Məhkəmə qərarları › İş №2-2(103)-214/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-214/2025

07.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-214/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3930/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2022-ci il tarixli AG/AM/02507 nömrəli xidmət müqaviləsi imzalanmışdır.

2. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən "icraçı” "sifarişçi"nin tapşırığı əsasında siyahısı müqaviləyə Əlavə 1 -də göstərilən işləri yerinə yetirməyi; işləri tam hazır vəziyyətdə təhvil verməyi {bundan sonra "xidmət" adlandırılacaq). “Sifarişçi” isə, bu xidmətin müqabilində “icraçı’ya, bu Müqavilə ilə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə İcraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri, bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X4 (Əlavə 1) ilə müəyyən edilir. - 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə ödənişin 50%’i avans olaraq əvvəlcədən, qalan məbləğ isə işlər təhvil verildikdən sonra 3 iş günü ərzində sifarişçi tərəfindən ödənilir. - 2.3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödəmələr bank köçürmələri yolu ilə həyata keçirilir. - 3.1.5-ci bəndinə əsasən Sifarişçi ödənişləri vaxtında və tam həcmdə həyata keçirməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

3. AG/AM/02707 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə 01 saylı Əlavə olan xx.xx.2022- ci il tarixli X2 cavabdeh tərəfin göstəriləcək xidmətin adı,miqdarı,qiyməti razılaşdırılmışdır.

4. AG/AM/02707 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə 09 saylı Əlavə olan xx.xx.2023- cü il tarixli X2 cavabdeh tərəfin göstəriləcək xidmətin adı,miqdarı,qiyməti razılaşdırılmışdır.

5. İddiaçı tərəfindən cavabdehə EBDH 456492 saylı xx.xx.2023-cü il tarixli 24780 manat, EBCH 983480 saylı xx.xx.2022-ci il tarixli 5947,20 manat,EBCH 399533 saylı xx.xx.2022-ci il tarixli 8637,60 manat,EBCJ 250543 saylı xx.xx.2022-ci il tarixli 17287 manat,EBCL 054572 saylı xx.xx.2022-ci il tarixli 14750 manat,EBCL 055126 saylı xx.xx.2022-ci il tarixli 38350 manat,EBCN 572993 saylı xx.xx.2023-cü il tarixli 18408 manat,EBCN 585001 saylı xx.xx.2023-cü il tarixli 25171,29 manat,EBDA 410314 saylı xx.xx.2023-cü il tarixli 17700 manat,EBDA 410170 saylı xx.xx.2023-cü il tarixli 22920,03 manat,EBDA 410156 saylı xx.xx.2023-cü il tarixli 10354,50 manat,ebdd 697784 saylı xx.xx.2023-cü il tarixli 11800 manat, EBDH 456492 saylı xx.xx.2023-cü il tarixli 24780 manat,EBDD 697751 saylı xx.xx.2023-cü il tarixli 42579,71 manat,EBDQ 470849 saylı xx.xx.2023-cü il tarixli 15558,42 manat məbləğində elektron qaimə göndərilmişdir.

6. "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixində (EBCB983480 saylı elektron qaimə üzrə) 2500 manat, xx.xx.2022-ci il tarixində (EBCB983480 saylı elektron qaimə üzrə) 2540 manat, xx.xx.2023-cü il tarixində (EBDH 456492 saylı elektron qaimə üzrə) 15000 manat, xx.xx.2023-cü il tarixində (EBDD697751 saylı elektron qaimə üzrə) 55 000 manat, xx.xx.2023-cü il tarixində (EBDA410314 elektron qaimə üzrə) 23775 manat,xx.xx.2023-cü il tarixində (EBCN 582993 elektron qaimə üzrə) 36931,60 manat, xx.xx.2023-cü il tarixində (EBCL054572 saylı elektron qaimə üzrə) 14750 manat, xx.xx.2022-ci il tarixində 32500 manat,xx.xx.2022-ci il tarixində (EBCH 399533 saylı elektron qaimə üzrə) 21970 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16508,25 manat borcun, həmin borca görə 825,41 manat (ümumi borcun 5 %- i) dəbbə pulunun (cərimə), 142 manat dövlət rüsumunun və 500 manat vəkil xərcinin cavabdehdən tutularaq dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iləCavabdeh MMC arasında 25 iyul 2022-ci il tarixli AG/AM/-02507 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən icraçı əlavələrdə qeyd edilmiş işləri yerinə yetirməyi, işləri tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə, bu xidmətin müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür. X3 No 09-a əsasən görünür ki, 420 ton Metalın səthinin təmizlənməsi və bir qat boya tətbiqi işləri görülmüşdür. Tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktlarına əsasən sifarişçinin icraçıya 16508,25 manat məbləğində borcu qalmaqdadır. Yaranmış borcun 3 gün müddətində ödənilməsi üçün sifarişçiyə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmişdir. Pretenziya məktubundan sonra sifarişçiyə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq borc məbləği alıcı tərəfindən ödənilmir. Müqavilənin 10.3.-cü bəndinə əsasən sifarişçi bu müqavilənin Əlavəsinə uyğun olaraq görülmüş işlərin dəyərini ödəmədikdə və ya qismən ödədikdə, icraçı sifarişçidən hər gecikdirilən iş günü üçün xidmət haqqının ödənməmiş hissəsinin 0,1 % həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. Alınmış mallara görə alıcının satıcıya ümumilikdə 16508,25 manat borcu formalaşmışdır. Cavabdeh tərəfindən 16508,25 manat borc məbləği və həmin borca görə 825,41 manat (ümumi borcun 5 %-i) dəbbə pulu iddiaçıya ödənilməlidir.

9. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, Mülki Məcəllənin 540-cı maddəsinin tələbinə əsasən tərəflər arasında qarşılıqlı tələblər mövcud olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə “X9 Sənaye” MMC arasında xx.xx.2024-cü il tarixili “Tələb hüquqlarının güzəşti haqqında” Razılaşma imzalanmışdır. Sözügedən Razılaşma ilə “X9 Sənaye” MMC xx.xx.2023-cü il tarixli Alğısatqı müqaviləsi ilə İddiaçı MMC-yə qarşı olan maddi tələb hüququnu Cavabdeh MMC-yə güzəşt etmişdir. Beləliklə, e-2-2(113)-3930/2024 saylı iş üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı tələb hüququ meydana gəlmişdir. Bu əsasla tələblərin əvəzləşdirilməli və iddia rədd edilməlidir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3930/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 16508,25 manat əsas borc, 100 manat dəbbə pulu, 500 manat vəkil xidmət haqqı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 139 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli AG/AM/02507 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında siyahısı müqaviləyə Əlavə 1-də göstərilən işləri yerinə yetirməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli AG/AM/02507 nömrəli nömrəli xidmət müqaviləsi üzrə 16508,25 manat məbləğində borcunun qalması iddiaçı tərəfindən məhkəməyə təqdim edfilmiş sübutlarla sübut olunur, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi etirazda tərəflər arasında olan digər müqavilə üzrə borcların əvəzləşdiriməsini xahiş etməklə, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya borcun olmasını qəbul etmiş, lakin borcun əvəzləşdirilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə etirazın qeyd edilən dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı halda, cavabdeh tərəfindən etirazda qeyd edilən borca dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçıya qarşı prosessual hüquqlardan istifadə edərək qarşılıqlı iddia ərizəsi verilməmişdir. Belə olan halda məhkəmə mübahisəli xidmət müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 16508,25 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 16508,25 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 825,41 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC-nin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

13. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3930/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (sifarişçi) ilə “X9 Sənaye” MMC (icraçı) arasında13№-li, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalamış, həmin müqaviləyə əsasən, “Satıcı” “Alıcı”-ya ümumi məbləği müqavilə və onun tərkib hissəsi olan əlavələrdə qeyd olunan “Mal” satır,“Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə və əlavələrdə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. “X9 Sənaye” MMC qeyd olunan müqaviləninqüvvədə olduğu dövr ərzində Müqavilədən irəli gələn öhdəlikləri vaxtında və tam keyfiyyətlə icra edərək nəzərdə tutulan qaydada xidmət göstərərək malları sifarişçiyə, yəni İddiaçı MMC-yə təhvil vermişdir. Lakin sifarişçi icraçının müqavilə üzrə hərtərəfli xidmət göstərməsinə baxmayaraq, müqavilə üzrə təhvil aldığı malların dəyərini ödəməmiş, müqavilədən irəli gələn öhdəliyini icra etməməsi nəticəsində 15558, 42 manat borc məbləği yaranmışdır. Həmçinin bildirilir ki, 11 iyun 2024-cü il tarixli “Tələb hüquqlarının alqı-satqısı” haqqında müqavilə üzrə Razılaşmaya əsasə, “X9 Səaye” MMC "xxxx" MMC-yə qarşı 13№-li xx.xx.2023-cü il tarixli müqavilə üzrə tələb hüququnu Cavabdeh MMC-yə güzəşt etmişdir. Nəticədə, İddiaçı MMC-yə borc tələb etmək hüququ “X9 Sənaye” MMC-dən Cavabdeh MMC-yə keçmişdir. Cavabdeh MMC yaranan borcun ödənilməsi tələbilə İddiaçı MMC-yə elektron qaydada pretenziya məktubu göndərmiş, borcun ödənilməsi üçün möhlət verilmiş, lakin hələ də borc məbləği ödənilməmişdir. MM-in müvafiq maddələrindən də göründüyü kimi hər iki tərəf arasında qarşılıqlı tələblərin icra müddəti çatmış olarsa, qeyd edilən tələblərə onların əvəzləşdirilməsi ilə xitam verilməsi mümkündür. Burada da, həm "xxxx" MMC-nin İddiaçı MMC qarşısıda öhdəliyinin icrası müddəti çatmışdır həm də İddiaçı MMC-nin Cavabdeh MMC qarşısında öhdəliyinin icra edilmə vaxtı çatmışdır. Odur ki, tərəflər bir-birlərinə qarşılıqlı olan öhdəliklərini əvəzləşdirə bilərlər, buna hər hansı bir hüquqi məhdudiyyət qoyula bilməz. Bununla bağlı qeyd edir ki, məhkəmə əvəzləşdirmə ilə xitam verilmə məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir, iddia ərizəsinə verilən etirazdakı halları nəzərə almadan iddia tələbidəki borc məbləğiin cavabden tutulmasını qət etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıran zaman sübutları obyektiv, qərəzsiz və hərtərəfli baxmalı, tədqiq etməlidir. Məhkəmənin qətnamənin 19-cu bəndində “etirazda qeyd edilə borca dair heç bir sübut məhkəməyə təqdim edilməmiş” deməsi onu göstərir ki, məhkəmə hazırki işdə cavabdeh tərəfindən təqdim edilən sübutları nəinki qiymətləndirməmiş, ümumiyyətlə, təqdim edilən sübutların mövcudluğundan xəbəri belə olmamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmə birinci instansiyada icraat zamanı həm maddi həm də prosessual hüquq normalarının tətbiqində pozuntulara yol vermiş və bunun nəticəsi olaraq qət edilən qətnamə hüquqi və qanuni hesab edilə bilməz. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3930/2024 nömrəli qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazı edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

-119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli AG/AM/02507 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş işləri (xidmətləri) görməklə (göstərməklə) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin (işlərin) dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya 16508,25 manat məbləğində borcu yaranmışdır.

26. Hazırda İddiaçı MMC mübahisəli müqavilə üzrə 16508,25 manat məbləğində xidmət haqqının və həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 825,41 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etirazda müqavilə üzrə cavabdehin iddiaçıya borcunun olmasını qəbul etmiş, lakin borcun digər müqavilə üzrə iddiaçının ona olan borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə “xidmət” müqaviləsi adlandırılsa da, həmin müqavilə üzrə icraçı tərəfindən göstərilməli olan “xidmətlərə” maddi nəticələri olan işlərin görülməsi (boya qatının tətbiqi) də daxil edildiyindən həmin müqavilə xidmət və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından müqaviləyə podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.

28. Hazırkı halda mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə cavabdehin iddiaçıya 16508,25 manat məbləğində borcunun olması faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar, həmin qaimə fakturalar üzrə qismən cavabdehin ödənişləri təsdiq edən hesabdan çıxarışla öz təsdiqini tapmaqla yanaşı cavabdeh tərəfindən iddia ərizəsinə etirazda və apellyasiya şikayətində mübahisəlndirilməmişdir. təsdiqini tapdığından iddiaçı Mülki Məcəllənin 752.1-ci və 753.1ci maddələrinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

29. Eynilə dəbbə pulu tələbinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilədə cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərini gecikdirməsi öz təsdiqini tapdığından iddiaçı dəbbə pulu tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması qət edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 100 manat məbləğində dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Cavabdehin iddiaçı qarşısında olan borcunun iddiaçının “X9 Sənaye” MMC ilə bağladığı alqı-satqı müqaviləsi üzrə yaranmış və tələb hüququ cavabdehə ötürülmüş borc ilə əvəzləşdirilməsi barədə dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, tələblərin əvəzləşdirilməsi öhdəliklərə xitam verilməsi əsaslarından biri olmaqla tərəflərin bir-birinə qarşı olan eyni növlu öhdəliklərin qarşılıqlı şəkildə silinməsi yolu ilə həyata keçirilir. Belə əvəzləşdirmə Mülki Məcəllənin 540.2-ci maddəsində göstərildiyi kimi qarşı tərəfə məlumat verilməsi yolu ilə birtərəfli qaydada və yaxud da tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda iddiaçı tərəflər arasında tələblərin əvəzləşdirilməsinin həyata keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırda ödənilməsi tələb edilən borc öhdəliklərinə qarşılıqlı əvəzləşdirilməsi nəticəsində xitam verildiyi müəyyən edilmir. Digər tərəfdən məhkəmə prosesi gedişində cavabdeh öz prosessual hüquqlarından istifadə edərək iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi vermədiyindən məhkəmə baxdığı tələblərdən kənara çıxaraq məhkəmə baxışının predmeti olmayan qarşılıqlı tələbin əsaslı olub-olmamasına münasibət bildirməkdə sözügedən tələbləri əvəzləşdirmək hüququna malik deyildir. Odur ki, cavabdehin istinad etdiyi dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas vermir.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövtlət rüsumu cavabdehə aid edilməlidir. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3930/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar