Məhkəmə qərarları › İş №2-2(103)-211/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-211/2023

25.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-211/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “gəlir və xərcin müəyyən edilməsi və sairə” tələbinə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4951/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək 24 fevral 2017-ci il tarixdən etibarən 19 yanvar 2022- ci il tarixədək Cəmiyyətin gəlir və xərcinin müəyyən olunması, vergi və xərclər çıxıldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(113)-4951/2022 saylı qərardadı ilə (hakim Ülkər Həsənova) iş üzrə icraata xitam verilmişdir. İddiaçılar həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-4951/2022 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, dövlət müdafiəsi mexanizmi kimi məhkəmə sistemi hər bir hüquqi dövlətdə mühüm əhəmiyyət kəsb edir. Arbitr rolunda çıxış etməklə məhkəmə sistemi hüquqla tənzimlənən bütün fəaliyyət sahələrini eyni vaxtda müdafiə edir. Məhkəmə orqanları sistemi konstitusiya quruluşunun əsaslarının sarsılmazlığını, hüquq qaydasını, iqtisadi məkanın vahidliyini, fiziki və hüquqi şəxslərin əmlak və qeyri-əmlak hüquqlarını, həmçinin iqtisadi fəaliyyət azadlığını təmin edir. Hüquq münasibətlərinin subyektləri arasında hüquq və vəzifələrin həyata keçirilməsi prosesində meydana çıxan mübahisələrin qanun əsasında, ədalətli və tez həll edilməsinə olan tələbatı məhkəmə sistemi qarşılamalıdır. Məhkəmələrin qərəzsizlik prinsipi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışı hüququnun tərkib hissəsini təşkil edir. Bir sıra qərarlarında Konvensiyanın 6-cı maddəsinə şərh verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, “iştirakçı dövlətinüzərinə öz məhkəmə sistemini elə qurmaq öhdəliyi düşür ki, bu sistem 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab versin. Bu tələblərin arasında birinci sırada qərəzsizlik durur”. Məhkəmə bu qərarı ilə iddiaçıların konstitusion hüququnu pozmuşdur. Hesab edir ki, hər kəs kimi iddiaçıların da məhkəmə araşdırılması hüququ var. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4951/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4951/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçının iddia tələbləri üç hissədən ibarət olmuşdur: -24 fevral 2017-ci il tarixdən etibarən 19 yanvar 2022- ci il tarixədək Cəmiyyətin gəlir və xərcinin müəyyən olunması; -vergi və xərclər çıxıldıqdan sonra qalıq gəlirin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi; ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hüquqi şəxsin gəlir və xərclərinin müəyyən edilməsi tələbi bu tələbin təmin edilməsində iddiaçının hansı hüquqi marağı olduğu qeyri-müəyyən olduğundan ayrıca iddia tələbi kimi irəli sürülə bilməz. İkinci və üçüncü – xalis mənfəətin iddiaçıların paylarına uyğun bölüşdürülməsi məsələlərinin ümumi yığıncağın gündəliyinə daxil edilməsi və ümumi yığıncağın icra icraatı qaydasında müəyyən olunan vaxtda və yerdə bir ay ərzində keçirilməsi hissəsi ilə bağlı hissədə də məhkəmə düzgün olaraq hesab etmişdir ki, Mülki Məcəllənin 90-1.1, 90-1.2, 91-ci maddələrinin tələblərinə əsasən bu məsələlərin həlli məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd edilən normanın tələbindən göründüyü kimi, hüquq və azadlıqların müdafiəsinin qanuna əsasən məhkəmədən kənar digər qaydada həyata keçirilməsi işə məhkəmədə baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər... Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Materiallarda olan Cavabdeh2 MMC-nin Nizamnaməsinin: 2.5-ci bəndinə əsasən ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyət təsisçisi bir nəfər olduqda, cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir. 4.2-ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. X1 icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. 4.3-cü bəndinə əsasən cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi; cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi; cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağrılması hallarının və qaydasının müəyyən edilməsi; cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi; cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi; cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağrılması; cəmiyyətin müşahidə şurası və təftiş komissiyasını (müfəttişini) seçmək; cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyyən edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Məhdud məsuliyyətli Cəmiyyətin iştirakçılarının növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə Cavabdeh2 MMC-nin Nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən Məhkəmə hesab edir ki, MMC-nin üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçıların Cavabdeh2 MMC-nin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) ümumilikdə 8,3 faiz (İddiaçı2 – 4,15 faiz, İddiaçı1 – 4,15 faiz) təşkil edir. Bu səbəbdən iddiaçılara izah olunmalıdır ki, qanunvericiliyin tələbinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı yalnız bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Bu səbəbdən Məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçılara Cəmiyyətin ümumi yığıncaqlarında (şəxsən və ya nümayəndə vasitəsilə) iştirak etmək, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüquqlarına malik olmalarını izah edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən ... Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. ... Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının çağırılması, ümumi yığıncaqda mənfəətin hansi hissəsinin bölüşdürülməli olduğu ümumi yığınğın səlahiyytinə aid olduğundan iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4951/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4951/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar