Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-216/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5315/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona hesablanmış 44.698,78 manat məbləğdə borcun şəxsi hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdehin Nizami rayon Sukanal idarəsi tərəfindən 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 nömrəli protokola əsasən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətinə görə 44.698,78 manat məbləğdə borc hesablanmışdır. Cavabdehin mütəxəssisləri tərəfindən 2016-cı il avqust ayında Birliyin inzibati binasında və tabeçiliyində olan MKİS-də mövcud olmuş su sayğacları çıxarılaraq yoxlanması məqsədilə laboratoriyaya göndərilmiş və Birliyin inzibati binasında tərəflər arasında müqavilə bağlanmaqla 26.08.2016-cı il tarixdə “Smart CSS-20K” markalı 102535 nömrəli yeni tipli su sayğacı quraşdırılmışdır. Lakin yeni tipli su sayğacından əvvəl hesablamalar aparılarkən Birlikdə mövcud olmuş su sayğaclarının mexaniki sərfiyyat göstəricisinə əməl olunmayaraq daxildən keçən su borusunun diametrinə əsaslanaraq və iki müəssisə arasında üzləşmə aparılmadan birtərəfli qaydada Nizami rayon Sukanal idarəsi tərəfindən 12.04.2016-cı il tarixdə tərtib olunmuş 040665 nömrəli protokola əsasən 01.01.2016-cı il tarixə Birliyə su sərfiyyatı üzrə 37.636,05 manat, çirkab su sərfiyyatı üzrə 7.062,73 manat, ümumilikdə cəmi 44.698,78 manat dəyərində əsassız borc hesablanmışdır. Eyni zamanda, 2012-ci ildən hazırkı vaxta qədər sudan istifadə və kanalizasiya xidmətlərinə görə Birlik tərəfindən aylıq istifadəyə görə vaxtaşırı ödəmələr aparılsa da, Nizami rayon Sukanal idarəsi tərəfindən təkrarən birtərəfli qaydada və iki müəssisə arasında üzləşmə aparılmadan tərtib olunmuş 12.11.2020-ci il tarixli 040665 nömrəli üzləşmə aktına əsasən Birliyə sudan istifadə və kanalizasiya xidmətlərinə görə 48.394,59 manat dəyərində əsassız borc hesablanmışdır. Bundan əlavə, cavabdehin iddiaçıya ünvanlandığı 08.11.2016-cı il tarixli 03/03- 3/16653 nömrəli və 16.06.2021-ci il tarixli 03/01-7/5/8811 nömrəli cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən borc məbləği sözügedən müəssisədə əvvəlki dövrdə istifadə olunmuş içməli su və kanalizasiya xidmətlərinin dəyərinin tam şəkildə ödənilməməsi nəticəsində yaranmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə hesablanmış 44.698.78 manat dəyərində borc qeyri-dəqiq hesablaşmalar aparılmaqla əsassız olmaqla bərabər, həm də 2016-cı ildən əvvəlki dövrlərdən yaranmış borcdur. Həmin borca görə iddiaçı iddia müddətini keçirmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə iddiaçının silinməsini tələb etdiyi 44.698,79 manat məbləğində borcun 2016-cı il tarixədək yarandığını, 2016-cı ildən başlayaraq həmin öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan halların baş vermədiyini, belə olan halda isə həmin borcun yaranmasından Mülki Məcəllənin 551.2.1-ci maddəsində vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməklə həmin öhdəliklər üzrə cavabdehin tələb etmə hüququna müddətin keçməsi ilə əlaqədar xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 112,05 manat rüsumun iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 2012-ci il üzrə 262,60 manat, 2013cü il üzrə 422,50 manat, 2014-cü il üzrə 301,60 manat , 2015-ci il üzrə 649,70 manat , 2016-cı il üzrə 591,50 manat, 2019-cu üzrə 510 manat, 2020-ci il üzrə 613 manat, 2021-ci il üzrə 300 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəllərində də öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdə olan 040665 kodu üzrə iddiaçıya məxsus Abonent haqqında məlumatdan müəyyən edilir ki, iddiaçının içməli sudan və tullantı suyunun axıdılması xidmətindən istifadəyə görə 01.01.2016-cı il tarixə borcu 44.698,79 manat, 01.01.2017-ci il tarixə 46.936,59 manat, 01.01.2018-ci il tarixə 48.040,59 manat, 01.01.2019-cu il tarixə 48.406,59 manat, 01.01.2020-ci il tarixə 48.394,59 manat, 01.01.2021-ci il tarixə isə 48.423,59 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 12.11.2020-ci il tarixdə tərtib olunmuş 040665 nömrəli üzləşmə aktına əsasən iddiaçının sudan istifadə və kanalizasiya xidmətinə görə 01.01.2020-ci il tarixə cəmi borcu 48.394,59 manat məbləğdədir, üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir; Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır; 552.2. Aşağıdakı hallarda müddətin axımı başlanmır və müddət dayandırılır: 552.2.1. öhdəliyin icrasına möhlət verildikdə və ya öhdəlik götürən başqa halla əlaqədar onun icrasından müvəqqəti imtina etmək hüququna malik olduqda; 552.2.2. müddətin son altı ayı ərzində məhkəmə baxışının dayandırılması nəticəsində ixtiyarlı şəxs öz hüququnun məhkəmə müdafiəsini həyata keçirmək imkanından məhrum olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə də eyni qayda qüvvədə olur; 552.3. Müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır; Maddə 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. 553.2. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir; Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun: Maddə 26.
1. Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək; 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər; 7.14. Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı olaraq iddiaçının bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, qanunvericiliklə müəyyən edilən 1 aylıq müddətdə icra etmədiyi işin mübahisəsiz halı olsa da, iddiaçının hazırkı tələblə məhkəməyə 2021-ci ilin oktyabr ayında müraciət etdiyi nəzərə alınmaqla, cavabdehin 01.01.2016-cı il tarixədək olan dövrə aid ödənişlər haqqında tələbləri 01.01.2021-ci il tarixədək 5 il keçdiyi üçün qüvvəsini itirmişdir. Belə ki, həmin müddətin dayandırılması yaxud axımının kəsilməsi ilə bağlı Mülki Məcəllənin 552.2 və 553.1-ci maddələrində təsbit olunan hallar iş üzrə müəyyən olunmur. Cavabdeh apellyasiya şikayətində iddiaçının mübahisəli dövrdə ödənişlər həyata keçirdiyinə istinad etsə də, abonent haqqında məlumatdan görünür ki, həmin ödənişlər cari illərdə yaranmış borcların ödənilməsindən ibarət olmuşdur. Yalnız 2019-cu ildə iddiaçı cəmi 498 manat satış və xidmət müqabilində cəmi 510 manat, yəni 12 manat artıq ödəniş etmişdir ki, bu məbləğ də məhkəmə kollegiyası tərəfindən ümumi borcla müqayisədə cüzi olduğu üçün Mülki Məcəllənin 553.1.1-ci maddəsində nəzərdə tutulan “mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, ... icra edirsə;” şərtinə cavab verən əvvəlki illərə görə borcları ödəmək niyyətinin mövcudluğunun dəlili kimi qiymətləndirilmir. İddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında əvvəlki illərə görə borcları ödəməklərini və ödəmək istəmədiklərini, ödənişlərin yalnız cari borclara görə həyata keçirildiyini bildirmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir məzmunda yeganə dəlili ilə razılaşmır və onu əsassız sayır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5315/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova