Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-215/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X2 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, X12 Xidməti, AR yanında Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti, Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamentinin X14 Qeydiyyat İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2194/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC (təsisçi X8) arasında bağlanmış Cavabdeh MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsi, Cavabdeh MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının icra edilməsi öhdəliyinin Cavabdeh MMCnin təsisçisi (işəgötürən) X7 üzərinə qoyulması və İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının yaratdığı hüquqi nəticələrin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X14 Qeydiyyatı İdarəsi tərəfindən nəzərə alınması və Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixindən (əmək müqaviləsinin bağlandığı tarixdən) başlayaraq ödənilməmiş əmək haqqı olan 162.000 manat pul vəsaitinin və 452 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3171/2022 saylı qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış Cavabdeh MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktı təsdiq edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1002/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X9 və "xxxx" MMC-yə qarşı "əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3171/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Cavabdeh MMC-nin direktoru olduğu dövr üzrə xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ona ödənilməmiş əmək haqqının, ümumilikdə 42658,50 manat məbləğdə pul vəsaitinin, istifadə edilməmiş məzuniyyətlərə görə 5015,85 manat məbləğdə pul vəsaitinin və əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 476,74 manat olmaqla 523937,26 manat ödəncin, ümumilikdə 571611,61 manat məbləğdə pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh MMC, onun təsisçisi X9 və şirkətin o dövrdəki baş mühasibi X3 barəsində “xüsusi qərardad” qəbul edib, ödənilməyən əmək haqqları üzrə ona məxsus digər məcburi ödənişlərdən yayınma faktının araşdırılması məqsədilə aidiyyət üzrə cinayət təqibi orqanına göndərilmisini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2194/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilməsi, məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nin direktor müavini (xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər müddətlər üzrə əmək müqaviləsi bildirişlərinin elektron sistem çıxarışları məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmişdir) və Cavabdeh MMC-nin direktoru (xx.xx.2019-cu il tarixindən xx.xx.2023-ci ilə qədər müddətlər üzrə əmək müqaviləsi bildirişlərinin elektron sistem çıxarışları məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmişdir) vəzifəsində çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı heç bir əmək haqqı ödənilməmiş, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-17/2-11205/2023 saylı məktubundan da göründüyü kimi, onun əmək haqqısına münasibətdə məcburi sosial sığorta haqqının yalnız sığorta hissələri qismən ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsində çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixdən xx.xx.2021ci il tarixədək İddiaçı qanunvericiliklə müəyyən edilmiş məzuniyyət günlərindən istifadə etməmiş, lakin ona istifadə olunmamış məzuniyyət günlərinin əvəzi ödənilməmişdir. Bu məqamlar iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində də öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, cavabdeh işin icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək iddiaçının iddia müddətini ötürməsini irəli sürmüş və bildirmişdir ki, iddiaçı həmin cəmiyyətdə maddi-məsul şəxs olduğuna görə öz hüquqlarının pozulmasından xəbərdar olmalı idi. Məhkəmə isə iş üzrə təqdim edilmiş sübutları heçə sayaraq cavabdeh tərəfin şifahi sözlərinə və öz mülahizələrinə uyğun qərar qəbul etmişdir. Belə ki, tərəfimizdən təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən də məlum olur ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər cəmiyyətdə direktor müavini olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-ci ilə qədər isə direktor vəzifəsini icra etmişdir. Lakin, məhkəmə bu sübutları təkzib edərək İddiaçı 2017-ci il tarixdən direktor və maddi-məsul şəxs olmasını öz qətnaməsində qeyd etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçılə cəmiyyət arasında 2021-ci ilin oktyabr ayına qədər heç bir mübahisə olmamış,cəmiyyətin işçisi olaraq onda əmək haqqının ödəniləcəyinə dair inam olmuşdur. Lakin, 2021-ci ilin sentyabr-oktybr aylarında onun tərəfindən cəmiyyətə qoyulmuş investisiyaları və ödənilməmiş əmək haqqlarını cəmiyyətdən tələb etdikdə cəmiyyət bunların ödənilməsindən imtina etmiş və bu hadisələrdən sonra cəmiyyətin onu aldatdığını və sui-istifadə etdiyini bilmiş, həmin vaxtdan, xx.xx.2022-ci il tarixdən iş yerinə getməmişdir. Bu barədə Cavabdeh MMC- nin xx.xx.2023-cü il tarixli aktı məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə bu əsaslı dəlilləri və təkzibedilməz sübutları da heçə sayaraq, əksinə, cavabdeh tərəfin şifahi mülahizəsinə əsaslanaraq İddiaçı 2020-ci ilin dekabr ayından öz hüquqlarının pozulmasını bilməli olmasını qeyd edərək iddia müddətinin həmin tarixdən başlanmasını və iddia müddətinin ötürülməsini qeyd etmiş, lakin bunu təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Göründüyü kimi, İddiaçılə cəmiyyət arasında münasibətlər 2021-ci ilin oktyabr aylarında pisləşmişdir və iddiaçı öz hüquqlarının pozulmasını həmin tarixdən bilmişdir. Bu səbəbdən iddia müddətinin axımı həmin tarixdən başlanmış hesab edilməlidir. Eyni zamanda cəmiyyətlərin rəhbərinin (təsisçisi) xx.xx.2023- cü il tarixli AKTında ( qoşma hissədə nəzərinizə çatdırılacaq) rəsmi olaraq İddiaçı xx.xx.2021- ci ildən üzrsüz səbəblərdən işə gəlmədiyi və buna dair sənəd təqdim etmədiyi bildirilmişdir. Hansı ki, məhkəmə şirkətlə hazırki iddiaçının münasibətlərinin 2020- ci ilin dekabr ayından yəni sonuncunun əmək haqqı ödənişi tarixindən hesablanmışdır. Hansı ki, hakimin bu qənaəti yalnız cavabdeh şirkətin verdiyi məktuba istinadı əsasındadır. Hansı ki, ekspertiza rəyində belə bir hala rast gəlinməsi mövcud deyildir. Bundan əlavə Şirkət təsisçisinin sözügedən xx.xx.2023- cü il tarixli AKTında isə onların münasibətlərinin 2021- ci ilin oktyabr ayından pozulması faktı qeyd edilərək idddiaçının buna dair arqumentini təsdiqlənmiş olmuşdur. Nəzərinizə çatdırılır ki, mülki iş materiallarına əlavə edilmiş audit aktlarında şirkət rəhbərinin tərəflər arasında olan münasibətlərə dair dövrün 2017- ci ilin aprel ayından 2021- ci ilin noyabr ayı kimi qeyd edilmişdir ki, bu da iddiaçının ilkin instansiya məhkəməsinə qeyd etdiyi bu faktlar da həmin sənədlərlə təsdiqlənməkdədir. Həmçinin buna münasibətdə bildirmək lazımdır ki, tərəflər arasındakı digər məhkəmə icraatlarında cəmiyyətin nümayəndələri tərəfindən bildirilmişdir ki, cəmiyyətin ASAN İmzaları və möhürləri heç vaxt İddiaçı olmamış, bu əməliyyatlar baş mühasib Mahmud Allahverdiyev tərəfindən icra edilmişdir (bu hallar Mahmud Allahverdiyev tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)- 103/2024 saylıiş üzrə verdiyi ifadələrdə də öz əksini tapmışdır). Hansı ki, məhkəməyə həmin şəxsin ifadələrinin olduğu məhkəmə protokollarından çıxarışla sübuta yetirməni nəzərinə çatdırılsa da, hakim tərəfindən rədd edilərək, heçə sayılmışdır. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmünə də istinad etmişdir. Lakin, həmin hökm hər hansı qüvvəyə malik sənəd deyildir və hal-hazırda ondan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi xanım Mədinə Qarayevanın icraatındadır. Beləliklə də, məhkəmə hüquqi qüvvəsi olmayan akta istinad edərək daha bir pozuntu törətmişdir. Hansı ki, məhkəmə qanun pozuntusu ilə qəbul etdiyi qətnaməsində hökmə istinad edərkən elə həmin hökmün məzmununda şirkətin baş mühasibi X5 Rzayev tərəfindən bütün dövrlər üzrə ödədilən aylıq icarə haqqlarına, eyni zamanda direktorun adına olan asan imzanın və möhrün mühasibdə olması cümlələrini heçə saymışdır. Məhkəmə bu hissədə daha bir pozuntuya yol verərək müvafiq ASAN imza və möhürlərin 2021-ci ilin yanvar ayından İddiaçı olmamasını qeyd etmişdir. Lakin, iddiaçı həmin cinayət işi üzrə məhkəmə istintaqı zamanı öz ifadələrində imza və möhürlərin nəinki əmək müqaviləsi ilkin bağlanan vaxtdan, hətta 2019-cu ildə direktor təyin edildikdən sonra da onda olmamasını qeyd etmişdir. Lakin, məhkəmə onun ifadələrini təhrif edərək qeyd etmişdir ki, guya İddiaçı imza və möhürlərin 2021-ci ilin yanvar ayından onda olmamasını söyləmişdir. Hansı ki, məhkəmənin audio video görüntülərində də iddiaçının adından məhkəmədə çıxış etmiş nümayəndəsinin belə bir cümləsi olmamış, əksinə yuxarıda qeyd eidlənlər məhkəməyə birbaşa sübutlarla təqdim edilmişdir. Eyni zamanda məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh cəmiyyət tərəfindən onun barəsində hüquq mühafizə orqanlarına 2022-ci ilin iyun ayında şikayət verildikdən sonra tərəflər arasında mübahisə yaranmış və İddiaçı məhkəməyə müraciət etməyə başlamışdır. Lakin, bir daha qeyd edilməlidir ki, cəmiyyətin özü tərəfindən tərtib edilmiş aktdan da məlum olduğu kimi, İddiaçı xx.xx.2021-ci il tarixdən sonra iş yerinə getməməyə başlamış və öz hüquqlarının pozulmasını həmin vaxt bilmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə əsaslı dəlilləri və sübutları heçə saymış, iddiaçı tərəfindən təqdim edilmiş danılmaz sübutları təkzib etmiş, onun ifadələrini cavabdehin xeyrinə təhrif etmiş, hüquqi qüvvəyə malik olmayan məhkəmə aktına və cavabdehin şifahi mülahizələrinə istinad edərək kobud prosessual qanun pozuntularına yol vermişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsini kollegiyanın mülahizəsinə buraxdığını bildirmişdir.
12. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
14. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.
15. Həmin Məcəllənin 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir.
16. Həmin Məcəllənin 91-2.3-cü maddəsinə əsasən cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
18. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən (xx.xx.2024-cü il tarixədək olan redaksiya) bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
19. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.
20. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
21. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
22. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
23. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
24. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
27. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli 011/17 saylı əmək müqaviləsi bağlanılmış, Cavabdeh MMC-nin təsisçisinin 03 iyul 2017-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdehin direktoru vəzifəsinə təyin edilmiş və 01 sentyabr 2023-cü il tarixli 2 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmrə əsasən əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir.
28. İddiaçının tələbi odur ki, Cavabdeh MMC-nin direktoru vəzifəsində çalışdığı dövrdə, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona ödənilməmiş əmək haqlarının və istifadə olunmamış məzuniyyət günlərinin əvəzi olaraq 47674,35 manat məbləğdə pul vəsaitinin, eyni zamanda Əmək Məcəlləsinin 172.5-ci maddəsinə müvafiq olaraq əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində olmaqla cəmi 523937,26 manat pul vəsaitinin cavabdeh alınaraq ona ödənilsin.
29. İddiaçı direktorluq vəzifəsini icra etdiyi müddət ərzində hüquqi şəxsin Nizamnaməsinin 4.7-ci bəndinə əsasən Cavabdeh MMC-nin adından vəkalətnaməsiz fəaliyyət göstərmişdir. O cümlədən, onun səlahiyyətləri sırasında Cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, onları vəzifəsindən azad etmək, işçilərin vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrlərin verilməsi nəzərdə tutulmuşdur. Yəni İddiaçı Cavabdeh MMC-nin direktoru olaraq əmək haqqının müəyyən olunması, əmək haqqının ödənilməsi üçün məlumatların verilməsi, istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilməsi və s. onun səlahiyyətində olmuş, bu barədə müvafiq qərarları o, qəbul etməli və lazımı sənədləri dövlət orqanlarına və ya təkilatlara o, göndərməli idi. Göründüyü İddiaçı əmək haqqısını və istifadə etmədiyi məzuniyyətə görə kompensasiyasını almaması özündən asılı olmuşdur.
30. Lakin iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçının direktor kimi elektron imzası ilk gündən özündə yox, təsisçidə olmuş, bu səbəbdən onun xəbəri olmadan işçilərin əmək haqları verilmiş, ştat cədvəlləri təsdiq edilmiş və s. işlər görülmüşdür. Lakin iddiaçı elektron imzanın direktor olduğunu etiraf etdiyi müddətdə onun özündə yox, təsisçidə olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən hesab olunsa ki, elektron imza iddiaçının həmin Cəmiyyətdə işə düzəldiyi ilk vaxtlardan, yəni 2017-ci ildən etibarən təsisçidə olmuşdur, bu halda iddiaçıya, hüquqlarının pozulması, elə həmin dövrdən məlum olduğu təqdirdə bununla bağlı heç bir etirazını yazılı və ya digər qaydada rəsmi olaraq bildirməmişdir.
31. Bununla yanaşı tərəflərin məhkəmə iclasındakı izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçıya əmək haqqı müxtəlif vaxtlarda, ardıcıl olaraq ödənilməmiş, lakin sonuncu dəfə 400 manat əmək haqqı 2021-ci ilin yanvar ayının 5də ödənilmiş və həmin vaxtdan tərəflər arasında münasibətlər pozulmağa başlamışdır. Ən azından iddiaçı 2021-ci ilin yanvar ayından elektron imzanın onun istifadəsində olmadığını, həmçinin ona əmək haqqının ödənilmədiyini bildiyi halda, bununla bağlı 1 il ərzində heç bir iddia qaldırmamış, vəzifəsini icra etməyə davam etmiş və yalnız cavabdehin təsisçisi onun barəsində hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
33. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
34. İddiaçı ötürülmüş müddətin bərpasına dair ərizə verməmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair sübutlar təqdim etməmişdir. İddiaçınının nümayəndəsi iddiaçının 2021-ci ilin oktyabr ayından hüququnun pozulduğunu bildirsə də, bu fakt işin halları və tərəflərin izahatları, bankdan sorğu edilmiş əmək haqqı barədə hesabdan çıxarış məlumatları ilə təkzib olunur. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və məhkəmə ərizəni nəzərə alaraq iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir.
35. Buna görə də məhkəmə əsaslı və qanuni olaraq Əmək Məcəlləsinin 296.4-cü bəndinə qeyd edilən 1 illik müddəti nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ona əmək haqqı və məzuniyyət hüququndan istifadə etmədiyinə görə ödənilməli olan kompensasiya məbləğilərinin cavabdeh tutularaq ödənilməsi ilə bağlı iddia müddəti ötürülmüşdür.
36. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əmək haqqı və kompensasiya məbləğlərinin ödənilməsi tələbi ilə bağlı iddia müddəti ötürüldüyündən, əmək haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün hesablanmış 1 faiz məbləğin ödənilməsi ilə bağlı hissə də iddia əsassızdır və rədd olunmalıdır.
37. İddiaçı 2021-ci ilin oktyabr ayında hüquqi şəxslə mübahisəsinin yaranmasını, işə getməməsini, həmçinin elektron imzanın onda olmamasını qeyd etsə də, bu halın iddia müddətinin hesablanması üçün hüquqi əhəmiyyəti yoxdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 2021-ci ilin yanvar ayının 5-də ona 400 manat əmək haqqı ödənilmiş və bundan sonrakı tarixlərdə əmək haqqı ödənilməmişdir. İddiaçının hüquqi şəxsə rəhbərlik etməsi və adi işçi olmaması nəzərə alınarsa onun hüququnun pozulmasının bilməməsi inandırıcı deyil. Bu dövrdə iddiaçının hüquqi şəxslə münasibətinin pisləşməməsi və ya əmək mübahisənin başlanmaması onun hüququnun pozulduğu faktını dəyişdirmir. İddiaçının vergi və məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə gətirdiyi dəlillər əmək haqqının ödənilməməsi ilə bağlı hüququnun pozulması faktına təsiri yoxdur.
38. Göründüyü kimi apellyatorun şikayətdə göstərdiyi dəlillər iddia müddətinin keçməsinə və məhkəmənin onu işə tətbiq etməsinə maneə yaratmır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq emiş, prosessual pozuntulara yol verməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.
39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2194/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.