Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-213/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, cavabdehin nümayəndəsi X7 və vəkili X9 iştirakları ilə X2 cavabdeh “xxxx” ASC-nə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi”nə dair iddiası üzrə1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1413/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: X5 cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin iddiaçıya məxsus pambıq əkininə vurduğu zərərin əvəzi kimi 5.350 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı fermer kimi 5 hektar torpaq sahəsini icarəyə götürərək 2019-cu ildə pambıq əkmişdir. Yaxşı çıxış alınmış, lakin “xxxx” ASC-nin tərkibində olan İmişli rayon X11 öz vəzifəsini yerinə yetirməyərək sahəni su ilə təmin etməmiş, bundan sonra sahəni qrunt suları basmış, becərmə işlərini aparmaq mümkün olmamışdır. İddiaçı bununla əlaqədar İmişli Dövlət X17 müraciət etmişdir. Aqronom mütəxəssislər gəlib əkin sahəsinə baxmış və xx.xx.2019-cu ildə akt tərtib edərək qeyd etmişlər ki, həqiqətən suvarma kanalından gələn qrunt suları sahəni basmış, drenajın suları ilə birləşməsi qrunt suyunun səviyyəsini qaldırmışdır. Buna görə iddiaçıya 5350 manat məbləğində zərər dəymişdir. Sonradan, iddiaçı İmişli rayon X8 Şirvan İnzibati- İqtisadı Məhkəməsinə vermişdir. Məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilmiş, əsas kimi qeyd edilmişdir ki, həmin idarə “xxxx” ASC-nin tərkibində idarə olmaqla hüquqi şəxs deyildir və ona görə cavabdeh ola bilməz. Cavabdeh təşkilat “xxxx” ASC olduğundan iddiaçıya əkininə dəymiş ziyanı həmin təşkilat ödəməlidir. İddiaçı qeyd edilənlərə istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1413/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1413/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə yalnız hakimin şəxsi mülahizəsi, cavabdehin mənafeyi əsas götürülmüş, onun mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmiş, işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. İşə apellyasiya qaydasında baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X7 və vəkili X15 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1413/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, X18 ilə xx xxxxxx 2018-ci il tarixli müqavilə əsasında İmişli rayonu Çahar kəndində yerləşən 5.59 ha torpaq sahəsini icarəyə götürmüş, həmin müqavilə ilə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərinin müəyyən olunmuş müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “xxxx” MMC-yə təhvil verilməsi və “xxxx” MMC tərəfindən X13 borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi razılaşdırılmışdır. “xxxx” MMC-nin İmişli filialının baş aqronomu, sahə aqronomu və fermer X18 arasında xx xxx 2019-cu il tarixdə tərtib edilmiş aktın surətindən Muradallı kəndində X18 tərəfindən icarəyə götürülmüş 5 hektar əkin sahəsində 2019-cu ilin məhsulu üçün səpin aparıldığın və çıxış alındığını, lakin X8n səhlənkarlığı nəticəsində sahəni qrunt suların basdığını və becərmə işlərinin aparmasının mümkün olmadığı göstərilmişdir. İmişli Dövlət Aqroinkişaf Mərkəzi tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli rəyin surətindən görünür ki, İmişli Dövlət Aqroinkişaf X1 icarəsində olan əkin sahəsinə baxış keçirmiş və müəyyən etmişdir ki, pambıq sahəsinin ətrafında olan drenaj kanalının qarşısı kəsilmiş və suvarma kanalından gələn sularda drenajın suları ilə birləşərək qrunt suyunun səviyyəsini qaldırır. Bununla bağlı müvafiq tədbirlər görülmüş, əraziyə texnika göndərilərək, kanalların qarşısı açılaraq suyun səviyyəsi aşağı salınmışdır. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, torpaq sahibinin təkrar müraciətindən sonra əraziyə təkrar baxış keçirilmiş və 5 ha pambıq sahəsinin 3 ha ziyan görmüşdür. Çəkilən xərc və ola biləcəyi məhsuldarlıq cədvəldə göstərilmiş, xrəclər 850 manat, alınacaq məhsulun dəyəri 4500 manat göstərilmişdir. Həmin rəydə qeyd olaraq göstərilmişdir ki, Kənd Təsərrufatı sahəsi spesifik sahə olduğu üçün bitgilərin vegitasiya dövründə aqrotexniki qaydalara görə həm yaxşıya, həmdə pisə doğru dəyişiklik ola bilər və ona görə daima təkrar baxışa ehtiyac duyulur. İmişli rayonu icra hakimiyyəti başçısının Muradalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 23 saylı məktubundan görünür ki, X13 mülkiyyətində olan 2.04 sot və istifadəsində olan 5.00 ha torpaq sahəsi 3-cü qrup torpaq kateqoriyasına aiddir. İmişli rayonu Muradallı kənd bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 19 saylı arayışından görünür ki, X13 əkdiyi 5 ha torpaq sahəsi 3-cü növ kateqoriyalı torpağa aiddir. Eyni zamanda həmin arayışda qeyd olunmuşdur ki, həmin ərazinin 3 ha sahəsi 2019-cu ili qədər əkin sahəsi kimi istifadə olunmamış və ötüş otlaq kimi istifadə olunmuşdur. xx xxxxxxxx 2019-cu il tarixli aktdan və Azərbaycan Müliorasiya və Su Təsərrüfatı ASCnin İmişli X8n xx xxxxxx 2019-cu il tarixli, 324 saylı arayışından görünür ki, pambıq əkininə hazırlıq işləri zamanı, həmin ərazinin 3 ha hissəsi uzun müddət əkilmədiyi və əkinə yararsız olduğu üçün İmişli SSİ-nin mütəxəssisləri tərəfindən həmin ərazidə pambıq əkilməsinə məsləhət görülmədiyi Əliyev Zahirə bildirilmiş, lakin buna baxmayaraq Z.Əliyev həmin ərazidə 5 ha pambıq əkmişdir. Eyni zamanda həmin sənədlərdən görünür ki, Z.Əliyev mənbəyi Qızılarx kanalı olan Baza arxı vasitəsilə 5 ha pambıq sahəsini 1 dəfə arat və 3 dəfə vegetasiya suvarma suyu ilə suvarmışdır. Z.Əliyev pambıq sahəsini yaxşı beçərmədiyi üçün bir hissəsi alağa batmış və bu səbəbdən biçdirmişdir. Arayişda, Z.Əliyevin müqavilə bağlamadığı və heç bir suvarma xidmət haqqının ödəmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Mübahisə delikt-ziyan vurmadan irəli gələn tələblə bağlıdır. İddiaçı maddi ziyan tələbini cavabdehin öz vəzifələrini yerinə yetirməməsi ilə əlaqələndirərək cavabdehin onun icarəsində olan sahəni suvarma ilə təmin etmədiyini, eyni zamanda sahəni qrunt sularının basmasının qarşısını almaqla bağlı vəzifəsini icra etmədiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Zərərlə bağlı tələbin əsaslı hesab edilməsi üçün məhkəmə araşdırması zamanı 3 mühüm halın sübut edilməsi tələb edilir: faktiki vurulmuş zərərin sübut edilməsi, zərərin vurulmasında cavabdehin təqsiri, habelə zərərlə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə. Hazırki halda isə cavabdehin təqsirinin olması müəyyən edilmir. Azərbaycan Respublikası Su Məcəlləsinin 30-cu maddəsinə əsasən, Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər. Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Əsasnamə Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin su təsərrüfatı istismar təşkilatlan ilə respublika ərazisində yerləşən su istehlakçıları (X3 istisna olmaqla) arasında sudan pullu istifadə ilə bağlı yaranan qarşılıqlı münasibətləri tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə əsasən əkinlərin növündən və sahəsindən asılı olaraq tələb olunan suyun həcmi və suyun verilməsi qrafiki bu hədlər daxilində illik müqavilələrlə müəyyən edilir. Sazişlərin və illik müqavilələrin formaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əsasnamənin 1.3.-cü bəndinə əsasən cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında sudan pullu istifadəyə dair hesablaşmalar sudan istifadənin təsdiq olunmuş tarifləri əsasında aparılır. İddiaçı tərəfindən məhkəməyə “xxxx” ASC-nin su təsərrüfatı istismar təşkilatlan ilə müqavilə bağlandığını və suvarmaya görə haqq ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan handa cavabdehin iddiaçıya məxsus əkin sahəsini suvarmaq öhdəliyi olduğu müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı sahəni qrunt sularının basması nəticəsində 5.350 manat məbləğində ziyan dəyməsinə sübut olaraq İmişli Dövlət Aqroinkişaf Mərkəzi tərəfindən verilmiş rəyin surətini təqdim etmişdir. İmişli dövlət aqroinkişaf Mərkəzi tərəfindən tərtib olunmuş rəydə drenaj sularının qarşısının kəsilməsi nəticəsində qrunt sularının səviyyəsinin qalxaraq əkin sahəsini basması ilə əlaqədar iddiaçının 5 ha torpaq sahəsinin 3 ha-na ziyan dəydiyi qeyd edilsə də, rəyə əlavə edilən cədvəldə dəymiş ziyanın məbləği deyil, çəkilən xərcin məbləği (850 manat) və ola biləcək məhsuldarlığın dəyəri (2 ton-4500 manat) hesablanmışdır.. Məhkəmə hesab edir ki, sahədən alına biləcək məhsuldarlığın dəyərinin iddiaçıya vurulmuş ziyan olaraq qiymətləndirilməsi və cavabdehdən tutulmasına dair tələb tamamilə əsassızdır. Bundan əlavə işdəki sənədlərdən iddiaçının icarəsində olan əkin sahəsinin torpağın 3cü növ kateqoriyaya aid olan torpaq növünə aid olması, həmçinin həmin əkin sahəsinin 3ha 2019-cu ilə qədər örüş otlaq kimi istifadə olunması işin mübahisəsiz halı olduğundan məhsuldarlığın aşağı olmasının səbəbi yalnız sahəni qrunt sularının basması ilə əlaqələndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaya tələb edilən məbləğdə ziyan dəydiyi və cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüququ pozuntusuna yol verildiyinə dair işdə mötəbər sübutlar olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1413/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: X2 apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1413/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-213/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-213/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver