur ki, müqavilə ekvayrinq müqaviləsi olub, ekvayrinq xidmətini həyata keçirən cavabdeh bankla təsərrüfat subyekti olan İddiaçı MMC arasında iddiaçı tərəfindən ticarət xidmətlərininin göstərilməsi zamanı müştərilərlə hesablaşmalarının aparılması üzrə cavabdeh tərəfindən göstərilən xidməti özündə ehtiva edir. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli müqavilənin şərtlərindən görünür ki, cavabdeh iddiaçını zəruri olan avadanlıqla təmin etməyi (2.1.2), aparılmış kart əməliyyatları barədə məlumat iddiaçı tərəfindən POSterminal vasitəsilə və ya hesab vasitəsilə kart təşkilatına verildiyi tarixdən etibarən 7 iş günü ərzində, kartlarla aparılmış əməliyyatların məbləğini bu müqavilədə qeyd edilən komisyon haqlarını çıxdıqdan sonra iddiaçının hesabına köçürməyi (2.1.1) öhdəsinə götürmüşdür. İddiaçı isə satılan mallar (göstərilən xidmətlər) müqabilində kart istifadəçisindən kartları qəbul edərək, digər tədiyyə vasitələri ilə, o cümlədən nağd pula satılan qiymətlərə bərabər olaraq, kartlarla ödənişlərin aparılmasını təmin etmək və kart sahiblərinin üzərinə heç bir əlavə xərc qoymamağı (2.3.1), kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmağı və hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımağı (2.3.2), əməliyyatın aparıldığı tarixdən etibarən 7 iş günündən gec olmayaraq, hesabları doldurulmuş toplu hesabla birlikdə cavabdehə təqdim etməyi və ya POS-terminal vasitəsi ilə (gün sonu (Zet) çıxarmaqla) göndərməyi (2.3.5), aldığı avadanlıqları başqa şəxslərə verməməyi və cavabdehin razılığı olmadan digər şəxslərin cavabdehdən alınmış ləvazimatlardan istifadə etməsinə imkan verməməyi, bu tələbin pozulması nəticəsində dəyən zərərin məbləğini cavabdehə ödəməyi (2.3.11), işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımağı (2.3.33) öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçını zəruri olan avadanlıqla təmin etməyi və kartlarla aparılmış əməliyyatların məbləğini komisyon haqlarını çıxdıqdan sonra iddiaçının hesabına köçürməyi öhdəsinə götürmüş, iddiaçı isə kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmağı, aldığı avadanlıqları başqa şəxslərə verməməyi, cavabdehin razılığı olmadan digər şəxslərin cavabdehdən alınmış ləvazimatlardan istifadə etməsinə imkan verməməyi və işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunan “Plastik kartlar vasitəsi ilə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq elektron avadanlıq GPRS tipli posterminal üzrə Təlimat”ın 5-ci bəndinə əsasən, POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilir və qəbz çıxan zaman “CAVAB KOD”-da uğursuz əməliyyat barəsində kod öz əksini tapır. 5.1ci bənddə qeyd olunmuşdur ki, “CAVAB KOD”-da çıxan istənilən kodun mənasını aşağıdakı “kodların açıqlaması” ilə dəqiqləşdirin: 01- kartı buraxan bank tərəfindən yaranmış problem. İddiaçının təqdim etdiyi qəbzlərdən (iş materiallarının 2, 3, 4-cü cildləri) görünür ki, xx.xx.2022-ci il tarixli, RRN: **********58 kodlu, 7051 nömrəli (3-cü cild 20-ci vərəq), xx.xx.2022-ci il tarixli, RRN: **********49 kodlu, 7178 nömrəli (3-cü cild 81-ci vərəq), xx.xx.2022-ci il tarixli, RRN: **********97 kodlu, 7800 nömrəli (3-cü cild 147-ci vərəq) qəbzlərdə cavab kodu “00”, qalan bütün qəbzlərdə cavab kodu “01”dir. Həmçinin təqdim olunan qəbzlərdən və tərəflərin təqdim etdiyi qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olundunduğu siyahıları (elektron iş materialları 134-cü (cavabdehin təqdim etdiyi) və 179-cu (iddiaçının təqdim etdiyi) sənədləri müqayisəli təhlil etdikdə aydın olur ki, əməliyyatlar ilk 4 rəqəmi “4169”, “4127”, “4098”, “5169” olan kartlarla aparılmışdır. Həmçinin müəyyən olunur ki, ilk 4 rəqəmi “4127” olan 1 kartla (4127 0890) 1 əməliyyat, “4098” olan 2 kartla (4098....3083, 4098....5063) ümumilikdə 2 əməliyyat, “5169” (5169....0508) olan 1 kartla 1 əməliyyat aparılmış, həmin kartlarla aparılmış 4 əməliyyat üzrə pul vəsaitləri cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüş, qalan bütün əməliyyatlar ilk 4 rəqəmi “4169” olan kartla aparılmışdır. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin 05 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ilk 4 rəqəmi “4169” ilə başlayan plastik kartlar yalnız "xxxx" ASC-yə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qəbzlərdən cəmi 3 qəbz üzrə “00”, yəni uğurlu əməliyyat üzrə cavab kodu olmuş, qalan qəbzlərdə əməliyyatın cavab kodu “01”, yəni kartı buraxan bank tərəfindən yaranmış problemi əks etdirən cavab kodu olmuşdur. Həmçinin əməliyyatların həyata keçirildiyi plastik kartlardan ilk 4 rəqəmi “4127” olan 1 ədəd, “4098” olan 2 ədəd, “5169” olan 1 ədəd olmaqla 4 plastik kart üzrə aparılan və dəyəri ödənilən cəmi 4 əməliyyat istisna olmaqla, qalan bütün əməliyyatlar ilk 4 rəqəmi “4169” ilə başlayan plastik kartlarla aparılmış, həmin kartlar isə yalnız "xxxx" ASC-yə məxsus olmuş, "xxxx" ASC isə qəbzlər üzrə əməliyyatlara dair məlumatların əks olunduğu tərəflərin təqdim etdiyi siyahılarda əks olunan əməliyyatların plastik kartların statusunun “declared” (qeyri-aktiv) olması səbəbilə uğursuz nəticələndiyi qeyd etmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış prosessinq xidmətinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli xidmət müqaviləsindən görünür ki, cavabdehin emissiya etdiyi və şəbəkəsi çərçivəsində xidmət göstərdiyi yerli (lokal) və beynəlxalq ödəniş kartları ilə bağlı, lakin bununla məhdudlaşmayaraq bütün ödəniş vasitələri və sistemləri üzrə bütün prosessinq işlərinin və əməliyyatlarının göstərilməsini, o cümlədən cavabdehə məxsus olan xidmət şəbəkəsi (ekvayer şəbəkəsi) avadanlıqlarını və sair tətbiqlərini öz prosessinq mərkəzinə qoşmaq, xidmətə açıq olmasını təmin etmək və bundan irəli gələn bütün işləri görmək öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin cavabdehə ünvanladığı cavab məktubu və ona əlavə olunan siyahıdan (elektron iş materiallarında 134-cü sənəd) görünür ki, cavabdehin rekvizitlərinin oxunduğunu qeyd etdiyi 1771 ədəd qəbzdən ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlərin sayı (ilk 4 rəqəmi “4127”, “4098”, “5169” olan 4 kartla aparılan 4 əməliyyatı əks etdirən qəbzlər də daxil olmaqla) 101 ədəddir (23 ədəd yaşıl sətrdə əks olunan, 78 ədəd sarı sətrdə əks olunan), qalan qəbzlər üzrə ekvayer banka (cavabdehə) vəsait daxil olmamış, səbəbi isə emitent bankdan 00 (uğurlu) deyil, 01 cavab kodunun daxil olması olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin siyahıda ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlər kimi qeyd olunan 101 ədəd qəbzdən siyahının 14, 111, 340, 552, 795, 863, 864, 1571, 1572, 1669, 1671-ci sətrində qeyd olunan qəbzlər başqa təsərrüfat subyektinə aid olmuş, yanlışlıqla iddiaçıya aid qəbzlərin siyahısında əks olunmuş, həmin əməliyyatlar üzrə vəsaitlər aid olduqları təsərrüfat subyektlərinin hesabına köçürülmüşdür. Beləliklə, ekvayer banka (cavabdehə) vəsait daxil olan qəbzlərin sayının 90 ədəd (“00” cavab kodlular da daxil olmaqla) olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında mütəxəssis qismində Azərbaycan Respublikasının Mərkəzi Bankının Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi X5 izahatında bildirmişdir ki, əməliyyat edilən zaman POS-terminaldan əldə olunan qəbzlərdə “00” cavab kodu əməliyyatın təsdiqləndiyini, “01” cavab kodu isə əməliyyatdan imtina olunduğunu göstərən koddur. Əməliyyat edilən zaman kart məlumatları emitent banka (hazırkı halda "xxxx" ASC) ötürülür. Kartda hər hansı problem olmazsa, “00” cavab kodu qeyd olunur, emitent bank əməliyyat üzrə vəsaiti ekvayer banka (hazırkı halda ABB) köçürməyi öhdəsinə götürür. Emitent bank əməliyyatdan imtina edərsə, qəbzdə cavab kodu “01” kimi qeyd olunur, bu zaman “əməliyyatdan imtina edilmişdir”, “əməliyyat uğursuzdur” kimi izah mətnləri çıxır. Göründüyü kimi, iddiaçının iddiasının əsası kimi istinad etdiyi qəbzlərdən yalnız 3 ədəd qəbzdə cavab kodu “00”, yəni uğurlu əməliyyat olmuş, qalan qəbzlərdə “01”, yəni kartı buraxan bank tərəfindən yaranmış problemi və uğursuz əməliyyatı əks etdirən cavab kodu olmuşdur. Cavabdehin təqdim etdiyi sübutlar əsasında isə ekvayer bank kimi ona cəmi 90 ədəd əməliyyat üzrə (cavab kodu “00” olan qəbzlər də daxil) vəsait daxil olduğu, həmin vəsaitlərin də iddiaçının hesabına köçürüldüyü təsdiqini tapmışdır. Həmin 90 ədəd qəbzdən cavab kodu “00” olan qəbzlər istisna olmaqla, qalan qəbzlər üzrə vəsait avtorizasiya sorğusu əsasında yox, ekvayer bankın (ABB) sorğusu əsasında həyata keçirilən silinmələr əsasında prosessinq mərkəzi ("xxxx" MMC) tərəfindən aparılmışdır. Belə ki, ABB-nin sorğusu əsasında "xxxx" MMC silinməli olan faylı X2 göndərmiş, həmin mərkəz təqdim olunan fayl əsasında emintet bankın (hazırkı halda "xxxx" ASC) hesabından avtomatik silinmə aparıb ekvayer bankın (hazırkı halda ABB) hesabına köçürməni həyata keçirmişdir. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi X8 cavab kodu “01” olan qəbzlərdə “təsdiqlənib” qeydinin əməliyyatın təsdiqləndiyini deyil, sorğunun tsiklinin təsdiqləndiyini ifadə etdiyini, bunun ekvayer bank tərəfindən öz prosessinq mərkəzi vasitəsilə emitent banka sorğu ünvanlaması (hazırkı halda ABB-nin "xxxx" MMC vasitəsi ilə emitent bank "xxxx" ASC-yə) və sorğuya eyni qaydada cavab təqdim edilməsinin mümkün olduğunu ifadə etdiyini izah etmiş, əməliyyatın təsdiqlənibtəsdiqlənməməsinin cavab kodu ilə müəyyən olunduğunu bildirmişdir. Cavabdeh iddiaçıya “Plastik kartlar vasitəsi ilə əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq elektron avadanlıq GPRS tipli pos-terminal üzrə Təlimat” təqdim etmiş, tərəflər arasında bağlanmış müqavilənin tələbinə əsasən kartlarla əməliyyatları cavabdeh tərəfindən müəyyən edilmiş qaydalara uyğun surətdə aparmaq, hesablarda əks etdirilən məlumatın düzgünlüyü üçün məsuliyyət daşımaq, aldığı avadanlıqları başqa şəxslərə verməmək, işə götürdüyü əməkdaşların fəaliyyətlərinə görə məsuliyyət daşımaq iddiaçının vəzifəsi olmuşdur. Təlimatda POS-terminal üzrə düzgün olmayan əməliyyat aparılan zaman ilk öncə ekranda bu barədə xəbərdaredici məlumat verilməsi, qəbz çıxan zaman cavab kodda uğursuz əməliyyat barəsində kodun öz əksini tapması, cavab kodda çıxan istənilən kodun mənasının nə olduğu açıq-aydın qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi qəbzlərdə də əks olunmuş “01” cavab kodunun açıqlamasının “kartı buraxan bank tərəfindən yaranmış problem” olduğu təsbit olunmuşdur. Tərəflər arasında və iddiaçının öz əməkdaşları arasında aparılan yazışmalardan da aydın olur ki, mübahisəli əməliyyatların aparıldığı dövrdə ABB-nin əməkdaşı iddiaçının əməkdaşlarına qəbz üzərində cavab kodu “01” əks olunarsa, bu əməliyyatın uğursuz olduğunu bildirməsi, “00” cavab kodunun əməliyyatın uğurlu olduğunu göstərməsi barədə yenidən məlumat vermiş, bu məqam ilə bağlı bütün mağazalara məlumat təqdim edilməsini, bu hal ilə rastlaşan zaman məlumat mərkəzinə zəng edərək əməliyyatın statusunun dəqiqləşdirilməsini xahiş etmiş, iddiaçının əməkdaşları öz aralarında apardıqları yazışmalarda şübhəli kartlar və əməliyyatlar barədə məlumat mübadiləsi aparmışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçı müxtəlif satış nöqtələrində aparılan uğursuz əməliyyatlarla bağlı lazımi diqqət və sayıqlıq göstərməmiş, əməkdaşlarını POS-terminaldan istifadə qaydaları ilə bağlı lazımi qaydada məlumatlandırmamış və ya nəzarət həyata keçirməmişdir. Həmçinin məhkəmə dəyəri tələb olunan qəbzlər üzrə ticarət əməliyyatlarının həyata keçirilməsini təsdiq edən sübutların (nəzarət-kassa aparatlarının qəbzlərinin və s.) təqdim edilməsini iddiaçıya təklif etmiş, qeyd olunan sübutlar təqdim edilməmişdir. Yuxarıda qeyd olunlardan göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmiş, iddiaçıya məxsus təsərrüfat subyektlərində aparılmış əməliyyatlardan uğurlu (“00” cavab kodlu) əməliyyatlar və iddiaçının müraciəti əsasında prosessinq mərkəzi tərəfindən emitent bankın hesabından tutularaq onun hesabına köçürülən pul vəsaitlərini iddiaçının hesabına köçürmüşdür. İddiaçı isə POS-terminaldan istifadə qaydaları üzrə təlimatın tələblərinə əməl etməmiş, buna rəğmən “01” cavab kodlu qəbzlər üzrə pulun tutulması tələbini irəli sürmüşdür. Halbuki müqavilə üzrə cavabdeh əməliyyatlar üzrə kartların məxsus olduğu emitent bank tərəfindən köçürülən vəsaitlərin təsərrüfat subyektinin hesabına köçürmək öhdəliyi daşımışdır.

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyi üçün kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, apellyatorun şikayətdə qeyd etdiyi kimi vurulmuş ziyanın cavabdehlə səbəbli-əlaqəsi müəyyən edilməmiş, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulma halı aşkar olunmamışdır. Belə ki, iddiaçı əməliyyatların həyata keçirilməsi zamanı pos-terminalların ekranında əks olunan kodların anlamı müqaviləyə əlavə kimi imzalanan təlimatın bəndlərində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı mütəxəssislər də oxşar məzmunlu izahat vermiş, 01 kodunun uğursuz əməliyyat anlamını özündə ehtiva etdiyini bildirmişlər. İş materiallarından müəyyən edilir ki, bu barədə iddiaçı məlumatlı olmuş, işçilərini yetəri qədər təlimatlandırmamış, məhz təlimatlandırmanın qüsuru nəticəsində edilən alış-verişlərin dəyəri müştəri tərəfindən iddiaçıya ödənilməmişdir. Qeyd olunan məsələdə cavabdehin təqsiri müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb və əsaslı hesab edilə bilməz.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-79/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar