Məhkəmə qərarları › İş №2-2(103)-215/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-215/2024

13.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-215/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı müqavilə üzrə borcun tutulmasına dair kommersiya işi üzrə Açar söz: podrat, əsassız varlanma Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı müqavilə üzrə borcun tutulmasına dair ilk, Cavabdeh ASC-nin İddiaçı MMC-yə qarşı artıq ödənilmiş ƏDV-nin geri qaytarılmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3873/2023 nömrəli qətnaməsindən hər iki tərəfin apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında 02 dekabr 2019-cu il tarixli, 02-12/19 nömrəli sosial media marketinqi xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. -Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Cavabdeh ASC sosial media marketinqi xidmətlərinin satınalınması üçün icraçının 180.000 manat təklifini qəbul etmişdir. -2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan sosial media marketinqi xidmətlərinin bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə qeyd olunmuş qiymətlər uyğun olaraq sifarişçi tərəfindən verilmiş “Sifariş Aktı” əsasında tələb olunan sayda, müddətdə və tələb olunan qaydada təhvil verilməsini öhdəsinə götürür. -13.5-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanır.

2. İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında imzalanmış sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsinə 1 nömrəli əlavə olan müqavilənin xüsusi şərtləri iş materiallarına əlavə edilmişdir.

3. İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqaviləyə əsasən ümumilikdə 120.000 manat (101.694,89 + 18.305,11 ƏDV) dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair o cümlədən dekabr ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 637848 nömrəli; yanvar ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 638032 nömrəli; fevral ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 870916 nömrəli; mart ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 146918 nömrəli; aprel ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 692972 nömrəli və may, iyun və iyul ayları üçün isə 45.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 651710 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh ASC-yə göndərilmişdir. İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında imzalanmış sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02- 12/19 nömrəli satınalma müqaviləsinə dair 15.000 manat dəyərində dekabr 2019- cu il tarixli 01 nömrəli, 15.000 manat dəyərində yanvar 2020-ci il tarixli 02 nömrəli, 15.000 manat dəyərində 28 fevral 2020-ci il tarixli 03 nömrəli, 15.000 manat dəyərində 31 mart 2020-ci il tarixli 04 nömrəli, 15.000 manat dəyərində 30 aprel 2020-ci il tarixli 05 nömrəli, 15.000 manat dəyərində may 2020-ci il tarixli 06 nömrəli və 15.000 manat dəyərində iyun 2020-ci il tarixli 07 nömrəli təhvil-təslim aktlarına əsasən ümumilikdə 105.000 manat dəyərində göstərilmiş sosial media marketinqi xidmətləri icraçı - İddiaçı MMC tərəfindən sifarişçi - Cavabdeh ASC-yə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında imzalanmış sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsi üzrə görülən işlərlə bağlı dekabr 2019-cu il tarixli 01 nömrəli, yanvar 2020-ci il tarixli 02 nömrəli, 28 fevral 2020-ci il tarixli 03 nömrəli, 31 mart 2020-ci il tarixli 04 nömrəli, 30 aprel 2020-ci il tarixli 05 nömrəli hesabat tərtib edilmişdir. Görülən işlərlə bağlı dekabr 2019-cu il tarixli 01 nömrəli, yanvar 2020-ci il tarixli 02 nömrəli hesabatlar hər iki tərəfin imzası və möhürü ilə, 28 fevral 2020-ci il tarixli 03 nömrəli, 31 mart 2020-ci il tarixli 04 nömrəli, 30 aprel 2020-ci il tarixli 05 nömrəli hesabatlar isə yalnız İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 111OPXO193400095 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (08/2019 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 34.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 111İNTL193400145 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (09/2019 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 20.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

6. İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqaviləyə əsasən dekabr və yanvar ayları üçün hər bir ayın 70% ödənişi olan 21.000 (17.796,61+3.203,39 ƏDV) manat dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh ASC-yə göndərilmişdir. 7."xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 111OPXO200500232 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (01/2020 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 17.796,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür. qaime.e-taxes.gov.az portalından çıxarışdan görünür ki, Cavabdeh ASC (Tural Əsədov) tərəfindən EBAG seriyalı 574325 nömrəli elektron qaimə fakturanın (səhv olduğuna görə) ləğv edilməsi üçün xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə göndərilsə də, xx.xx.2020-ci il tarixdə eqaimənin ləğvindən imtina edilərək təsdiqlənmişdir.

8. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, Cavabdeh ASC-nin sub-uçot hesabından digər sub-uçot hesaba (İddiaçı MMC) xx.xx.2020-ci il tarixdə 3.203,39 manat və xx.xx.2020-ci il tarixdə isə 1.372,89 manat ƏDV vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 111İNTL201350614 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (07 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 26.694,92 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

9. İddiaçı (direktor Tural Əsədov) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, Cavabdeh ASC ilə aralarında bağlanmış sosial media marketinqi xidmətlərinin satınalınması barədə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli müqavilə əsasında dekabr ayında əsas məbləğdən 54.000 manat avans ödənilmiş, ƏDV-si isə ödənilməmiş, 2020-ci ilin fevral ayında 17.796,61 manat, may ayında isə 26.694,92 manat köçürmə olmuş, bu köçürmənin ƏDV-si ödənilməyib, ümumi ödənilməyən məbləğ 11.440,70 manatdır. Həmçinin məktubda qeyd edilmişdir ki, tenderdən sonra köçürülən 54.000 manat 2019-cu ilin 6 ayı üçün nəzərdə tutulmuş ödənişdir, yəni məntiqə görə Cavabdeh ASC-nin şirkətlərinə hələ 41.000 (ƏDV daxil) ödənişi qalıb.

10. Cavabdeh ASC (idarə heyətinin üzvü Rəşad Babayev) İddiaçınə (direktor Tural Əsədova) xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, İddiaçı MMC ilə ASC arasında bağlanmış sosial media marketinqi xidmətlərinin satınalınması barədə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq təhvil alınmış və dəyəri tərəflərindən İddiaçı MMC-yə ödənilmişdir. Əsas məbləğ üzrə İddiaçı MMC-yə artıq ödənilmiş 9.508,51 manat vəsait tərəflərindən ASC-nin bank hesabına geri qaytarıldıqdan sonra 11.440,70 manat həcmində əlavə dəyər vergisi (ƏDV) İddiaçı MMCnin ƏDV depozit hesabına köçürüləcək.

11. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2019xx.xx.2020-ci il olan (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq olaraq (EAAY seriyalı 023917 nömrəliyə əsasən) 4.950 manat və (EAAY seriyalı 024228 nömrəliyə əsasən) 4.968,51 manat, xx.xx.2019-cu il tarixdə (EAAY seriyalı 028047 nömrəliyə əsasən) 4.850 manat, xx.xx.2019-cu il tarixdə (09/2019 nömrəliyə əsasən) 4.980,89 manat və sentyabr 2019-cu il tarixdə (e-qaiməyə əsasən) 18.100 manat olmaqla ümumilikdə 37.849,40 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2019-xx.xx.2022-ci il olan (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə (EAAZ seriyalı 827449 nömrəliyə əsasən) 11.400 manat, xx.xx.2019-cu il tarixdə (08/2019 saylı HF-yə əsasən) 34.000 manat və xx.xx.2020-ci il tarixdə (01/2020 saylı hesab fakturaya əsasən avans olaraq) 17.796,61 manat olmaqla ümumilikdə 63.196,61 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2019-xx.xx.2019-cu il olan (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə (09/2019 saylı HF-yə əsasən) 20.000 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir.

14. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2020-xx.xx.2020-ci il olan (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2020-ci il tarixdə (07 saylı HF-yə əsasən) 26.694,92 manat pul vəsaiti İddiaçı MMCnin hesabına ödənilmişdir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 7 iş günü müddətində borcun ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə “Aqrar Tədarük və Təhcizat” ASC arasında xx.xx.2019-cu il tarixli 02-12/19 saylı “Sosial Marketing xidmətlərinin satınalınması” müqaviləsinə əsasən verilməli olan 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə borcun, ümumilikdə 37.932,16 manat cavabdehin əvəzindən mediasiya xərclərinə görə ödənilmiş 200 manat məbləğində pulun və 4 manat dövlət rüsumunun cavabdehdən tulularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə “Aqrar Tədarük və Təhcizat” ASC arasında xx.xx.2019-cu il tarixli 02-12/19 saylı “Sosial Marketing xidmətlərinin satınalınması” müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdeh ASC-yə xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlər qəbul aktları əsasında ASC tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq cavabdeh ASC tərəfindən müqavilə əsasında göstərmiş xidmətlərə əsasən 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə ödənilməli olan borc yaranmışdır. Lakin bu günə qədər cavabdeh şirkət onlara olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət onlara olan 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

18. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətindən Cavabdeh ASC-nin xeyrinə 9508,51 manat borcun və 115,09 manat dövlət rüsumunun ödənilməsi və ilkin iddia üzrə İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti malların (işlərin və xidmətlərin) satın alınmasım “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirir. Bu səbəbdən, “Aqrar tədarük və tərəfindən ‘Sosial Media Marketinqi xidətlərinin satınalınması məqsədilə açıq tender keçirilmişdir Tender komissiyasının qərarı ilə İddiaçı MMC qalib elan edilmiş və Cavabdeh ASC ilə İddiaçı MMC arasında Sosial Media Marketinq xidmətlərinin satın alınması barədə 2019-cu il 02 dekabr tarixli 02-12/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1 -ci bəndinə əsasən sifarişçi (Cavabdeh ASC) Sosial Media Marketinq xidmətlərinin satın alınması üçün icraçının (İddiaçı MMC) 180.000 manat təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Sosial Media Marketinqi xidmətlərinin bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş qiymətlərə uyğun olaraq sifarişçi tərəfindən verilmiş sifariş aktı əsasında tələb olunan sayda, müddətdə və tələb olunan qaydada təhvil verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 2019-cu il 2 dekabr tarixli əlavə № 1-in 6-cı bəndinə əsasən sifarişçi əlavə № 2-də qeyd edilmiş xidmətlərə görə müqavilənin məbləğinin 30 faizini təşkil edən 54.000 manat avans məbləğini 2019-cu il 6 dekabr tarixində İddiaçı MMC-nin hesabına ödəmişdir. Satınalma müqaviləsi imzalanarkən İddiaçı MMC ƏDV ödəyicisi olmamışdır. Buna baxmayaraq, 2020-ci ilin yanvar ayından İddiaçı MMC ƏDV ödəyicisi olmuşdur. İddiaçı MMC tərəfindən 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək 105.000 manat məbləğində xidmət göstərilmişdir (təhvil-təslim aktları əlavə olunur). Qeyd edilən dövr ərzində ödənilmiş 30 faiz avans daxil olmaqla, əsas məbləğ 98.491,53 manat və ƏDV 4.576,28 manat olmaqla, cəmi 103.067,81 manat vəsait İddiaçı MMCnin hesabına köçürülmüşdür. Nəticədə 2020-ci il 1 iyul tarixinə “Aqrar tədarük və təchizat “ASC tərəfindən İddiaçı MMC-yə əsas məbləğ üzrə 9.508,51 manat vəsait artıq ödənilmişdir. Buna baxmayaraq, İddiaçı MMC qeyd edilən vəsaitin geri ödənilməsindən yayınmışdır.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3873/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) ilk iddia qismən təmin edilmiş, ilkin Cavabdeh ASC-dən 11.440,7 manat məbləğində ƏDV borcu və 140 manat ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə ilk iddia rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 9.508,51 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,09 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ASC arasında sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsi (o cümlədən müqaviləyə 1 nömrəli əlavə olan müqavilənin xüsusi şərtləri barədə razılaşma) bağlanmışdır. 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən sosial media marketinqi xidmətlərinin satınalınması üçün İddiaçı MMC-nin 180.000 manat təklifini qəbul etmişdir. Cavabdeh ASC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İddiaçı MMC-dən qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Hal-hazırda ilkin İddiaçı MMC qeyd edilən müqavilə üzrə ilkin Cavabdeh ASC-nin borcunun 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV olmaqla, ümumilikdə 37.932,16 manat təşkil etdiyini iddia edir və həmin pulun cavabdehdən tutulmasını tələb edir. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh ASC tərəfindən isə mübahisəli müqavilə üzrə 2020-ci ilin iyun ayınadək 105.000 manat məbləğində xidmətlərin göstərildiyini, İddiaçı MMC tərəfindən qeyd edilən dövr ərzində ödənilmiş 30 faiz avans daxil olmaqla, əsas məbləğdən 98.491,53 manat və ƏDV məbləğindən 4.576,28 manat olmaqla, cəmi 103.067,81 manat vəsaitin İddiaçı MMC-nin hesabına köçürüldüyünü, nəticədə 2020-ci il 01 iyul tarixinə “Aqrar tədarük və təchizat “ASC tərəfindən İddiaçı MMC-yə əsas məbləğ üzrə 9.508,51 manat artıq vəsait ödənildiyini iddia edir və həmin pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını tələb edir.

22. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan ilk mübahisəli hal İddiaçı MMC tərəfindən 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli müqavilə üzrə Cavabdeh ASC-yə göstərilmiş xidmətlərin ümumi dəyəridir. Həmin halla bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqavilə üzrə ümumilikdə 120.000 manat (101.694,89 + 18.305,11 ƏDV) dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair elektron qaimələr göndərilmişdir. Cavabdeh ASC tərəfindən ləğvə göndərilmiş, lakin İddiaçı MMC tərəfindən ləğv edilməsindən imtina edilmiş 21.000 (17.796,61+3.203,39 ƏDV) manat dəyərində EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməni (təyinatı 2020-ci ilin dekabr və yanvar ayları üzrə avans) də nəzərə alsaq, mübahisəli müqavilə üzrə ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göndərilmiş elektron qaimələrin ümumi məbləği 141.000 manat (ƏDV daxil) təşkil edir.

23. Digər tərəfdən iş materiallarında olan hər iki tərəfin təsdiq etdikləri təhvil-təslim aktları və hesabatlarla İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsi üzrə ümumilikdə ƏDV daxil 105.000 manat dəyərində xidmətlərin təqdim edilməsi müəyyən edilir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda İddiaçı MMC tərəfindən elektron qaimələrlə yanaşı dekabr 2019-cu ildən iyun 2020-ci il tarixədək (iyun ayı da daxil olmaqla) olan dövrdə ümumilikdə ƏDV daxil 105.000 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq edən sübutlar (təhvil-təslim aktları, hesabatlar) məhkəməyə təqdim edilmiş, eləcə də göstərilmiş xidmətlərin ƏDV daxil 105.000 manat olması Cavabdeh ASC tərəfindən də məhkəmə araşdırması gedişində mübahisələndirilməmişdir.

24. 2020-ci ilin iyul ayında göstərilmiş xidmətlərə görə tələb edilən 15.000 (12.711,86+2.288,14 ƏDV) manat məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, elektron qaimədən əlavə həmin xidmətin göstərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. ƏDV daxil 21.000 (17.796,61+3.203,39 ƏDV) manat məbləğinə dair EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə münasibətdə isə qeyd edilməlidir ki, həmin qaimədə göstərilmiş məbləğdə xidmətlərin təqdim edilməsi faktı iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmır. Belə ki, birincisi, həmin məbləğdə xidmətlərin göstərilməsini təsdiq edən əlavə sübutlar məhkəməyə təqdim edilməmişdir. İkincisi, iş materiallarından göründüyü kimi Cavabdeh ASC həmin qaiməni ləğvə göndərməklə qaimə ilə razılaşmamasına dair iradəsini ifadə etmişdir. Bununla yanaşı sözügedən qaimənin yanlış olaraq göndərilməsi həmçinin onunla da təsdiq edilir ki, qaimənin təyinatı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı üçün avans ödənişi olaraq göstərilmişdir. Halbuki həmin qaimədən öncə İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında göstərilmiş xidmətlərlə bağlı elektron qaimələr artıq göndərilmişdir (dekabr ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 637848 nömrəli və yanvar ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 638032 nömrəli elektron qaimələr).

25. Müvafiq aylar üzrə xidmətlər göstərildikdən və göstərilmiş xidmətlərə görə elektron qaimələr göndərildikdən sonra yenidən eyni aylar üzrə avans təyinatlı qaimənin göndərilməsi isə həmin qaimənin səhv göndərilməsinə dair əsaslı şübhələr doğurur. Beləliklə, işin yuxarıda göstərilən halları ilə mübahisəli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ümumilikdə ƏDV daxil 105.000 manat (88.983,03 + 16.016,97 ƏDV) dəyərində xidmətlər göstərilməsi öz təsdiqini tapır. Xidmətlərin aylıq qiymətinə - 15.000 manat məbləğinə ƏDV-in daxil olmaması, yəni təhvil-təslim aktları ilə təsdiq edilmiş 105.000 manat məbləğində ümumi xidmət haqqı məbləğindən əlavə həmin məbləğin ƏDV-sinin də Cavabdeh ASC tərəfindən ödənilməli olması barədə "xxxx" MMCnin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin “Qiymət razılaşma protokolu”ndan müəyyən edilmiş xidmət haqqına ƏDV-nin daxil edilibedilməməsi görünməsə də, həm tərəflərin təsdiq etdikləri təhvil-təslim aktlarında, həm də "xxxx" MMC tərəfindən göndərilmiş elektron qaimələrdə xidmətlərə görə ödənilməli olan 15.000 manat aylıq xidmət haqqı məbləğinə ƏDV-nin də daxil edildiyi aydın olaraq göstərilmişdir. Odur ki, "xxxx" MMC-nin yuxarıda göstərilən dəlilləri də əsassızdır.

26. Məhkəmə tərəfindən müəyyənləşdirilməli olan ikinci hal isə Cavabdeh ASC-nin mübahisəli müqavilə üzrə "xxxx" MMC-yə borcunun olub-olmaması ilə bağlıdır. Həmin halla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh ASC tərəfindən mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə 98.491,53 manat (ƏDV xaric) və 4.576,28 manat ƏDV ödənilməsi işin mübahisəsiz halıdır. Belə olan halda İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə dekabr 2019-cu ildən iyun 2020-ci il tarixədək (iyun ayı da daxil olmaqla) ümumilikdə ƏDV daxil 105.000 manat (88.983,03 manat əsas məbləğ və 16.016,97 manat ƏDV) dəyərində xidmətlər göstərildiyi halda həmin dövr üzrə Cavabdeh ASC tərəfindən 98.491,53 manat pul vəsaiti və 4.576,28 manat ƏDV-nin İddiaçı MMC-yə ödənildiyini nəzərə alsaq Cavabdeh ASC-nin göstərilmiş xidmətlər üzrə əsas məbləğdən 9.508,51 manat məbləğində (98.491,53 – 88.983,03 = 9.508,51 manat) artıq ödəniş etməsi, ƏDV məbləğindən isə 11.440,7 manat məbləğində borcunun olması (16.016.97 manat -4.576.28 manat) öz təsdiqini tapır. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin Cavabdeh ASCdən 11.440,7 manat məbləğində ƏDV borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 27.Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaimə fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, hesabatlar, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

28. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti verilmişdir.

29. İddiaçı MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2-(113)-3873/2023 saylı qətnaməsinin apellyasiya qaydasındа qismən ləğv ediməsi və iş üzrə ilkin iddia tələblərinin təmin edilmədiyi hissədə təmin edilməsini və qarşılıqlı iddia tələblərinin isə rədd edilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Halbuki, məhkəmə hazırkı iş üzrə ilkin iddia tələbini qismən təmin etməklə sübutlara lazimi hüquqi qiymət verməmişdir. "xxxx" MMC ilə "Aqrar Tədarük və Təhcizat" ASC arasında xx.xx.2019-cu il tarixli 02-12/19 saylı "Sosial Marketing xidmətlərinin satınalınması" müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında "xxxx" MMC tərəfindən cavabdeh ASC-yə xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlər qəbul aktları əsasında ASC tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq cavabdeh ASC tərəfindən müqavilə əsasında göstərmiş xidmətlərə əsasən 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə ödənilməli olan borc yaranmışdır. Lakin bu günə qədər cavabdeh şirkət onlara olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət onlara olan 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə çıxardığı qətnamədə qeyd edir ki, "xxxx" MMC tərəfindən 02-12/19 nömrəli müqavilə üzrə ümumilikdə 120.000 manat (101.694,89 + 18.305,11 ƏDV) dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair elektron qaimələr göndərilmişdir. “Aqrar Tədarük və Təchizat" ASC tərəfindən ləğvə göndərilmiş, lakin "xxxx" MMC tərəfindən ləğv edilməsindən imtina edilmiş 21.000 (17.796,61+3.203,39 ƏDV) manat dəyərində EBAG seriyalı 574325 nömrəlixx.xx.2020-ci il tarixli elektron qaiməni (təyinatı 2020-ci ilin dekabr vəyanvar ayları üzrə avans) də nəzərə alsaq, mübahisəli müqavilə üzrə ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göndərilmiş elektron qaimələrin ümumi məbləği 141.000 manat (ƏDV daxil) təşkil edir. Qeyd edilən bu məbləğdən isəəsas məbləğdən 98491,53 manat, ƏDV məbləğindən isə 4576,28 manat olmaqlaümumilikdə 103067,81 manat ödənilib. Göründüyü kimi “Aqrar Tədarük vəTəchizat" ASC- nin "xxxx" MMC-ə ƏDV məbləğdə daxil olmaqla ümumilikdə 37932,19 manat pul borcu var. Cavabdeh tərəfindən 21.000 (17.796,61+3.203,39 ƏDV) manat dəyərində EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməni ləğvə göndərilməsi üçün hər hansı bir əsas olmadığı üçün , iddiaçı tərəfindən elektron qaimənin ləğv edilməsindən imtina edilmişdir. "xxxx" MMC tərəfindən həmin qaimədə nəzərdə tutulan xidmətlər göstərilmiş və elektron qaimə “Aqrar Tədarük və Təchizat" ASC-ə göndərilmişdir. Qeyd edilənlərdən də görünür ki, məhkəmə ilkin iddianı qismən təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

31. Cavabdeh ASC apellyasiya şikayətində qətnamənin icra qaydası müəyyən edilməklə ilkin olaraq "xxxx" MMC-nin üzərinə 9508,51 manat məbləğində pulun ödənilməsi öhdəliyinin qoyulmasını, daha sonra Cavabdeh ASC-dən 11440,7 manat ƏDV borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir.

33. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək sonuncu məhkəmə iclasının iştirakları olamdan keçirilməsini xahiş etmişdir.

34. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1-ci maddə-mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddə-sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddə-əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 425.1-ci maddə-öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 220.6-cı maddə- məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

35. Qətnamə ilk iddia tələbinin rədd edildiyi və qətnamənin icra qaydası ilə bağlı hissədə mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3873/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından ki, İddiaçı ilə Cavabdeh ASC arasında sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən aylıq xidmət haqqının dəyəri ƏDV daxil 15.000 manat təşkil etmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayı da daxil olmaqla 7 ay üçün ƏDV daxil 105.000 manat (88.983,03 manat əsas məbləğ və 16.016,97 manat ƏDV) dəyərində xidmətin göstərilməsi işdəki təhvil-təslim aktları ilə təsdiq edilir və Cavabdeh ASC tərəfindən mübahisələndirilmir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, Cavabdeh ASC tərəfindən ƏDV də daxil avans ödənişi ilə birgə ümumilikdə 103.067,81 manat ödəniş edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi adlı müqavilə növü olmadığından qanunun analogiyası qaydasında İddiaçı iddia tələbinə podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalar əsasında hüquqi qiymət verilməlidir. Belə ki, tərəflər arasında tərtib edilmiş görülmüş işlərlə bağlı aylıq hesabatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehin sosial şəbəkələrdə olan hesabları idarə edilmiş, statik və peşəkar animasiya postları hazırlanmış, “İnstagram” hesabı üçün “highlights” hazırlanmış, “Live” çıxışlar həyata keçirilmiş, sosial şəbəkələrdə reklam strategiyası qurulmuş və idarə edilmiş, reklam postları hazırlanmışdır.

39. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ASC tərəfindən müqavilə üzrə göstərilmiş və təhvil alınmış xidmətlərə görə iddiaçıya ödənilmiş vəsaitin 98.491,53 manatı əsas borc üzrə və 4.576,28 manatı ƏDV üzrə ödənilmiş, əsas məbləğdən 9.508,51 manat məbləğində (98.491,53 – 88.983,03 = 9.508,51 manat) artıq ödəniş edilmiş, ƏDV məbləğindən isə 11.440,7 manat məbləğində (16.016.97 manat -4.576.28 manat) borcu qalmışdır.

40. İş materiallarından görünür ki, təhvil-təslim aktları ilə iddiaçı tərəfindən təhvil verilmiş işlərin dəyəri 105.000 manat təşkil etsə də, İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqavilə üzrə cavabdehə göndərilmiş elektron qaimələrin ümumi məbləği 120.000 manat olmuşdur. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2020-ci ilin iyul ayında xidmət göstərilmədiyi halda EBAP seriyalı 651710 saylı xx.xx.2020-ci il tarixli elektron qaimədə həmin ay üçün də ödəniş tələb edilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə göstərilmiş bütün xidmətlər təhvil-təslim aktları ilə rəsmiləşdirildiyindən 2020-ci ilin iyul ayında iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsi elektron qaimədən başqa digər sübutla (təhvil-təslim aktı ilə) təsdiq edilmədiyindən, həmin ay üçün ödəniş tələbi əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda və Cavabdeh ASC-yə ünvanlanmış pretenziya məktubunda da xidmətin 2020-ci ilin iyun ayınadək göstərildiyi qeyd edilmişdir.

42. İddiaçı tərəfindən cavabdehə 105.000 manatdan artıq xidmət göstərildiyi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edilir. Məhkəmə cavabdeh tərəfindən ləğv edilməsi tələb edilmiş EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə ilə bağlı birinci instansiyanın qətnamədə qeyd etdiyi əsaslandırma ilə tam razılaşır və hesab edir ki, həmin qaimə əsasında cavabdehdən ödəniş tutula bilməz.

43. Cavabdeh ASC-nin göstərilmiş xidmətlər üzrə əsas məbləğdən 9.508,51 manat məbləğində (98.491,53 – 88.983,03 = 9.508,51 manat) artıq ödəniş etməsi işdəki sübutlarla təsdiq edildiyindən qarşılıqlı iddianın təmin edilərək öhdəlikdən kənar ödənilmiş pul məbləğinin qarşı tərəfdən tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir.

44. Qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin icra qaydasının müəyyən edilməsi məqsədi ilə qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmənin qətnamə qəbul edərkən qətnamənin icra qaydasını müəyyən etmək hüququ olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-dən Cavabdeh ASC-nin xeyrinə tutulmuş məbləğ daha aşağı məbləğ olduğu üçün ilk öncə qətnamənin həmin hissədə icra edilməsi məqsədəuyğun olduğundan qarşılıqlı icra üzrə iddiaçının apellyasiya şikayəti təmin edilərək qətnamənin icra qaydası müəyyən edilməli, Cavabdeh ASC-yə artıq ödədiyi 9.508,51 manat pul qaytarıldıqdan sonra ondan 11.440,7 manat ƏDV borcu tutulmalıdır.

45. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3873/2023 nömrəli qətnaməsi dəyişdirilməli, qətnamənin icra qaydası müəyyən edilməlidir.

46. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İlk iddia üzrə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3873/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Qətnamənin icra qaydası aşağıdakı kimi müəyyən edilsin. İddiaçı MMC-dən 9.508,51 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,09 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ASC-yə ödənildikdən sonra Cavabdeh ASC-dən 11.440,7 manat məbləğində ƏDV borcu və 140 manat ödənilmiş mediasiya xərclərinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar