Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-217/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «pul tələbinə dair» koomersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 943/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.658 manat məbləğində sığorta ödənişinin, 4.068,57 manat dəbbə pulunun 23.700 manat maddi ziyanın, 30 manat dövlət rüsumunun və 10 manat poçt xidmətinə ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı müqavilə əsasında icarəyə götürdüyü 2010-cu il buraxılışlı, «Tayota Land-Cruiser Prado» markalı ** NZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini cavabdeh şirkətlə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən 1 il müddətinə 40.000 manat həddində sığortalmışdır. Həmin nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə müəssisənin yol vərəqəsi əsasında sürücü X7 tərəfindən idarə olunarkən, Bakı Qazax-Gürcüstan yolunun 42-ci km-də qəzaya uğramış, yoldan çıxıb dərəyə düşmüş və bununla bağlı sürücü İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur.Müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin təmiri üçün 24.658 mana məbləğində xərc tələb olunur. Cavabdeh sığorta ödənişini etməkdən imtina etmiş, 165 gün avtomobildən istifadə edə bilməmiş, 7200 manat məbləğində icarə haqqı ödəmiş, ümumiyyətlə, ona 23700 manat məbləğində maddi ziyan dəymişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-943/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 17.499,00 manat məbləğində sığorta ödənişi, 174,99 manat dəbbə pulu, cəmi, 17.673,99 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə tərəfindən sürücünün yol vərəqəsinin etibarlılığı, avtomobilin icarə müqaviləsinin şərtləri, mülkiyyət sahibinin hüquq və vəzifələri, araşdırılmadan iddia təmin edilmişdir. Bildirilir ki, Dövlət Kommersiya Şirkəti tərəfindən avtomobilin mülkiyyət sahibi X2 bank hesabına 10.521 manat sığorta ödənişi edilmişdir. Məhkəmə həmin sığorta ödənişini nəzərə almamışdır, icarə müqaviləsinin müddəti keçdikdən sonra sığorta verilməsinin qanunvericiliyə ziddir. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara lazımi qaydada qiymətləndirməyərək əsassız qətnamə çıxarmışdır. (Dahi sonra Mülki Məcəllənin 904.1, 922.1, 926.2, 926.3, 925.1-ci maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddələrinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 901.1-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli sığorta müqaviləsi (şəhadətnamə AS № 000465) 2010-cu il buraxılışlı, «Tayota Land-Cruiser Prado» markalı ** NZ *** dövlət qeydiyyat nişanlı minik markalı avtnəqliyyət vasitəsi 1.680 manat məbləğində sığorta haqqı ödənilməklə, 40.000 manat həddində (100 manat şərtsiz azadolma) bir il müddətinə (xx.xx.2018-xx.xx.2019) kasko sığorta olunmuşdur. Eyni zamanda iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə (AD № 296001) əsasən həmin avtomobilin mülkiyyətçisi X6 hesab edilir. -həmin avtomlbilin mülkiyyətçisi X6 (icarəyə verən) ilə İddiaçı MMC (icarədar) arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış «avtonəqliyyat vasitəsinin icarə» müqaviləsinə əsasən iddiaçının (İddiaçı MMC-nin) icarəsinə verilmişdir. - İddiaçı MMC-nin sürücüsü X3 verdiyi yol vərəqəsindən, habelə, Dövlət Yol Polisi tərəfindən aparılan inzibati xətaya dair icraat materiallarından ( 022458 №-li arayışdan, yol-nəqliyyat hadisəsəinin sxemindən, inzibati tənbeh vəermə haqqında qərardan) görünür ki, mübahisəli «Tayota Land-Cruiser Prado» markalı ** NZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini iddiaçı müəssisənin yol vərəqəsi əsasında sürücü X7 tərəfindən idarə olunarkən, Bakı Qazax-Gürcüstan yolunun 42-ci km-də qəzaya uğramış, xarici əzintilərə məruz qalmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə həmin avtomobilin təmir-bərpa xərcinin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq və avtotexniki ekspertizası təyin etmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən 17.599, manat məbləğində təmir-bərpa xərci müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq, həmin məbləğdən sığorta müqaviləsində nəzərədə tutulan 100 manat şərtsiz azadolmanı (fraşiza) çıxılmaqla, cavabdehdən iddiaçının xeyrinə 17.499 manat məbləğində sığorta ödənişinin tutulması qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və maddi və prsessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirir və bunu onunla əsaslandırır ki, məhkəmə, yol vərəqəsinin etibarlılığını, avtomobilin icarə müqaviləsinin şərtlərini, mülkiyyət sahibinin hüquq və vəzifələri araşdırılmadan, mülkiyyətçiyə 10.521 manat sığorta ödənişi olunduğunu və icarə müqaviləsinin müddəti keçdiyi nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, mübahisəli nəqliyyat vasitəsinin «kasko sığortası»na dair müqavilə (şəhadətnamə) hazırkı tərəflər arasında bağlanmışdır. Həmin müqaviləyə (şəhadətnaməyə) əsasən həm sığortalı, həm də faydalanan şəxs, məhz, iddiaçının, yəni İddiaçı MMC-nin özüdür. Həmin müqavilənin 2-ci bəndi ilə o cümlədən nəzərdə tutulur ki, bu nəqliyyat vasitəsi - yol nəqliyyat hadisəsi, aşma, düşmə və s hadisələrdən 1 il müddətinə sığorta olunur. Belə olan halda, yol nəqliyyat hadisəsi nəticəsində, mübahisəli nəqliyyat vasitəsinin yoldan çıxıb dərəyə düşərək əzilməsinin baş verməsi ilə avtomobili icarəyə götürən iddiaçının maddi ziyana məruz qalması - bütün bunlar onun artıq cavabdehdən sığorta ödənişini tələb etmək hüququnu yaratmış olur. Mülki Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, əmlak sığortası müqaviləsinin mahiyyəti onu etiva edir ki, sığortalıya məxsus əmlakın məruz qala biləcəyi risklər zamanı, o cümlədən, sığorta hadisəsi baş verdikdə, sığorta haqqı ödənilməsi müqabilində, sığortaçının sığortalıya dəyən zərərin əvəzinin ödənilməsi vəzifəsini üzərinə götürən bir öhdəliyidir. Başqa sözlə, sığorta müqaviləsi sığortalının mənafeyi üçün bağlanılır. Sığorta müqaviləsinin mənası və əhəmiyyəti də bundan ibarətdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 884.5-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Cavabdeh sığorta şəhadənaməsini qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq sığortalıya təqdim etdiyi andan sığorta riskləri ilə bağlı sonuncunun məruz qaldığı itkini ödəmək öhdəliyini daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarından gründüyü kimi, iddiaçı (sığortalı həm də faydalanan) sığorta müqaviləsi üzrə sığorta haqqını tam ödədiyi halda, digər tərəf cavabdeh (sığortaçı) sığorta hadisəsinin baş verməsi nəticəsində sığorta ödənişini ona ödəməmiş, üzərinə düşən müqavilə öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, cavabdehin şikayətinin, məhkəmə tərəfindən sürücünün yol vərəqsinin etbarlılığını və yoxlanılmadığını, mülkiyyət sahibinin hüquq və vəzifələrini yoxlamadığını bildirən formal xarakterli dəlillər əsasız hesab edilməlidir. Ən azından, iddiaçı qürum tərəfindən verilmiş həmin yol vərəqəsi, eləcə də sürücülük vəsiqəsi dövlət yol polisi tərəfindən aparılan inzibati icraatın araşdırma obyektlərini təşkil etmişdir. Cavabdehin şikayətinin icarə müqaviləsi ilə dəlillərinə gəldikdə isə işə əlavə olunmuş X6 (icarəyə verən) ilə İddiaçı MMC (icarədar) arasında bağlanmış «avtonəqliyyat vasitəsinin icarə» müqaviləsindən görünür ki, həmin müqavilə xx xxxxxx 2018-ci il tarixdə bağlanmış, lakin icra müddəti müəyyən edilməmişdir. Mülki Mədəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü madəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müdldəti tələbetmə annı ilə müəyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcluldur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İş materiallarından görünür ki, həmin icarə müqaviləsinin ləğv edilməsi barədə tərəflər arasında hər hansı razılaşma, eləcə də birtərəfli qaydada ləğvinə dair bir tərəfin digər tərəfə ünvanlanmış təklifi mövcud deyil. İşin hallarından isə görünür ki, sığorta hadisəsi icarə müqaviləsinin bağlanmasından dörd ay keçməmiş, yəni xx.xx.2018-ci il tarixdə baş vermişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, sığorta hadisəsi baş verən anda avtonəqliyyət vasitəsinin icarəsi haqqında müqavilə qüvvədə olmuşdur. Həmin icarə müqaviləsinin 3.2-ci bəndində isə tərəflər gəldiyi razılığa əsasən icarədər (İddiaçı» MMC) icarə haqqından əlavə yol-qəza, oğurluq və şəxsi qəza hadisələri üçün nəzərdə tutulmuş sığorta məbləğinin avtonəqliyyat vasiitəsini təhvil alan gün icarəyə verənə ödəyir. Beləliklə də, həm icarə müqaviləsinin qeyd olunan şərti, ən başlıcası isə hazırkı tərəflər arasında bağlanmış sığorta müqaviləsinin (şəhadətənamənin) şərtləri baxımından müəyyən olunur ki, sığorta ödənişini almalı olan şəxs – məhz, həmin nəqliyyət vasitəsinin icarədarı, sığortalısı və faydalan şəxsi hesab edilən iddiaçıdır - İddiaçı MMC-dir. Qeyd olunanlar baxımından, cavabdehin apellyasiya şikayətinin, artıq mülkiyyət sahibinə 10.521 manat sığorta ödənişi verdiyini mübahisələndirən dəlilləri də əsassızdır. Bu halda birincisi qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan ödənişlə bağlı məhkəməyə hər hansı sənəd-sübut da təqdim edilməmişdir. Hər bir halda, əgər mülkiyyət sahibinə 10.521 manat məbləğində sığorta ödənişi etmişdirsə, hazırkı tərəflər arasında bağlanmış sığorta müqaviləsi, eləcə də idarə müqaviləsinin qeyd olunan 3.2-ci bənidinin şərti baxımından, nəqliyyat vasitəsinin mülkiyyətçisinin əsassız varlanmasına gətirib çıxara bilən bir hal yaranır ki, belə olan halda da, cavabdeh (sığortaçı) mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normalarına müvafiq qaydada, ödənişi geri tələb etmək hüququ yaranır. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi işin sübutlarla müəyyən edilən hallarına uyğun olmuşdur. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 934.1-ci maddələrindən isə görünür ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticəni, işin sübutlarla müəyyən olunan hallarına və qanuna uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin əsassız olduğunu, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-943/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-943/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-217/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-217/2020
18.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver