Məhkəmə qərarları › İş №2-2(103)-213/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-213/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-213/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Açar söz: kredit borcunun qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3762/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 100.LN.2105.220415.00002 №-li, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor borcalana 20.000 ABŞ dolları məbləğində kredit vermişdir.

2. 18 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əlavə razılığa əsasən kredit xətti müqaviləsinin müddəti 23 iyul 2018-ci il tarixinədək uzadılmışdır.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 MMC arasında imzalanmış 22 aprel 2015-ci il tarixli 100.CL.220415.00002/b nömrəli zaminlik müqaviləsinə əsasən zamin bu müqaviləyə əsasən bank qarşısında 22 aprel 2015-ci il tarixli 100.LN.2105.220415.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəlikiərin o cümlədən borcalanın 20.000 ABŞ dolları məbləğində alınmış kıedil xəttinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

4. Cavabdeh2 məxsus hesabdan çıxarışdan məlum olur ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixində 300 manat olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Roval” MMC-yə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 28.548 ABŞ dolları – bundan 16239 ABŞ dolları əsas, 10519 (ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1790 ABŞ dolları faiz borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 36,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq,ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış 100.LN.2105.220415.00002 №li 22 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təmir-tikinti işləri məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli 1 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2105.220415.00002 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 18 may 2018-ci il, sonuncu ödəniş isə 23 iyul 2018- ci il tarixdən gec olmayaraq həyata keçirilir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 MMC (VÖEN **********) ilə Bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********093 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2020-ci il tarixə kredit üzrə cəmi borcu 28548 (iyirmi səkkiz min beş yüz qırx səkkiz) ABŞ dolları təşkil edir. Bundan 16239 (on altı min iki yüz otuz doqquz) ABŞ dolları əsas, 0 (sıfır) ABŞ dolları faiz, 10519 (on min beş yüz on doqquz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1790 (bir min yeddi yüz doxsan) ABŞ dolları faiz borcu təşkil edir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3762/2022 saylı qətnaməsi ilə (Aytən Əliyeva) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddia müddəti sonuncu ödəniş tarixindən 3 il sonra yəni, 19 mart 2022-ci il tarixində bitmişdir. İddiaçı tərəf isə 17 may 2022-ci il tarixində mediasiya üçün müraciət etmiş, tərəflər arasında mediasiya sessiyası keçirilmiş və daha sonra xx.xx.2022-ci il tarixində mediasiya sessiyası bitmişdir. Yuxarıda sadalanan normalardan da məlum olduğu kimi, mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır, lakin iddiaçı tərəf sonuncu iddia müddəti bitdikdən sonra mediasiyaya müraciət etmişdir. Belə olan halda isə iddia müddətinin axımının dayandırılmasından söhbət gedə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3762/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqi barədə verdiyi ərizə həqiqəti əks etdirmir. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, Cavabdeh2 100.LN.2105.220415.00002 №-li kredit müqaviləsi üzrə sonuncu dəfə 19 mart 2019-cu il tarixdə 300 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hesab edirik ki, iddia müddəti 19 mart 2019- cu il tarixdən hesablanaraq 19 mart 2022-ci il tarixdə bitmişdir. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1MMCyə qarşı “kredit borcunun qaytarılması” tələbi ilə 06 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı bankın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin şikayətin təmin edilməməsi barədə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qərarı 22 aprel 2022-ci il tarixdə LPO İddiaçı ASC-yə daxil olmuşdur. 20 aprel 2022-ci il tarixdə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət edilmiş, cavabdehlərdən heç bir cavab daxil olmadığı üçün Bakı 5 saylı Mediasiya Təşkilatına 17 may 2022-ci il tarixdə mediasiya üçün müraciət edilmişdir. Bakı 5 saylı Mediasiya Təşkilatı cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etməməsi barəsində 24 iyun 2022-ci il tarixli arayışı Banka təqdim etmişdir. İddiaçı qeyd edilən arayışı aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş materiallarından da göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı LPOİddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1MMC-yə qarşı“kredit borcunun qaytarılması” tələbi ilə 06 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı bankın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin şikayətin təmin edilməməsi barədə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qərarı 22 aprel 2022-ci il tarixdə LPO İddiaçı ASC-yə daxil olmuşdur. İddiaçı tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilmiş etiraz ərizəsində olan məlumatlar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış və ərizədə qeyd edilən məsələlərin doğruluğuna dair iddiaçıdan hər hansı bir sübut tələb edilməmişdir. Bu səbəbdən də hesab edirik ki, məhkəmə işi hər tərəfli araşdırmadan qərar qəbul edib.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddə-əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddə-əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2022-ci il tarixli e-2- 2(113)-3762/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış 22 aprel 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələb üzrə iddia müddətinin axımı sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdə kəsilmiş, həmin tarixdə iddia müddəti yenidən başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı iddia müddəti başa çatdıqdan sonra 17 may 2022-ci il tarixində mediasiya təşkilatına, xx.xx.2022-ci il tarixdə isə iddia ərizəsi məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü üçün iddia təmin edilə bilməz.

19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən yalnız müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Hazırkı halda iddiaçı ilk dəfə iddia ərizəsi ilə 2022-ci ilin yanvar ayında Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etsə də iddia ərizəsi məhkəmə aidiyyəti düzgün seçilmədiyi üçün geri qaytarıldığından MM-nin 381.1-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. Qüsurlu iddia ərizəsi iddia müddətinin axımını kəsmədiyindən və dayanmasına əsas olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, 2022-ci ilin yanvar ayında ilk dəfə iddianın qaldırılması ilə iddia müddətinin axımının kəsildiyinə dair iddiaçının mülahizələri əsassızdır.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2022-ci il tarixli e-2-2(113)-3762/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3762/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar