Məhkəmə qərarları › İş №2-2(103)-21/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-21/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-21/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehdən kredit borcunun tutulması barədə iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-474/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən (hakim Hökümə Babayeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyəti Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 16K/13 nömrəli, xx xxxxx 2013-cü il kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.344.160,14 manat, faiz borcu üzrə 571.743,83 manat və cərimə borcu üzrə 449.362,09 manat, cəmi 7,365,266.06 manat, 60K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 23067,34 manat, faiz borcu üzrə 12.592,33 manat, cərimə borcu üzrə 2.685,72 manat, cəmi 38.705,39 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(82)- 474/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən şikayət verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Bank tərəfindən kredit vəsaitinin təqdim edildiyi müqavilələrə və çeklərə borcalanın möhürünün vurulması ilə təsdiq olunur. Ekspert rəyinə əsasən kredit alan tərəfindən imzaların faksmile klişe vasitəsi ilə icra edildiyi müəyyən edilsə də, möhürün düzgünlüyündə heç bir şübhə yoxdur. Bundan əlavə hesabdan çıxarışlardan da görünür ki, “xxxx” MMC kredit üzrə ödənişlər etmişdir. Buna gör də iddianın rədd edilməsi qanunsuz və əsassız olmuşdur. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh MMC-nin işdəki ünvanları üzrə poçt vasitəsi ilə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanlarda yerləşmədiyindən geri qayıtmış, məhkəmə bildirişi cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirilərək məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(82)- 474/2017 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyəti ilə “xxxx” MMC (hazırda adı Cavabdeh məhdud məsuliyyətli cəmiyyəti olan) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 16K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən “xxxx” MMC-yə bank tərəfindən 12 ay müddətinə 16 faizlə 4.350.000 manat məbləğində kredit xətti açılmışdır. “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyəti ilə “xxxx” MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 60K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən “xxxx” MMC-yə bank tərəfindən 12 ay müddətinə 16 faizlə 30.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqavilələrinin əsilləri və xx.xx.2013-cü il tarixdə ******* manat vəsaitin “xxxx” MMC-nin direktoru X1 təqdim edilməsi barədə hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş çekin əsli işə əlavə edilmişdir. Borcalan kredit öhdəliyini icra etmədiyindən bank tərəfindən xx.xx.2017-ci il tarixdə borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2017-ci il tarixdə isə məhkəməyə poçt vasitəsilə iddia ərizəsi verilmişdir. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, müqavilədəki imza “xxxx” MMC-nin rəhbərinin adından faksimile klişe vasitəsi ilə icra edilmiş, kredit borcuna faiz və cərimələrin hansı qaydada hesablandığı aydın göstərilməmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC-nin və digər hüquqi şəxslərin qoşulması nəticəsində Cavabdeh MMC yaranmışdır. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 19148 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit xətti müqavilələrində “borc verən” yazı olan hissədəki imzalar və xx.xx.2013-cü il tarixli BOA seriyalı 004426 saylı çekdə olan “YOXLANİLİB”, “ÖDƏNİLSİN”, “ÖDƏNİLİB” yazıları altındakı imzalar birbaşa qələmlər vasitəsilə icra olunub. Kredit xətti müqavilələrində “Borc alan” yazı olan hissədəki imzalar və xx.xx.2013-cü il tarixli BOA seriyalı 004426 saylı çekdə olan “İmzalar” qrafasındakı imzalar faksimile klişe vasitəsilə əks olunur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit müqaviləsində və pul vəsaitinin verilməsi barədə çekdəki imzalar faksimile klişe vasitəsi ilə icra edildiyindən, faksimile klişe imza deyil ştamp olduğu üçün kim tərəfindən vurulduğu tərəflər arasında sadə yazılı formada kredit müqaviləsi bağlandığı və bank tərəfindən “xxxx“ MMC-yə müqavilə üzrə kreditin verilməsi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Məhkəmə bank tərəfindən cavabdehə kredit müqavilələri üzrə kredit məbləğlərinin verildiyinin sübut edilmədiyinə dair nəticəyə gələrkən nəzərə almamışdır ki, kredit müqavilələri və pul məbləğinin qəbul edildiyinə dair xx.xx.2013-cü il tarixli BOA seriyalı 004426 saylı çek faksimile klişe vasitəsi ilə icra edilmiş imza ilə yanaşı eyni zamanda “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin möhürün “xxxx” MMC-nə məxsus olduğu isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə kredit müqavilələri üzrə verilmiş məbləğlərdən cavabdehin istifadə etdiyi və müqavilələr üzrə ödənişlər edildiyi bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarla də təsdiq olunur. Məhkəmə kollegiyası işdəki sübutları nəzərə alaraq hesab edir ki, “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin iddianın əsası kimi istinad etdiyi xx.xx.2013-cü il tarixli 16K/13 saylı və xx.xx.2013-cü il tarixli 60K/13 saylı kredit xətti müqavilələri cavabdeh “xxxx” MMC tərəfindən təsdiq edilmiş, həmin müqavilələr üzrə kredit vəsaitindən istifadə edilsə də, kreditin və faizlərin banka tam qaytarılması təmin edilməmişdir. Aşağıdakı normalara əsasən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4117 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli 16K/13 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə (kredit öhdəliyinin icra müddəti bitdiyi tarixə) əsas borcu 4.344.159,47 manat, faiz borcu 467.238,49 manat, xx.xx.2013-cü il tarixli 60K/13 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə (kredit öhdəliyinin icra müddəti bitdiyi tarixə) əsas borcu 22.144,68 manat, faiz borcu 2779,46 manat təşkil edir. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli müqavilə üzrə 30.621,64 manat ödəniş edilmiş, həmin məbləğin 30030,41 manatı əsas borcdan, 591,23 manatı faiz borcundan silinmiş, xx.xx.2013-cü il tarixli 16K/13 saylı kredit müqaviləsi üzrə cəmi bir dəfə xx.xx.2013-cü il tarixdə 233973,86 manat ödəniş edilmiş, bu ödənişin 5840,5 manatı əsas borcdan, 228133,33 manatı faiz borcundan silinmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli müqavilə üzrə cavabdehin kredit borunun məbləği ekspert tərəfindən düzgün müəyyən edilməmişdir. Əgər 30030,41 manatı əsas borc üzrə ödəniş həyata keçirilmişsə cəmi 30.000 manat limitlə açılmış kredit xətti üzrə qalıq əsas borcun 22144,68 manat təşkil etməsi mümkün deyil. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcunun iddiaçının işdəki xx.xx.2017-ci il tarixli maliyyə arayışı əsas götürülməklə müəyyən edilməlidir. Həmin arayışa əsasən qeyd edilən müqavilə üzrə cavabdehin xx.xx.2017-ci il tarixə 23067,4 manat əsas borcu, 12592,33 manat faiz borcu olmuşdur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə qeyd edilən müqavilə üzrə qalıq borcun iddiaçının təqdim etdiyi maliyyə arayışındakı məbləğdən daha az olduğunu müəyyənləşdirməyə imkan verən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. xx.xx.2013-cü il tarixli 16K/13 saylı kredit müqaviləsi üzrə cavabdehin kredit borcu ekspert rəyi ilə düzgün hesablandığından məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən-cavabdehdən 4.344.159,47 manat əsas borc, 467.238,49 manat faiz borcunun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının hər iki müqavilə üzrə tələb etdiyi dəbbə pulu məbləğlərinin yüksək olduğunu nəzərə alaraq hesab edir ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cavabdehin dəbbə pulu borcu azaldılaraq xx.xx.2013-cü il tarixli 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 43441 manat, xx.xx.2013-cü il tarixli 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 230 manat müəyyən edilməli, dəbbə pulu tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. “Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İstinad edilən normaların tələblərinə əsasən cavabdehdən iddiaçının xeyrinə işə birinci instansiya qaydasında baxılarkən ödənilmiş dövlət rüsumuna görə 30 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 145 manat ekspertiza xərci tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2- 2(82)- 474/2017 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 4344159,47 manat əsas borc, 467238,49 manat faiz, 43441 manat dəbbə pulu, cəmi 4.854.838,96 manat, xx.xx.2013-cü il tarixli 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 23067,34 manat əsas, 12592,33 manat faiz, 230 manat dəbbə pulu borcu, cəmi 35889,67 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-2(82)- 474/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan “Bank of Azerbaijan” açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli 60K/13 saylı kredit xətti müqaviləsi üzrə 23067,34 manat əsas, 12592,33 manat faiz, 230 manat dəbbə pulu borcu, ümumilikdə 35889,67 manat , xx.xx.2013-cü il tarixli 16K/13 saylı kredit xətti müqaviləsi üzrə 4.344.159,47 manat əsas borc, 467.238,49 manat faiz, 43.441 manat dəbbə pulu, ümumilikdə 4.854.838,96 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. İddia qalan hissədə rədd edilsin. 145 manat ekspertiza xərci cavabdeh Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar