Məhkəmə qərarları › İş №2-2(103)-210/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-210/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-210/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 05 mart 2019-cu il tarixli AZTX/438 saylı icarə müqaviləsinə əsasən istifadə üçün təhvil verilmiş icarə obyektlərinə görə 272391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276612,53 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 272391,41 manat məbləğində əsas borc və 2000 manat cərimə olmaqla, ümumilikdə 274391,41 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25.05.2021-ci il tarixli 2- 2(103)-282/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli e-2-2(113)-1185/2020 saylı qətnaməsinin qismən, 272391,41 manat əsas borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 267391,40 (iki yüz altmış yeddi min üç yüz doxsan bir manat qırx qəpik) manatın tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16.11.2021-ci il tarixli 2- 2(102)-520/2021 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin həmin kassasiya şikayətinə münasibətdə qismən – 2020-ci il 16 yanvar tarixli EBAF seriyalı 103079 və 101558 saylı, 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə yarandığı bildirilən cəmi 113.363,17 manat hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16.11.2021-ci il tarixli 2-2(102)-520/2021 saylı qərarını nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız 16 yanvar 2020-ci il tarixli EBAF seriyalı 103079 və 101558 saylı, 27 yanvar 2020-ci il tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə yarandığı bildirilən cəmi 113363,17 manat hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında 05.03.2019-cu il tarixli AZTX/438 saylı icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh icarə müqaviləsi öz öhdəliklərini tam yerinə yetirməmiş və onun 16.01.2020-ci il tarixli EBAF seriyalı 103079 saylı elektron qaiməyə əsasən 42647,41 manat, 16.01.2020-ci il tarixli EBAF seriyalı 101558 saylı elektron qaiməyə əsasən 2522,01 manat və 27.01.2020-cu il tarixli EBAF seriyalı 493268 saylı elektron qaiməyə əsasən 68193,75 manat borcu vardır. Cavabdeh mübahisələndirilən hissədə iddiaya etiraz edir və bildirir ki, müqavilənin 3.1 və 3.2-ci bəndlərində icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi göstərilsə də bu barədə heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir. Belə ki, 27.01.2020-cu il tarixli EBAF seriyalı 493268 saylı elektron qaimədə və 16.01.2020-ci il tarixli EBAF seriyalı 103079 və 101558 saylı elektron qaimələrdə VOLVO markalı 90-T-578, 90-T-829, 90-T-831, 90-T-832, 90-T-834, 90-T-837, 90-T-839, 90-L- 175, 90-L-157, 10-Z-594, 10-Z-578, 10-Z-579, 10-Z-591, 1645568, ******* dövlət qeydiyyat nişanlı ekskavator və mini yükləyicilərin 2019-cu ilin oktyabr, noyabr və dekabr ayları üzrə icarə haqlarının ödənilməsi tələb edilmişdir. İş materiallarında olan və cavabdeh tərəfindən mübahisələndirilməyən 12.04.2019, 10.05.2019, 20.06.2019, 23.08.2019, 12.11.2019-cu il tarixli elektron qaimələrdən isə görünür ki, yuxarıda qeyd olunan texnikaların 2019-cu ilin mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə icarə haqlarının ödənilməsi tələb edilmişdir. Göründüyü kimi cavabdehin mübahisələndirdiyi 3 elektron qaimədə göstərilən texnikaların həmin qaimələrdə göstərilən tarixlərdən daha əvvəlki tarixlərdə cavabdehin icarəsində olması işin mübahisəsiz halını təşkil edir. Ona görə də, cavabdeh tərəfindən icarə obyektlərinin təhvil verilmədiyinə istinad etməsi əsassızdır. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC 21 noyabr 2019-cu il tarixli məktubla "xxxx" MMC-yə müraciət edərək, icarə müqaviləsinə əsasən siyahısı aşağıda göstərilən texnikaların 18.11.2019-cu il tarixdən günün ikinci yarısından etibarən istifadə olunmadığını bildirmiş və həmin texnikaların müqaviləsinə xitam verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir (VOLVO markalı 10-Z-579, 90-T- 829, 90-T-831 və 90-T-839 dövlət qeydiyyat nişanlı ekskavator). Həmçinin Cavabdeh MMC 17 dekabr 2019-cu il tarixli məktubla "xxxx" MMC-yə müraciət edərək, icarə müqaviləsinə əsasən siyahısı aşağıda göstərilən texnikaların 03.12.2019-cu il tarixdən günün ikinci yarısından etibarən istifadə olunmadığını bildirmiş və həmin texnikaların müqaviləsinə xitam verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir (VOLVO markalı 10-Z-578 dövlət qeydiyyat nişanlı ekskavator EC240B, VOLVO markalı 90-T-837 dövlət qeydiyyat nişanlı ekskavator EC300DL, VOLVO markalı 90-L-175 dövlət qeydiyyat nişanlı mini yükləyici MC115C, VOLVO markalı 10-Z-594 dövlət qeydiyyat nişanlı mini yükləyici MC115C, VOLVO markalı ******* dövlət qeydiyyat nişanlı mini yükləyici MC70C, VOLVO markalı ******* dövlət qeydiyyat nişanlı mini yükləyici MC70C). "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən 27.01.2020-ci il tarixli EBAF seriyalı 493268 saylı elektron qaimədə və 16.01.2020-ci il tarixli EBAF seriyalı 103079 saylı və 101558 saylı elektron qaimələrdə yuxarıda geri götürülməsi xahiş edilən texnikaların istifadə olunduğu müddət üçün icarə haqqı (2019-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün) tələb edilmişdir. Göründüyü kimi Cavabdeh MMC 21 noyabr 2019-cu il tarixli məktubu göndərməklə faktiki olaraq həmin məktubda sadalanan 4 ədəd texnikanı ən azı 21 noyabr 2019-cu il tarixinədək icarə obyekti kimi istifadə etdiyini etiraf etmişdir. Habelə, Cavabdeh MMC 17 dekabr 2019-cu il tarixli məktubu göndərməklə faktiki olaraq həmin məktubda sadalanan 7 ədəd texnikanı ən azı 17 dekabr 2019-cu il tarixinədək icarə obyekti kimi istifadə etdiyini etiraf etmişdir. Eyni zamanda, 2019-cu ilin dekabr ayının icarə haqqına dair 16.01.2020-ci il tarixli EBAF seriyalı 101558 saylı elektron qaimədən görünür ki, cavabdehin 21 noyabr 2019-cu il tarixli məktubunda göstərilən 4 ədəd texnikaya görə icarə haqqı tələb edilməmiş və yalnız cavabdehin 17 dekabr 2019-cu il tarixli məktubunda göstərilən 7 ədəd texnikaların icarəsinə görə cəmi 2522,01 manat icarə haqqı tələb edilmişdir. Qeyd olunan hallar tam təsdiq edir ki, "xxxx" MMC yalnız Cavabdeh MMC-nin icarəsində olan texnikaların icarə haqqının tutulmasını tələb etmişdir. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh digər 6 ədəd elektron qaiməni mübahisələndirməmiş və bununla da, cəmi 11 ədəd texnikanın onun icarəsinə verildiyini etiraf etmişdir. Bununla yanaşı, o, son 3 qaiməni mübahisələndirməklə faktiki olaraq texnikaları daha tez qaytardığına istinad edir. Ona görə də, həmin halı sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Lakin o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda, cavabdeh 16.01.2020-ci il tarixli EBAF seriyalı 103079 saylı və 101558 saylı, habelə 27.01.2020-cu il tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələri qəbul etmiş və hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr elektron qaydada oxunmuş, iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə icarə haqqının ödənilməsi qəbul edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də texnikalar cavabdehə təhvil verilməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi texnikaların bəyənilməsi və həmin texnikaların icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 16 yanvar 2020-ci il tarixli EBAF seriyalı 103079 və 101558 saylı, habelə 27 yanvar 2020-ci il tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə ödənilməli olan, lakin ödənilməyən cəmi 113363,17 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16.11.2021-ci il tarixli 2-2(102)-520/2021 saylı qərarında əks olunan göstərişlərə dair kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasındakı münasibətlərin faktiki və hüquqi baxımdan qarışıq xarakterə malik olması və icarə münasibətlərindən əlavə podrat münasibətlərinin də mövcud olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Çünki nə iddiaçı, nə də cavabdeh tərəf bu hala istinad etməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlanır, onun məzmununda yalnız icarə hüquq münasibətlərinə istinad edilib və podrat müqaviləsinin hər hansı əlamətləri mövcud deyildir. Həmçinin bu hal hazırki məhkəmə iclasında bir daha dəqiqləşdirilmiş və iddiaçı tərəf onlar arasında yalnız icarə hüquq münasibətlərinin olduğunu, podrat müqaviləsi ilə əlaqədar hər hansı münasibətlərin olmadığını bildirmişlər. Bu baxımdan kollegiya hesab edir ki, hazırki mübahisəyə yalnız icarə müqaviləsini tənzimləyən maddi hüquq normaları tətbiq olunmalıdır. Yuxarıda qeyd olunan 3 ədəd elektron qaimələr üzrə təhvil-təslim aktlarının tərtib olunmamasına dair kollegiyanın mövqeyi isə aşağıdakılardan ibarətdir. Belə ki, əvvəla işin mübahisəsiz halı ondan ibarətdir ki, cəmi 4 ədəd elektron qaimə üzrə təhvil-təslim aktları mövcud deyildir və cavabdeh də onlardan biri üzrə borcunu ödəmişdir. Göründüyü kimi tərəflər arasında olan işgüzar münasibətlərdə təhvil-təslim aktları tərtib edilmədən elektron qaimələrin göndərilməsi halı olmuş və cavabdeh də borcunu ödəməklə bu halla razılaşmışdır. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5-ci bəndinə əsasən icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 252 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir. Həmin müqavilənin 4.6-cı bəndində isə göstərilmişdir ki, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: aylıq icarə haqqı / 252 saat * əlavə iş saatı. İş materiallarında olan digər qaimələrə aid təhvil-təslim aktlarına əsasən də müəyyən olunur ki, həmin aktlar müqavilə şərtlərinə uyğun olaraq texnikaların dəqiq işləmə saatlarının və buna uyğun olaraq ödənilməli olan icarə haqqının müəyyən edilməsi məqsədilə tərtib edilmişdir. Göründüyü kimi təhvil-təslim aktlarının tərtib olunmasının məqsədi texnikaların icarəyə verilib-verilməməsini müəyyən etmək deyil, onların dəqiq iş saatlarını və buna uyğun olaraq da ödənilməli olan icarə haqqının müəyyən etməkdən ibarətdir. Bu baxımdan kollegiya hesab edir ki, yuxarıda qeyd olunan 3 ədəd elektron qaimələr üzrə təhvil-təslim aktlarının mövcud olmaması mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (hazırki apellyasiya baxışının həddində) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli qətnaməsi 16 yanvar 2020-ci il tarixli EBAF seriyalı 103079 və 101558 saylı, habelə 27 yanvar 2020-ci il tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə cəmi 113363,17 manat borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar