Məhkəmə qərarları › İş №2-2(103)-215/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-215/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-215/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsinə dair iddiası üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-2(81)-403/2019 nömrəli qətnaməsindən (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, 07.02.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh "xxxx" MMC-dən 01 aprel 2017-ci il tarixli satış agentinin icarə müqaviləsi üzrə 61.521,68 manat qalıq borc, 10,000.000 manat dəbbə pulu olmaqla, cəmi 71.521,68 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 01 aprel 2017-cı il tarixində “Səyahət Agentinin icarə müqaviləsi” adlı müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən "xxxx" MMC "xxxx" MMC-yə Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın müxtəlif növ otaqlarının satışını təklif etmişdir. Kredit məlumatları təqdim edildiyi və mehmanxana tərəfindən təsdiq edildiyi halda, qaimələr qonağın mehmanxanadan çıxmasından 30 gün müddətində ödənilməli idi. Agentlik hər hansı qaimə üzrə 30 gün müddətində ödəniş etməzsə, aylıq olaraq qalan məbləğin 2 % dərəcəsində cərimə ödəməyi öz üzərinə götürmüşdür. Lakin bir müddət keçdikdən sonra icarəçi "xxxx" MMC öz vəzifələrini icra etməkdən yayınmış, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, 01 noyabr 2018-ci il tarixə "xxxx" MMC-nin "xxxx" MMC-yə 01 aprel 2017-ci il tarixli müqavilə üzrə 66.521, 68 manat əsas borcu və 10.000 manat dəbbə pulu, cəmi 76.521,68 manat borcu qalmışdır. İcarəçi "xxxx" MMC iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMC-yə borcunu ödəməkdən boyun qaçırmışdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 700.3, 684.1, 685.2, 688.1.1, 425.1, 430.1, 442, 443, 448.5- ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2-2(81)- 403/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 61.521,68 manat əsas borcun, 615,21 dəbbə pulunun, cəmi 62.143,89 manatın tutularaq İddiaçı MMC-nə ödənilməsi, İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 20 manat hissəsinin cavabdehə, 10 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin 06.12.2019-cu il tarixli 2-2(81)-403/2019-cu il tarixli qətnaməsinin ləğv olunması və İddiaçıMMC-nin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandılmışdır ki, "xxxx" MMC və İddiaçı MMC arasında heç bir müqavilə bağlanmamışdır. Müqavilə olmadığı üçündə heç bir sifariş verməmişdir. Məhkəmə baxşı zamanı məhkəmə həmin halları dəqiq araşdırmadan qanunsuz olaraq qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə tərəflər arasında müqavilənin olub-olmaması, sifarişin olub-olmamasını, hansı sifarişin necə və kim tərəfindən verilməsi və bu barədə mötəbər sübutların olmamasını araşdırmadan qanunsuz olaraq qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması 16.02.2022-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakının təmin ounması üçün 09.03.2022-ci il tarixə təxirə salınmış, cavabdehin vəkilinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilsə də, cavabdeh və ya vəkili məhkəmə iclaslarına gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-2(81)- 403/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamış, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu mülahizələri əsassız olmaqla iddiaçının təqdim etdiyi aşağıdakı sübutlarla təkzib olunur. İş materiallarına İddiaçı MMC-ti ilə "xxxx" MMC arasında 01 aprel 2017-cı il tarixdə bağlanmış “Səyahət Agentinin icarə müqaviləsi”-nin (ingilis dilində tərtib edimiş) tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş nüsxəsi iş materiallarına əlavə edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC iddiaçıya məxsus Bakı şəhəri, Mikayıl Müşfiq 1 C ünvanında yerləşən mehmanxananın müxtəlif növ otaqlarının satışını həyata keçirməyi öz üzərinə götürmüşdür. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 11.03.2019-cu il tarixli məhkəmə iclasında iştirak edərək tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirməmiş, borc üzrə ödənişlər olunduğunu, qarşı tərəfin borc məbləğini şişirdiyini göstərərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən göstərilən xidmətlərə əsasən yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə vergi hesab fakturaları ünvanlanmışdır. Bundan əlavə cavabdehin direktorunun 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə ünvanlanmış 06.02.2019-cu il tarixdə məhkəməyə daxil olmuş vəsatətində iddiaçı ilə borcun ödənilməsi barədə danışıqlar getdiyindən iş üzrə icraatın təxirə salınması xahiş olunmuşdur. Qeyd edilən sübutlar təsdiq edir ki, tərəflər arasında müqavilə bağlanmadığı, müqavilədən irəli gələn öhdlik münasibəti olmadığına dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10203 saylı 24 oktyabr 2019- cu il tarxli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (səyahət agentliyinin qiymət razılaşması, hesab fakturalar, hesabdan çıxarış və.s) əsasən 01 aprel 2017-ci il tarixli satış agenti müqaviləsi üzrə ödənişlər də nəzərə alınmaqla "xxxx" MMC-nin "xxxx" MMC-nə əsas borcu 61.521,68 manat əsas borcu, 10.000 manat dəbbə pulu borcu müəyyən edilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn pul ödəməli, əmlаk vеrməli, iş görməli, хidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işdəki sübutlar və ekspet rəyi əsasında yuxarıda qeyd edilən normalara istinad edərək müəyyən etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçıya məxsus mehmanxana otaqlarının satışını təşkil etmiş, satışdan əldə olunan vəsaiti iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada 30 gün müddətində ödəməli olduğu halda tam ödəməmiş, 61.521,68 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtində nəzərdə tutulmuşdur ki, agentlik hər hansı qaimə üzrə 30 gün müddətində ödəniş etməzsə, aylıq olaraq qalan məbləğin 2 % dərəcəsində cərimə ödəməyi öz üzərinə götürür. İddiaçı tərəfindən müqavilənin qeyd edilən bəndinə əsasən cavabdehə hesablanmış 10.000 manat məbləğində cərimə MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq əsas borcun 01 %-i, 615,21 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual əsaslar olmadığından və apellyasiya şikayətinin dəlilərinin əsaslı olduğu sübut edilmədiyindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-2(81)-403/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.12.2019-cu il tarixli 2-2(81)-403/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən qanunla nəzərdə tutulmuş halda 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar